Şərq Tərəfdaşlığı Avropa Məktəbində Şərq Tərəfdaşlığı ölkələrindən olan məzunların növbəti buraxılış mərasimi keçirilib 
May 24, 2023

Şərq Tərəfdaşlığı Avropa Məktəbində Şərq Tərəfdaşlığı ölkələrindən olan məzunların növbəti buraxılış mərasimi keçirilib 


Mayın 23-də Tbilisinin Rustaveli teatrında Şərq Tərəfdaşlığı (ŞT) Avropa Məktəbində dördüncü tədris ilinin yekunlarına həsr olunmuş buraxılış mərasimi keçirilib. Tədbir Gürcüstanın Beynəlxalq Məktəbi olan “New School” tərəfindən təşkil olunub.  

2023-cü ildə təqaüd proqramında Azərbaycandan üç, Belarusdan yeddi, Ermənistandan iki, Gürcüstandan 17, Moldovadan beş və Ukraynadan dörd şagird olmaqla 38 şagird iştirak edib. 26 qız və 12 oğlandan ibarət bu ilki məzunlar məktəbi Beynəlxalq Bakalavriat (IB) Diplom Proqramı ilə müvəffəqiyyətlə bitiriblər. Bundan sonra onlar dünyanın aparıcı universitetlərində tam və ya qismən – ümumilikdə 1,6 milyon avroya qədər təqaüdlə bakalavr təhsillərini davam etdirə biləcəklər. 

“Avropa İttifaqının dəstəklədiyi Şərq Tərəfdaşlığı Avropa Məktəbinin Beynəlxalq Bakalavriat Proqramı bütün altı Şərq Tərəfdaşlığı ölkəsindən olan orta məktəb şagirdlərinə keyfiyyətli təhsil verməkdə mühüm rol oynayır və onların şəxsi və peşəkar inkişafı üçün qapı açır”, – deyə tədbirdə iştirak edən Aİ-nin Gürcüstandakı Nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbərinin müavini Katalin German bildirib.

2018-ci ildə təqaüd proqramının icra olunmağa başladığı gündən etibarən altı Şərqi Avropa ölkəsindən ümumilikdə 145 tələbə Beynəlxalq Bakalavriat Proqramı üzrə təhsil almaq üçün Aİ tərəfindən maliyyələşdirilən ikiillik tam təqaüdlə təmin olunub. Daha 20 şagird 2023-2025-ci tədris ilində proqram vasitəsilə bu məktəbdə təhsil almağa başlayacaq. 2018-ci ildən bəri məktəb dörd dəfə öz qapılarını şagirdlərin üzünə açıb və onların təhsili üçün ümumilikdə 5 milyon avrodan artıq təqaüd ayrılıb.

Məktəbin məzunlarının 95 faizi Erasmus, Mastrixt, Utrext, Sarbon, Bolonya, Harvard, Yel, Braun, Hong-Konq universitetləri daxil olmaqla dünyanın aparıcı universitetlərində STEM-dən sosial elmlərə qədər müxtəlif ixtisaslar üzrə təhsil almaq üçün tam və ya qismən təqaüd qazanıblar. Məzun olduqdan sonra şagirdlərin əksəriyyəti əldə etdikləri bilik və təcrübələri inkişaflarına həsr etmək üçün ölkələrinə qayıtmağı planlaşdırırlar. 

Gürcüstandakı Şərq Tərəfdaşlığı Avropa Məktəbi Aİ və Gürcüstan arasındakı münasibətlərin ən diqqətəlayiq uğur hekayələrindən biridir və Gürcüstan hökuməti layihənin davamlılığının təmin edilməsinə tam sadiqdir”, – deyə Gürcüstanın Təhsil və Elm Nazirinin müavini Gela Geladze bildirib.  

Gürcüstandakı Şərq Tərəfdaşlığı Avropa Məktəbi gənclərin orta təhsil ilə bağlı ehtiyaclarını ödəmək üçün Avropa İttifaqının daha geniş regional səylərinin bir hissəsidir. Məktəbdə altı Şərq Tərəfdaşlığı ölkəsindən – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan yuxarı sinif şagirdləri yüksək keyfiyyətli təhsil alaraq məşğulluq imkanlarını artırırlar. Onlar həmçinin Aİ haqqında daha geniş məlumat almaq imkanı qazanırlar.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə Gürcüstanda fəaliyyət göstərən beynəlxalq “New School” məktəbi, Gürcüstan Təhsil və Elm Nazirliyi və Beynəlxalq Bakalavriat Təşkilatı (İB) ilə tərəfdaşlıq çərçivəsində BMT-nin Layihə Xidmətləri Ofisi (UNOPS) tərəfindən həyata keçirilir.



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,