İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Aİ-nin Genişlənmə məsələləri üzrə komissarı Marta Kos Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşüblər. Görüşdə daha sıx əlaqələr və sərhədyanı icmalara göstərilən dəstək vasitəsilə regionda sülhün təşviqi yolları müzakirə edilib. Tərəflər həmçinin Aİ ilə Azərbaycan arasında ticarət və enerji sahələrində ikitərəfli tərəfdaşlıq imkanlarını da müzakirə ediblər.
“Bizim “Əlaqəlilik vasitəsilə sülh paketimiz” Cənubi Qafqaz üçün dinc və çiçəklənən gələcəyin qurulmasına kömək edəcək”, – Ursula fon der Lyayen bildirib. “Regionun birləşdirilməsinə, tərəfdaşlığın təşviqinə və Azərbaycanla Ermənistan arasında davamlı sülh mədəniyyətinin formalaşdırılmasına yönəlmiş 200 milyon avroyadək qrant vəsaiti regionda 2 milyard avroyadək investisiyanın cəlb olunmasına təkan verəcək. Biz birlikdə kağız üzərindəki sülhü real sülhə çevirə bilərik”.
Səfər çərçivəsində Ursula fon der Lyayen regional əməkdaşlığı daha da gücləndirəcək konkret addımlar və Azərbaycanın “Əlaqəlilik proqramına” inteqrasiyasını sürətləndirən təşəbbüslər təqdim edib. Bu iddialı hədəfə dəstək olmaq məqsədilə Ursula fon der Lyayen Cənubi Qafqaz regionunda əlaqəlilik üzrə layihələrin icrası üçün 200 milyon avroyadək vəsaitin ayrıldığı “Global Gateway” investisiya paketini elan edib.
Bundan əlavə, həm Ermənistan, həm də Azərbaycanın yerli əhalisi üçün sülhün təşviqi proqramına daha 20 milyon avro maliyyə vəsaiti ayrılacaq. Bu vəsait səhiyyə, minatəmizləmə, bacarıqların inkişafı və yerli biznes sahələrində sülhün təşviqi investisiyaları vasitəsilə Azərbaycan və Ermənistanda yerli icmaları dəstəkləyəcək və insanların gündəlik həyatlarında sülhün real faydalarını hiss etmələrinə kömək edəcək.
Nəqliyyat, energetika və rəqəmsal əlaqəliliyi əhatə edən Aİ-Azərbaycan Yüksək Səviyyəli Əlaqəlilik Dialoqu isə strateji koordinasiyanı təmin etməklə və irəliləyişi izləməklə bu tərəfdaşlığa əlavə dəstək verəcək. Sözügedən dialoq, dövlət və özəl sektor investisiyalarından 2 milyard avroyadək vəsait səfərbər etmək potensialına malik olan və 200 milyon avroyadək büdcəyə malik Aİ-nin yeni “Sülh naminə əlaqəlilik” investisiya paketi ilə dəstəklənəcək.
Aİ Azərbaycanda Naxçıvan dəmir yolu layihəsinin icra edilməsi istiqamətində səy göstərir. Bu strateji investisiya həm Azərbaycan daxilində, həm də bütövlükdə regionda yerdəyişmə və iqtisadi axınları gücləndirəcək. Avropa İttifaqı və Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə tərəfdaşlıq çərçivəsində 2026-cı ilin yanvar ayında bu layihənin işlənib hazırlanması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlayıblar.
Bundan başqa, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Prezident İlham Əliyev 2026-cı ilin sonunadək Bakıda Nazirlərin regional əlaqəlilik investisiyaları üzrə konfransının keçiriləcəyini elan ediblər. Konfrans strateji əlaqəlilik layihələrini nümayiş etdirmək, investisiya imkanlarını təqdim etmək və regional infrastruktur üçün maliyyə vəsaitlərini səfərbər etmək məqsədilə Aİ, Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələrini, beynəlxalq maliyyə institutlarını və özəl investorları bir araya gətirəcək.
Ursula fon der Lyayen həmçinin yeni hərtərəfli saziş üzrə müzakirələri bərpa etməklə Aİ ilə Azərbaycan arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Daha çox öyrənin
Mətbuat üçün açıqlamaUrsula fon der Lyayen və İlham Əliyevin birgə bəyanatı





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,