Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iyunun 3-də dərc olunmuş ən son hesabatında bildirilir ki, ötən il Azərbaycan iqtisadiyyatının artım tempində müəyyən zəifləmə qeydə alınıb. Karbohidrogen hasilatının azalması 2026-cı ilin əvvəlində iqtisadi artımın müvəqqəti zəifləməsinə səbəb olub.
Məlumata görə, 2025-ci ildə real ÜDM artımı 1,4 faizədək azalmış, 2026-cı ilin birinci rübündə isə ümumi buraxılış illik ifadədə 0,3 faiz azalmışdır. Buna neft-qaz sektorunda hasilatın 1,2 faiz düşməsi və qeyri-neft sektorundakı artımın 0,2 faizədək azalması səbəb olmuşdur.
Həmçinin cari ilin ilk rübündə inflyasiya orta hesabla 5,7 faiz təşkil edərək, Mərkəzi Bankın hədəf diapazonunun yuxarı həddinə yaxınlaşıb.
Hesabat dövründə ümumi fiskal profisit 2024-cü ildəki 4,1 faiz ÜDM göstəricisindən 2025-ci ildə təxminən 2,6 faizədək azalıb. Bununla belə, dövlət borcu və dövlət zəmanətli borclar ilin sonunda ÜDM-in 28 faizi həcmində olmaqla aşağı səviyyədə qalıb.
Cari əməliyyatlar hesabının profisiti isə 2024-cü ildəki 6,3 faizdən 2025-ci ildə ÜDM-in 4,6 faizinə düşüb. Bu iqtisadi mənzərə fonunda Mərkəzi Bankın və Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) birgə xarici aktivləri artmaqda davam edərək 2025-ci ildə ÜDM-in 112 faizinə çatıb.
Hesabata əsasən, 2026-cı ilin əvvəlindəki zəif göstəricilərdən sonra real ÜDM artımı 2026-cı ildə 2,0 faizədək, 2027-ci ildə isə 2,5 faizədək yüksələcək. Bununla belə, iqtisadi artım perspektivləri karbohidrogen qiymətlərindən və hasilat həcmindən asılı olaraq qalır.
Sənəddə həmçinin vurğulanır ki, Yaxın Şərqdəki münaqişə fonunda qlobal enerji qiymətlərinin yüksəlməsi Azərbaycan üçün gözlənilməz əlavə gəlirlər yarada bilər. Bu isə regional münaqişənin mənfi təsirlərini neytrallaşdırmağa, iqtisadi artımı stimullaşdıran xərcləri və investisiya qoyuluşlarını dəstəkləməyə imkan verəcək.
Bundan əlavə, ABŞ-nin vasitəçiliyi ilə Ermənistanla əldə olunmuş sülh çərçivəsinin stimullaşdırdığı regional nəqliyyat-kommunikasiya və ticarət təşəbbüsləri, eləcə də
bərpaolunan enerji mənbələrinə davamlı irimiqyaslı investisiyalar ortamüddətli perspektivdə iqtisadi artımı və diversifikasiyanı sürətləndirə bilər.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,