Aİ-nin genişlənməsi

Ukrayna, Moldova və Gürcüstan

Avropa İttifaqına hazırda 27 üzv ölkə daxildir. İttifaqa üzv olmaq istəyən istənilən Avropa dövləti Aİ-nin siyasət və qanunvericiliyini həyata keçirməyə hazır olmalıdır. Aİ-yə üzvlük üzrə şərtlər danışıqlar nəticəsində müəyyən olunur.

Avropa Komissiyası hər il genişlənmə üzrə paketini qəbul edir. Bu strateji sənəddə Aİ-nin genişlənmə siyasəti və namizəd ölkələr və potensial namizədlər tərəfindən əldə olunan irəliləyişləri əks etdirən hesabat yer alır.

Avropa Komissiyasının 2023-cü il üzrə Genişlənmə paketində Ukrayna və Moldova ilə ittifaqa üzvlüyə dair danışıqlara başlamaq və Gürcüstanın müəyyən addımları yerinə yetirdiyi təqdirdə bu ölkəyə namizəd statusunun verilməsi tövsiyə edilib.

Bu səhifə sözügedən genişlənmə paketi, proses və hər bir ölkənin bu prosesdəki irəliləyişlərinə həsr olunub. 

Bu məzmun həmçinin Azərbaycan, Belarus, Erməni, Gürcü, Rumın, Ukrayna və Rus dillərində də mövcuddur.

Paket

Hər il Avropa Komissiyası genişlənmə prosesinə dair tövsiyələrinin qeyd olunduğu Genişlənmə prosesinə dair kommünike qəbul edir.

Bu Kommünike namizəd və potensial namizəd ölkələrin Avropa İttifaqına üzvlüyü istiqamətində həyata keçirdikləri fəaliyyətin cari vəziyyəti və irəliləyişlərinin ətraflı qiymətləndirilməsini göstərən hesabatlarla müşayiət olunur. 

Qiymətləndirilmələrdə fundamental islahatların həyata keçirilməsi ön plana çəkilir və islahatlarla bağlı prioritetlərə dair aydın təlimatlar təqdim olunur. Adı çəkilən Kommünike və hesabatlar birlikdə “Genişlənmə Paketini” təşkil edir.

Ukrayna

28 fevral 2022-ci il tarixində Ukrayna Aİ-yə üzvlük üçün müraciət edib. 17 iyun 2022-ci il tarixində Avropa Komissiyası müraciət ilə bağlı rəyini açıqlayıb. Avropa Komissiyasının tövsiyələrinə əsasən, Avropa İttifaqı Şurası Ukraynanın Avropa İttifaqına üzv olmaq səylərini tanıyıb və 23 iyun 2022-ci il tarixində bu ölkəyə namizəd ölkə statusu verib. 8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Genişlənmə paketi çərçivəsində Ukraynaya dair hesabatını dərc edib və üzvlüyə dair danışıqlara başlamağı tövsiyə edib.

Ukraynaya dair hesabat

Avropa Komissiyası 2023-cü il üzrə Genişlənmə prosesinə dair kommünikedə Ukraynanın 2022-ci il üçün nəzərdə tutulan yeddi əsas islahatın həyata keçirilməsində əhəmiyyətli irəliləyiş əldə etdiyini bildirib.

"Komissiya hesab edir ki, Ukrayna demokratiya, qanunun aliliyi, insan hüquqları, o cümlədən etnik azlıqlara qarşı hörmət və onların müdafiəsini təmin edən təsisatların sabit fəaliyyəti ilə bağlı meyarları kifayət qədər yerinə yetirir," - Avropa Komissiyası bildirib.

Hesabatda bu ölkədə Konstitusiya Məhkəməsinin hakimlərinin ilkin seçimi üzrə şəffaf sistemin yaradıldığı və məhkəmə sistemində islahatların aparıldığı qeyd olunub. Sənəddə həmçinin bildirilib ki, Ukrayna yüksək səviyyəli korrupsiya hallarının araşdırılması və məsuliyyətə cəlb olunmasına çox yaxşı nəticələr əldə edib və oliqarxların təsirinin azaldılmasında daha geniş və sistemli addımlar atıb. Avropa Komissiyası qeyd edib ki, bu ölkə hətta müharibə dövründə Aİ qanunvericiliyinə uyğunlaşmaqda irəliləyiş əldə etmək qabiliyyətini nümayiş etdirib. 

Hesabatdakı əsas nəticələr haqqında daha ətraflı öyrənin.

Ukraynanı Aİ-yə aparan yol 

Namizəd statusu Ukraynanın bir neçə mühüm addımları atdığı təqdirdə verilib. Komissiya müntəzəm şəkildə açıqladığı genişlənmə paketi çərçivəsində bu ölkənin irəliləyişlərini izləyir və bununla bağlı hesabatlarını açıqlayır

Aİ-nin Ukraynaya dəstəyi və bu ölkəni ittifaqa üzvlüyə aparan yolu haqqında daha ətraflı öyrənmək üçün buraya toxunun.

Moldova

Reuters

Reuters

Moldova Respublikası 2022-ci ilin mart ayında Aİ-yə üzvlük üçün müraciət edib.  17 iyun 2022-ci il tarixində Avropa Komissiyası müraciət ilə bağlı rəyini açıqlayıb. Avropa Komissiyasının tövsiyələrinə əsasən, Avropa Şurası Moldovanın Avropa İttifaqına üzv olmaq səylərini tanıyıb və 23 iyun 2022-ci il tarixində bu ölkəyə namizəd statusu verib. 8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Genişlənmə paketi çərçivəsində Moldovaya dair hesabatını dərc edib və üzvlüyə dair danışıqlara başlamağı tövsiyə edib.

Moldovaya dair hesabat

Avropa Komissiyası 2023-cü il üzrə Genişlənmə prosesinə dair kommünikedə Moldovanın Avropa Komissiyasının 2022-ci ildə açıqladığı rəyində nəzərdə tutulan doqquz addımın həyata keçirilməsində mühüm irəliləyiş əldə etdiyini bildirib.

"Komissiya hesab edir ki, Moldova demokratiya, qanunun aliliyi, insan hüquqları, o cümlədən etnik azlıqlara qarşı hörmət və onların müdafiəsini təmin edən təsisatların sabit fəaliyyəti ilə bağlı meyarları kifayət qədər yerinə yetirir," - Avropa Komissiyası bildirib.

Hesabatda qeyd olunub ki, bu ölkə məhkəmə sistemində hərtərəfli islahatlara başlayıb. Sənəddə Moldovanın korrupsiya ilə mübarizə üzrə orqanlarında islahatların aparıldığı və korrupsiya ilə bağlı araşdırma və hökmlərin sayının artdığı, o cümlədən deoliqarxizasiya üzrə fəaliyyət planının və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə yeni qanunvericilik aktlarının qəbul edildiyi qeyd olunub. Hesabatda bu ölkədə dövlət idarəçiliyinə dair strategiyanın qəbul olunduğu və dövlət maliyyə idarəçiliyinin islahatı və dövlət satınalmaları sisteminin islahatı üzrə tədbirlərin görüldüyü vurğulanır. Avropa Komissiyası həmçinin Moldovada qərarların qəbulunda vətəndaş cəmiyyətinin iştirakının artırıldığını və insan hüquqlarının müdafiəsinin gücləndirildiyini qeyd edib. 

Hesabatdakı əsas nəticələr haqqında ətraflı öyrənin.

Moldovanı Aİ-yə aparan yol

28 iyun 2023-cü il tarixində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Moldova Respublikasına dəstək paketini təqdim edib. Sənəddə Rusiyanın Ukraynaya qarşı təcavüzünün təsirini aradan qaldırmağa və Moldovanın Avropa İttifaqına yaxınlaşdırılmasına yönəlmiş beş prioritet yer alır.

Aİ-nin Moldovaya dəstəyi və bu ölkəni ittifaqa üzvlüyə aparan yolu haqqında daha ətraflı öyrənmək üçün buraya toxunun.

Gürcüstan

Reuters

Reuters

Gürcüstan 2022-ci ilin mart ayında Aİ-yə üzvlük üçün müraciət edib. 17 iyun 2022-ci il tarixində Avropa Komissiyası müraciət ilə bağlı rəyini açıqlayıb. Avropa Komissiyasının tövsiyələrinə əsasən, 23 iyun 2022-ci il tarixində Avropa İttifaqı Şurası Gürcüstanın Avropa İttifaqına üzv olmaq səylərini tanıyıb və müəyyən prioritetlərə cavab verildiyi təqdirdə bu ölkəyə namizəd statusunun verilməsini tövsiyə edib. 8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Genişlənmə Paketi çərçivəsində Avropa İttifaqı Şurasına Gürcüstanın bir sıra addımı atdığı təqdirdə bu ölkəyə namizəd ölkə statusunun verilməsini tövsiyə edib.

Avropa Komissiyası Gürcüstanın Aİ-yə inteqrasiyasını ölkə üçün prioritet olduğunu nəzərdə tutan konstitusiyasına uyğun olaraq islahatlar aparmağa yönəlmiş səylərini müsbət qarşılayıb.

Gürcüstana dair hesabat

Avropa Komissiyasının 2023-cü ildə Gürcüstana dair açıqladığı hesabatında qeyd olunur ki, Avropa Komissiyasının 2022-ci ilin iyununda açıqladığı ilkin Rəyində müəyyən edilmiş on iki prioritetlə əlaqədar olaraq, Gürcüstan Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrlə müzakirələr nəticəsində qəbul etdiyi hökmlərini nəzərə alaraq gender bərabərliyi və qadınlara qarşı zorakılıqla, eləcə də mütəşəkkil cinayətkarlıqla mübarizə ilə bağlı qanunvericilik aktları və siyasət tədbirləri qəbul edib. Bu ölkədə həmçinin yeni Ombudsman təyin edilib. Bununla belə, sənəddə vurğulanır ki, davam edən siyasi gərginlik, dərin siyasi parçalanma və ölkə əhəmiyyətli məsələlərdə konsensusa nail olmaqda yaranan çətinliklər islahat prosesinə maneə törədib.

Komissiya dezinformasiya və xaricdən məlumatların manipulyasiya edilməsi ilə mübarizə, Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasəti ilə uyğunluğun təkmilləşdirilməsi və siyasi parçalanmanın aradan qaldırılması, azad, ədalətli və rəqabətli seçki prosesinin təmin edilməsi, o cümlədən deoliqarxizasiyaya sistemli yanaşmanın və hərtərəfli və səmərəli məhkəmə islahatlarının aparılması daxil olmaqla bir sıra sahələrdə tədbirlərin görüləcəyi təqdirdə Gürcüstana namizəd ölkə statusunun verilməsini tövsiyə edib.

Hesabatdakı əsas nəticələr haqqında daha ətraflı öyrənin

Gürcüstanı Aİ-yə aparan yol

Son aylar ərzində Gürcüstan Aİ ilə əlaqələri gücləndirmək və islahatların sürətini artırmaq üçün Komissiyanın bu ölkənin üzvlüklə bağlı müraciətinə dair Rəyində qeyd olunan on iki prioritetin həyata keçirilməsində addımlar atıb.

Əldə olunan nəticələr baxımından Avropa Komissiyası Avropa İttifaqı Şurasına Gürcüstanın bir sıra tədbirlər həyata keçirdiyi təqdirdə bu ölkəyə namizəd ölkə statusunun verilməsini tövsiyə edib.

Aİ-nin Gürcüstana dəstəyi və bu ölkəni ittifaqa üzvlüyə aparan yolu haqqında daha ətraflı öyrənmək üçün buraya toxunun. 

Üzvlük prosesi nədən ibarətdir?

Danışıqlar nədən ibarətdir?

Danışıqlar

Danışıqlar 33 başlığa bölünüb və 6 tematik klaster üzrə qruplaşdırılıb. Hər bir qrup üzrə danışıqlar ümumilikdə ölkə tələb olunan göstəricilərə çatdıqdan sonra açılır. Hər bir fəsil müvəqqəti bağlandığı üçün ayrıca nəzərdən keçiriləcək. 

Fundamental prinsiplər

İlk növbədə fundamental prinsiplər üzrə danışıqlara başlanır və ən sonda bu danışıqlar yekunlaşdırılır; bu qrup üzrə irəliləyişlər danışıqların ümumi sürətini müəyyən edir.

Prosesin əsasını nə təşkil edir?

Əsas dəyərlər

Avropa İttifaqına üzv olmağa çalışan ölkələrin əksəriyyətini bir çox sahələrdə siyasətlərlə bağlı məsələlər narahat edir. Buraya qanunun aliliyi, vətəndaş cəmiyyəti, insan hüquqlarının müdafiəsi, ifadə və media azadlığının əhəmiyyəti daxildir. Əsas dəyərlər və siyasətlər haqqında İngilis dilində məlumatı buradan tapa bilərsiniz.

Əsas terminlər

Aşağıda xüsusilə üzvlük prosesi ilə əlaqəli cəmi bir neçə termin yer alır. Terminlərin hamısını buradakı İngilis dilində lüğətdə tapa bilərsiniz.

Üzvlük meyarları

Kopenhagen meyarları (1993-cü ildə Avropa İttifaqı tərəfindən Kopenhagendə müəyyən edilib) kimi tanınan üzvlük meyarları ittifaqa üzv dövlət olmağa çalışan bütün namizəd ölkələrin yerinə yetirməli olduğu əsas şərtlərdir. Meyarlar haqqında buradan oxuyun.

Aİ-nin qanunvericiliyi

Qanunvericilik bütün Aİ-yə üzv dövlətlər üçün məcburi olan ümumi hüquq və öhdəliklər toplusudur. O, dayanmadan yenilənir. Qanunvericilik haqqında ətraflı buradan oxuyun.

Namizəd ölkələr

Avropa İttifaqına üzvlüyə müraciət edən ölkəyə namizəd statusu Avropa Komissiyasının tövsiyəsi əsasında Avropa İttifaqı Şurası tərəfindən verilə bilər.

Namizəd ölkə statusu İttifaqa avtomatik olaraq qoşulmaq hüququnu vermir. Avropa Komissiyası üzvlük meyarları (Kopenhagen meyarları) baxımından müraciəti araşdırır və öz rəyini açıqlayır. Avropa İttifaqı Şurası isə namizəd ölkə ilə üzvlüyə dair danışıqlara başlamağa qərar verir.

Daha ətraflı

2023-cü il üçün genişlənmə paketi Albaniya, Bosniya və Herseqovina, Kosovo, Monteneqro, Şimali Makedoniya, Serbiya, Türkiyə və ilk dəfə olaraq Ukrayna, Moldova Respublikası və Gürcüstanın ittifaqa üzvlük istiqamətində atdığı addımların vəziyyətinin və müvafiq yollarının ətraflı qiymətləndirilməsini ehtiva edir.

Aİ-nın Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratının (DG NEAR) missiyası Aİ-nin Qonşuluq və genişlənmə siyasətini təşviq etməkdir. DG NEAR Aİ-yə qoşulmağı planlaşdıran ölkələrə Avropa İttifaqı haqqında Müqavilə və Avropa Şurası tərəfindən müəyyən edilmiş meyarlara cavab verməkdə kömək edir. 

Üzvlük xidmətlərə əsaslanır və tamamilə hər bir ölkənin əldə etdiyi obyektiv irəliləyişdən asılıdır. Hər bir ölkənin statusu haqqında ətraflı məlumatı buradan öyrənə bilərsiniz.