Aİ-nin xarici fəaliyyəti ilə bağlı 2021-2027-ci illəri əhatə edən büdcəsi qəbul edilib
İyun 11, 2021

Aİ-nin xarici fəaliyyəti ilə bağlı 2021-2027-ci illəri əhatə edən büdcəsi qəbul edilib


İyunun 9-da Avropa Komissiyası Aİ-nin “Qlobal Avropa” (Global Europe) kimi tanınan Qonşuluq, İnkişaf və Beynəlxalq Əməkdaşlıq Aləti (NDICI) adlı maliyyələşdirmə mexanizminin 2021-2027-ci illər üzrə büdcəsinin qəbulu ilə bağlı Avropa Parlamentinin qərarını alqışlayıb. Bununla da Aİ önümüzdəki yeddi il ərzində dünya iqtisadiyyatının bərpası üçün 79.5 milyard avro maliyyə vəsaitindən istifadə edə biləcək. Bu vəsaitlər Aİ-nin qonşuluq ölkələrində və digər regionlarda dayanıqlı inkişaf, iqlim dəyişikliyi, demokratiya, insan hüquqları, sülh və təhlükəsizlik üzrə beynəlxalq tərəfdaşlıqların inkişafına sərf ediləcək.

Aİ-nin üçüncü ölkələr ilə əməkdaşlığı üçün ayrılan maliyyə vəsaiti aşağıdakı kateqoriyalara bölünür:

  • coğrafi proqramlar üçün 60.38 milyard avro (Qonşuluq regionu üçün azı 19.32 milyard avro);
  • tematik proqramlar üçün 6.36 milyard avro (İnsan hüquqları və demokratiya, Vətəndaş cəmiyyəti təşkilatları, Sülh, sabitlik və münaqişələrin qarşısının alınması və qlobal problemlər);
  • fövqəladə hallarla mübarizə üzrə fəaliyyətlər üçün 3.18 milyard avro.

Sözügedən proqramların və fövqəladə hallarla mübarizə, eləcə də büdcədə nəzərə alınmayan vəziyyətlər, yeni ehtiyaclar və ya yaranan problemlərlə mübarizə və yeni prioritetlərin dəstəklənməsi üçün əlavə olaraq 9.53 milyard avro maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.

Yeni alət əsasən daha çox dəstəyə ehtiyacı olan və uzunmüddətli inkişaf problemləri ilə mübarizə aparan ölkələri əhatə edəcək. Burada məqsəd Dayanıqlı İnkişaf Məqsədləri, İqlim Dəyişikliyi üzrə Paris Sazişi və BMT-nin 2030-cu il üzrə proqramı və İttifaqın qoşulduğu digər beynəlxalq öhdəlik və məqsədlərə nail olunmasına töhfə verməkdir.

NDICI mexanizmi həmçinin dövlət və özəl sektorun dünya miqyasında dayanıqlı inkişafa yönəlmiş sərmayələrinin Aİ tərəfindən təşviqinə imkan verən qrant və yardımları əhatə edir. Bu sərmayələr, Xarici Fəaliyyət Zəmanəti Proqramının 53.4 milyard avro maliyyə vəsaiti ilə dəstəklənəcək.

“Aİ-nin xarici fəaliyyətinin maliyyələşdirilməsinə dair yeni aləti yaxın qonşularımızın dayanıqlığının və rifahının yaxşılaşdırılmasında dönüş nöqtəsi olacaq”. Bunu Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Oliver Varhelyi bildirib. “O, regionun istifadə olunmamış iqtisadi potensialını üzə çıxarmağa kömək etməklə, həmin regionun və Şərqdəki tərəfdaşlarımızın COVID-19 pandemiya sonrası bərpasına, eləcə də iqtisadiyyatın inkişafına və yeni iş yerlərinin açılmasına dəstək verməklə, rəqəmsallaşdırma və ekoloji cəhətdən təmiz istehsala keçid, insan kapitalının inkişafı və gənclər üçün imkanların artırılması vasitəsilə Cənub Qonşuluq regionu ilə yenilənmiş tərəfdaşlığımızı möhkəmləndirəcək”, – deyə Varhelyi əlavə edib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

 



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,