Aİ-nin Xarici Əlaqələr Şurası Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib
Aprel 24, 2026

Aİ-nin Xarici Əlaqələr Şurası Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib


Aprelin 21-də Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin iclasında Cənubi Qafqazdakı vəziyyət, xüsusilə Azərbaycanla münasibətlərin yenidən canlandırılması və dərinləşdirilməsi imkanları diqqət mərkəzində olub. Avropa İttifaqı Şurasının Prezidentinin martın 11-də Bakıya səfərinin nəticələrini nəzərə alaraq, nazirlər Azərbaycanla münasibətləri və ölkə ilə mümkün yenidən əməkdaşlıq çərçivələrini müzakirə ediblər.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məsələ ilə bağlı bildirib: “Azərbaycan enerji və nəqliyyat əlaqələri sahəsində vacib tərəfdaş olaraq qalır. Biz əlaqələrimizi dərinləşdirmək istəyirik və yaxın vaxtlarda yeni ikitərəfli əməkdaşlıq sazişi üzrə danışıqları bərpa edəcəyik”.

Nazirlər həmçinin Ermənistan və Azərbaycan arasında sülh prosesindəki son gedişatı müzakirə ediblər. Onlar bu prosesdə əldə olunacaq irəliləyişin region üçün real fürsət olduğunu və Aİ-nin bu prosesə verdiyi dəstəyin əhəmiyyətli dərəcədə artırıldığını diqqətə çatdırıblar.

Şura həmçinin Aİ-Ermənistan münasibətlərini müzakirə edərək, 4−5 may tarixlərində İrəvanda keçiriləcək ilk Sammitin nəticələrini təsdiqləyib. Bundan əlavə, Ermənistanın demokratik dayanıqlığını və böhran idarəetmə qabiliyyətini artırmaq məqsədilə ölkədə Aİ Tərəfdaşlıq Missiyasının (EUPM Armenia) yaradılması barədə qərar qəbul edilib.

İclasın digər mühüm mövzusu Ukraynaya dəstəyin gücləndirilməsi olub. Ukrayna xarici işlər naziri Andrey Sibiqa görüşə onlayn qoşularaq ölkəsinin təcili ehtiyaclarını çatdırıb. Müzakirələr 2026−2027-ci illər üçün nəzərdə tutulan 90 milyard avroluq Ukraynaya Dəstək sxemini və Rusiyaya təzyiqi artıracaq 20-ci sanksiyalar paketini əhatə edib. Kaya Kallas qeyd edib ki, Aİ-nin təlim missiyası (EUMAM) artıq 90 mindən çox ukraynalı əsgərə təlim keçib.

Sonda Gürcüstandakı vəziyyət nəzərdən keçirilib. Aİ rəsmiləri ölkədə demokratik geriləmənin davam etdiyini və hələlik heç bir yaxşılaşma əlamətinin olmadığını bildiriblər. Nazirlər Gürcüstanın hazırkı kursunu dəyişməli olduğu barədə qəti mesaj veriblər.

Daha çöx öyrənin

Mətbuat üçün açıqlama

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın mətbuat üçün bəyanatı



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,