“Nə yata, nə də yemək yeyə bilirdim”: Ukraynadakı müharibə “Qadın veteranlar hərəkatını” necə səfərbər etdi
May 3, 2022

“Nə yata, nə də yemək yeyə bilirdim”: Ukraynadakı müharibə “Qadın veteranlar hərəkatını” necə səfərbər etdi


Yekaterina Priymakın həyatı 2014-cü ildə birdəfəlik dəyişib. O, “Hospitalyerlər” bölüyü üçün feldşer olmaq qərarına gəlib və Yunancadan tərcümədə həyat mənasını verən “Zoya” adını özünə şərti ad kimi seçib.

2022-ci il fevralın 24-də Rusiyanın Ukraynada başladığı genişmiqyaslı müharibə bir çox həmvətənləri kimi onun da planlarını alt-üst edib. İndi o, özünü tamamilə orduya dəstəyə həsr edir. “Mən necə sakit otura bilərdim? 24 fevraldan sonra ilk günlər həddindən artıq gərgin idim. Nə yata, nə də yemək yeyə bilirdim. Daim nəsə etməli idim. Bura mənim ölkəmdir. Mənim ona qarşı münasibətimdə heç nə dəyişməyib. 2014-cü ildə necə idimsə, indi də eləyəm, elə arzularım da dəyişməyib. 2014-cü ildə də mənim kimi insanlara – könüllü feldşerlərə ehtiyac var idi. İndi başqa şeyə ehtiyac var. İndi tərxisdən sonra etdiklərimin təbii nəticəsi olaraq burayadam. Burada daha çox faydam toxuna bilər”, – deyə Yekaterina izah edir.

O, indiki vəziyyətdə feldşer kimi faydalı olmayacağını başa düşüb, çünki Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü başlayandan sonra qan görmək ona pis təsir edir. “Reaksiyalarıma görə səmərəli işləyə biləcəyimə əmin deyiləm. Ona görə də təminat sahəsində işləmək qərarına gəldim. Zənglərin sayına görə telefonum daim qızır”- o deyir.


Yekaterina Priymak/Foto: Ukrayna qadın veteranlar hərəkatı

Bu gün Yekaterina hospitalyer bacısı Yuliya Sidorova (“Kuba Libre”) ilə birlikdə “Qadın veteranlar hərəkatının” könüllülər qərargahına rəhbərlik edir. Əvvəlcə veteran xanımlar yaralıları döyüş meydanından çıxarmaq üçün ekipaj təşkil edib-etməmək barədə düşünüblər, çünki onların bu sahədə kifayət qədər bacarıq və təcrübəsi var. “Minomyotçu və sürücü tapmaq çətin deyildi. Maşınımız da var idi. İlk günlər düşünürdük ki, təxliyə etdiklərimizi onunla aparacağıq. Ancaq mən elə ilk gündən qərargah yaratmaq haqqında düşünürdüm. Amma nə vaxt, nə üçün bilmirdim. Sonra biz başa düşdük ki, tibbi təxliyə sahəsində işləmək alınmayacaq, çünki bizdə yalnız bir ilk tibbi yardım çantası var idi. Kubanın tibbi çantası Xarkovda qalıb, mənim hər şeyim hələ 2015-ci ildə bazada qalmışdı. Biz anladıq ki, heç nəyimiz yoxdur və əlimizdən heç nə gəlmir. Nə hərbi təchizat, nə şlem, nə zireh, nə taktiki tibbi biliklərimiz var idi. Yalnız maşın və qərargah var. Ona görə də hər şey axtarmağa başladıq və nəticədə təşkilatçı kimi ikinci dəfə özümüzü kəşf etdik”- deyə o, bildirir.

Eyni zamanda, o, gülür və deyir ki, bəzən qəzəblənmək, könüllülərin çılğın həyat tempindən bir müddət uzaqlaşmaq və “Hospitalyerlərdən” Qostomelə rotasiyaya getməyi xahiş etmək istəyir. Hərbi tibb işçisi refleksləri hələ də çalışır. İndiyə qədər “Həkimlər!” qışqırtı səsinə hərəkətə keçir və saniyələr içində qışqıran adamın yanına çatır. Hətta zarafatla çağırsalar belə.

“Amma mən qərargahımızda işləyən (bəziləri yaşayan) hər bir könüllü üçün məsuliyyət hiss edirəm. Bizimlə gözəl insanlar işləyir. Ətrafımızda döyüşlər gedəndə zarafatlaşırdıq ki, nəsə baş versə, qərargahımız milləti dirçəldə biləcək. Çünki qərargahımızda rəssamlar, memarlar, heykəltəraşlar, rejissorlar, İT işçisi kişi və qadınlar çalışır… Mariupoldan, Kiyev yaxınlığından olanlar var. Yəni onların artıq getməyə yeri yoxdur. Özlərini tamamilə işə sərf edirlər. Onları necə tərk edə bilərəm?” – Yekaterina əlavə edir.

2014-cü ilə qayıdaq

2014-cü ildə müharibə başlayanda onun bütün rotasiyaları Donetsk hava limanı yaxınlığında ən qaynar nöqtələrdə – Peskidə və Butovka mədənində baş verib. Eyni zamanda, o, dəfələrlə etiraf edib ki, müharibədə iştirakını o qədər də ağır hesab etmir – daha pis şəraitdə döyüşən bölmələr olub.

“Əvvəllər mən dəhşətlər haqqında, qızların həyat hekayələri, dəhşətli şərait, seksizm və döyüşdüyüm mühit haqqında danışırdım. Məişət nöqteyi-nəzərindən 2014-cü ildə “Hospitalyerlərin” lazımi hər şeyi var idi. Biz hər şeylə təchiz edilmişdik, duşda yuyuna bilirdik, bizə yemək gətirirdilər. Bu baxımdan az-çox rahat idi”, – deyə o, xatırlayır.

Tərxis olunduqdan sonra Yekaterina “Qadın veteranlar hərəkatının” liderlərindən biri olur və qadın əsgərlərin hüquqlarını fəal şəkildə müdafiə edirdi. Müharibəyə qayıtmaq barədə düşünmür və zarafatla 8 il qabaq olduğundan daha diqqətli olduğunu deyirdi.

Hərəkatın indiki fəaliyyəti haqqında

“Birincisi bizə kişi könüllülər qoşulub. İkincisi, hazırda qərargahda cəmi üç qadın veteran qalıb. Qızlarımızın əksəriyyəti indi ön cəbhədə vuruşur, qalanı isə təminat axtarışı ilə məşğul olur, yəni bizim kimi, sadəcə başqa regionlarda” – o, izah edir. O, gülür və deyir ki, buna qədər veteranlarla bir çox mübahisəli vəziyyətlərdə olan ideoloji opponentləri ilə əməkdaşlığa başlayıb. Müharibə işğalçılara layiqli cavab vermək üçün işləmək istəyən hər kəs arasında əməkdaşlığın yaranmasına səbəb olub.

İndi Yekaterina vaxtının çox hissəsini qərargahda telefon zənglərinə cavab verməklə keçirir, müxtəlif məsələləri həll edir. O qədər çox işləyir ki, havanın və ya zamanın necə keçdiyini hiss etmir. Başqa cür mümkün deyil. Onun sözlərinə görə, könüllülükdə ölmək riski döyüş meydanındakından dəfələrlə azdır, lakin bu iş eyni dərəcədə çətin və məsuliyyətlidir. Xüsusilə indi. “İndi vəziyyət 2014-cü ildən fərqlidir. Bunu o vaxtdan bəri könüllülük edənlər də təsdiqləyir. 2014-cü ildə “Militaristə” gəlib beret alıb ölkənin şərqinə göndərə bilərdiniz. İndi bu çox çətindir. Tələbat böyükdür. Resurslar o qədər də çox deyil. Valyuta ilə bağlı istənilən əməliyyat, hər dəfə sərhədi keçmək cəhdi böyük problemdir”, – o, əlavə edir.

Axtarış və sorğularının mürəkkəbliyinə baxmayaraq, fondun anbarında demək olar ki, hər şey – dərmanlar, gigiyena vasitələri, taktika, silah-sursat tapa bilərsiniz. Burada ölkəni müdafiə edənlər üçün yeməklərin hazırlandığı mətbəx, kokteyllərin süzüldüyü “bar” (müdafiəçilər üçün çox lazımdır) da var. Hətta şəxsi dron anbarı var. Burada demək olar ki, hər kəs dronları toplaya və lazım gələrsə təkmilləşdirə bilər. “Bizdə hər şey var, amma hər şeydən bir az və az miqdarda, çünki istək həddindən artıq çoxdur” – deyə Yekaterina gülür.

“Biz logistika, təminat və humanitar məsələlərin həllinə kömək edirik. Fəaliyyətimiz hərbçilərə və mülki şəxslərə kömək etməkdən ibarətdir. Təbii ki, hərbçilər prioritetdir – qızlarımız (demək olar ki, bütün veteran xanımlarımız indi döyüşür) hazırda cəbhə xəttindədirlər. Pul yığırıq, təchizat alırıq, hərbçilər üçün müxtəlif maraqlı şeylər axtarırıq”, – o deyir.

Müharibədən qaçmayanlar haqqında

Kiyevətrafı qəsəbələr azad edildikdən sonra Rusiya işğalından sağ çıxan insanlara kömək etmək kimi daha bir prioritet ortaya çıxdı. “Orada aclıq, soyuq və sadəcə dəhşət var. Çünki döyüş odu sönəndə, kiçik qələbələrin sevinci səngiyəndə müharibənin əsl simasını, dinc əhalinin iztirablarını görmək olur. Bizim orada gördüklərimiz dəhşətdir. Bilirəm ki, məsələn, hərbçiləri mütləq yedizdirəcəklər. Amma o insanların da köməyə ehtiyacı var. Onların ev heyvanlarının da. Elə yaşayış məntəqələri var ki, orada vəziyyət Buça və İrpindən qat-qat ağırdır. Bizə o dəhşətin yalnız kiçik pəncərəsi açılıb. Onun miqyası təsəvvür edə bildiyimizdən daha böyükdür. Təəssüf ki, bu müharibədən uzaq olanlar bir-birimizə kömək etməyin nə qədər vacib olduğunu çox tez unudurlar” – o, deyir.

Yekaterina tammiqyaslı işğal başlayandan sonra aprelin 3-də ilk dəfə istirahət etmək istəyib və tezliklə peşman olub. Bu, Buçadan gələn xəbərlərlə cəhənnəmə portalın açıldığı gün idi. “Çox gərgin vəziyyətdə idim, əlimdən heç nə gəlmirdi, daima xəbərləri izləyirdim. Məncə, çoxları özünü mənim kimi hiss etdi. İşləsəydim, bir az asan olardı” – Yekaterina etiraf edir.

Bundan sonra o komandası ilə birgə ruslardan azad edilən şəhərlərə kömək üçün yola düşüb. Bu səfər hətta onun kimi müharibəni yaxından görmüş biri üçün də çox ağır olub. O deyir ki, bundan əvvəl Donetskə səfəri dönüş nöqtəsi olub və orada insanların müharibədən necə qaçdığını görüb. Bu çox pis mənzərə idi. İndi məlum oldu ki, bu müharibədən xilas ola bilməyən insanları görmək insana daha da pis təsir edir.

“Mən əslində dağıntılar baxımından pis mənzərə ilə qarşılaşacağıma hazır idim. Dağıntı mənzərəsi mənə tanışdır. Bundan daha pis dağıdılmış şəhərlər görmüşəm. Amma indi insanlarla ünsiyyət qurmaq daha ağırdır. Bir kişi kütləvi məzarlığı göstərəndə orada bir qadının diri-diri yandırıldığını deyərək ağlamağa başlayır, sonra siqaret çəkir, aydın olur ki, bu adam psixoloji cəhətdən düzələnə qədər orada qalmalı və şəhərin bərpasını gözləməlidir. Çünki dinc şəhər indi onu öldürə bilər,”- o, deyir.

“Ümumiyyətlə bütün bunlarla necə yaşayacağımızı bilmirəm. Bəzən bu ağrını belə kəskin hiss etməmək üçün bədənimi tərk etmək istəyirəm. Özümdə emosional boşluq hiss edirəm. Amma qəzəb və nifrət hiss etmədiyimə görə təəccüblənirəm. Çünki ruslara hələ bu müharibə başlamazdan əvvəl nifrət edirdim. Amma indi mən yalnız ağrı və boşluq hiss edirəm. İşlədiyim zamanlar isə bilirəm ki, tamamilə normal, adi, şən görünürəm” – deyə Yekaterina əlavə edir. Elə buna görə də o, çox işləyir.

Qələbə haqqında

Yekaterina Rusiyanın Ukraynaya qarşı təcavüzünün yalnız Donbasla məhdudlaşmayacağına şübhə etməyən insanlardan biridir. “Müharibənin yenidən başlayacağını dəqiq bilirdim. Amma düşünürdüm ki, daha bir neçə il yaşayacağıq. Mənə elə gəlirdi ki, ölkənin şərqini uzun müddət tədricən zəiflədəcəklər. Rusiyanın tezliklə məhv olacağına və böyük müharibəyə başlamağa cəsarət etməyəcəklərinə inanırdım. Təəssüf ki, Rusiyanın hələ sonu gəlməyib. Onların belə bir addım atacağına inanmaq istəmirdim. Baxmayaraq ki, bu, qaçılmaz idi.

Çünki bu, sadəcə, müharibə deyil, həqiqətən də, iki sivilizasiya arasında bir savaşdır”, – o, deyir.

Onun üçün daha bir açıq-aydın fakt var – Ukrayna bu müharibədə qalib gələcək. “Başqa çıxış yolumuz yoxdur. Doğru yoldayıq. Mən karmaya inanıram. İnanıram ki, bizi azadlıq mübarizəsinin əvvəlki qüvvələri dəstəkləyir. İndi baş verən hər şey mənə Maydanı xatırladır.

Yalnız gələcək üçün mübarizə Kiyevin mərkəzində deyil, bütün ölkə miqyasında baş verir. Belə bir güclü qüvvə məğlub ola bilməz. Mən ətrafımdakı insanların ölkəni son nəfəsə qədər müdafiə etməyə necə hazır olduqlarını görürəm. Hər kəsin nə qədər motivasiyalı olduğunu görürəm. Belə motivasiya elə qələbə deməkdir” – o, deyir.

Eyni zamanda, o, vəziyyəti ideallaşdırmır və bütün problemləri, o cümlədən ordudaxili çatışmazlıqları görür. “Eyni strukturun daxilində xarici düşmənlə yanaşı, daxiliaxmaqlıqla mübarizə aparmağa məcbur olan əla əsgər və zabitlər ola bilər. Bəli, kifayətqədər axmaqlıq var. Amma indi bütün əməkdaşlıq formatlarından cəmiyyətlər yaxşı işləyir. Hamı pişik kimi olub. Bütün problemlərimizi sonra həll edəcəyik. Qələbədən sonrabiz başqa insanlar olacağıq və əlimizdə olan hər şeyi daha yaxşı qiymətləndirəcəyik, çünki bunun üçün çox yüksək qiymət ödəmişik” – deyə veteran xanım izah edir. Yekaterina qeyd edir ki, bu müharibədə tab gətirmək üçün ukraynalılar bir-birlərinə qarşı daha həssas olmalıdırlar.

Könüllü Ukrayna Korpusundakı keşiş rotasiyaya göndərilməzdən əvvəl həmişə belə deyərdi: “Düşmənlərinizi sevgi ilə öldürün”. O vaxtlar bu sözün mənasını anlamırdım. Necə yəni? Bu nə cəfəngiyyatdır! O, öldürməyi sevməyi məsləhət görür? “İndi onun nə demək istədiyini başa düşürəm. Ukraynanı ruslara nifrət üzərində qurmaq mümkün deyil. Nifrət döyüşmək üçün enerji verir. Amma bərpa mənbəyi sevgidir. Düşmənləri sevgi ilə öldürün – bu özünüzünkülərə qarşı sevgi göstərin, onları qorumaq və qayğı ilə əhatə etmək lazımdır. Hal-hazırda nifrət təbii və anlaşılandır. Pislik və nifrət gətirənlər üçün güzgü olmaq lazım deyil. İndi diqqəti bir-birinin qayğısına qalmağa və etibar etməyə yönəltmək lazımdır”, – o, bildirir.

Bu linkə daxil olaraq “Qadın Veteran Hərəkatına” dəstək ola bilərsiniz.  

Müəllif: Evgenia Mazur

Məqalə dərc edildi: 24tv.ua



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,