Bir söhbət hər şeyi dəyişə bilər: Finlandiya və Şərq Tərəfdaşlığı ölkələrindəki gənclərin real ehtiyacları və onlara dəstək yolları
© Divchata.org
May 22, 2026

Bir söhbət hər şeyi dəyişə bilər: Finlandiya və Şərq Tərəfdaşlığı ölkələrindəki gənclərin real ehtiyacları və onlara dəstək yolları


“Həyatımızda münasibətlər, tənhalıq və bir çox digər çətinliklər kimi müxtəlif böhranlar olur. Məhz buna görə də, biz hətta tək bir görüşün belə çox əhəmiyyətli ola biləcəyi ideyasını təcrübədə tətbiq etməyə çalışırıq”, –  Finlandiyada milli səviyyədə tətbiq olunan “növbəsiz psixoloji dəstək” (“Walk-in therapy”) layihəsinin rəhbəri Miika Niemela deyir.

Adı çəkilən terapiya gözləməyə, vaxt təyin etməyə və ya vəziyyətinizin nə qədər “ciddi” olduğunu izah etməyə ehtiyacın olmadığı bir formatdır. İnsanlar sadəcə məkana daxil olurlar və söhbət etməyə başlayırlar. İdeya olduqca sadədir və bəzən hər şeyi dəyişmək üçün bir söhbət kifayətdir. Bu model Finlandiyada 2021-ci ildə pilot layihə kimi tətbiq olunub və 2022-ci ildən etibarən milli səviyyədə tətbiq olunmağa başlayıb. Proqram Avropa İttifaqı tərəfindən birgə maliyyələşdirilir.

Finlandiya təcrübəsi ona görə maraqlıdır ki, o, yalnız xidmətlərin deyil, həm də ümumi yanaşmanın dəyişməli olduğunu göstərir. Ukraynadan və digər Şərq Tərəfdaşlığı ölkələrindən olan gənclər təşkilatlarının üzvləri və fəallarla birlikdə EU4Youth proqramı çərçivəsində təşkil edilən tanışlıq məqsədi daşıyan səfərə qatılan TSN.ua  psixi sağlamlığın niyə bu qədər vacib bir mövzuya çevrildiyini araşdırmağa çalışıb.

Məlum olub ki, “Discord” icmalarından tutumuş gənclər mərkəzlərinədək, oyunlardan başlayaraq təkseanslı müdaxilələrə qədər — bu yanaşmaların bir çoxu artıq Şərq Tərəfdaşlığı ölkələrində daha mürəkkəb reallıqda formalaşmağa başlayıb. Qarşıda bu barədə daha ətraflı danışacağıq.

Çatlar və Discord: onlayn böhranın qarşısının alınması

Bəzi ölkələrdə “gəncləri mütəxəssisə yönləndirməyə” əsaslanan ümumi bir sxem mövcuddur. Finlandiyada isə daha çox fərqli bir sual verilir: “Köməyə ehtiyacı olan bu gənclər haradadırlar? Hansı ünsiyyət kanalı rahat və anonim ola bilər?”

Cavab onlayn məsləhətləşmələrdir. Məsələn, bu format Ukrayna üçün tanışdır. Belə ki, orada çoxlu sayda pulsuz və ödənişli xidmətlər mövcuddur. İmkanların müxtəlifliyi insanların daha çox diqqətini çəkir.

Bunun ən bariz nümunələrindən biri “MIELI Finlandiya Psixi Sağlamlıq” təşkilatı tərəfindən koordinasiya edilən “Sekasin Collective” təşəbbüsü çərçivəsində həyata keçirilən “Sekasin” platformasıdır.

Bu çat 12–29 yaş arası gənclər üçün nəzərdə tutulmuş milli və onlayn bir xidmətdir. Pulsuzdur, anonimlik qorunur, qeydiyyat və ya yönləndirmə tələb olunmur. Burada hər şey mümkün qədər sadədir: çata daxil olursunuz, növbəyə dayanırsınız və sonra məsləhətçi ilə əlaqələndirilirsiniz.

Söhbət təxminən 45 dəqiqə davam edir və adətən çox sadə mövzular ətrafında qurulur. Nə baş verir, tab gətirməyinizə nə kömək edir, növbəti addım nə ola bilər. Təkcə son bir ildə bu çatda 55 000-ə yaxın söhbət baş tutub.

Paralel olaraq, “Discord” mesencerində oyun icması fəaliyyət göstərir. Burada həmişə nəsə baş verir: müxtəlif mövzular üzrə yazışma kanalları, müxtəlif formatlı səs otaqları, canlı yayımlar, oyun sessiyaları və daha çoxu. Eyni zamanda, iştirak tamamilə sərbəstdir. Gənclər telefon və ya kompüterdən qoşula bilər, kameranı və ya mikrofonu açmamaq mümkündür. Onlar aktiv ola və ya sadəcə müşahidə edə bilərlər.

“Əsas məqsəd tənhalığın qarşısını almaq və dialoqun vacibliyini təşviq etməkdir. Bu, Finlandiyada 20 000-dən çox üzvü olan və 2018-ci ildən bəri fəaliyyət göstərən ən böyük milli onlayn gənclər icmasıdır. Platforma həftənin 7 günü 24 saat açıqdır, lakin moderasiya bütün gecə boyu fasiləsiz deyil”, – “Sekasin Gaming” komandasının rəhbəri Josua Zavo Valkeakunnas izah edir.

Bu icmada müxtəlif təşkilatlar çalışır, onlar söhbətlərə qoşulur və mövcud xidmətlərdən istifadəyə kömək edirlər. İştirakçılar hətta çatda bir kiberpolis nümayəndəsinin olması üçün könüllü olaraq səs veriblər. Onlar eyni zamanda, hər kəsin qəbul edildiyi bir atmosferi yaratmağa çalışırlar. “Bir çox platformalarda istifadəçilər özlərini yanlış ifadə etdikdə, ünsiyyəti necə yaxşılaşdırmaq barədə təlimat verilmədən dərhal kənarlaşdırılırlar. Burada yanaşma fərqlidir. Moderatorlar istifadəçilərlə, xüsusən də zərərli və ya toksik nitq istifadə edənlərlə ünsiyyət qurur və onları özlərini daha konstruktiv şəkildə ifadə etməyə həvəsləndirirlər”, – o, izah edir.

Oyun qayğılarından oyunçuların rifahına qədər

Oyun və sosial mediadan istifadə mövzusu ictimai müzakirələrdə tez-tez problem kimi təqdim olunur. Finlandiya təcrübəsində bu yanaşma fərqli görünür.

“Sosped” adlı qeyri-hökumət təşkilatının proqramlarında oyunlara əhəmiyyətli dərəcədə vaxt ayıran gənclərlə iş aparılır. Lakin əsas diqqət gənclərin davranışlarına deyil, onların arxasında duran səbəblərə yönəldilir. “Bu gənclərin oyunlarla bağlı müəyyən sağlamlıq problemləri və ya çətinlikləri ola bilər, lakin adətən bizim fəaliyyətlərə qoşulanlar bütün gününü oyunlarla keçirən insanlardır, çünki edəcək başqa bir işləri yoxdur – iş yoxdur, təhsil yoxdur, dostlar yoxdur, icma hissi yoxdur”. Rəqəmsal asılılıqlar şöbəsinin rəhbəri Helmi Korhonen belə deyir.

Onlara birbaşa oyun asılılığından əziyyət çəkdilərini demək problemdən çıxış yolu deyil. “Əksinə, diqqət oyunlara aludə olan gənclərin rifahını yüksəltməyə yönəldilir. İdeya ondan ibarətdir ki, onlar həyatda dostlar və ya iş kimi digər mənalı fəaliyyətlər tapanda oyunlara ayırdıqları vaxt təbii olaraq və çox vaxt kifayət qədər azalır“, – o, əlavə edir.

Komandanın tətbiq etdiyi proqramlar yalnız söhbətlərlə məhdudlaşmır. Onlar müxtəlif formatlardan və yanaşmalardan istifadə edirlər. Məsələn, oyunlara aludə olanlar üçün on nəfərlik dəstək qrupları fəaliyyət göstərir. Burada mütəxəssis və təcrübəli məsləhətçi birlikdə çalışır.

“Sosped” həmçinin beynəlxalq səviyyədə fəaliyyət göstərir. O, xüsusilə Aİ-nin dəstəyi ilə həyata keçirilən və rəqəmsal mühitin qumar davranışına təsirini araşdıran Qumarsız rəqəmsal mühit (Gambling Free Feed) layihəsində iştirak edir.

Rəqəmsal cihazlar olmadan dördgünlük istirahət düşərgələri isə başqa bir seçimdir. Orada iştirakçılar sözün əsl mənasında adi onlayn mühitdən uzaqlaşırlar — minimum texnologiya, ortaq fəaliyyətlər, söhbətlər və uzun müddətdən sonra ilk dəfə daimi internet bağlantısı olmadan qala biləcəkləri bir məkan.

Xəbərdarlıqlar əsasında hərəkət etmək təşkilatın taktikalardan biridir. “Sosped” təşkilatı “uduzduğunu geri qaytarmaq” cəhdləri, davranışı gizlətmə və ya maliyyə çətinlikləri kimi siqnalları tanımağa kömək edən pulsuz onlayn kurslar və materiallar təqdim edir. Dəstək yalnız istifadəçilərə deyil, həm də onların ailələrinə göstərilir.

Yeni dəstək formatları: podkast və virtual reallıq

Ən vacib məqamlardan biri odur ki, çıxış yolları var və onların bir çoxu mütərəqqi xarakter daşıyır. İki tamamilə fərqli mühit – Ukrayna və Azərbaycanla bağlı nümunələr bunu aydın şəkildə nümayiş etdirir.

Psixoloq Darina Aitova sözügedən yanaşmanı SpivDiia xeyriyyə fondunda tətbiq edir. “Uşaqla təmasda” adlı podkast psixi və mənəvi sağlamlıq mövzusuna cəmiyyətdəki neqativ baxışları aradan qaldırmağa çalışır. “Podkast sərbəst və qeyri-rəsmi olması sayəsində insanları dialoqa cəlb etməyə kömək edir. Onu yaradan zaman komandamız daxilində beyin həmlələri keçirdik, valideynlərin ehtiyaclarını təhlil etdik və onların real müraciətləri ilə işlədik. Üstəlik, onlara ən çox təsir edən mövzuları müəyyən etmək üçün valideynlərlə birbaşa müsahibələr keçirdik“, – Darina Aitova bildirib.

Auditoriya ilə məhz onlayn formatlar vasitəsilə işləmək qərarı konkret müşahidələrə əsaslanır.

“Biz mühüm bir tendensiya müşahidə etdik — valideynlərin tərbiyə və müsbət valideynlik haqqında məlumat alması üçün ən rahat və effektiv format onlayn materiallardır. Bu, onunla izah olunur ki, materiallara uyğun vaxtda, sərbəst qrafiklə, əlavə qarşılıqlı əlaqəyə girmədən baxa bilərlər“, – o, qeyd edir.

Digər bir nümunə kimi Divchata qeyri-hökumət təşkilatının kompleks fəaliyyətini göstərmək olar. Bu Ukrayna təşkilatı profilaktika tədbirləri üzərində işləyir və “Feminist Akademiyası” vasitəsilə gənc liderliyi inkişaf etdirir və gənclərə uzunmüddətli psixoloji dəstək təklif edir. Burada diqqət yalnız böhranlara qarşı tədbirlər görmək deyil, bərpa prosesində gəncləri müşayiət etməyə yönəldilir.

Rəqəmsal mühit şəraitində də işlər görülür. Burada tətbiq olunan yanaşma sadəcə bir proqram deyil, auditoriya ilə qarşılıqlı əlaqə qurmaq üçün tamhüquqlu bir alət funksiyasını daşıyır. “Biz rəqəmsal alətlərdən mürəkkəb mövzuları gənclərə sadə və əlçatan dildə çatdırmağa imkan verən təhsil vasitəsi kimi istifadə edirik”, –  Katerina Zairçenko izah edir.

Söhbət yalnız məlumatlandırmaqdan getmir, həm də klassik mənada təhsilə bənzəməyən formatlardan istifadə etməkdən gedir. Məsələn, TikTok platformasında “Aunt Panda” ilə birgə ərsəyə gətirilən “Sərhədlərini qoru” (“Guard Your Borders” (STOP!) mahnısı və ya auditoriyanın etibar etdiyi insanların təcrübələri vasitəsilə çətin mövzuların müzakirə olunduğu “Səndəki güc” (‘Strength in You’) podkastı buna nümunədir. Bu, prosesin dinamikasını kökündən dəyişərək sadəcə “məlumat vermək” formatından “qarşılıqlı əlaqə qurmaq” müstəvisinə keçirir.

Məhz bu məqamda interaktiv formatlar – sürətli və fərdiləşdirilmiş təcrübə təqdim edən onlayn testlər dövrəyə girir. Onlar sizə yalnız məlumat almağa deyil, həm də həmin məlumatları dərhal özünüzlə əlaqələndirməyə imkan verir. Məsələn, rəqəmsal mühitdə öz davranışınızı qiymətləndirə və ya gündəlik həyatda zorakılıq hallarını müəyyən etməyi öyrənə bilərsiniz. Onların effektivliyinin sirri də məhz bundadır.

Azərbaycanda fəaliyyət göstərən “Ritual” Teatr və Yaradıcılıq Laboratoriyasının teatr rejissoru və tətbiqi teatr fasilitatoru Aynur Zərrintac diqqətini teatrın gənclərin psixi sağlamlığına dəstək, emosional özünüifadə və yaradıcılıq aləti kimi istifadə olunmasına yönəldir.

“Mən komandamla birlikdə virtual reallığa uyğunlaşdırılmış iki tamaşa və bir inklüziv ayı-robot botu üzərində də işləmişəm. Bu məhsullar bizə virtual reallıqda psixi sağlamlıq və yaradıcılıqla bağlı işlərin necə aparılacağını müəyyənləşdirməyə kömək edir“, — o, deyir.

Aynur Zərrintac xüsusilə Finlandiyada istifadə olunan psixi sağlamlığa dəstək metodologiyaları ilə yaxından tanış olub. “Bunlar tənhalıq, qumar asılılığı və ya sosial təcrid yaşayan gənclər üçün mühüm əhəmiyyət kəsb edən mərhələli cəlbetməni, emosional təhlükəsizliyi və qeyri-verbal iştirakı vurğulayır“, – o, qeyd edir.

Fasilitator yaradıcı metodları, dram və hekayə danışma texnikalarını birləşdirərək bu yanaşmaları Azərbaycandakı teatr işində tətbiq etməyi düşünür.

Niyə bəzən sadəcə evdən çıxmaq kifayətdir

Yenidən Finlandiya təcrübəsinə qayıtsaq, görərik ki, bütün dəyişikliklər heç də söhbətlə başlamır. Bəzən bu, sadəcə gedəcək bir yerin olması ilə başlayır.

Helsinkidə belə yerlər kifayət qədər çoxdur. Təkcə şəhər daxilində 60-a yaxın gənclər məkanı fəaliyyət göstərir.

Bunlar pərakəndə təşəbbüslər deyil, sistemli işin nəticəsidir. Hamısı şəhər bələdiyyəsi tərəfindən maliyyələşdirilir, buna görə də gənclər üçün tamamilə pulsuzdur. “Belə məkanlarda gənclər basketbol və ya boks kimi idman növlərindən tutmuş əl işləri, kulinariya və ya stolüstü oyunlara qədər müxtəlif yaradıcılıq və sosial fəaliyyətlərlə bir yerdə məşğul ola bilərlər”, – Helsinkinin Mərkəzi Kitabxanasının əməkdaşları deyirlər.

Kitabxana müxtəlif mühitlərin vəhdətini xatırladır. Burada səs və ya musiqi yaza biləcəyiniz səsyazma və podkast studiyaları, video və foto studiyaları, montaj stansiyaları, həmçinin yerində istifadə edə biləcəyiniz müxtəlif avadanlıqlar var. Bundan əlavə, oyun zonaları, qrup şəklində işləmək üçün otaqlar, görüşlər və tədbirlər üçün nəzərdə tutulmuş açıq məkanlar mövcuddur. Bütün bu imkanlardan tamamilə pulsuz yararlanmaq mümkündür.

Belə mərkəzlər qeyri-sabitlik dövrlərində xüsusi əhəmiyyət kəsb edir. Belə ki, 2025-ci ildə Finlandiyada işsizlik səviyyəsi təxminən 10%-ə qalxıb, gənclər arasında isə bu göstərici 20%-ə çataraq Avropa İttifaqındakı ən yüksək hədlərdən biri olub.

Modellər işləyir, bəs sistemlər?

Son illər ərzində Şərq Tərəfdaşlığı regionunda gəncləri dəstəkləyən ən böyük proqram olan “EU4Youth” çərçivəsində həyata keçirilən təşəbbüslər məşğulluqdan tutmuş psixi sağlamlığa qədər bir çox sahədə vahid fəaliyyət çərçivəsi formalaşdırır.

Milli koordinatorların müşahidələri göstərir ki, effektiv modellər artıq müəyyən ortaq xüsusiyyətlərə malikdir. Ən uğurlu modellər müraciət baryerini aradan qaldıran, mürəkkəb prosedurlar tələb etməyən, anonimliyi qoruyan və insanı dərhal “rəsmi şəkildə” kömək istəməyə məcbur etməyən yanaşmalardır. Burada həm gənclərin gənclərlə ünsiyyəti, həm də istifadəçilərin mədəni kontekstini və vərdişlərini nəzərə alan metodlar mühüm rol oynayır. Lakin əsas məqam sistemli profilaktikadır. Söhbət ayrı-ayrı kampaniyalardan və ya layihələrdən deyil, gündəlik mühitin ayrılmaz hissəsinə çevrilən daimi dəstək sistemindən gedir.

Əsas çətinliklərdən biri gənclərin psixi sağlamlığı ilə bağlı layihələrin icra müddətinin qısa olmasıdır. Müəyyən təşəbbüslər həyata keçirilsə də, onların davamlılığı nadir hallarda təmin olunur. Nəticədə hər dəfə təcrübə toplamadan və sabit təsir yaratmadan işə yenidən başlamaq lazım gəlir. Səylər çox vaxt erkən müdaxiləyə deyil, sadəcə yaranmış vəziyyətə reaksiya verməyə yönəlir. Hətta çoxsaylı fəaliyyətlərin olduğu yerlərdə də bu mənzərə aydın görünür – tədbirlərin sayı təkbaşına sistemin işləməsi demək deyil.

Əlçatanlıqdakı bərabərsizlik xüsusilə nəzərə çarpır. Moldova və Ermənistan kimi kiçik ölkələrdə və ya böyük şəhərlərdən kənarda imkanlar kəskin şəkildə məhduddur. Burada dəstək ya pərakəndə xarakter daşıyır, ya da tamamilə əlçatmaz olur. Bura bəzi qrupların “görünməzliyi” də əlavə olunur. Proqramların “standart” kateqoriyalarına uymayan gənclər çox vaxt diqqətdən kənarda qalır və buna görə də köməyə əlçatanlığı itirirlər. Belə şəraitdə hətta mövcud xidmətlər də onlara ən çox ehtiyacı olanların bu imkanlardan yararlanacağına zəmanət vermir.

Vəziyyəti ümumi kontekst də mürəkkəbləşdirir. Bəzi ölkələrdə qanunvericilik gənclərin ehtiyacları ilə ayaqlaşmır və ya praktiki tətbiq üçün ümumi xarakter daşıyır. Digər ölkələrdə, məsələn, Gürcüstan və ya Belarusda isə siyasi kontekst sistemli həll yollarını bir kənara qoyaq, hətta mövzunun araşdırılması imkanına belə mənfi təsir göstərir. Bu o deməkdir ki, məsələ yalnız resurslar və ya yanaşmalarla bağlı deyil, həm də mühitin bu yanaşmaların inkişafına nə dərəcədə imkan verməsi ilə bağlıdır.

Finlandiya təcrübəsi dövlətin sistemli cavabının necə ola biləcəyini göstərir. Ukrayna və Azərbaycanın təcrübələri isə bu həllərin daha az resurs və daha böyük çətinliklər olan şəraitdə necə adaptasiya edildiyini nümayiş etdirir. Məhz bu kəsişmə nöqtəsində “EU4Youth” proqramı son illər ərzində yerli təşəbbüsləri maliyyələşdirir və hazırda regionda gənclərlə işin yeni modeli formalaşmaqdadır.

Müəllif: Olqa Konseviç

Orijinal məqalə TSN.ua tərəfindən ukrayna dilində dərc edilib



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,