Ermənistanın kiçik bir kəndində yeniyetmələr internetdə dezinformasiyanı necə müəyyənləşdirəcəklərini öyrənirlər. Azərbaycanda gənclər diplomatiyanı, liderliyi və ölkə sərhədlərindən kənardakı imkanları müzakirə etmək üçün bir araya gəlirlər. Gürcüstanın kənd yerlərində şagirdlər xaricdə təhsil almağın və ya könüllü olmağın onlar üçün əlçatan ola biləcəyini ilk dəfə eşidirlər. Moldovada gənclər məktəbləri gəzərək Avropa İttifaqının siyasi bəyanatlardan və xəbər başlıqlarından uzaq, real həyatda nə demək olduğunu izah edirlər. Ukraynada gənc fəallar öz icmalarında dözümlülüyü gücləndirməklə yanaşı, fəaliyyətlərini müharibə dövrünün reallıqlarına uyğunlaşdırırlar.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və “EU NEIGHBOURS east” proqramı tərəfindən həyata keçirilən Gənc Avropa səfirləri (YEA) şəbəkəsi Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində minlərlə gənci bir-biri ilə əlaqələndirib. Lakin onun mirası təkcə layihələr və ya tədbirlərlə deyil, həm də həyatını dəyişdirdiyi insanlarla ölçülür.
Ukraynadan olan Gənc Avropa səfiri Yelizaveta Adamska deyir: “Mən anladım ki, Avropa müxtəlif tarixi təcrübələrin, travmaların və qələbələrin bir-birini tamamladığı çoxşaxəli bir məkandır”.
Gənc liderlikdən məsuliyyətə
Gənc Avropa səfirləri şəbəkəsi Yelizaveta Adamskanın həyatında tam vaxtında yaranan bir fürsət olub. O, 2019-cu ildə şəbəkəyə qoşulanda artıq gender bərabərliyi, inklüzivlik və ekoloji problemlərlə bağlı layihələr üzərində işləyirdi.
“Mənim öz layihələrim var idi. Gender bərabərliyi, ekologiya və inklüzivliklə maraqlanırdım. Lakin bütün bunlara baxmayaraq, hələ də dəyişiklik istədiyimi hiss edirdim”, — o, deyir.
Sonra o, bu şəbəkəni kəşf edib: “2019-cu ildə Avropa İttifaqı mənim üçün hələ də mücərrəd bir anlayış idisə, bu gün o, artıq real simalar və real hekayələr deməkdir. İndi mən tam əminəm ki, Ukraynanın gələcəyi məhz bu insanlarla qurulan gündəlik dialoqdan asılıdır”.
Oxşar dəyərləri və ambisiyaları paylaşan insanların əhatəsində olan Yelizaveta Adamska tez bir zamanda təşəbbüsün ən fəal üzvlərindən birinə çevrilib. O, əvvəlcə Ukraynanın qərbində Gənc Avropa səfirləri şəbəkəsinə rəhbərlik edib, daha sonra isə təşəbbüsün gender bərabərliyi üzrə işlərinin məsuliyyətini öz üzərinə götürüb.
Lakin 2022-ci ilin fevralında hər şey dəyişdi. Milyonlarla ukraynalı kimi, Gənc Avropa səfirləri də bir anda tamamilə fərqli bir reallıqla üz-üzə qaldılar və yeni şəraitdə fəaliyyət göstərməyə başladılar. “Tammiqyaslı işğaldan əvvəl biz səsimizin eşidilməsini istədiyimizdən danışırdıq”, — Yelizaveta Adamska qeyd edir.
Maarifləndirmə tədbirlərinin əsas diqqət mərkəzində getdikcə böhranlara qarşı davamlılıq, media savadlılığı, dezinformasiya ilə mübarizə və icmaların gücləndirilməsi kimi məsələlər dayandı. İştirakçılar yeni təşəbbüslər təşkil edərək və ortaya çıxan çətinliklərə cəld reaksiya verərək qısa müddətə uyğunlaşdılar.
“İnsanlar şəraitə daha tez uyğunlaşdılar, dezinformasiya ilə mübarizəyə və çətinliklərə qarşı daxili dayanıqlılığın artırılmasına yönəlmiş çoxlu sayda tədbir təşkil etməyə başladılar”, — o, xatırlayır.
Eyni zamanda, şəbəkənin özü də böyük bir inkişaf yolu keçdi. “Əgər əvvəllər sadəcə gənclərin liderliyindən danışırdıqsa, müharibədən sonra bu, artıq daha yetkin və məsuliyyətli bir liderliyə çevrildi”, — o, bildirir. “Hamımız çox tez böyüdük. Bunu icra etdiyimiz layihələrdə görmək olar. Bunu ünsiyyət formamızda görmək olar. Bunu təsisatlarla və digər ölkələrdən olan həmkarlarımızla qurduğumuz əlaqələrdə aydın görmək olar”.
Lakin müharibənin gətirdiyi çətinliklərə baxmayaraq, Yelizaveta Adamska inanır ki, bu təşəbbüs sayəsində çıxardığı ən vacib dərs dəyişməz olaraq qalır. Onun üçün Avropa artıq mücərrəd bir siyasi anlayış deyil, insan amilinə əsaslanan, doğma və canlı bir dəyərdir.
Şəbəkə ilə birlikdə böyümək
Daniel Bizdiqa 2017-ci ildə Gənc Avropa səfirləri təşəbbüsünə qoşulanda şəbəkə hələ yeni formalaşırdı. O vaxt Moldovada bu icmanın cəmi iyirmiyə yaxın üzvü var idi.
Onun ilk işi sadə, lakin təsirli oldu: Avropa İttifaqı ölkələrinin səfirləri ilə birlikdə Moldovanın müxtəlif bölgələrindəki məktəblərə səfərlər etmək. Bu təcrübə Danieli layihənin fərqliliyinə dərhal inandırdı.
Düşünürəm ki, elə lap əvvəldən yaşanan bu təcrübə məndə layihədə davam etmək həvəsi oyatdı. Digər Aİ ölkələrindən olan həmyaşıdlarımla vaxt keçirmək, onlarla ünsiyyət qurmaq çox dəyərli idi. Eyni zamanda, Avropa İttifaqını və onun Moldovaya qazandırdıqlarını insanlara daha yaxşı çatdırmağa çalışaraq Moldovada müsbət bir dəyişikliyə imza atırdıq”, — o, vurğulayır.
Daniel Bizdiqa üçün bu şəbəkəyə qoşulmaq onun Avropaya inteqrasiya yolundakı addımlarının təbii bir davamı idi. Gənc Avropa səfiri olmazdan əvvəl o, artıq “Erasmus+” layihələrində iştirak etmiş, beynəlxalq mübadilə proqramlarının dünyagörüşünü necə genişləndirdiyini və qarşısında hansı yeni üfüqlər açdığını öz fərdi təcrübəsində görmüşdü.
“Bu təcrübələr məndə Aİ ilə Moldova arasında əməkdaşlıq ideyasına və daha yaxşı gələcək naminə birgə fəaliyyətə böyük maraq oyatdı”, — o, qeyd edir.
Ötən illər ərzində həm Moldova, həm də şəbəkə əhəmiyyətli dərəcədə inkişaf edərək böyük transformasiyaya uğradı.
“Şəbəkə, sözsüz ki, çox böyüyüb”, — o, bildirir. “O vaxt Moldovadan cəmi iyirmiyə yaxın gənc idik. O zamandan bəri bu təşəbbüsə qoşulan yüzlərlə həmyaşıdımız layihələrdə iştirak etmək və Moldova ilə Avropa İttifaqının yaxınlaşması prosesinə bu rəngarəngliyin içindən töhfə vermək imkanı qazanıb”.
Üç il Gənc Avropa səfiri kimi fəaliyyət göstərdikdən sonra o, şəbəkənin Moldovadakı milli koordinatoru seçilib. Regiondakı bir çox iştirakçı kimi, Daniel Bizdiqa da inanır ki, şəbəkənin ən böyük gücü fərqli ölkələrdən və fərqli mühitlərdən olan gəncləri bir araya gətirmək bacarığıdır.
“Şəxsən mənə hadisələrə fərqli prizmalardan baxmaq çox kömək etdi. Biz dünyaya adətən öz cəmiyyətimizin pəncərəsindən baxmağa öyrəşmişik. Bu isə bəzən fərqli ölkələrin insanları arasında anlaşılmazlıqlara səbəb olur”, — o, vurğulayır.
Daniel Bizdiqanın sözlərinə görə, Aİ ölkələrindən gələn bir çox Gənc Avropa səfiri Moldovaya gələrkən bura haqqında çox az məlumata sahib idi, lakin geri dönərkən tamamilə fərqli və xoş bir təəssüratla ayrıldılar.
“Moldova kimi ölkələrdə daha yaxşı gələcək istəyən çoxlu gənc var. Onlar dinc Avropada yaşamaq istəyirlər. Ölkələrinin inkişaf etməsini və çiçəklənməsini görmək istəyirlər”, — o, qeyd edir.
Onun fikrincə, Gənc Avropa səfirləri təşəbbüsü kimi layihələr bu istək və arzuları real fəaliyyətə çevirməyə kömək edir.
Kiçik addımlar, real təsir
Ana Dzirkvadze şəbəkəyə nisbətən gec, 24 yaşında bir dostundan eşitdikdən sonra qoşulub. Həmin vaxt o, artıq Avropaşünaslıq üzrə təhsil alırdı və mövzuya böyük marağı vardı. Lakin layihədə iştirak üçün müəyyən olunmuş yaş həddinə görə fəal fəaliyyət göstərməsinə cəmi iki ili qalırdı.

“Fəal üzv olmaq üçün çox az vaxtım — təxminən iki ilim var idi”, — o, söyləyir. “Buna baxmayaraq, şəbəkədən kənarda digər işlərim və layihələrim olsa da, düşünürəm ki, bu müddəti maksimum aktiv keçirə bildim. Şəbəkəyə bu və ya digər şəkildə töhfə verə bildiyim üçün çox şadam”.
O, tez bir zamanda özü üçün çox doğma və həssas olan bir məsələyə — informasiya qıtlığı probleminə diqqət yetirdi. Digər Gənc Avropa səfiri Nika Çuqoşvili ilə birlikdə Gürcüstanın kəndlərini və məktəblərini gəzərək maarifləndirmə kampaniyaları təşkil etdi, gənclərə mövcud imkanlar və bu təşəbbüs haqqında ətraflı məlumat verdi.
“Biz müxtəlif bölgələrə səfər edir, kənd məktəblərinə baş çəkirdik. “Erasmus+” proqramının təqdim etdiyi təlim imkanları barədə təqdimatlar keçirir, Gənc Avropa səfirləri şəbəkəsini tanıdır və şagirdlərin bura necə üzv ola biləcəyini izah edirdik”, — o, xatırlayır.
Tbilisidə böyüməsinə baxmayaraq, Ana Dzirkvadze fəal və motivasiyalı bir tələbə üçün belə beynəlxalq mübadilələr haqqında məlumat tapmağın nə qədər çətin olduğunu yaxşı bilir.
“Kənd yerlərində böyüyən həmyaşıdlarımla müqayisədə daha əlverişli şəraitdə olmağıma baxmayaraq, bəzi proqramların mövcudluğunu kəşf etmək mənim üçün çox vaxt apardı və böyük səy tələb etdi”, — o, deyir.
Məktəblərə ziyarətlərin birindən sonra Kaxetidən olan bir müəllim Gənc Avropa səfirləri ilə əlaqə saxlayaraq qadınlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş beynəlxalq “Dünyanı narıncı rəngə boya” (Orange the World) kampaniyası çərçivəsində maraqlı bir ideya irəli sürdü. Digər üç Gənc Avropa səfiri ilə birlikdə onlar dörd fərqli kənddən olan şagirdlərin iştirakı ilə gender bərabərliyinə dair tam günlük seminar təşkil etdilər. Bu kəndlərin arasında erkən və məcburi nikah kimi ənənəvi stereotiplərin gənc qadınlar və qızlar üçün hələ də ciddi bir problem olaraq qaldığı etnik azərbaycanlıların yaşadığı kənd də var idi. Onu ən çox təəccübləndirən isə müzakirələrdə iştirak edən oğlanların aktivliyi oldu.
“Onlar öz icmalarındakı qızların üzləşdiyi çətinlikləri çox yaxşı bilirdilər, stereotiplər və bərabərsizliklər haqqında açıq danışaraq onlara dəstək olmağa çalışırdılar. Bu cür söhbətlər aparmaq həqiqətən ruhlandırıcı idi”, — o, qeyd edir.
Şəbəkə onu Gürcüstandan kənarda olan həmyaşıdları ilə də yaxınlaşdırdı. Polşanın Katovitse şəhərində keçirilən 3-cü Avropa Gənc Liderlər Forumu və Avropa İqtisadi Konqresi onu regionun dörd bir yanından olan səfirlərlə tanış etdi və bu dostluqlar illər sonra da davam edir.
“İndi Portuqaliyada yaşamağıma baxmayaraq, şəbəkə vasitəsilə tanış olduğum insanlarla hələ də əlaqə saxlayıram. Avropanın harasına getsən, bu şəbəkədən kiminsə olduğunu bilmək bilmək çox xoş bir hissdir”, — deyə o, etiraf edir.
Hətta bu gün də o, yaşadığı hər yerdə ətrafına fayda verməyi özünə borc bildiyini deyir: “Bəzən kiçik təşəbbüslər belə real və böyük bir təsir yarada bilər”.
Avropa təşəbbüslərini paytaxtdan kənara çıxarmaq
Gənclər proqramlarına çıxışın vacibliyi barədə oxşar fikirləri Ermənistandan olan Lilit Sofyan da bölüşür. Şəbəkəyə 2018-ci ildə qoşulan Lilit Sofyan o günləri belə xatırlayır. “İlk növbədə onu qeyd etmək istərdim ki, Gənc Avropa səfirləri şəbəkəsi mənim qoşulduğum ilk gənclər təşəbbüsü idi. Bundan əvvəl mən könüllülük fəaliyyətinin nə olduğunu belə bilmirdim. Mən gənclər üçün mövcud olan bir çox imkanlardan da tamamilə xəbərsiz idim”.
Bunun ardınca onun həyatında güclü bir fərdi inkişaf dövrü başlayıb. “Bu şəbəkə mənim şəxsiyyət kimi formalaşmağıma birbaşa təsir göstərdi. Özümə inam qazandım, liderlik və təşkilatçılıq bacarıqlarımı inkişaf etdirdim. Həmçinin özümü təkmilləşdirmək və icmamda müsbət dəyişikliklər yaratmaq üçün fərqli yollar kəşf etdim”, — deyən Lilit Sofyan, bu təcrübəni necə real fəaliyyətə çevirdiyini izah edir.
Ermənistanın Lori bölgəsindən olan Lilit fəaliyyətinin böyük hissəsini İrəvandan kənarda yaşayan gənclərə kömək etməyə yönəldib. O, kəndlərdə və kiçik icmalarda görüşlər təşkil edərək, Avropanın təhsil proqramları, gənclərin fəallığı və vətəndaş iştirakçılığı barədə məlumatları bu cür mübadilələrin çox vaxt kölgədə qaldığı ucqar yerlərə çatdırıb.
“Mən daxilən inanıram ki, bölgələrdə yaşayan insanların bu cür şəbəkələrin, eləcə də vətəndaş cəmiyyəti təşkilatlarının dəstəyinə paytaxtda və ya böyük şəhərlərdə yaşayanlardan qat-qat çox ehtiyacı var. Məhz buna görə də mən bu boşluğu doldurmağa və sözügedən imkanları öz bölgəmə, yerli icmalara və kiçik kəndlərə gətirməyə çalışdım”, — o, bildirir.
Məktəblərdəki maarifləndirmə işlərindən əlavə, o, media savadlılığı mövzusunda qeyri-formal təhsil fəaliyyətləri də təşkil edərək gənclərdə tənqidi təfəkkür və faktların yoxlanılması bacarıqlarının inkişafına kömək edib. Digər təşəbbüslər arasında yerli icmalarda təmizlik aksiyaları və iştirakçıları Avropa dəyərlərinə yaradıcı prizmadan baxmağa sövq edən fotoqrafiya seminarları var idi.
Hazırda Lilit şəbəkə daxilində mentor kimi fəaliyyət göstərir, yeni seçilmiş səfirlərə ilk aylarda yol göstərir və onların öz təşəbbüslərini inkişaf etdirmələrinə kömək edir. Bununla belə, onun ən güclü xatirələri hələ də birlikdə çalışdığı yerli icmalarla bağlıdır.
Son onillik ərzində o, erməni gəncləri arasında Avropa İttifaqına qarşı münasibətdə daha geniş bir dəyişikliyin də şahidi olub.
“Bəlkə də on il əvvəl bir çox insan Avropa İttifaqı haqqında çox şey bilmirdi. Aİ barəsində çoxlu stereotiplər də var idi”, — o, qeyd edir. “Bu, postsovet ölkələrində çox geniş yayılmış bir təsəvvürdür — Avropa İttifaqının bizim milli kimliyimizi, mədəniyyətimizi və bu kimi dəyərlərimizi yox etmək üçün gəldiyi ideyası”.
Lilitin fikrincə, şəbəkənin gətirdiyi fayda fərdi layihələrin çərçivəsindən qat-qat kənara çıxır.
“Bu platforma bizə Avropa İttifaqının digər ölkələrlə bölüşmək istədiyi dəyərləri anlamağa və stereotiplərdən qurtulmağa kömək edir. Eyni zamanda demokratiya, qanunun aliliyi və insan hüquqları kimi anlayışların əsl mənasını dərk etməyə, hamımızın bölüşdüyü ortaq dəyərlərin real mahiyyətini qəbul etməyə imkan yaradır”, — o, vurğulayır.
Dialoq platforması
Azərbaycandan olan Nübar Rəhimova şəbəkəyə 2023-cü ilin sonlarında, artıq proqramın fəal üzvü olan bir həmkarının tövsiyəsi ilə qoşulub.
“Beynəlxalq münasibətlər və diplomatiya sahəsində təhsil alarkən bir rəfiqəm mənə Gənc Avropa səfirləri şəbəkəsi haqqında danışdı. O, öz təcrübəsini bölüşdü və bu şəbəkənin gənclərə açdığı qapılardan bəhs etdi”, — deyə Nübar xatırlayır.
Bu təşəbbüs onun o qədər marağına səbəb olur ki, elə həmin vaxt proqrama müraciət etmək qərarına gəlir. Şəbəkəyə qoşulduqdan qısa müddət sonra o, Diplomatiya Klubu və Avropa Məktəbinin (EuroSchool) fəaliyyətinə cəlb olunur.
Nübar üçün bu təşəbbüsün əsas dəyəri təkcə Avropa İttifaqı haqqında öyrənməkdə deyil, həm də fərqli insanlardan nəsə öyrənməkdir.
“Bu şəbəkədə tanış olduğum hər bir Gənc Avropa səfirinin öz hekayəsi, öz mühiti və fərqli bacarıqları var. Bu platforma sayəsində çoxlu insanla tanış oldum və onlardan çox şey öyrəndim”, — deyə Nübar bölüşür.
Bu təcrübə onu peşəkar cəhətdən tamamilə dəyişib, lakin bəlkə də daha əsası, bir şəxsiyyət kimi formalaşdırıb: “Bu, mənə peşəkar şəkildə böyüməyə kömək etdi, əlbəttə, amma daha da əhəmiyyətlisi, fərdi inkişafıma güclü təkan verdi. Mənə fərqli dünyagörüşünə, təcrübəyə və bacarıqlara malik insanlarla sağlam ünsiyyət qurmağı öyrətdi”.
O, regiondakı bir çox iştirakçının xüsusi vurğuladığı bir məqama — insanın öyrəşdiyi mühitdən kənar fərqli baxış bucaqları ilə tanış olmasının əhəmiyyətinə diqqət çəkir.
“Gənclər bir-birindən çox şey öyrənə bilərlər. Bu, insanın hərtərəfli inkişafına kömək edir, çünki siz daim başqalarından nəsə mənimsəyirsiniz”, — deyən Nübar şəbəkənin həm də ciddi bir informasiya boşluğunu doldurduğunu əlavə edir.
Şəbəkə daxilində iştirakçılar yeni ideyalar kəşf etmək imkanı qazanırlar: “Mən bu beynəlxalq imkanlardan yararlanmaq, qazandığım bilik və bacarıqları ölkəmə gətirərək digər Gənc Avropa səfirləri ilə bölüşmək istəyirəm ki, onlar da öyrənə və inkişaf edə bilsinlər”, — o, bildirir.
Avropanı insanlar vasitəsilə kəşf etmək
Patrisiya Rapozo üçün Gənc Avropa səfirləri şəbəkəsi ilə tanışlıq sadə bir maraqdan başlayıb. Portuqaliyada böyüdüyü üçün o, coğrafi və mədəni cəhətdən Şərq Tərəfdaşlığı ölkələrindən xeyli uzaq idi.
O, 2021-ci ildə Gənc Avropa səfirləri şəbəkəsinə qoşulub. Bunun ardınca dördillik müzakirələr, fikir mübadilələri, layihələr və qurulan dostluqlar onun Avropa haqqındakı təsəvvürünü tamamilə dəyişdirib.
Şəbəkə daxilində Patrisiya “Azərbaycanla Dialoq Təşəbbüsünün” koordinatoru olub, mədəniyyət, cəmiyyət və Avropa İttifaqı ilə onun şərq qonşuları arasındakı münasibətlərə dair müzakirələrin təşkilinə kömək edib. Daha sonra o, Aİ tərəfini təmsil edən idarə heyətinin üzvü seçilib.
Lakin bir təcrübə onun yaddaqalan xatirələrində xüsusilə silinməz iz qoyub. “Moldovada daha çox Aİ” təşəbbüsü çərçivəsində o, Moldovaya səfər edib və digər gənc səfirlərlə birlikdə Kişinyov və Kahul şəhərlərindəki məktəblərdə olub.
“Biz şagirdlərlə Avropa İttifaqı haqqında və məsələn, Aİ-yə daxil olacağı təqdirdə bunun Moldova üçün hansı faydaları olacağı barədə danışdıq”, — o, bildirir.
Bu söhbətlər onda dərin təəssürat yaradıb: “Rəylər çox müsbət idi və gənclər kifayət qədər maraq göstərirdilər. Görüşlərdən sonra şagirdlər bizə yaxınlaşır, Avropada təhsil imkanları barədə suallar verirdilər”.
Patrisiyanı ən çox təəccübləndirən təkcə qarşılaşdığı coşğu deyil, həm də Avropa əməkdaşlığının real təsirini öz gözləri ilə görmək imkanı olub.
“Mən Portuqaliyada, ölkəmizin Avropa İttifaqına daxil olmasından sonra doğulmuşam. Həyatımın böyük hissəsində valyuta olaraq avro görmüşəm. Hələ Aİ üzvü olmayan, lakin bu addımı səbirsizliklə gözləyən bir ölkənin reallığına şahidlik etmək həqiqətən füsunkar idi”.
Kahuldakı biznes inkubatoruna edilən ziyarət bu təsiri daha da gözəçarpan edib. Avropa İttifaqının dəstəyi ilə qurulan bu mərkəz yerli sahibkarlara öz bizneslərini inkişaf etdirməkdə kömək edirdi.
“Bu, mənə Avropanın insanların həyatını real olaraq necə dəyişdiyini görməyə imkan verdi”, — deyə Patrisiya xatırlayır. “O maliyyə dəstəyi olmasaydı, onların bir çoxunun bu imkanları olmayacaqdı”.
O, inanır ki, bu kəşf proses elə Gənc Avropa səfirləri təşəbbüsünün əsasını təşkil edir. “Biz tez-tez bu ölkələrdən olan həmkarlarımızla görüşmək və oradakı həyatın əslində necə olduğunu birbaşa onların öz dilindən eşitmək imkanı əldə edirik. Bu da bizə daha sürətli və səmimi əlaqələr qurmağa imkan verir”, — o, deyir.
Patrisiyanın fikrincə, şəbəkə ənənəvi siyasi debatların çox vaxt kənarda qoyduğu bir boşluğu doldurur: “Şərq Tərəfdaşlığı və ya genişlənmə ilə bağlı müzakirələr çox vaxt siyasətçilərin, bürokratların səviyyəsində və ya sadəcə xəbərlərdə qalır. İnsanlar Gürcüstandakı etirazlar və ya Ukraynadakı müharibə haqqında eşidə bilərlər, lakin gənclər bu mövzuları bir-birinə daha anlaşıqlı bir dildə izah etdikdə, bu, daha güclü bir bağ yaradır”.
Bu canlı ünsiyyət sayəsində bir vaxtlar coğrafi cəhətdən uzaq görünən hadisələr hər kəs üçün daha yaxın və anlaşıqlı oldu.
Şəbəkədə keçirdiyi illərə nəzər salan Patrisiya iki paralel uğur görür. Birincisi, səfirlərin müxtəlif tədbirlər, maarifləndirmə fəaliyyətləri və ictimai müzakirələr vasitəsilə öz icmalarında yaratdıqları müsbət dəyişiklikdir. İkincisi isə iştirakçıların özlərində baş verən daxili transformasiyadır.
“Fəaliyyətləri özümüz təşkil etdiyimiz üçün yeni bacarıqlar inkişaf etdirmək, empati qurmaq və layihə idarəçiliyini öyrənmək imkanımız olur”.
Bir çox iştirakçı hələ təhsil alarkən və ya peşəkar karyerasının başlanğıcında şəbəkəyə qoşulur. Bəziləri üçün bu, ictimai tədbir təşkil etmək, layihəni idarə etmək və ya auditoriya qarşısında çıxış etmək baxımından ilk təcrübədir. İllər keçdikcə bir çoxu dərk edir ki, qazandıqları ən dəyərli şey CV-lərindəki bir sətir deyil, böyük və mehriban bir icmadır. “Mənim ən çox dəyər verdiyim şey məhz bu insani əlaqələrdir”, — Patrisiya Rapozo bildirir.
Təşəbbüsün icra olunmağa başlamasından on il keçsə də, bəlkə də onun ən qalıcı nailiyyəti budur: təkcə həyata keçirilən layihələr və ya yaradılan imkanlar deyil, hər şey başa çatdıqdan uzun müddət sonra da davam edən səmimi insani münasibətlər.
Müəllif: Olqa Konseviç
Orijinal məqalə TSN.ua tərəfindən ukrayna dilində dərc edilib





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,