Həbs olunanlar, hücuma məruz qalanlar və susdurulanlar: Kiyevdən Tbilisiyədək jurnalistlərin həqiqət uğrunda mübarizəsi
© Olga Konsevych
Noyabr 20, 2025

Həbs olunanlar, hücuma məruz qalanlar və susdurulanlar: Kiyevdən Tbilisiyədək jurnalistlərin həqiqət uğrunda mübarizəsi


“Avropada səhnədə olmaq, tanıdığın və artıq aramızda olmayan tanınmış həmkarının əvəzinə mükafat qəbul etmək qəribə hissdir”. Bu sözləri Ukraynalı jurnalist Anna Babinets Beynəlxalq Mətbuat İnstitutunun (IPI) 75-ci ildönümünə həsr olunmuş Beynəlxalq konqres çərçivəsində Vyanadakı Universitetdə çıxışı zamanı həmin institutun Mətbuat Azadlığı Qəhrəmanı mükafatını alarkən deyib.

Onun bəhs etdiyi həmkarı 26 yaşlı frilanser reportyor Viktoriya Roşinadır. O, Rusiya tərəfindən işğal olunmuş ərazilərə təkbaşına gedərək işğalı sənədləşdirib. Viktoriyanın cəsədi Rusiyadakı həbsxanada rəsmi ölüm tarixindən təxminən bir il sonra Ukraynaya geri qaytarılıb və Kiyevdə dəfn edilib.

“Avropa ölkəsindən olan peşəkar bir jurnalistin 21-ci əsrdə işgəncə və aclığa məruz qalaraq həbsxanada ölməsini təsəvvür edirsinizmi?”, — Anna Babinets auditoriyaya bu sualı ünvanlayıb.

“Hazırda Ukraynadakı hər bir xəbər redaksiyası həm də bir arxivdir”

Ukrayna jurnalistika üzrə dünyanın ən sərt laboratoriyasına çevrilib. Rusiya raket zərbələri endirəndə redaktor heyəti hava həyəcanı siqnallarına baxmayaraq, xəbər yayımını dayandırmır, elektrik enerjisi kəsiləndə isə reportyorlar generatorlarla işıqlandırılan sığınacaqlardan fəaliyyətlərini davam etdirirlər.

Anna Babinets Kiyevdə yerləşən Slidstvo.Info adlı araşdırmaçı agentliyin həmtəsisçisi və baş redaktorudur. İşğal başladıqdan bir neçə gün sonra redaksiya ilk açıq mənbəli araşdırmasını yayımlayıb. Araşdırma nəticəsində onlar dəbilqəsindəki nömrə vasitəsilə həlak olan rus pilotunun şəxsiyyətini müəyyən ediblər. “Biz bir gecədə hərbi jurnalistlərə çevrildik,”, — o, qeyd edib.

Müharibə Ukrayna jurnalistikasının gender bölgüsünü də dəyişib. “Əvvəllər mənə “Sən qadınsan, evdə qalmalısan” deyirdilər. İndi bizim xəbər redaksiyamızın 80 faizini qadınlar təşkil edir. Kişilər cəbhədədirlər, biz isə həqiqəti qoruyuruq”.

Kiyevdə yerləşən “Ukrainska Pravda” xəbər agentliyinin icraçı direktoru Andriy Babarıkin hələ də ofisinə yaxın düşən hər bir raket zərbəsini qeydə almağa davam edir. “Bir neçə ay əvvəl pəncərələrimiz raket zərbəsi nəticəsində yenə sındırıldı. Biz onları təmir etdik və işləməyə davam etdik. Çünki biz dayansaq, başqası səssizliyi yalanlarla dolduracaq. Hazırda Ukraynadakı hər bir xəbər redaksiyası həm də bir arxivdir. Biz müharibəni sənədləşdirir və onu yaşayırıq”, — o, qeyd edib.

Yorğunluq fonunda belə etik prinsiplər unudulmur. Anna Babinets etiraf edir ki, “müharibə dövründə korrupsiyanı ifşa etmək, sanki öz dərimizi kəsmək kimi ağır bir hissdir”. “Lakin biz bunu etməliyik. Əks halda, biz nəyin uğrunda vuruşuruq?!”

Gürcüstan: gördüyün iş təhlükəli olduqda

Gürcüstanın paytaxtı Tbilisidə dinc etirazları işıqlandıran müxbirlər getdikcə polisin aqressiyası və əsassız həbslərlə üzləşirlər. Yerli hüquq müdafiəçilərinin məlumatına görə, ötən il nümayişləri işıqlandıran 50-dən çox jurnalist hücuma məruz qalıb. Müxbirlərin bəzilərinə qarşı sadəcə hadisələri lentə aldıqları üçün “ictimai asayişi pozma” maddəsi ilə ittiham irəli sürülüb.

Müstəqil xəbər redaksiyaları gündən-günə daha çox maliyyə və siyasi təzyiqlərlə üzləşirlər. Tənqidi yönümlü KİV-lər dondurulmuş bank hesablarının, ləğv edilmiş reklam müqavilələrinin və gündəlik fəaliyyətlərinə mane olan qəfil vergi yoxlamalarının tətbiq edildiyini bildirirlər.

Tanınmış gürcü jurnalisti və “Coda Story”-nin təsisçisi Natalia Antelava repressiyanın yalnız media ilə məhdudlaşmadığını, başqa sahələrə də yayıldığını deyir. “Buna məruz qalan təkcə jurnalistlər deyil. Bu, hər kəsə — muzey direktorlarına, musiqiçilərə, hətta simfonik orkestr dirijorlarına da tətbiq olunur. Lakin jurnalistlər ön sıradadırlar”.

Onların arasında Gürcüstanın aparıcı müstəqil jurnalistlərindən biri, “Batumelebi” və “Netgazeti” media orqanlarının təsisçisi Mzia Amaqlobeli də var. O, hazırda həbsdədir. Onun adından Mətbuat Azadlığı Qəhrəmanı mükafatını qəbul edən həmkarı, “Batumelebi”nin direktor müavini Tamar Ruxadze artan repressiyanı belə təsvir edib:

“Son bir neçə gündə ölkəmdə 80-dən çox adam həbs edilib. Həbs olunan jurnalistlərin sayı isə artmaqda davam edir. Bu mühüm mükafat Gürcüstana çatana qədər bu rəqəmlərin necə dəyişəcəyindən narahatam”.

Amaqlobelinin cəsarətli müqaviməti – 38 günlük aclıq aksiyası və məhkəmə prosesi zamanı müttəhim kürsüsünə oturmaqdan imtina etməsi onu bütün Gürcüstan media ictimaiyyəti üçün dürüstlüyün simvoluna çevirib.

Ermənistan: müharibədən danışan qadınlar

2025-ci il Ümumdünya Mətbuat Azadlığı İndeksində irəliləyiş qeydə alınmasına baxmayaraq, Ermənistanın media mühiti hələ də həssas və kövrək olaraq qalır. Jurnalistlər siyasi təzyiqlərə və ictimai hücumlara məruz qalmaqdadırlar. Yerli kütləvi informasiya vasitələrində təhlükəsizlik məsələlərinin və Dağlıq Qarabağ uğrunda müharibənin işıqlandırılması yerli media üçün əlavə gərginlik yaradıb, etik və emosional dilemmaları üzə çıxarıb.

Müstəqil, onlayn və həftəlik EVN Report jurnalının baş redaktoru Roubina Marqosyan Ermənistanda jurnalistikanın qadınların dözümlülüyünün və yenidən kəşfinin simvolunun olduğunu deyir. “Qadınlar tarixi qoruyucular və onu gələcək nəsillərə ötürənlər kimi qəbul edildiyi üçün onlara əvvəlcə ön sırada yer verilməlidir. Bunun baş verməsi üçün biz çox fəal olmalıyıq. Mənim işıqlandırdığım müharibə vəziyyətində, müharibə haqqında bilmədiklərimiz  və ya kifayət qədər danışmadıqlarımız müharibənin dəyişməsidir. Hər bir müharibə həftədən-həftəyə dəyişir”.

2017-ci ildə təsis edilmiş EVN Report Ermənistan ilə dünya arasındakı boşluğu aradan qaldırmaq üçün yaradılıb. “Çünki Ermənistan mediası ermənilər haqqında, ermənilər üçün, ermənilər arasında çalışırdı”. Tamamilə qadınlar tərəfindən idarə olunan nəşr, ölkənin böhranları dərinləşdikcə, inqilab və müharibə dövrlərində böyüyərək ikidilli multimediaya çevrilib. Roubina Marqosyan deyir: “Biz çoxşaxəli şəkildə çox sürətlə inkişaf etdik. Mən bunu qadın olmağımızla əlaqələndirirəm – çeviklik və digər media təşkilatlarının cəsarət etmədiyi format, düşüncə və təmsilçilik azadlıqlarını qəbul etmək”.

Moldova: dezinformasiya və Rusiyanın taktikaları

Moldovada keçirilən son parlament seçkiləri dezinformasiyanın siyasi silaha çevrildiyini ortaya qoydu. Əlaqələndirilmiş hücumlara baxmayaraq, sonda demokratiya yönümlü qüvvələr qalib gəldi. Rusiya ilə əlaqəli rəqəmsal şəbəkələr Avropa yönümlü əhval-ruhiyyəni sarsıtmaq və demokratik institutların fəaliyyətinə xələl gətirmək məqsədi daşıyan manipulyativ məzmun dalğaları ilə seçiciləri hədəf olaraq seçdi. Araşdırmaçı jurnalistlər muzdlu trolların, saxta “media təlimlərinin” və əlaqələndirilmiş qarayaxma kampaniyalarının mətbuata olan etimadı sarsıtmaq üçün birlikdə necə işlədiyini təsvir edirlər.

Moldovada araşdırma jurnalistikası sahəsində tanınmış Ziarul de Gardă (ZdG) nəşrinin baş redaktoru, mükafata layiq görülmüş araşdırmaçı jurnalist Alina Radu deyir: “Həmin rəqəmsal ordular Moldovadakı seçkilər üçün yaradılmışdı. Facebook, TikTok kimi rəqəmsal platformalarda hər kəsə pulsuz təlimə qoşulmaq üçün dəvətlər gəlirdi. Əvvəlcə həyatımızla bağlı xəbərlər paylaşmaqdan danışılırdı… Sonra qiymətlər, siyasət, qaz və nəhayət “biz bu prezidenti bəyənmirik’” mövzularına keçdilər. Bu, narazılığı və anti-Qərb yönümlü narrativləri yaymaq üçün hazırlanmış mürəkkəb təbliğat əməliyyatlarıdır. Putinin məqsədi demokratiyanı məhv etməkdir. O, harada seçki varsa və həyat Rusiyadakından daha yaxşıdırsa, ora gələcək. Sadəcə hazır olun”.

Korrupsiyanı və ya Rusiya təbliğatını ifşa edən müstəqil jurnalistlər materiallar dərc edildikdən dərhal sonra rəqəmsal təqiblərə məruz qalırlar. “Biz kimin məsuliyyət daşıdığını və kimin bunun üçün pul ödədiyini bilirik. Növbəti addım sadəcə məsuliyyət daşıyanları məhkəmə qarşısına çıxarmaqdır”, — Alina Radu qeyd edib.

Azərbaycan: azad mediaya qarşı rəqəmsal təzyiq

Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə ilk ölkələr arasında yer alır. “Sərhədsiz Reportyorlar” (RSF) kimi beynəlxalq təşkilatlar 2025-ci ilin ortalarında ölkədə ən azı 25 jurnalistin həbs edildiyini bildirirlər. Avropa Parlamenti, Avropa İttifaqı və “Amnesty International” kimi beynəlxalq təşkilatlar bu hərəkətləri pisləyib və həbsdə olan bütün jurnalistlərin azad edilməsinə çağırıblar.

Jurnalistlərin kütləvi həbsləri 2023-cü ilin sonlarında “Abzas Media” heyətinin həbsi ilə başlayıb. Mühacirətdə fəaliyyət göstərən, fakt yoxlama və araşdırmalar sahəsində ixtisaslaşan Azərbaycanın kütləvi informasiya vasitəsi olan “Qəzetçi”nin baş redaktoru Leyla Mustafayeva “o vaxtdan etibarən repressiyaların dayanmadığını” bildirir. “Ölkə daxilində bizimlə əməkdaşlıq etməyə cəsarət edəcək müstəqil jurnalist yoxdur”.

Leyla Mustafayevanın komandası mürəkkəb fişinq hücumlarından sonra ciddi rəqəmsal təhlükəsizlik protokolları tətbiq edib. O, qeyd edir ki, bu hücumlar tanınmış QHT-lərin adından “İT dəstəyi” təklif edən e-məktublar və “WhatsApp” mesajları vasitəsilə həyata keçirilmişdir. “Onlar beynəlxalq təşkilatlardan olan insanların əsl adlarından və vəzifələrindən istifadə edirdilər. Hər şey real görünürdü, lakin saxta idi. Belə elektron məktub alan jurnalistlərdən biri indi həbsdədir”.

Həbslərdən əlavə, Azərbaycan hökuməti həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərən tənqidçiləri hədəfə alan rəqəmsal izləmə ekosistemi qurub. Leyla Mustafayeva təxminən 20 000 Azərbaycan vətəndaşını – jurnalistləri, fəalları və siyasətçiləri izləyən, onların onlayn şərhlərini və sosial media fəaliyyətini avtomatik qeydə alan hökumət məlumat bazasının olduğunu bildirir. “Hökumət kimisə hədəfə almaq istəyirsə, həmin faylı açıb istər tənqidi, istərsə də tənqidi olmayan hər bir paylaşımınızı görə bilir”.

Bu nəzarət sistemi 2019-cu ildə “Pegasus” layihəsi çərçivəsində aşkar edilib. Layihədə yüzlərlə jurnalist və insan hüquqları müdafiəçisinə məxsus 1000-dən çox Azərbaycan telefon nömrəsinin casus proqram təminatının siyahısında yer aldığı müəyyən edilib. “Hətta mühacirətdə olsaq da, biz bu təzyiqi hiss edirik. Həyat yoldaşımın Twitter hesabı Azərbaycanda bloklanıb və o, dəfələrlə təhdid alıb. Biz danışdıqca, təhlükə bir o qədər artır”, — Leyla Mustafayeva əlavə edir.

Belarus: heç nəyə baxmayaraq, azad şəkildə necə reportaj hazırlamaq olar

Bir vaxtlar Belarusun ən nüfuzlu kütləvi informasiya vasitələrindən biri olan TUT.BY iyirmi ildən çox fəaliyyətdən sonra 2021-ci ildə hökumət tərəfindən bağlanıb. Agentliyin onlarla jurnalisti və əməkdaşı əsassız “iqtisadi” ittihamlarla həbs olunub. Lakin agentliyin heyəti xaricdə Zerkalo.io (“Güzgü”) adı ilə yenidən fəaliyyətə başlayıb.

“Veb-saytımız fəaliyyətə başladığımız ilk gün bloklandı”, — “Zerkalo”-nun meneceri İlona Elyaşeviç bildirir. “Ukraynada tammiqyaslı işğal başlayandan bir gün sonra isə Rusiyada da bloklandı”.

Belarusda hakimiyyətdə olan rejim tərəfindən “ekstremist qurum” elan edilən “Zerkalo”nun paylaşımlarını bəyənən və ya paylaşan şəxsləri yeddi ilə qədər həbs cəzası gözləyir. Auditoriyasını qoruyub saxlamaq üçün bu xəbər redaksiyası indi YouTube, Instagram və TikTok kimi alqoritmlərin (abunənin deyil) məqalələri istifadəçilərə çatdırdığı platformalarda fəaliyyətini davam etdirir.

Mühacirətdə olmalarına baxmayaraq, jurnalistlər daima rəqəmsal hücumlarla üzləşirlər. Bunlar arasında hər ay baş verən kiberhücumlar, fişinq cəhdləri və jurnalistlərini ifşa etmək üçün əlaqələndirilmiş təbliğat var. Əksər reportyorlar hələ də Belarusda olan qohumlarını qorumaq üçün anonim şəkildə çalışırlar.

Elyaşeviç deyir: “Biz demək olar ki, hər ay hücumlara məruz qalırıq. Bu hücumların qarşısını almaq artıq bir vərdişə çevrilib”.

Maliyyə dayanıqlığını qorumaq isə hər gün üzləşdikləri növbəti çətinlikdir. Bu kütləvi informasiya vasitəsinin auditoriyası Avropaya səpələndiyi və reklam bazarı itirildiyi üçün hazırda kommersiya mənbələrindən qismən gəlir əldə edə bilir.

Həll yolları

Avstriyanın Xarici işlər naziri Beate Meynl-Rayzinger məsələyə bu formada yanaşaraq deyib: “Söz azadlığı bizim təbii qəbul edə biləcəyimiz bir şey deyil. Biz onu hər gün, hər ölkədə və hər səviyyədə qorumalı və gücləndirməliyik”.

UNESCO-da İfadə Azadlığı və Jurnalistlərin Təhlükəsizliyi Bölməsində Kommunikasiya və İnformasiya üzrə Məsləhətçi Andrea Kairola mətbuat azadlığını təkcə hüquq deyil, həm də tərəqqi infrastrukturu kimi təsvir edib.

“İnformasiyaya çıxış demokratik dəyər olmaqla yanaşı, davamlı inkişafın bir hissəsidir. Media sektoru həm nəzarətçidir, həm də təkan verəndir”.

UNESCO-nun Vyanada keçirilən panelində Andrea Kairola media azadlığı ilə BMT-nin 2030-cu il üzrə proqramı arasındakı əlaqəni xüsusi olaraq vurğulayıb. O, jurnalistikanın siyasətdə və iqtisadiyyatda hesabatlılığı təmin etdiyini, qanun pozuntularını ifşa etdiyini və cəmiyyətlərin şəffaf fəaliyyət göstərməsinə imkan verdiyini bildirib.

Bütün Şərq Tərəfdaşlığı ölkələrində redaktorlar və ekspertlər yaşamaq və yenilənmək üçün eyni prioritetləri qeyd edirlər.

İlk növbədə jurnalistləri həm fiziki, həm də rəqəmsal cəhətdən qorumaq lazımdır. Kiyevdəki gülləkeçirməz jiletlərdən Bakıdakı şifrələmə şəbəkələrinə qədər, təhlükəsizlik üzrə təlimlər və hüquqi yardım hər hücumdan sonra təkmilləşdirilməklə deyil, sistemli şəkildə həyata keçirilməlidir.

İkincisi, biznes modelləri yenidən işlənib hazırlanmalıdır. Müstəqil media yalnız qrantlardan asılı ola bilməz. Abunələr, üzvlük və tədbirlər kimi qarışıq gəlir mənbələri həm davamlılıq, həm də müstəqillik yaradır.

Üçüncüsü, transsərhəd əməkdaşlıq qurulmalıdır. Birgə araşdırmalar və çoxdilli nəşrlər əhatə dairəsini genişləndirir və kollektiv təhlükəsizliyi təmin edir.

Dördüncüsü, dezinformasiyaya qarşı mübarizə gücləndirilməlidir. Fakt yoxlama mərkəzləri, alqoritmik şəffaflıq və ictimai maarifləndirmə təşəbbüsləri manipulyasiyaya qarşı əsas vasitələr hesab olunur.

Hüquqi çərçivələrin gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Avropa Media Azadlığı Aktı kimi standartlara uyğunlaşmaq, media müstəqilliyini təkcə prinsiplərdə deyil, qanunvericilikdə də möhkəmləndirmək lazımdır.

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Cozef Stiqlits auditoriyaya xatırladıb ki, günümüzdə senzura polis reydləri və ya həbslərlə məhdudlaşmır. O, səssiz, bürokratik və iqtisadi cəhətdən işlənib hazırlanmış ola bilər – “bu, insanların səsini çıxarmaması, yazmaması üçün qorxu aşılamağın bir yoludur”.

Buna baxmayaraq, Kiyevdən Tbilisiyə qədər, İrəvandan Kişinyova qədər regionda çalışan jurnalistlər reportaj hazırlamaq, sənədləşdirmək, hadisələri işıqlandırmaq və danışmağa davam etmək əzmindədirlər.

Müəllif: Olqa Konseviç

Orijinal məqalə TSN.ua tərəfindən ukrayna dilində dərc edilib



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,