Hava hücumu ilə bağlı xəbərdarlıqlara necə alışdım – Gürcü jurnalistin Kiyevdən reportajı
İyun 17, 2023

Hava hücumu ilə bağlı xəbərdarlıqlara necə alışdım – Gürcü jurnalistin Kiyevdən reportajı


May ayının son bazar günü, 482-ci ildə Kiyev şəhərinin təməlinin qoyulmasına həsr olunmuş Kiyev Günü qeyd olunur. Artıq ikinci ildir bu bayram müharibə şəraitində daha sakit qeyd olunur. Bu il Kiyev günündə Rusiya Ukraynanın paytaxtına növbəti kütləvi raket hücumu həyata keçirib. Nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb. Gürcüstanın “Netgazeti” xəbər saytının jurnalisti Nino Çiçua Kiyev sakinlərinin hava hücümu ilə bağlı daimi xəbərdarlıqlar şəraitində həyatlarını necə davam etdirdiklərini oxuculara göstərməyə çalışıb.

Ukrayna Milli Opera Teatrı müharibə səbəbindən yaranan məcburi fasilədən sonra fəaliyyətini bərpa edib. Aktyor heyəti təxliyyə olunduğu yerlərdən qayıtdıqdan sonra teatrda əvvəlcə həftədə iki, sonra isə üç tamaşa nümayiş olunmağa başlayıb. Opera teatrında 1 300 yer var, lakin hücum zamanı insanların təhlükəsiz şəkildə təxliyyə olunmasını təmin etmək üçün hazırda yalnız 450 bilet satılır. Tamaşa zamanı hava hücumu ilə bağlı xəbərdarlıq olunsa, tamaşaçılar teatrın qarderobunda yerləşən sığınacağa dəvət olunurlar. Xəbərdarlıq səsi kəsildikdən sonra tamaşalar qaldığı yerdən davam edir. Lakin, bəzən tamaşanı davam etdirməyin mənası yoxdur – bir dəfə La Traviata operasının başa çatmasına cəmi üç dəqiqə qalmış hava hücumundan həyəcan siqnalı səslənib.

Teatrın nümayəndəsi Lyudmila Movlenko “həmin gün Violettanın sağ qaldığını” deyir.

İl yarım əvvəl Rusiya Ukrayna sərhədi yaxınlığında 100 minə yaxın əsgəri yerləşdirəndə və hər şey müharibənin qaçılmazlığına işarə edəndə, çox az adam rus ordusunun Kiyevi ələ keçirməyə cəsarət edəcəyinə inanırdı. Amma bu, baş verdi. Paytaxtı mühasirəyə almaq üçün uğursuz cəhddən sonra rus qoşunları Kiyev və Çerniqov vilayətlərindən geri çəkildi, lakin paytaxta hava hücumları bu günə qədər davam edir. Ukraynanın hava hücumundan müdafiə sistemləri Rusiya raketləri və İran istehsalı pilotsuz təyyarələrin öhdəsindən uğurla gəlir. Kiyev isə müntəzəm hava hücumu xəbərdarlıqlarına və komendant saatına baxmayaraq, normal həyatına qayıdıb.

“İlk vaxtlar, hər yer bağlanmışdı. Nə kinoteatr işləyirdi, nə də klublar… Kiyev vilayətinə kütləvi hücum təhlükəsi nisbətən aradan qaldırıldıqdan sonra şəhər dirçəlməyə başladı. Zavodlar, müəssisələr, təşkilatlar yenidən iş rejiminə keçdi, çünki prezidentimiz demişkən, iqtisadiyyatımızı çalışdırmalıyıq. Bu son dərəcə vacib əhəmiyyət kəsb edir. Ukraynanın şərqindəki çətin vəziyyətə baxmayaraq, biz burada cəbhədəki vəziyyəti yaxşılaşdırmaq üçün əlimizdən gələn hər şeyi etməliyik”, – Kiyevin 21 yaşlı sakini Sofiya belə deyir.

Kiyev sakinləri son bir ildə gündəlik həyatlarının necə dəyişdiyini dilə gətirirlər: çoxları hava hücumundan həyəcan siqnalına o qədər öyrəşib ki, artıq belə siqnal zamanı sığınacaq axtarmırlar. Onların alışa bilmədikləri hər gün günahsız insanların ölümüdür. Müharibə sadə insanlara güc verdi, onların həyata, vətənə sevgisi daha da gücləndi və onlar heç vaxt bağışlaya bilməyəcəkləri rus qohumları ilə bütün əlaqələri kəsdilər.

Aktrisa və incəsənət sahəsində menecer olan Kristina Kiselovayte:

“Kiyevdə həyat gözəldir. Dostlarımla parkda gəzə bilirəm, teatrda çıxış edə bilirəm… İndi həqiqətən də həyatın dəyərini bilirik və hər günümüzü son günümüz kimi yaşayırıq. Müharibə mənim həyat tərzimi dəyişdi: Mən heç bir şey planlaşdıra bilmirəm, çünki Rusiyanın şəhəri yenidən bombalayıb-bombalamayacağını bilmirəm. Çox vacib bir işim olduqda hava hücumu ilə bağlı xəbərdarlığa reaksiya vermirəm. Mən intuisiyama güvənirəm. Anam və dostlarımın çoxu gecələr yeraltı sığınacağa gedirlər. Amma hər gün, bəzən gündə üç dəfə sığınacağa getmək çox çətindir. Biz sadəcə yaşamaq istəyirik. Gecə yatmaq istəyirəm. Ola bilər belə deməməliyəm, amma bu həqiqətdir. Bilirəm ki, Avropa, başqa ölkələr bizim müharibədən, Ukrayna ilə bağlı xəbərlərdən, kömək etməkdən beziblər… Biz də yorulmuşuq. Ancaq bu, müharibənin başa çatması demək deyil. Və bu gün hamı təcavüzü dayandırmaq üçün nəsə etsə, bəlkə də bizim “перемога”, yəni bizim qələbəmiz – hamı bilir ki, bu, ukrayna dilində “qələbə” deməkdir – daha tez gələcək”.

Kiyev sakini Anatoli Tarçenko:

“Şəhərdə əvvəlki kimi bayram əhval-ruhiyyəsi yoxdur. Hər kəs özünə qapanır… söhbətlərdə, münasibətlərdə… Bu, müharibənin nəticəsidir. Ərzaq və dərmanların qiymətləri durmadan artır. Amma heç nədən korluq çəkmirik. Bütün qurumlar mütləq şəkildə işləyir. Amma müharibə çox can alır, uşaqlar, qadınlar, gənclər ölür… Şəhid olmuş əsgərlərimizin xatirəsinə ucaldılmış abidənin yanından keçən günü gecə yata bilmirəm. Kremldə oturan zombiləşmiş axmaq ucbatından nə qədər insan ölüb… Məncə, ruslarla münasibətləri bərpa etmək üçün üç-dörd nəsil keçməlidir. Bu axmağın Ukrayna xalqına vurduğu yara çox dərindir. Allaha şükür, Rusiyada qohumum yoxdur, amma tanışlarım var. Bu vəhşi müharibədə Putini dəstəklədiklərinə görə onlarla əlaqəni kəsdim. Beynəlxalq ictimaiyyətdən bizə nə lazımdır? Silah, silah və yenə də silah. Dərman preparatları və mümkünsə, müasir tibbi texnologiyaların mövcud olduğu başqa ölkələrdə əsgərlərimizə tibbi xidmət göstərilsin. Qalanını Ukrayna özü öz gücünə yoluna qoyacaq”.

21 yaşlı Sofiya:

“İlk növbədə, müharibə bizi dəyişdi. Hamımız bu il ərzində gözlənilmədən böyüdük. Biz müharibənin nə olduğunu anladıq. Biz onun hansı dağıntılara və əzablara səbəb ola biləcəyini gördük. Biz daha dözümlü və özümüzə inamlı olduq. Müharibə başlayanda mən ailəmlə Kiyevi tərk etdim, lakin ölkədə qaldıq. Sonra Kiyevə qayıtdım. İlk vaxtlar hava hücumları və raketlərin səslərindən inanılmaz dərəcədə qorxurduq. İndi də qorxuruq. Amma nədənsə biz buna [hava hücumundan həyəcan siqnalı] öyrəşdik. Bir il keçdi, insan hər şeyə öyrəşir… Bu barədə danışmaq çox çətindir, çünki hər kəsin xatirəsi fərqlidir. Hər kəs bu və ya digər şəkildə bu müharibədə iştirak edir. Mən ruslarla ünsiyyət qurmaq istəmirəm. Təəssüf ki, Rusiyada qohumlarım var və onlarla hər cür əlaqəni kəsmişik. Onlara verilən izahatları başa düşmürlər. Onlar öz dar dünyalarında yaşayırlar. Qoy yaşasınlar. Köhnə münasibətlərin bərpası mümkün deyil. Ruslarla ukraynalıların qardaş olması fikri ilə razı ola bilmərəm. Bu belə deyil. Bu xalqlar fərqli insanlardır, fərqli mədəniyyətlərə malikdirlər. Barışıq? Heç bir halda!

35 yaşlı Saşa:

Mən Donetskdənəm. Donbassda müharibə daha əvvəl [2014-cü ildə] başlayıb. Odessaya, sonra isə Kiyevə köçdüm. Xarkovda təhsil almışam. Ölkəmin bir çox şəhərlərində olmuşam və hər birini özünə görə sevirəm.Amma Kiyevin yeri başqadır. Mən onu müharibədən əvvəl sevirdim, amma münasibətim yanlış idi. Mən razı deyildim. Daha çoxunu istəyirdim. Baş verən hadisələrdən sonra necə gözəl ölkəmizin olduğunu anlayıram. Burada necə güclü, mehriban, rəğbət qazanmış insanlar yaşayır. Biz hamımız Ukraynanı, şəhərimizi, qohumlarımızı və soydaşlarımızı yeni reallıqda sevməyi öyrəndik. Həyat çətinləşdi, amma insanlar daha güclüdür. Psixikamıza gəlincə, raketlər düşməyəndə, insanlar ölməyəndə əhval-ruhiyyəmiz yaxşı olur. İnsanların öldüyü günlər daha ağır keçir. Təəssüf hissi keçirir və əzab çəkirsən… Heç nə əvvəlki kimi olmayacaq, bir çox insanın qohumları olmayacaq, evlər olmayacaq, qayıtmağa yer olmayacaq, halbuki orada hər şey əvvəlki kimi ola bilərdi”.

Ətrafına qum torbaları düzülmüş mədəniyyət abidələri ilə yanaşı, yandırılmış rus tankları Kiyevin bugünkü küçələrinin əsas atributlarıdır. Divar rəsmləri, qraffiti və bannerlər müharibəni dayandırmağa və əsgərlərin sağ-salamat qayıtmasına çağırır. Divar rəsmlərinin əksəriyyəti Mariupola həsr olunub.

Hamı rusların bir neçə günə Kiyevi ələ keçirəcəyini gözləyirdi, lakin təxminən 500 gün keçməsinə baxmayaraq, ukraynalılar müqavimət göstərməkdə davam edir. Genişmiqyaslı müharibənin başlanmasından cəmi bir neçə gün sonra ukraynalılar özünütəşkilin bariz nümunəsini göstərdilər.  Məsələn, 2022-ci il fevralın 24-dən etibarən “Salamat qayıt” Fondu Ukrayna müdafiə qüvvələri üçün 7 milyard qrivnadan (təxminən 175 milyon avro) çox vəsait toplayıb. Bu, ordu üçün pilotsuz təyyarələr və avadanlıqlar üçün əhalidən ianə toplayan yüzlərlə qeyri-hökumət təşkilatından sadəcə biridir.  

Xeyriyyə təşkilatları ordu üçün pilotsuz təyyarələr və avadanlıqlar toplayır. “Salamat qayıt” Fondunun sözçüsü Maksim Lemanski xatırlayır ki, Türkiyənin Bayraktar pilotsuz təyyarə istehsalçısı xeyriyyə təşkilatlarının dronları almaq üçün onlara müraciət etdiyində şoka düşmüşdü – onlar QHT-nin ordu üçün necə silah ala biləcəyini anlaya bilmirdilər. Satınalma ilə bağlı danışıqlar bir neçə ay davam etdi.

“Pritula” Fondu kraudfandinq vasitəsilə toplanan 15 milyon dollarla Bayraktarın istehsalçısına müraciət edəndə, türk şirkətinin nümayəndələri o qədər təəccüblənmişdi ki, üç pilotsuz aparatı onlara pulsuz bağışladılar. Qənaət edilən pulla xeyriyyə təşkilatı hərbçilər üçün ICEYE peyki aldı.

Lakin, hazırda müharibənin başladığı dövr ilə müqayisədə töhfələr nəzərəçarpacaq dərəcədə azalıb. Belə ki, 2022-ci ilin martında “Salamat qayıt” fondu bir milyard qrivna toplamışdı, indi isə ayda cəmi 300 000 qrivna toplayır. Buna görə də təşkilat adi vətəndaşlardan böyük müəssisələrə keçməyi planlaşdırır.

Ukrayna Prezidenti Vladimir Zelenskinin təşəbbüsü ilə yaradılan United24 xeyriyyə platforması bu günə kimi 353 milyon dollardan çox vəsait toplaya bilib.

“Dignitas” Fondunun nümayəndəsi Lyuba Şipoviç hesab edir ki, indi bərpa üçün beynəlxalq donorların pul ayırması səhv addımdır. Onun sözlərinə görə, bərpadən əvvəl Ukrayna müharibədə qalib gəlməlidir və döyüşü davam etdirmək üçün daha çox resurs səfərbər edilməlidir.

“Düşünürəm ki, Ukrayna hökumətinin bizim müharibədə qalib gəldiyimiz barədə bəyanatları yalnız əsgərlərimizin ruhunu yüksəltmək məqsədi daşıyır. Biz həqiqətlə üzləşməliyik – Rusiyanın daha çox səfərbərlik resursları var”, Lyuba qeyd edir. 

“Biz bu müharibədə məğlub ola bilmərik”, – deyə “Salamat qayıt” Fondunun sözçüsü Maksim Lemanski onunla razılaşır.

Suverenliyini, Avropadakı gələcəyini müdafiə etmək və Kremldən əbədi olaraq ayrılmaq seçimində Ukrayna cəmiyyəti Rusiyanın genişmiqyaslı işğalından sonra hətta 2014-cü ildən bəri Donbasda davam edən müharibə ilə müqayisədə indi daha yekdildir.  

“Rusiya bu müharibəyə başlayıb, lakin bizim seçimimiz mübarizə aparmaqla cavab vermək olub. Ya qalib gələcəyik, ya da təslim olacağıq. Mübarizə aparmasaq, ölkəni itirəcəyik. Bu isə təkcə bizim dövlətçiliyimizi nəzərdə tutmur. Bu, sevdiklərimiz üçün, insan həyatı uğrunda bir döyüşdür. Biz Rusiya ordusu ilə müharibə edirik, lakin Rusiya ordusu təkcə Ukrayna silahlı qüvvələri ilə deyil, bütün Ukrayna ilə müharibə aparır”, – Ukrayna Veteranlar Klubunun rəhbəri Artyom Denisov deyir. 

* Nino Çiçua Kiyevə “EU NEIGHBOURS east” proqramının beynəlxalq media sahəsində QHT olan n-ost ilə birgə Gürcü və Moldova jurnalistləri üçün təşkil etdiyi press-tur çərçivəsində səfər edib. Səfərin əsas məqsədi Ukrayna, Aİ və Şərq Tərəfdaşlığı (ŞT) ölkələrindən olan jurnalistlər arasında mübadilə və transsərhəd əməkdaşlığı təşviq etmək, eləcə də Ukraynadakı müharibə ilə bağlı məlumatları ŞT ölkələrindəki aparıcı media qurumlarının xəbər lentlərinə qaytarmaq olub. 

Müəllif: Nino Çiçua

Məqalə dərc edildi: Netgazeti.ge



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,