Xeyr, zaman Rusiyanın xeyrinə işləmir
© European Union, 2019
Aprel 12, 2024

Xeyr, zaman Rusiyanın xeyrinə işləmir


Rusiya hökuməti mütəmadi olaraq Rusiya iqtisadiyyatının faktiki olaraq Qərbin sanksiyalarından təsirlənməyəcəyini və Ukraynaya qarşı işğalçılıq müharibəsində zamanın Rusiyanın xeyrinə işlədiyini iddia edir. Lakin bu fikirlər həqiqəti əks etdirmir. Bizim sanksiyalarımız artıq Rusiya iqtisadiyyatını əhəmiyyətli dərəcədə zəiflədib və Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi davam etdirdiyi təqdirdə bu ölkənin gələcəyi hər gün daha da zülmətə qərq olur.

© ANYA MARCHENKOVA / AFP

Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi ilə üzləşən Avropa İttifaqı indiyə kimi yekdilliklə 13 sanksiya paketi qəbul edib. Bu, ittifaqın tarixində qəbul olunan ən çox sayda sanksiya hesab olunur. Sanksiyalar çoxlu sayda həmfikir tərəfdaşlarla sıx əlaqələndirilmişdir. Bununla belə, biz son aylar ərzində tez-tez bu misli görünməmiş sanksiyaların işə yaramayacağını eşidirik. Bu fikirlər Rusiya hökumətinin 2023-cü ildə ölkədə ÜDM-in 3,6% artması ilə bağlı bəyanatından sonra xüsusilə artmağa başladı.

Putinin rəhbərlik etdiyi Rusiyada rəsmi rəqəmlərə etibar etməyin

Birincisi, Rusiya kimi məlumat azadlığının, nəzarət və tarazlığın mövcud olmadığı avtokrat ölkədə rəsmi rəqəmlərlə həmişə olduqca ehtiyatlı olmaq lazımdır. Son prezident seçkilərində səsvermənin nəticələri kimi iqtisadi göstəricilər də şübhə doğurur. İkincisi, Ukraynanın işğalından sonra lap əvvəldən Rusiya iqtisadiyyatının çökmə ehtimalı yox idi. Biz son iki il ərzində dayanmadan vurğulayırıq ki, sanksiyalarımızın təsiri dərhal özünü göstərməyəcək və onların məqsədi Rusiyanın ortamüddətli perspektivdə hərbi səylərini davam etdirmək qabiliyyətini zəiflətməkdir. Hal-hazırda da məhz bu baş verir.

© FEDERAL TREASURY OF RUSSIA
© SOURCE: RUSSIA’S DRAFT BUDGET PLANS, REUTERS, OCT. 16 2023 BY SUMANTA SEN

“2023-cü ildə Rusiyada qeydə alınan iqtisadi artım 1930-cu illərdə Almaniyada müşahidə edilən “müharibə dövrünün Keynsçilik” siyasətinin klassik nəticəsinə bənzəyir”

2023-cü ildə Rusiyada qeydə alınan iqtisadi artım 1930-cu illərdə Almaniyada müşahidə edilən “müharibə dövrünün Keynsçilik” siyasətinin bariz nümunəsidir. Rusiyanın əvvəlki illə müqayisədə 2024-cü ildə müdafiə xərclərinin 70% artması ilə bu ölkənin büdcəsinin təxminən 30%-i və ÜDM-nin 6%-i rəsmi olaraq milli müdafiəyə ayrılır. Bununla belə, mühüm əlavə resurslar təsnif edilmiş xərclər qismində ayrılır. Müdafiə və təhlükəsizlik xərcləri sovet dövründəki səviyyəyə qayıdıb.

Rusiya iqtisadiyyatındakı artım müdafiə xərclərinin kəskin artımı ilə əlaqədardır

Rusiya iqtisadiyyatındakı artım Ukraynada döyüşən əsgərlərə və həlak olanların ailələrinə, xüsusən də yoxsul regionlardakı etnik azlıqlara iri məbləğdə ödənişlər daxil olmaqla müdafiə xərclərinin sürətli artımı ilə əlaqədardır. Bu dinamika regional iqtisadi tarazsızlıqlarda da özünü göstərir. Belə ki, güclü hərbi sənayesi olan və ya Ukrayna ilə həmsərhəd regionlarda müharibə ilə bağlı fəaliyyətlər hesabına daha yaxşı iqtisadi göstəricilər əldə olunub.

Putinin rəhbərlik etdiyi Rusiya kimi avtoritar rejim üçün digər sektorlara böyük mənfi təsirlərin olmasına baxmayaraq, iqtisadiyyatı hərbi istehsala yönəltmək nisbətən asandır. Müharibə olan ölkədə iqtisadiyyatın başqa rejimə keçidi mütləq şəkildə təhsilə, səhiyyəyə, sosial təminata, yollara, mülki infrastruktura, enerji sistemlərinə daha az vəsaitlərin ayrılması deməkdir… Bu dəyişiklik artıq şahidi olduğumuz kimi çoxlu sayda sadə Rusiya vətəndaşlarının həyatına mənfi təsir göstərib. Buraya keçən qış Rusiyanın bir sıra şəhərlərində kollektiv istilik sistemlərində yaranan çoxsaylı nasazlıqları aid etmək olar. Müharibə davam edərsə, bu vəziyyət daha da pisləşəcək.  

© CREA, 2024
© CSR, 2024

“Rusiya iqtisadiyyatının fosil yanacaq ixracından əldə etdiyi gəlir 2022-ci ilin yazından bəri iki dəfə azalıb”

Sanksiyalarımız artıq Rusiyanın valyuta ehtiyatlarına zərər vurur. Rusiya iqtisadiyyatının fosil yanacaq ixracından əldə etdiyi gəlir, Avropanın kömür və neft idxalına qoyduğu embarqo və G7 tərəfindən neftin ixracı və onun qiyməti ilə bağlı qadağaları səbəbindən 2022-ci ilin yazından bəri iki dəfə azalıb. Rusiyanın qlobal enerji bazarlarında ciddi böhran yarada biləcək fosil yanacaq ixracına mane olmaq kimi bir məqsədimiz olmayıb. Məqsədimiz Rusiyanın bu ixracdan əldə etdiyi gəliri əhəmiyyətli dərəcədə azaltmaq idi və biz bu məqsədə nail olduq. Bunu ticarət sektorundakı göstəricilər sübut edir. Belə ki, fosil  yanacaq növlərinin əsas ixracatçısı olan Rusiyada həmişə ənənəvi olaraq iri həcmli xarici qalıq olub. Lakin son iki ildə bu qalıq demək olar ki, sıfıra enib.

© FEDERAL STATE STATISTICS SERVICE, 2024

Rusiyada yüksək inflyasiya müşahidə olunur

2022-ci ildə Rusiya iqtisadiyyatında əsasən Qərb sanksiyalarına görə inflyasiya səviyyəsi kəskin şəkildə yüksəlib. 2023-cü ilin birinci yarısında inflyasiya səviyyəsi əhəmiyyətli dərəcədə azaldı, lakin 2023-cü ilin ortalarından etibarən yenidən yüksəldi. Hazırda Rusiyada illik inflyasiya səviyyəsi avrozonada müşahidə edilən 2,6%-lə müqayisədə 8%-i keçir. Bu xüsusilə ərzaq qiymətlərinə aiddir. Məsələn, rusların əksəriyyəti üçün əsas qida məhsulu hesab olunan yumurtanın qiyməti 2023-cü ildə 40% artıb. Orta statistik rus ailəsinin büdcəsində ərzaq məhsulları ilə bağlı xərclər ümumi məbləğin 30%-dən çoxunu təşkil etməyə başlayıb.

© GOOGLE, 2024

2022-ci ilin yazından etibarən rublun davamlı şəkildə ucuzlaşdığını müşahidə edirik. Devalvasiya səbəbindən idxal da bahalaşıb. Rusiya valyutasının ucuzlaşmasını dayandırmaq və inflyasiya səviyyəsinin aşağı düşməsi üçün Rusiya Mərkəzi Bankı qısamüddətli faiz dərəcələrini kəskin şəkildə artırmağa məcbur olub. Hazırda bu rəqəm illik 16% təşkil edir və Avropa Mərkəzi Bankının faiz dərəcəsindən 3,5 dəfə çoxdur. Müharibə ilə bağlı kütləvi xərclər, yüksək idxal xərcləri və əmək bazarındakı problemlər Rusiyada inflyasiyanın yüksək qalacağını göstərir və bu, Mərkəzi bankı faiz dərəcələrini yüksək saxlamağa məcbur edir.

“Çox yüksək faiz dərəcələrinə görə Rusiyadakı özəl investisiyalar əhəmiyyətli dərəcədə zərər görüb. Hətta  Rusiya dövlətinin özü kredit götürə bilmir. İnvestisiya çatışmazlığının davamlı olması Rusiya iqtisadiyyatının gələcəyini daha da sarsıdacaq”

Bundan əlavə, investorların Rusiya iqtisadiyyatının gələcəyinə inamı o qədər azalıb ki, Rusiya hökuməti avrozonada orta hesabla 2,9%-lik faiz dərəcəsi ilə müqayisədə illik 14%-ə yaxın faiz dərəcəsi ilə 10 illik kredit götürməyə məcburdur. Rusiya artıq əhəmiyyətli dərəcədə kapital axını ilə üzləşib və hətta Rusiyanın “dost” adlandırdığı ölkələr də pullarını Rusiyanın gələcəyinə yatırmağa həvəsli deyillər. Faiz dərəcələri belə yüksək olduğu üçün Rusiyadakı özəl investisiyalar əhəmiyyətli dərəcədə zərər görüb. Hətta  Rusiya dövlətinin özü kredit götürə bilmir. İnvestisiya çatışmazlığının davamlı olması Rusiya iqtisadiyyatının gələcəyini daha da sarsıdacaq.

Sanksiyalardan yayınmanı məhdudlaşdırmağa yönəlmiş fəaliyyət

Məhsulların Rusiyanın qonşu ölkələrinə ixracı və sonra Rusiyaya təkrar ixracı ilə sanksiyalarımızdan qismən yayınma faktını etiraf edirik. Buna cavab olaraq biz tədarük zəncirinin bütün iştirakçılarını, xüsusən də bu cür əməliyyatlarla məşğul olan bankları məsuliyyətə cəlb etməyə və bu cür yayınma hallarını məhdudlaşdırmaq üçün G7 tərəfdaşlarımızla fasiləsiz çalışırıq. Bu səylər getdikcə daha da səmərəli nəticələr verir. Bununla belə, hətta qismən yayınma ilə belə Rusiyanın müharibəni davam etdirməsi üçün lazımi məhsulların, xüsusən də yüksək texnoloji məhsulların alınması xeyli çətinləşib. Hal-hazırda Rusiya 2022-ci ilin fevralından əvvəl olduğundan daha yüksək qiymətlərlə ehtiyacının yalnız bir hissəsini ala bilir.

“Sanksiyalarımızdan qismən yayınmasına baxmayaraq, hal-hazırda Rusiya 2022-ci ilin fevralından əvvəl olduğundan daha yüksək qiymətlərlə ehtiyacının yalnız bir hissəsini ala bilir”

Bu çətinlik artıq Rusiyanın rəsmi statistikasında da öz əksini tapıb. Rusiyanın milli hesablarında Ukraynaya qarşı təcavüzkar müharibənin başlamasından bəri investisiya xərcləri 20%-dən çox artıb. Lakin bu, Rusiya iqtisadiyyatının yüksək sürətlə müasirləşməsinə işarə etmir. Əksinə, real investisiyaların həcmi əhəmiyyətli dərəcədə  azalıb. İnvestisiya xərclərindəki bu dəyişiklik Rusiyanın hələ də idxal edə bildiyi istehsal vasitələrinin qiymətlərində kəskin artımı əks etdirir.

© JONATHAN MCDOWELL, PLANET4589.ORG

Rusiyada avtoritar rejimin ölkə iqtisadiyyatında istehsalı kütləvi şəkildə silah və sursat istehsalına yönəltmək cəhdlərinə baxmayaraq, onun müharibə etmək qabiliyyətini dəstəkləmək üçün kifayət qədər dronlar, döyüş sursatları və ya raketlər təmin etmək üçün İran və ya Şimali Koreya kimi ölkələrdən asılılığı da Qərb sanksiyaları nəticəsində sənayenin davamlı zəifliyini əks etdirir. Rusiyada avtomobil istehsalı müharibədən əvvəlki səviyyə ilə müqayisədə yarıbayarı azalıb. Bir zamanlar ölkənin fəxri olan kosmik sənaye ağır vəziyyətdədir. Texniki xidmət, proqram yeniləmələri və ehtiyat hissələrinin olmaması səbəbindən hava nəqliyyatı kifayət qədər təhlükəli vəziyyətə düşüb.

Rusiyanın əmək bazarındakı dərin böhran  

Üstəlik, bu ölkənin əhalisi sürətlə qocalır və 2000-ci ildən bəri əhalisi sürətlə azalan bir ölkədə 2022-ci ilin fevralından sonra səfərbər olunan, həlak olan və ya ömürlük əlil olan yüz minlərlə gənclə yanaşı, yüz minlərlə ixtisaslı gəncin xaricə axını başladı. Bununla da Rusiyanın başladığı bu müharibə ölkənin əmək bazarında dərin böhranın yaranmasına səbəb oldu. Rusiya hökuməti böhranın təsirlərini azaltmaq üçün Mərkəzi Asiyadan gələn immiqrantlara öz qapılarını açdı. Bununla belə, İŞİD-in məsuliyyəti öz üzərinə götürdüyü “Crocus City Hall”-da törədilən faciəli terror aktından sonra bu miqrantların çox hissəsinin geri göndərilməsi Rusiyadakı əmək böhranını daha da dərinləşdirir.

Ukraynaya qarşı müharibəyə başlayan Rusiyada hazırda orta və yüksək texnoloji malların alınması üçün əsas istehlak məhsullarının daha güzəştli qiymətlərlə satılması müşahidə edilir. Çin Rusiyanın bu zəifliyindən istifadə edərək nefti ucuz qiymətə almağa və Rusiyaya daha çox mal ixrac etməyə çalışır. Bununla da bu ölkəni özündən asılı vəziyyətə salır. Hazırda Rusiyada idxalın təxminən 50%-i Çinin payına düşür.

Rusiya iqtisadiyyatı bizim sanksiyalarımız nəticəsində əhəmiyyətli dərəcədə zəifləyib

Qısası, Rusiya iqtisadiyyatının Qərbin sanksiyalarına tab gətirəcəyi və işğalçılıq müharibəsində zamanın Rusiyanın xeyrinə işləməsi barədə fikirlər həqiqəti əks etdirmir. Ukraynaya iqtisadi və hərbi, xüsusən də silah-sursat sahəsində dəstəyi davam etdirmək üçün nə lazımdırsa etsək, bu ölkə qalib gələcək. Rusiya əhalisinin sayının 3 dəfə çox olmasına baxmayaraq, artıq bizim sanksiyalarla bu ölkə faktiki olaraq xeyli zəifləyib. Zaman keçdikcə onların təsiri daha çox hiss olunacaq, çünki insan kapitalı məhv olur, investisiyaların həcmi və keyfiyyəti pisləşir, Rusiya öz gələcəyini təmin etmək üçün lazım olan qabaqcıl texnologiyalardan məhrum olur.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrel



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,