Ailə bağları: çətin zamanlarda güc mənbəyi
Aprel 19, 2023

Ailə bağları: çətin zamanlarda güc mənbəyi


“Baxmağa öyrəşdiyimiz işlərlə müqayisədə heyrətamiz və olduqca yeni mənzərə idi”. EU NEIGHBOURS east və FOTOFESTIWAL tərəfindən birgə təşkil olunan foto müsabiqənin münsiflər heyətinin üzvlərindən biri olan Arianna Rinaldo final mərhələsinə keçən foto layihələr haqqında təəssüratlarını bölüşərkən bunları deyib. Müsabiqənin qalibləri martın 31-də Tbilisidə keçirilən mükafatlandırma gecəsində elan edilib. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən foto müsabiqəyə altı Şərq Tərəfdaşlığı ölkəsindən peşəkar fotoqraflar “Ailə bağları” mövzusunda bir neçə fotoşəkildən ibarət layihələr təqdim ediblər. Nəticələr regionun auditoriyasına güclü təsir bağışlayıb.

“Mən incəsənətin xilas etdiyi bir insan nümunəsiyəm”

“Bu müsabiqənin belə bir çətin zamanda ailə və qohumluq əlaqələrindən bəhs  etmək kimi möhtəşəm məqsədi var idi. İnsanlara xatırlatmaq lazımdır ki, Ukrayna Avropa İttifaqının üzvü olmasa da, Avropanın bir hissəsidir. Ukrayna Avropanın mədəni xəritəsinin bir hissəsidir”, – deyə ukraynalı qalib  Marisiya Myanovskaya bildirib

Onun “Qardaş, incəsənət hardadır?” adlı layihəsi Kiyev şəhərinin yaşayış massivlərinin birində 90-cı illərə aid “itirilmiş nəsildən” bəhs edir. Onu bu foto hekayəni hazırlamağa “Sürətlə yaşa, gənc öl” devizi ilə yaşayan qardaşının ölümü səbəb olub. Lakin, Marisiyanın bu mövzunu işləmək üçün daha çox səbəbləri var. 

“Mən incəsənətin xilas etdiyi bir insan nümunəsiyəm. Valideynlərimin məni hər hansı bir şəkildə dəstəkləmək üçün maddi imkanları yox idi, lakin onlar həmişə gələcəyimə inamları ilə məni dəstəkləyiblər. Layihənin tarixinə gəlincə, mən hesab edirəm ki, əslində mən qardaşımın həyatını yaşaya bilərdim, o isə mənimkini. Ən böyük arzum Kiyevin Troyeşçina adlanan böyük bir məhəlləsində pulsuz sənət məktəbi açmaqdır. Mən çox istərdim ki, bəzən valideynlərinin taleyini təkrarlamaqdan başqa çıxış yolu görməyən uşaqlar incəsənətin dünyanı necə dəyişə biləcəyini öyrənsinlər”.

Şəxsi itki ilə üzləşməyin və ailəni, hətta bir ölkənin taleyini yenidən düşünməyin başqa bir nümunəsi Moldovadan olan qalib Katerina Şoşeva və onun “SEM’YA” layihəsidir.

“Ailə bağları mənim üçün çox önəmlidir, çünki həyatımda bəzi şeyləri adi hal kimi qəbul etmişəm. Qardaşım təxminən altı il əvvəl vəfat edib və mən onun film arxivini tapmışam. O, filmləri yeniyetmə ikən toplayıb. Bu, mənim və bu mənzildə böyüyən dörd qardaşım üçün bir xatirədir” deyən fotoqraf əslində bu layihədə özünü kəşf etmək niyyətində olmadığını bildirib. 

Amma incəsənət onun həyatını çox dəyişib, ona görə də rəhbər kimi 10 ildən çox çalışmasına baxmayaraq, həyatını dəyişmək qərarına gəlib.  

“Mən sadəcə olaraq eyni mənzildə böyüyən qardaşım oğullarını və qızlarını izləməyə başladım və nəsillər arasındakı münasibətləri və onların bizi necə formalaşdırdığını düşünməyə çalışdım. Bu çox vacibdir, çünki hazırda ailəm dünyanın müxtəlif hissələrində yaşayır və ailəmin Moldovada qalan sonuncu üzvü mənəm”, – Katerina bildirib.

Xarici hadisələr Belarusdan olan finalçı – Paşa Kriçkonun da həyatını dəyişib. Onun 2020-ci il hadisələri nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan belarusların qohumluq əlaqələrinə baxışı müsabiqənin münsiflərini heyran edib. Bu hadisələrdən əvvəl o, kommersiya sahəsində çalışan fotoqraf olub və indi təkcə belarusların deyil, həm də bir ildən artıqdır ki, Rusiyanın genişmiqyaslı işğalına müqavimət göstərən ukraynalıların üzləşdiyi reallığı sənədləşdirir. 

“Ailəm Minskdə yaşayır, valideynlərim oradadır, onları istədiyim qədər görə bilmirəm. Atam xərçəng xəstəsidir, ona bir şey olarsa, onu necə ziyarət edəcəyimi bilmirəm, çünki məni dərhal həbs edə bilərlər. Ona görə də mən bütün cəmiyyəti təmsil edən insanların kiçik hekayələrindən və hazırda başımıza gələnlərdən istifadə edərək nümunə göstərmək istədim”. 

Paşa Belarusu tərk edib geri dönə bilməyən bütün soydaşları ilə eyni vəziyyətdədir və bu reallıqla barışmağa məcburdur. “Mən də başa düşürəm ki, bu, mənim işimi davam etdirməyimə bir növ kömək edir, çünki kimsə problemlər barədə səsini ucaltmalıdır. Buna görə də belaruslu olduğum üçün çox fəxr edirəm”, – o, əlavə edib.

“Sosial mövzuları işıqlandırmaqdan qorxmayın”

Sosial problemlər və şərait Ermənistandan olan məşhur fotoqraf Nazik Armenakyanın karyerasında da həlledici rol oynayıb. Onun işi foto reportaj və bədii hekayələrdir, lakin o, müsabiqəyə MƏNİM MÜHARİBƏM (Natamam təcrübə) adlı olduqca şəxsi layihəsini təqdim edib. 

“Bu, bir növ şəxsi fotolardır və eyni zamanda ailə fotoları deyil. Burada mən müharibəyə aparılmış oğlum Mikayellə münasibətimi göstərməyə çalışdım. Çox şadam ki, bu hekayə diqqətə layiq görüldü və seçildi” – o, dedi.

Əvvəlcə o, öz həyatında baş verən dəyişikliklərdən o qədər sarsılıb ki, bir daha fotoşəkil çəkə bilməyəcəyini düşünürdü. Amma bu problem həm də onun qorxularını dəf etmək və peşəkar fəaliyyətini davam etdirmək üçün təkan oldu. 

“Ailə bağları mənim üçün çox vacibdir, çünki mən gənc yaşlarımda həyat yoldaşı və ana oldum. Həyat yoldaşım və iki oğlumdan ibarət çox güclü ailəm var, onların hamısını çox istəyirəm. Mən həmişə başqalarının hekayələrini lentə alıram və nə vaxtsa oğlumu və özümü çəkəcəyimi heç düşünmürdüm”, o, etiraf edib.

Müsabiqənin məqsədi həmçinin Şərq Tərəfdaşlığı layihəsini daha yaxından tanıtmaqdır. Münsiflər heyətinin üzvlərindən biri Arianna Rinaldo deyib ki, “bu, dünyanın bir hissəsinə və adətən hər gün görmədiyim fotoqraflıq dünyasına baxmaq üçün bir fürsət olub”. “Fotoqraflıq dünyasında çoxumuz Qərbi Avropa və Qərb dünyasına daha çox diqqət yetirmişik. Görə bildiyimiz əsərlərdə müxtəlif mövzular və müxtəlif üslublar yer almışdı. Dünyanın bu hissəsindən, Şərqi Avropadan olan insanların ailə bağları mövzusunu necə başa düşdüklərini görmək həqiqətən də maarifləndirici idi”, o, izah edib.

Bu yanaşma daha iki ölkədən – Azərbaycan və Gürcüstandan olan qaliblərin əsərlərində də öz əksini tapır. 

Məsələn, Azərbaycandan olan qalib – Orxan Əzimov – Astaranın ucqar Diqo kəndində yaşayan uşaqların həyatından bəhs edir. Onun layihəsində iqtisadi və təhsillə bağlı bir neçə sosial məsələlərə toxunulub. 

“Uşaqlar qonşu kəndlərdəki məktəblərdə oxumaq üçün bir neçə kilometr piyada getməli olurlar. Orada 40-50 uşaq yaşayır. Mən bu məsələ ilə çox maraqlandım və yerli sakinlərlə əlaqə saxladım. Həmin kənddə oldum və bu fotoları sosial şəbəkədə paylaşdıqdan sonra, bu layihə böyük əks-səda doğurdu. Və bir neçə aydan sonra həmin kənddə modul tipli məktəbin tikilməsi qərara alındı”, – o, bu layihənin incəsənətin sosial problemləri necə həll edə biləcəyinə dair bir nümunə olduğunu deyib. Nəhayət, 2023-cü ilin sentyabrından uşaqlar dağları keçərək qonşu kəndlərə getmək əvəzinə yerli məktəbə gedə biləcəklər.

Orxan Əzimov Instagram sosial şəbəkəsindən olduqca fəal istifadə edir. Bu yaxınlarda o, Türkiyənin zəlzələ olan hissəsində olub və fotoşəkillər çəkib. O, fotoqraflığın gücünə çox inanır. 

Mən bir çox ölkədə olmuşam və müxtəlif hadisələri lentə almışam. Həmkarlarıma tövsiyə edərdim ki, belə məsələləri işıqlandırmaqdan çəkinməsinlər. Çünki biz fotoqraflar olaraq dünyada baş verən bu kimi hadisələri işıqlandırıb, dünya ictimaiyyətinə çatdırmalıyıq”.

Gürcüstandan olan qalib – Natela Qriqalaşvili – əsasən ölkənin daha ucqar rayonlarında işləyir. Onun “Gürcü köçərilərinin son günləri” layihəsi ölkənin unikal bölgələrindən birinə – dağlıq Acarıstana həsr olunub. 

“Bu layihənin mövzusu bir az pessimistdir, amma mən yenə də düşünürəm ki, biz hər iki tərəfi başa düşə bilərik – köçərilərin həyatı bir az dağınıqdır və eyni zamanda, bu gün yalnız onlar belə bir irsi qoruyub saxlayıblar. Bütün ailələri ilə köçürlər və günümüzdə belə bir köçü davam etdirirlər”.

Natela Qriqalaşvili fotojurnalist və operator kimi çalışıb, 2016-cı ildə isə sənədli fotolar çəkməyə başlayıb.

“Mən regionlarda yaşayan insanlarla bağlı bir növ araşdırma aparıram. Qloballaşma yavaş-yavaş hər şeyi silir, biz buna mane ola bilmərik, lakin kameranın köməyi ilə gözümüzün qarşısında dəyişən indiki tarixi saxlamaq imkanımız var”.

Bölgəyə bu qədər diqqətli və peşəkar baxış 400-dən çox layihə arasından seçim edən münsiflər heyəti üçün bir kəşf oldu. 

“Müsabiqəyə təqdim olunan işlərin keyfiyyəti məni çox heyran etdi. Belə demək mümkünsə, iki tendensiya müşahidə etdim, biri bir çox fotoqrafların siyasi fəallığı və araşdırma apardıqları, sosial və siyasi cəhətdən dərk etmələri, digəri isə bölgəni nə qədər sədaqətlə təsvir etmələri və öz yerləri və icmaları ilə işləmələridir. Bu, mənim çox dəyərli hesab etdiyim bir şeydir”, – münsiflər heyətinin digər üzvü, fotoqraf Karolina Gembara bildirib. 
Bütün finalçılar və onların layihələri ilə burada tanış ola bilərsiniz.



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,