Mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə beşinci dəfə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.
Görüşdə əsas diqqət Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində görülən işlərə yönəlib və liderlər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə ediblər.
Sərhəd məsələlərinə gəlincə, tərəflər irəliləyişi və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımları müzakirə ediblər. Liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gələrək 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq ediblər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq.
Şarl Mişel regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə “aydın irəliləyişə” nail olunduğunu bildirib. “Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb”, – Şarl Mişel görüşdən sonra təşkil olunan mətbuat konfransında bildirib. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib.
Humanitar məsələlərə gəldikdə, tərəflər qarşıdakı həftələr ərzində saxlanılan şəxslərin azad edilməsi ilə bağlı razılığa gəliblər. Şarl Mişel yolunu azan və qarşı tərəfə keçən əsgərlərin sürətli prosedur vasitəsilə azad olunmalarına dair qarşılıqlı anlaşmanın təmin olunmasının davam etdirilməli olduğunu vurğulayıb.
Çarl Mişel Azərbaycanı dünya ictimaiyyəti ilə sıx əməkdaşlıq çərçivəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquq və təhlükəsizliyinə zəmanət verməyə çağırıb.
Liderlərin növbəti görüşü iyun ayının əvvəlində Kişinyovda təşkil olunacaq 2-ci Avropa siyasi icması sammiti çərçivəsində və iyul ayında Brüsseldə baş tutacaq. Şarl Mişel həmçinin hər iki lideri oktyabrda Qranada şəhərində 3-cü Avropa siyasi icması sammiti çərçivəsində görüşməyə dəvət edib.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,