“Mari Sklodovska-Küri” Proqramı çərçivəsində doktorantura sonrası tədqiqatlara 404,3 milyon avro vəsait ayrılıb
Fevral 12, 2026

“Mari Sklodovska-Küri” Proqramı çərçivəsində doktorantura sonrası tədqiqatlara 404,3 milyon avro vəsait ayrılıb


Avropa Komissiyası “Mari Sklodovska-Küri” Proqramının (MSCA) doktorantura sonrası təqaüdləri çərçivəsində tədqiqatçılara 404,3 milyon avro vəsait ayırıb. 

Bu təşəbbüs dünya üzrə 17 066 beynəlxalq müraciətçi arasından seçilmiş 1610 postdoktorant tədqiqatçıya öz layihələrini işləyib hazırlamağa imkanı verəcək. Seçilən şəxslər akademik və qeyri-akademik müəssisələrdə yüksək səviyyəli təlimlərdə iştirak edəcək, beynəlxalq yerdəyişmə imkanlarından yararlanacaq və ekspertlərlə birgə fəaliyyət göstərəcəklər. Doktorantura sonrası təqaüdlər üçün milliyətindən asılı olmayaraq istənilən şəxslər müraciət edə bilərlər.

“Mari Sklodovska-Küri” Proqramının (MSCA) Doktorantura sonrası təqaüdləri Avropa İttifaqının tədqiqat və innovasiya üzrə “Horizon Europe” çərçivə proqramının bir hissəsidir. 

Seçilmiş tədqiqatçılar 80-ə yaxın milliyyəti təmsil edir. Onlar öz tədqiqat layihələrini Avropada və onun hüdudlarından kənarda yerləşən 45 ölkədə – universitetlərdə, tədqiqat mərkəzlərində, dövlət qurumlarında, həmçinin özəl təşkilatlarda və kiçik və orta sahibkarlıq subyektlərində həyata keçirəcəklər. 

Tədqiqat layihələri elmin bütün sahələrini əhatə edir. Ən böyük üstünlük isə humanitar və sosial elmlər, təbiət elmləri və mühəndislik sahələrinə verilib. Bu layihələr həm fundamental tədqiqatları, həm də mühüm ictimai və texnoloji problemlərin həllinə yönəlmiş fəaliyyətləri əhatə edir.

Ayrılan maliyyə vəsaitinin böyük hissəsi (1446 tədqiqatçı) Aİ və “Horizon Europe” proqramına qoşulan ölkələrdə fəaliyyət göstərəcək Avropa Doktorantura sonrası təqaüdlərə yönəldiləcək. Bundan əlavə, 164 tədqiqatçı Qlobal Doktorantura sonrası Təqaüdlərdən faydalanacaq. Bu şəxslərə tədqiqatlarının bir hissəsini Avropadan kənarda – xüsusilə ABŞ, Kanada və Avstraliyanın aparıcı müəssisələrində aparmaq, daha sonra isə əldə etdikləri təcrübəni paylaşmaq üçün Avropaya qayıtmaq imkanı yaradılacaq.

“Mari Sklodovska-Küri Təqaüdləri tədqiqatçıların niyə məhz Avropanı seçdiyini bir daha sübut edir” , — Startaplar, Tədqiqat və İnnovasiyalar üzrə Komissar Yekaterina Zahariyeva bildirib. “Bu nəticələr bizim tədqiqat ekosistemimizin gücünü və elmi mükəmməlliyə, mobilliyə olan sadiqliyimizi əks etdirir”.

Qeyd edək ki, proqram üzrə növbəti müraciət mərhələsinin 2026-cı il 9 aprel tarixində açılması planlaşdırılır.

2026-cı ildə “Mari Sklodovska-Küri” Proqramının 30 illiyi qeyd olunur. 1996-cı ildən etibarən icra olunan bu proqram tədqiqat və innovasiyaların inkişafına mühüm töhfələr verib, aralarında 23 Nobel mükafatı laureatı da olmaqla, 150 000-dən çox tədqiqatçıya dəstək göstərib.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,