EU4Youth Şərq Tərəfdaşlığı ölkələrində gənclərin məşğulluq və sahibkarlıq imkanlarını artırmaq üçün doqquz layihənin icrasını dəstəkləyəcək
İyul 5, 2023

EU4Youth Şərq Tərəfdaşlığı ölkələrində gənclərin məşğulluq və sahibkarlıq imkanlarını artırmaq üçün doqquz layihənin icrasını dəstəkləyəcək


EU4Youth proqramının təşəbbüsü ilə icrasına başlanan qrant proqramı çərçivəsində doqquz yeni layihənin icrasına başlanacaq. Bu münasibətlə 4-6 iyul tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə xüsusi tədbir təşkil olunacaq.

Aİ tərəfindən maliyyələşdirilən EU4Youth proqramının təşəbbüsü ilə icra olunacaq qrant proqramı altı Şərq Tərəfdaşlığı (ŞT) ölkəsində – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada gənclərin karyera inkişafı və məşğulluğuna dəstək olmaq məqsədi daşıyır.

Qrantlar gənclərin, xüsusilə aztəminatlı ailələrdən olan gənclərin imkanlarının artırılmasına yönəlmiş fəaliyyətlər üçün ümumi büdcəsi 6 milyon avro olan doqquz layihəyə verilir. 

Proqramda gənclərə lazımi bacarıqlara yiyələnmək və yeni imkanlardan yararlanmaq üçün müxtəlif növ fəaliyyətlər təklif olunur. Buraya mentorluq və təlim proqramları, təcrübə, mərkəzlərin və gənclər yarmarkalarının yaradılması, innovativ vasitələrin hazırlanması və s. daxildir.

Avropa Təlim Fondunun məlumatına görə, əhalinin yaşlanması, kəskin yerdəyişmə, nisbətən yüksək məşğulluq səviyyəsi, iş yerlərinin yaradılması və yüksək təhsil səviyyəsi Şərq Tərəfdaşlığı (ŞT) regionu ölkələrini xarakterizə edir. 2021-ci ilə olan məlumata əsasən, ŞT ölkələri arasında Gürcüstan və Ermənistanda müvafiq olaraq 30,76% və 36,09% olmaqla gənclər arasında ən yüksək işsizlik səviyyəsi qeydə alınıb. Azərbaycanda 15-24 yaşlı gənclərin 16,49%-dən çoxu işsiz olduğu halda, Belarusda bu rəqəm 10,4%, Moldovada 9,13% təşkil edir. Ukraynada isə 2021-ci ildə işsizlik səviyyəsi 19,11% olub, amma Rusiyanın Ukraynaya qarşı hal-hazırda davam edən müharibəsi səbəbindən bu rəqəm xeyli artmışdır.

EU4Youth proqramının məlumatına əsasən, bu yay başlayan qrant layihələri sosial sahibkarlığı təşviq etməklə və gənclərin karyera inkişafı və məşğulluğunu geniş şəkildə dəstəkləməklə regionda gənclər arasında işsizlik probleminin həllinə kömək edəcək.

Sözügedən proqram gənclər sahəsində çalışan təşkilatlar arasında şəbəkələşməni və tərəfdaşlığı dəstəkləyəcək və gənclər üçün münasib öyrənmə imkanları təklif edən innovativ alətlərin yaradılmasına, onların öz sürətləri ilə yeni bacarıq və biliklərə yiyələnməsinə kömək edəcək. Bu, coğrafi yerləşmə və ya maliyyə ilə bağlı məhdudiyyətlərlə üzləşən gənclər üçün xüsusilə faydalı ola bilər. 

Layihələrdə həmçinin gənclərin sahibkarlıq fəaliyyətinə başlaması üçün lazımi infrastruktur və resursların dəstəklənməsi planlaşdırılır.

Avropa İttifaqı və Litva Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən Layihələrin Mərkəzi İdarəetmə Agentliyi (CPMA) tərəfindən idarə olunan “EU4Youth III faza Gənclərin məşğulluq və sahibkarlıq imkanlarının təşviqi” proqramı Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilir. Təşəbbüs ilk növbədə gənclərin məşğulluğu və sahibkarlığı sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatlarına texniki dəstək göstərmək məqsədi daşıyır.



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,