Martın 11-də Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxış edərək, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması və ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı niyyətlərini diqqətə çatdırıb.
O, 2025-ci il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Baş nazir Nikol Paşinyan tərəfindən Birgə Bəyannamənin imzalanması ilə rəsmiləşən sülh prosesindən bəhs edib.
Ermənistanın Baş naziri ölkəsindəki son siyasi proseslərə, keçmiş Dağlıq Qarabağ münaqişəsi nəticəsində ərazini tərk etmiş ermənilərin məskunlaşdırılması istiqamətində görülən işlərə, bəzi ruhanilərin və müxalif qüvvələrin sülh prosesinə mane olmaq cəhdlərinə, habelə Azərbaycanda saxlanılan erməni əsirlərin azad edilməsi məsələsinə toxunub.
O, bu məsələlərin həllinin hazırkı sülh prosesi üçün həlledici əhəmiyyət daşıdığını bildirib: “Biz Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülhün mükəmməl olmaması ilə bağlı tənqid edilirik. Lakin… ümumiyyətlə, mükəmməl sülh nə vaxt və harada mövcud olub?”
Daha sonra Nikol Paşinyan ölkəsinin Aİ-yə inteqrasiya prosesini başladan “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlüyü prosesinə başlanması haqqında” qanunun qəbulunun əhəmiyyətini vurğulayıb:
“İndi, bu qanun qəbul edildikdən sonra Ermənistanda çoxları soruşur: Ermənistan nə vaxt Avropa İttifaqının üzvü olacaq? Cavabımız birmənalıdır: heç bir ölkə Aİ standartlarına cavab vermədən ittifaqa üzv ola bilməz. Ona görə də vəzifəmiz avropalı tərəfdaşlarımızın dəstəyi ilə islahatlar yolunu davam etdirmək və ilk növbədə, üzvlüklə bağlı obyektiv meyarları yerinə yetirməkdir”.
O, həmçinin qeyd edib ki, hazırda Ermənistanın Aİ-yə inteqrasiya yolunda qarşılaşdığı ən böyük maneələrdən biri Aİ ilə Gürcüstan arasındakı siyasi dialoqun dondurulmuş vəziyyətdə qalmasıdır: “Gürcüstan bizim Avropa İttifaqına gedən yolumuzdur. Biz “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlüyü prosesinə başlanması haqqında” qanununu məhz Gürcüstanın Aİ-yə namizəd statusu almasından sonra qəbul etdik. Bu, Ermənistanın üzvlük perspektivini real etdi. Gözləntimiz və xahişimiz ondan ibarətdir ki, Aİ-Gürcüstan prosesi konstruktiv məcrada inkişaf etsin. Bu, Gürcüstan üçün olduğu qədər, Ermənistan üçün də önəmlidir”.
Ermənistanın baş naziri sonda qeyd edib ki, iyunun 7-də keçiriləcək parlament seçkiləri sülhün möhkəmlənməsinə xidmət etməlidir: “Demokratiyamız sülhü qalıcı etməli, sülh isə öz növbəsində demokratiyanın qalıcılığını təmin etməlidir”.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,