Mayın 20-də Bakıda Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında Təhlükəsizlik Dialoqunun yeddinci iclası keçirilib.
İclasa Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi məsələlər üzrə Baş katibinin müavini Olaf Skuq həmsədrlik ediblər.
Görüşdə Azərbaycan-Aİ münasibətlərinin hazırkı vəziyyəti, habelə qarşılıqlı maraq doğuran xarici və təhlükəsizlik siyasəti məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər son dövrlərdə yüksəksəviyyəli təmasların intensivləşməsini, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfərlərini və Prezident İlham Əliyev ilə görüşlərini məmnunluqla qeyd ediblər.
İclasda yenilənmiş tərəfdaşlıq prioritetləri və yeni ikitərəfli saziş üzrə davam edən müzakirələrin əhəmiyyəti vurğulanıb. Həmçinin qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində müntəzəm dialoqun davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Müzakirələr zamanı iştirakçılar regional və beynəlxalq proseslər, o cümlədən geosiyasi fəaliyyət, xarici siyasət, regional nəqliyyat əlaqələri, enerji təhlükəsizliyi, o cümlədən Orta Dəhliz / Transxəzər Nəqliyyat Dəhlizi layihələri ətrafında fikir mübadiləsi aparıblar. Aİ nümayəndə heyəti dayanıqlı, iqtisadi cəhətdən səmərəli və qaydalara əsaslanan əməkdaşlığın vacibliyini vurğulayaraq, Azərbaycanın regional nəqliyyat əlaqələri və enerjinin şaxələndirilməsi sahəsində mühüm tərəfdaş rolunu qeyd edib.
Avropa İttifaqı Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstəyini bir daha təsdiqləyib və bu sahədə əməkdaşlığın davam etdirilməsini alqışlayıb. Bu xüsusda, mayın 19-da Aİ nümayəndə heyətinin üzvləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına, o cümlədən Ağdam rayonuna səfər edərək, Azərbaycan tərəfindən icra olunan minatəmizləmə prosesini yerindəcə müşahidə ediblər.
Görüş iştirakçıları Azərbaycan və Ermənistan arasında sülh prosesini də nəzərdən keçiriblər. Aİ son aylarda əldə olunmuş irəliləyişləri, o cümlədən etimad quruculuğu tədbirlərini və tərəflər arasında artan təmasları alqışlayıb, dayanıqlı və uzunmüddətli sülhün təmin olunması üçün dialoqun və praktiki fəaliyyətin davam etdirilməsini təşviq edib.
İkitərəfli münasibətlərin genişlənən əhatə dairəsini və strateji əhəmiyyətini nəzərə alaraq, tərəflər bu platformanın formatının genişləndirilməsi və bundan sonra “Aİ-Azərbaycan Siyasi və Təhlükəsizlik Dialoqu” adlandırılması barədə razılığa gəliblər.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,