Aprelin 20-də Ukraynaya səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı öz rəyini iyunun sonuna qədər dərc edəcək. Bu vaxt ərzində Aİ bu ölkəyə həm maliyyə, həm hərbi, həm də Rusiyaya qarşı sanksiyalar baxımından dəstəyini davam etdirəcək.
Səfər zamanı Şarl Mişel müharibə cinayətlərinin izləri ilə tanış olmaq üçün Borodyanka qəsəbəsinə gedib. Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşən cənab Mişel Ukrayna prezidentinin şəxsi rəhbərliyinə heyran olduğunu bildirib.
Şarl Mişel Borodyankada gördüklərini “vəhşilik” adlandırıb. “Avropa İttifaqı Şurasının Prezidenti kimi yox, bir ata, bir insan kimi hiss etdiklərimi izah etməyə söz tapa bilmirəm. Bunlar müharibə cinayətləridir. Onlar cəzalandırılmalıdır. Cəzalandırılacaqlar. Onlar orada və Ukraynanın bir çox başqa şəhərlərində və başqa yerlərdə etdiklərinin cəzasını çəkəcəklər”.
O, qeyd edib ki, Aİ Ukraynanı dəstəkləmək üçün mümkün olan hər şeyi etməyə hazırdır. “Biz Ukraynanın qələbəsini istəyirik. Ona görə də əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik”, – deyə o, bildirib.
May ayının 5-də Avropa Komissiyasının dəstəyilə beynəlxalq donorlar konfransında Ukrayna ilə həmrəylik nümayiş etdirmək üçün etimad fondu fəaliyyətə başlayacaq. Şarl Mişel Ukraynanın sosial xərclərini ödəyə bilməsi və ölkəni yenidən qura bilməsi üçün Aİ-nin Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etidiyini vurğulayıb.
Cənab Mişel Ukrayna prezidenti ilə Ukraynanın hərbi ehtiyaclarını müzakirə etdiyini və Aİ-nin bu sahədə Ukrayna üçün ayırdığı 1,5 milyard avro maliyyə yardımına ikitərəfli dəstək vermələri üçün Aİ-yə üzv dövlətlərlə danışıqlar apardığını qeyd edib.
Ukraynaya siyasi dəstəyə gəlincə, şura prezidenti bildirib ki, Avropa Komissiyası Ukraynanın üzvlüyünə dair rəyini iyun ayının sonunadək dərc edəcək. O, Komissiyanın bu rəyini adətən səkkiz ay ərzində dərc etdiyini vurğulayaraq bu məsələnin tezliklə Avropa İttifaqı Şurasının gündəliyinə salınacağını qeyd edib.
Görüşün sonunda cənab Mişel və Ukrayna Prezidenti Vladimir Zelenski Kremlə qarşı təzyiqləri maksimum səviyyədə qoruyub saxlamaq üçün növbəti sanksiyaları müzakirə ediblər. “Biz bu məsələni daha ətraflı müzakirə etdik və Şuraya təqdim etmək üçün bəzi əlavə detalları müəyyənləşdirdik”, – deyə o, bildirib.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,