Avropa İttifaqı yeni giriş-çıxış sistemini tətbiq etməyə başlayıb
EU
Oktyabr 16, 2025

Avropa İttifaqı yeni giriş-çıxış sistemini tətbiq etməyə başlayıb


12 oktyabr tarixindən Aİ-yə üzv dövlətlər Aİ-nin xarici sərhədlərində yeni rəqəmsal giriş-çıxış sistemini (EES) tətbiq etməyə başlayıblar. Bu gündən başlayaraq üzv dövlətlər Avropa ölkələrinə qısamüddətli səfərlər (180 günlük müddət ərzində 90 gün) zamanı sərhəd buraxılış məntəqələrindən keçən Aİ-yə üzv olmayan ölkələrin vətəndaşlarının məlumatlarını elektron qaydada qeydə almağa başlayacaq. Üzv dövlətlər sözügedən sistemi altı ay ərzində tədricən tətbiq edəcək.

Bu müddət ərzində hər bir ölkə yeni giriş-çıxış sistemini hansı sərhəd buraxılış məntəqəsində və nə vaxt tətbiq edəcəyinə qərar verə biləcək. Bu, üzv dövlətlərə EES sisteminin üstünlüklərindən faydalanmağa, eyni zamanda sərhəd orqanlarına, nəqliyyat sektoruna və səfər edən şəxslərə yeni prosedurlara uyğunlaşmaq imkanı verəcək.  

10 aprel 2026-cı il tarixindən etibarən EES sistemi bütün sərhəd buraxılışı mıntəqələrində tam şəkildə tətbiq olunacaq və pasportların möhürlənməsi sistemdəki elektron qeydlərlə əvəz olunacaq. Bu sistem sərhəd keçid məntəqələrində etibarlı məlumatlar təmin etməklə yanaşı, müddətdən artıq qalma və sənədlərin saxtalaşdırılması hallarının sistemli şəkildə müəyyən edilməsinə kömək edəcək.  

Sərhəd keçid məntəqələrində avtomatlaşdırılmış yoxlamaların artırılması sayəsində səyahət etmək hər kəs üçün rahat və təhlükəsiz olacaq. EES sisteminin işə salındığı sərhəd keçid məntəqələrində Aİ-yə üzv olmayan üçüncü ölkələrin vətəndaşlarının pasport məlumatları, biometrik məlumatları (üz təsvirləri və barmaq izləri), giriş və ya çıxış məlumatları EES sistemində qeydiyyatdan keçiriləcək. Bu, ilk girişdə və ilk çıxışda ediləcək. Hər bir sonrakı giriş və çıxış üçün yalnız sürətli yoxlama tələb olunacaq. Üzv ölkələr özünəxidmət sistemləri vasitəsilə sözügedən prosesi daha da avtomatlaşdırmaq qərarına gələ bilərlər. Məlumatların və məxfiliyin mühafizəsi üzrə yüksək standartlara cavab verən bu sistem səyahət edən şəxslərin fərdi məlumatlarının etibarlı şəkildə qorunmasını təmin edəcək. EES sisteminə altıaylıq keçid dövründə pasportların möhürlənməsi davam ediləcək.

Daha ətraflı məlumatı EES sisteminin rəsmi səhifəsində tapmaq olar.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

EES sisteminin internet səhifəsi



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,