Azərbaycan Respublikası Avropa İttifaqı üçün “əsas tərəfdaşdır”. Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta martın 11-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündən sonra jurnalistlərə müsahibəsində bildirib.
“Ötən il ərzində biz münasibətlərimizi canlandırmağa müvəffəq olmuşuq. Bugünkü görüşümüz tərəflərin, xüsusilə təhlükəsizlik, energetika, rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlığı daha da genişləndirmək, həmçinin təhlükəsizlik və insan hüquqları da daxil olmaqla, mövcud dialoq mexanizmlərindən tam istifadə etmək barədə ortaq sadiqliyinin bariz göstəricisidir”, − Aİ İttifaqı Şurasının Prezidenti Antonio Koşta bildirib.
Prezidentlər münasibətlərin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi baza yaradacaq yeni hərtərəfli ikitərəfli saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasına sadiq olduqlarını bir daha təsdiqləyiblər. Görüşdə həmçinin Azərbaycan və Aİ arasında Tərəfdaşlıq Prioritetlərinin yenilənməsinin vacibliyi, həmçinin ikitərəfli gündəliyi bütün sahələrdə daha da irəli aparmaq məqsədilə mövcud dialoq mexanizmlərindən, o cümlədən Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının imkanlarından tam istifadə olunmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Antonio Koşta enerji təhlükəsizliyinin Aİ və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın təməl daşı olduğunu bildirib: “Dörd il əvvəl məhz bu gün Avropa İttifaqı Şurası Versalda qaz, neft və kömür tədarükü mənbələrimizin şaxələndirilməsi barədə qərar qəbul etdi. Cənub Qaz Dəhlizi sayəsində Azərbaycan bu səylərin mərkəzində dayanmışdı. Bu gün bu addımın təsiri göz qabağındadır”.
O, əlavə edib ki, İrandakı müharibə fonunda bu tərəfdaşlıq “hər zamankından daha önəmlidir”: “Aİ Azərbaycanın [təmiz] enerjiyə keçidini dəstəkləmək üçün özəl investisiyaların və maliyyələşmənin səfərbər olunmasına hazırdır. Biz, həmçinin Avropanın “təmiz texnologiyalar” sahəsində fəaliyyət göstərən şirkətlərini sizin iddialı planlarınızda daha yaxından iştirak etməyə təşviq edirik”.
Prezidentlər həmçinin Qara dəniz sualtı elektrik kabelinin çəkilişi layihəsi kimi elektrik enerjisi bağlantısı təşəbbüslərinin genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Avropa İttifaqı “Global Gateway” və digər müvafiq mexanizmlər çərçivəsində, o cümlədən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dəmir yollarının modernləşdirilməsinə dəstək daxil olmaqla, nəqliyyat bağlantıları sahəsində Azərbaycanla əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib. “Global Gateway” təşəbbüsü çərçivəsində Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq və investisiyaların gücləndirilməsi üçün İqtisadi Əməkdaşlıq üzrə Yüksək Səviyyəli İşçi Qrupunun yaradılması məmnunluqla qarşılanıb.
Antonio Koşta Ermənistanla sülh prosesində əldə olunmuş irəliləyişi “tarixi” hadisə adlandırıb. O, İranın bu yaxınlarda Naxçıvan hava limanına etdiyi hücumu pisləyərək Azərbaycan və xalqı ilə tam həmrəy olduğunu ifadə edib.
“Qlobal qeyri-sabitlik fonunda aramızdakı bağların gücləndirilməsi hər zamankından daha önəmlidir. Biz 2028-ci ildə Avropa Siyasi İcmasının sammitinə Azərbaycanın ev sahibliyi etməsini səbirsizliklə gözləyirik”, − Aİ Şurasının Prezidenti fikrini tamamlayıb.
Daha çox öyrənin
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın mətbuat üçün açıqlamaları





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,