2021-ci il üzrə Lorenzo Natali media mükafatına ərizə qəbulu başlayıb
Mart 4, 2021

2021-ci il üzrə Lorenzo Natali media mükafatına ərizə qəbulu başlayıb


Mart ayının 1-dən etibarən dünyanın aparıcı jurnalistika mükafatlarından biri olan Lorenzo Natali adına mükafat üçün ərizə qəbuluna başlanılıb. Sözügedən mükafat əsasən dayanıqlı inkişaf məsələlərini işıqlandıran jurnalistlərə təqdim olunur.

Lorenzo Natali media mükafatı 1992-ci ildə Avropa Komissiyası tərəfindən təsis edilib və söz azadlığı, demokratiya, insan haqları və inkişafın sadiq müdafiəçisi kimi tanınan keçmiş İnkişaf məsələləri üzrə Komissar Lorenzo Natalinin adını daşıyır.

Jurnalistlər öz işlərini üç nominasiyadan biri üzrə təqdim edə bilərlər:

  • Avropa İttifaqına tərəfdaş ölkələrdən birində fəaliyyət göstərən kütləvi informasiya vasitəsində dərc olunan reportajlar üçün təqdim olunan əsas mükafat.
  • Avropa İttifaqına üzv dövlətlərin birində fəaliyyət göstərən kütləvi informasiya vasitəsində dərc olunan reportajlar üçün təqdim olunan Avropa nominasiya üzrə mükafat.
  • Avropa İttifaqına üzv dövlətlərin və ya ittifaqa tərəfdaş ölkələrin birində fəaliyyət göstərən kütləvi informasiya vasitəsində dərc olunan və 30 yaşdan aşağı jurnalistə məxsus reportaj üçün təqdim olunan Gənc jurnalistlər nominasiyası üzrə mükafat.

Müraciətlərin son qəbulu tarixi 19 apreldir. Qaliblərin hər birinə 10000 avro dəyərində mükafat təqdim olunacaq. Gənc jurnalistlər nominasiyasının qalibinə həmçinin media tərəfdaşlarından birində təcrübə keçmək imkanı veriləcək.

Beynəlxalq Tərəfdaşlıqlar üzrə Komissar Jutta Urpilaynen adıçəkilən mükafat haqqında fikirlərini paylaşıb: “Lorenzo Natali Media Mükafatı vasitəsilə təhlükələrə baxmayaraq, həqiqətləri bildirən və ədalətsizlik, bərabərsizlik və ətraf mühitin deqradasiyası kimi mövzuları işıqlandıran cəsarətli jurnalistləri tanımağa müvəffəq oluruq”.

Qaliblər mükafatlandırma mərasimində elan ediləcək. Bununla bağlı tarix təsdiqləndikdən sonra məlumat veriləcək.

 



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,