Atalar məktəbi: xoşbəxt ailələr və gender bərabərliyi üçün uğurlu təşəbbüs
İyul 20, 2022

Atalar məktəbi: xoşbəxt ailələr və gender bərabərliyi üçün uğurlu təşəbbüs


Çoxsaylı araşdırmalar göstərir ki, ataların övladlarının tərbiyəsində fəal iştirakı onların inkişafına müsbət təsir göstərir. Atalarla keyfiyyətli vaxt keçirmək uşaqların davranışında, xoşbəxtliyində və idrak bacarıqlarında mühüm rol oynayır.

Yaxşı ata olmağın faydaları hamıya məlumdur, ancaq Şərq Tərəfdaşlığı regionunda dərin kök salmış gender stereotipləri kişilərin uşaqların tərbiyəsində fəal iştirakına mane olur.

Uşaqların böyüməsində və tərbiyəsində ataların rolunu artırmaq və kişilərə övladları ilə daha güclü əlaqələr qurmağa kömək etmək üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Aİ Gender Bərabərliyi Naminə” (EU 4 Gender Equality) layihəsi Şərq Tərəfdaşlığı ölkələrində atalar üçün 18 Atalar Məktəbi yaradıb.

Gürcüstandakı Atalar Məktəbində iştirak edən Laşa Çeişvilli deyir ki, sözügedən məktəb atalara öz qabiliyyətlərinə güvənməyə və daha yaxşı valideyn olmağa imkan yaradır.

Laşa Atalar Məktəblərindən faydalanan Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan 2 200-dən çox kişidən biridir.

Atalar Məktəblərində gender bərabərliyi diqqət mərkəzində saxlanılır. Burada həyat yoldaşları və ya partnyorları ilə birlikdə uşaqlara qulluq və ev işlərində kişilərə daha vicdanlı və məsuliyyətli valideyn olmağa köməklik edilir.

Həqiqətən də ataların ödənişsiz baxım işlərində iştirakı sosial-iqtisadi rifahın və gender bərabərliyinin əsas prinsiplərindən biridir. Avropa və Mərkəzi Asiyada qadınlar kişilərə nisbətən orta hesabla 2,5 dəfə çox vaxtını pulsuz baxım işlərinə sərf edirlər. COVID-19 pandemiyası qadınların üzərinə düşən bu yükü daha da artırıb və yeni qlobal hesablamalar göstərir ki, 2020-ci ildə 2 milyondan çox ana əmək bazarını tərk etmək məcburiyyətində qalıb.

Beləliklə, Atalar Məktəbləri kişilərin daha fəal ata olmasına kömək etməklə yanaşı, onlara həyat yoldaşlarının iqtisadi, siyasi və sosial həyatda tam iştirakını dəstəkləməsində və pulsuz ev işlərini birlikdə görməsində onlara yardım edir.

Moldovadakı Atalar Məktəbində iştirak edən Stanislav Qruqov deyir: “Uşaqlara baxan yalnız arvad olmamalıdır. Ər bu işlərdə bərabər şəkildə iştirak etməlidir. Hər ikisi övladlarının təhsili ilə məşğul olmalı, ev işlərini paylaşmalıdır”, – deyə o, təkidlə qeyd edir.

Müsbət atalıq həmçinin ailənin emosional rifahının artması və zorakılıq riskinin azalması ilə də əlaqələndirilir. Bu, həm də o deməkdir ki, kişilər gender bərabərliyini və münaqişələrin sülh yolu ilə həllini təşviq edən pedaqoqlar və qayğı göstərənlər rolunu və nümunəvi davranışı öz üzərlərinə götürürlər. Yaxşı ata olmaq aydın şəkildə digər valideynə hörmətlə yanaşmaq deməkdir.

“Atalar Məktəbində biz, gələcək atalar olaraq, məsuliyyətli valideynliyin nə olduğunu, uşaqlarımızı necə böyütməyimizi və son nəticədə zorakılığa gətirib çıxaran gender stereotipləri ilə necə mübarizə aparmağı öyrənirik. Mənim 17 yaşım var və necə ata olmaq istədiyimi artıq bilirəm. Mən mehriban olacağam, övladlarıma onları sevdiyimi söyləyəcəyəm. Uşaqların həyatında atanın rolu böyükdür. Atası ilə sıx təmasda olan uşaqlar məktəbdə daha yaxşı oxuyurlar və rahat həyat tərzinə malik olurlar”, – deyə Moldovada bir ildən artıqdır ki, Atalar Məktəbində iştirak edən Yonur Çintea qeyd edir.

Atalar Məktəblərinə dəstək məqsədilə layihə Atalar Məktəbləri üçün Təlimat Kitabçası hazırlayıb. Bu kitabça məktəb fasilitatorları tərəfindən istifadə olunur. Orada kişilərə həyatlarında müsbət, sağlam dəyişikliklər etmək üçün düşünməyə və kollektiv dəstək qazanmağa imkan verən bir sıra fəaliyyətlər yer alıb.

Həyat yoldaşı Qareginlə birlikdə Ermənistandakı Atalar Məktəbinin dərslərində iştirak edən Suzanna deyir: “Heç kəsə sirr deyil ki, kişi və qadın rolları ilə bağlı stereotiplər geniş yayılıb. Ətrafımızdakı bir çox cütlüklərin qarşılaşdığı problemlərdən qaçmaq üçün həyat yoldaşımla Atalar Məktəbində iştirak etmək qərarına gəldik. Məsələn, bəzi yeni ata olan şəxslər yenidoğulmuş uşağa qulluq göstərməkdən çəkinir və soruşurlar: “Mən körpəni düzgün saxlamasam və ya ona zərər versəm necə?” Dərslərdə digər məsələlərlə yanaşı, körpəni düzgün tutmağı və daşımağı öyrəndik. Hətta doğuş zamanı ağrıları azaltmaq üçün tənəffüs texnikasını da öyrəndik”.

Kişiləri uşaq baxımına daha çox cəlb etməyə həvəsləndirmək Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Şərq Tərəfdaşlığı ölkələrində BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi Naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramının əsas məqsədlərindən biridir.

Üçillik proqram gender rollarına dair sosial təsəvvürləri dəyişdirməklə, gender stereotiplərini aradan qaldırmaqla, kişilərin uşaq baxımı və digər məişət işlərində iştirakını artırmaqla qadınlar və kişilər üçün bərabər hüquq və imkanları gücləndirmək məqsədi daşıyır.

Bu məqalə Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb. Onun məzmunu Avropa İttifaqının fikirlərini əks etdirmir və məzmuna görə yalnız BMT-nin Qadınlar üzrə Agentliyi və UNFPA məsuliyyət daşıyır.



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,