“Heç vaxt peşman olmamışam”: Azərbaycanda qadınlardan ibarət minatəmizləyən qrupları yaradılıb
Mart 19, 2024

“Heç vaxt peşman olmamışam”: Azərbaycanda qadınlardan ibarət minatəmizləyən qrupları yaradılıb


“Mənim adım Aytəndir və mən Azərbaycanda ilk minatəmizləyən qadınlardan biriyəm”. Bunu Azərbaycanın şimal-qərbində yerləşən Qazax rayonundan olan gənc Aytən İsmayılova deyir.

Aytən 2023-cü ilin noyabrında Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Agentliyi (BMTİP) və digər qurumların yüksək səviyyəli rəsmilərinin iştirakı ilə keçirilmiş mərasimdə sertifikat alan 18 yeni təlim keçmiş minatəmizləyən qadından biridir.

Mina Məsləhət Qrupunun (MAQ) beynəlxalq ekspertləri tərəfindən keçirilmiş nəzəri və praktiki təlimlər sayəsində qadın minatəmizləyənlərdən ibarət ilk qrup minaların və partlamamış hərbi sursatların tanınması, aşkarlanması və işarələnməsi üçün əsas bilik, bacarıq və tələb olunan davranış, o cümlədən ilk yardımın göstərilməsi qaydalarına yiyələnib.

“Səhərlər hamı özü ilə məşğul olarkən mən çəkmələrimi təmizləyirəm. Heç vaxt peşman olmamışam, inadkar biriyəm və sonadək getməyi sevirəm. İşimi sevirəm deyə hər çətinliyin öhdəsindən gəlirəm”.

Aytən danışarkən gördüyü işdən və ölkəsinə verdiyi töhfədən qürur duyduğu gözə çarpır. 

“Ailəm həmişə hərbidə olub. Mən onların, atamın və qardaşımın, babamın və nənəmin yolunu davam etdirmək istəyirdim. Əmimi müharibədə itirmişəm, əmim oğlu Laçında mina partlayışı nəticəsində xəsarət alıb.  ANAMA-nın qadın minatəmizləyənləri işə götürdüyünü ilk eşidəndə ailəmə müraciət etmək istədiyimi bildirdim. Bu qərarımda atam məni dəstəklədi, digərləri buna razı olmadı, anam əmim oğlu ilə baş verən hadisəyə görə bunu istəmirdi”.

Aytən kimi Səmayə Əhmədli də hər zaman hərb sahəsinə maraq göstərib. Onun qardaşı müharibədə iştirak edib. “Ailəm əvvəlcə razı deyildi, ancaq atam qərarımı dəstəklədi, mənə dayaq oldu. Anam məni xüsusi geyimdə görməyə alışmamışdı, indi bunu rahat qəbul edir. O, hələ də bir qədər narahatdır, mənimlə mütəmadi əlaqə saxlayır”.

“İşə çox böyük həvəslə başladım. Bu işdə soyuqqanlı olmalısan, qorxu hissim yoxdur”, – deyə minatəmizləyən olmazdan əvvəl altı il coğrafiya müəlliməsi kimi çalışan Səmayə bildirir.

Səmayə əvvəlcə çətinlik çəkib, əsasən isti havalarda günəşin altında çalışmaq ona çətin gəlib, daha sonra isə buna alışıb: “Həmişə dərim ağ və həssas olub, günəşdən qaçırdım, amma burada qaraldım”, – deyə zarafat edir.

Hazırda Səmayə Azərbaycanda ilk olan bu təşəbbüsün bir parçası olmaqdan qürur duyur. 

Aytən də təlimlərin çətin olduğunu bildirir: “Əvvəlcə çox çətin idi. Həyəcanlı idim, amma asan gəlmirdi.  Keçdiyimiz davamlı təlimlər sayəsində öz işimi ən yaxşı şəkildə yerinə yetirmək üçün özümü getdikcə daha inamlı hiss edirəm”. 

Ailəsinin münasibəti ilə bağlı suala Aytən belə cavab verir: “Bilirlər ki, mən həmişə özümə yeniliklər axtarışındayam. Seçimimi başa düşdülər və mənə dəstək oldular”.

24 nəfərdən ibarət iki minalardan təmizləmə qrupu, o cümlədən 18 qadın minatəmizləyən Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin Beynəlxalq Avrasiya Mətbuat Fondu (IEPF) və Mina Məsləhət Qrupu ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi “ANAMA-nın potensialının artırılması ilə məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasının dəstəklənməsi” layihəsi çərçivəsində akkreditasiyadan keçib.



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,