Öz potensialını və unikallığını kəşf et! Rəqqasə Nigar Yıldırım Azərbaycanda inklüziv incəsənəti necə inkişaf etdirir?
İyul 11, 2023

Öz potensialını və unikallığını kəşf et! Rəqqasə Nigar Yıldırım Azərbaycanda inklüziv incəsənəti necə inkişaf etdirir?


Bir çoxumuz üçün rəqs sərbəstliyin, harmoniya əldə etməyin formasıdır və biz ona köklənən zaman qorxu, həyəcan barəsində unuduruq. Rəqs düşüncələrimizi ötürməyə, öz hekayəmizi danışmağa imkan verir, bu hər kəsin individuallığını aşkarlamağa kömək edən yaradıcılıqdır.

Nigar Yıldırımın həyatında rəqs, həssas qrupdan olan insanlarla iş kimi mühüm rollardan birini oynayır. O, bu yaxınlarda Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən EU4Culture layihəsi tərəfindən mobillik proqramı üzrə qrant alıb.

Bu, ilk növbədə Şərq Tərəfdaşlığı ölkələrinin qeyri-paytaxt şəhərlərində və qəsəbələrində mədəniyyət və yaradıcılıq sektorlarını dəstəkləyən dördillik layihədir. EU4Culture yaradıldığı vaxtdan mobillik qrantı üzrə üç müsabiqə keçirib və 274 nəfərin mobillik layihəsini dəstəkləyib.

İndi isə dördüncü mobillik qrantı müsabiqəsi elan edilib. Bu qrantlar incəsənət və mədəniyyət sahəsində mütəxəssislər üçün bilik mübadiləsinə və mədəniyyətlərarası dialoqa imkan yaratmaq məqsədilə təcrübə keçməyi, tanışlıq səfərlərini, konfransları, ixtisas artırmanı qarşılayır.

Bu unikal imkandan istifadə etmək üçün 18 yaşında və bu yaşdan yuxarı olan bütün mədəniyyət və yaradıcılıq sektorlarından şəxslər müraciət edə bilərlər.

Müsabiqə dörd növ mobillik təklif edir: qısamüddətli mobil layihələr (5-10 təqvim günü) – 1500 avroyadək; ortamüddətli mobil layihələr (5 həftəyədək) – 3500 avroyadək; uzunmüddətli mobil tədbirlər (12 həftəyədək) – 5000 avroyadək; virtual mobillik (onlayn iştirak) – 1000 avroyadək.

Müraciət etmək üçün tədbirlər planı və təklif olunan beynəlxalq mobilliyin büdcəsi Goethe Application Portal (GAP) vasitəsilə təqdim olunmalıdır. Müraciətlərin son qəbul tarixi 25 sentyabr 2023-cü il Mərkəzi Avropa vaxtı ilə saat 18:00-dır.

Qrantı əldə edən Nigar Yıldırım çox yaxında Yunanıstanın Afina şəhərində müasir sənətkar Devid Qlassdan “Yaradıcı praktika” və “Devised Theatre” intensiv kursu alacaq. Onun təcrübə və tədqiqatlarından BMT və “Save the Children” kimi təşkilatlar yararlanıb.

Nigar Yıldırımın məqsədi məhdud sağlamlıq imkanları olan insanları, əqli geriliyi olan və olmayan şəxsləri birləşdirən teatr tamaşaları ərsəyə gətirməkdir. Tamaşaların əsas məğzi ayrı-seçkilik, qadınlara qarşı zorakılıq və erkən nikahlar kimi sosial problemlər barədə məlumatlandırma və bu problemlərin həllindən ibarətdir.

Hər şey uşaqlıqdan başladı

“Dünya xalqlarının rəqs dərslərinin keçirildiyi N.Tusi adına Gimnaziyada oxuyurdum. Məşğələlərdən sonra hər şeyi yenidən işləmək xoşuma gəlirdi. O zaman dərk etmirdim ki, bu improvizasiyadır. Bundan başqa, musiqi ilə və ya musiqi olmadan gözlərimi qapayaraq bədənimin hərəkət etməsinə imkan vermək mənə daha asan gəlirdi, ətrafımda hər şey sanki genişlənirdi, hər şey daha əlçatan görünürdü və o andan başqa heç nə olmurdu.

Atam rəqslə bağlı peşə seçimimi dəstəkləmədi və mən digər profili seçdim – Bakı Slavyan Universitetinin Rus dili və ədəbiyyatı fakültəsinə qəbul oldum. Sonra Türkiyəyə köçdüm və yaradıcı layihələr üzərində işləməyə başladım. Kuba rəqsləri ilə maraqlandım, hətta onları öyrənmək üçün Kubaya uçdum. Daha sonra Türkiyədə kubalı kollektivdə çıxış edərkən proqrama dəyişiklik etmək istədim”, – N. Yıldırım deyir.

Ruhun rəqsi

“Beləliklə, heç kimin nəyi və necə etmək lazım olduğunu deməyəcəyi bir məkan yaratmaq ideyası gəldi. Bu istiqaməti “ruhun rəqsi” adlandırdım. Məşqlər hazırlamağa başladım və gələcək pedaqoqum Alito Alessinin müsahibəsinə rast gəldim. O, 1987-ci ildə ABŞ-də mənim hazırda öyrətdiyim “DanceAbility” metodunu yaradıb. Metod insanın öz potensialını, unikallığını aşkarlaması üçün alətlər təklif edir. Metodun müstəsnalığı ondadır ki, məşğələlərdə tamamilə hər kəs – azyaşlı şəxslər, hər cinsdən insanlar, məhdud sağlamlıq imkanlarına malik olanlar, əqli geriliyi olan və olmayan şəxslər iştirak edə bilər. 2016-cı ildə Avstriyada bu kursu aldıqdan bir il sonra Bakıya ailəmi ziyarət etməyə gəldim və burada qalmağa, aldığım bilikləri vətənimdə tətbiq etməyə qərar verdim. Hiss edirdim ki, ölkədə olmadığım illərdə inklüzivlik məsələlərində müsbət dəyişikliklər başlayıb və mən onların bir hissəsi olmaq istədim”, – deyə rəqqasə qeyd edib.

EU4Culture layihəsi barədə necə xəbər tutdum?

“EC layihəsi barədə dostlarım sayəsində xəbər tutdum. Onlar mənə seçimlərin başladığını bildirdilər. Müraciətdə hazırki fəaliyyət növünü təsvir etmək və qrant almaq istədiyim mobillik proqramını qeyd etmək lazım idi. Mən yenidən oxumaq və Devid Qlassın kursunu almaq istədim. Devid kollektivdə necə ümumi məhsul yaratmağı izah edir. Bu, yekunda tamaşanın necə olacağını göstərən rəhbərin olmadığı kollektiv işdir. Devid hər birimizin unikal olduğuna və öz ideyalarını qata biləcəyinə inanır. Onun kursu “Devised Theatre” adlanır və bu fikirlər məndə öz əksini tapdı. Hər il kursa 10 nəfər seçilir. Mənim təhsilim iyulda başlayacaq və bir ay davam edəcək.

Qrant üçün müraciət edərkən ölkəmə hansı faydanı gətirəcəyimi aydın şəkildə qeyd etməli idim. Məni narahat edən suallar inklüzivlik, bərabər hüquqlar, statistikaya görə əsasən qadınların məruz qaldığı məişət zorakılığı, həmçinin erkən nikahlar ilə əlaqəlidir. Yaradıcılıqda bu və digər sosial problemlərə toxunmaqla mən nəyin pis, nəyin yaxşı olduğunu göstərmək istəmirəm, mən hər kəsin fikrinə hörmətlə yanaşıram və heç nəyi məcbur yeritmək istəmirəm. İncəsənət vasitəsilə məsələn, insanların erkən nikaha daxil olduqda nə ilə üzləşə biləcəklərini göstərməyə çalışıram”, – Nigar Yıldırım deyir.

Həssas qrupdan olan şəxslərlə işləmək niyə vacibdir?

“Mənim dərs dediyim metod bütün insanların bərabər imkanları üçün yaradılıb. Proqramda 200-dən çox məşq var, onlar emosional vəziyyəti, fiziki aktivliyi, sosial vərdişləri, insanlar arasında kommunikasiyanı yaxşılaşdırır, empatiyanı, liderlik bacarıqlarını  inkişaf etdirir, komanda işinə yönəldir. Mənim üçün işdə yeganə meyar insanları sevməkdir, qalan hər şeyi öyrənmək olar.

Mən master pedaqoq oldum, 50 reabilitoloqa və psixoloqa dərs keçdim, indi isə onlar dərs keçirlər. İstəyirəm ki, hər kəsin fiziki aktivlik, özünüifadə və digər insanlarla əlaqə imkanı olsun. İnsanlar hər hansı səbəbdən bir-birindən təcrid olunmasın. Bəxtim gətirib ki, dünyanı və həyatı qavrayışı, gələcək barədə görüşləri və var olma hissi bu qədər fərqli olan insanlarla ünsiyyətdə olmuşam. Bu mənim şüurumu, ruhumu zənginləşdirir.

Devid Qlassın kursunu keçdikdən sonra sosial mövzuları əks etdirən tamaşalar qurmaq istəyirəm. Bəzən KİV-də çox mənfi informasiyalar olur və ola bilsin ki, bizim qavrayışımız üçün  bu və ya digər hadisənin nəticələri barəsində digər nümunələr, digər proyeksiya lazımdır. Bu istiqamətdə necə işləməyi ümid edirəm ki, Devid Qlassın kursunu aldıqdan sonra öyrənəcəyəm”, – deyə həmsöhbətimiz qeyd edir.

İşləməyə güc və stimulu nə verir?

“Yəqin ki, ilk öncə bu mənim terapiyamdır, mən özümü bu işsiz aydın təsəvvür etmirəm. Biz hər bir məşğələnin sonunda təəssüratlarımızı bölüşürük, təcrübəmizi qeyd edirik. Özünü, vəziyyətini təsvir edərkən kimi rəsm çəkir, kimisi sözlə ifadə edir, digərləri plastikanın köməyilə nümayiş etdirir. Yaşanılan istənilən təcrübə qiymətlidir və ən əsası biz onun barəsində məkanda danışa bilərik – burada qınaq yoxdur, heç kəs istehza ilə gülməyəcək, məsxərəyə qoymayacaq – burada dəstək var. Biz həyatda müxtəlif mərhələlərdən keçirik, həmişə tək olmayanda daha asan olur.

Bir il ərzində hər şənbə günü məhdud sağlamlıq imkanları olan şəxslər tamamilə pulsuz olaraq bizə gələ və özü ilə birini dəvət edə bilər. Zəif təminatlı ailələrin nümayəndələri, müharibə veteranları və onların qohumları, şəhid ailələrinin üzvləri məşğələlərdə tamamilə pulsuz iştirak edə bilərlər. Biz sosial şəbəkələrdə varıq, bizə yaza bilərlər. Bunun nə olduğunu, gimnastika və ya rəqs olduğunu anlamayanlara həmişə deyirəm ki, yaxşısı bir dəfə gəlmək və yoxlamaqdır”, – deyə o sonda deyib.

Nigar Yıldırımın layihəsi 2023-cü ildə seçilmiş və EU4Culture himayəsi altında Azərbaycan vətəndaşları tərəfindən həyata keçirilən 45 layihədən biridir. Bütünlükdə təşkilatçılar Azərbaycandan 56 müraciət qəbul ediblər. Hazırki mərhələdə qrantların əldə edilməsi üzrə yeni seçimlər aparılır. Bu imkandan mədəniyyət və yaradıcılıq nümayəndəsi olan Azərbaycan vətəndaşları yararlana bilərlər.

Qrant imkanları barədə daha ətraflı məlumat əldə etmək və müraciət etmək üçün linkə keçid edin.

Seçilmiş mobillik layihələri 15 noyabr 2023-cü il – 31 avqust 2024-cü il ərzində Aİ-nin üzv və tərəfdaş ölkələrində, həmçinin digər Avropa ölkələrində həyata keçirilə bilər.

Müəllif: Cani Babayeva

Məqalə dərc edildi: Milli.azDay.az



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,