Azərbaycanda peşə məktəblərinin məzunları üçün yeni imkanlar: Karyeranı 17 yaşında başla
Oktyabr 5, 2022

Azərbaycanda peşə məktəblərinin məzunları üçün yeni imkanlar: Karyeranı 17 yaşında başla


Azərbaycanda xidmət sahəsindən tutmuş istehsal sahəsinədək müxtəlif istiqamətlər üzrə ixtisaslı kadr çatışmazlığı müşahidə olunur. Statistikaya görə, məktəb məzunlarının yalnız 11%-i təhsilini texniki-peşə məktəblərində davam etdirir. Bazar iştirakçılarının bir hissəsinin ixtisası yoxdur. Bu, onların işlə təminatında çətinliklər yaradır və işsizliyin artması riski doğurur. Məhz bu səbəbdən son illərdə Azərbaycanda peşə təhsilinin müasirləşdirilməsi və ixtisaslı kadrların hazırlanması inkişaf prioritetlərindən birinə çevrilib. Avropa İttifaqı buna fəal dəstək verir. Bu baxımdan “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsini xüsusilə qeyd etmək lazımdır.

Layihə peşə təhsili sisteminin keyfiyyətini yaxşılaşdırır, bununla da orta ixtisas təhsili müəssisələri məzunlarının işlə təminatı imkanlarını artırır və işə götürənləri bazarın tələblərinə cavab verən bilik və bacarıqlara malik ixtisaslı kadrlarla təmin edir.

“Gələcək üçün peşə təhsili və təlimi” layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilir. Layihə 8 peşə təhsil müəssisəsini əhatə edir. Onların 4-ü Bakıda, 2-si Gəncədə, 2-si isə Cəlilabad və Şəki rayonlarında fəaliyyət göstərir. Hazırda dərzi, aşpaz, şirniyyatçı, mühasibat uçotu, o cümlədən veb-dizayn və proqram təminatı kimi peşələrə daha çox tələbat var.

Peşə təhsil müəsissəsində  təhsilini başa vurduqdan dərhal sonra iş tapmağı bacarmış məzunlar sırasında 17 yaşlı Məlahət Əzizova da var. Bakının Buzovna qəsəbəsində yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (5 nömrəli peşə məktəbində) aşpazlıq ixtisası üzrə təhsilini tamamladıqdan sonra Məlahət bu ilin yazında digər şagirdlərlə birlikdə “Amburan Mall” da yerləşən məşhur türk mətbəxi restoranı “Villa” ya praktikaya göndərilib.

Verilən tapşırıqların öhdəsindən məharətlə gələn Məlahət yayda aşpaz köməkçisi kimi işə qəbul edilib. Artıq 17 yaşında onun rəsmi iş yeri, normal məvacibi və gələcəyi üçün yaxşı perspektivləri var.

Məlahət UNDP-nin Azərbaycanda peşə təhsilinin dəstəklənməsi layihəsi çərçivəsində həyata keçirilən Dual Təhsil (Dual Education) proqramının iştirakçılarından biri olub. Bu proqram peşə məktəblərinin şagirdlərinə nəzəriyyəni öyrənməklə paralel olaraq real iş mühitində bacarıqlarını artırmağa imkan verir. Bu da təhsilin keyfiyyətini və məzunların işlə təminat imkanlarını artırır.

Düşünməzdim ki, şorbanın bu qədər növü var!

Məlahət Əzizova kulinariya sahəsini valideynlərinin tövsiyəsi ilə seçdiyini və əvvəlcə heç bir motivasiya hiss etmədiyini bildirib. “Aşpaz peşəsi mənə qeyri-ciddi görünürdü. Həmin vaxt belə düşünürdüm ki, yemək hazırlamağı hamı bacarır”, – Məlahət gülümsəyərək xatırlayır.

“Evimizdə həmişə dadlı yeməklər bişirilib və mən də lap uşaqlıqdan bu prosesdə iştirak etmişəm. Yemək bişirməyi öyrənmək üçün daha 2 il vaxt sərf etmək mənə qəribə görünürdü”, – gənc qız deyir.

Lakin sinifləri mətbəx və dərs hissələrinə bölünən peşə məktəbində oxumağa başladıqdan sonra Məlahət aşpazlıq sahəsinin özündə bir çox maraqlı nüansları gizlətdiyini kəşf edib.

“Əgər əvvəllər evdə kartofla toyuq qızartması, kotlet kimi sadə yeməklər və ya Azərbaycan mətbəxinin düşbərə və qutab kimi ənənəvi təamlarını hazırlayırdımsa, kurslarda müxtəlif kulinariya üsullarını, qeyri-adi souslardan istifadə yollarını, lazımi yumşaqlığı və bərkliyi əldə etməyin sirrlərini və s. öyrənmiş oldum. Heç vaxt düşünməzdim ki, şorbanın bu qədər növü var! Məhz bundan sonra məndə peşəmə maraq oyandı. Başa düşdüm ki, hələ öyrənməli çox şey var”, – o deyir.

Səhv etməkdən qorxmaq lazım deyil

Doğma xalasının yerli restoranlardan birində aşpaz işləməsi Məlahətə orada çalışmaq və əsl restoran mətbəxinin necə işlədiyini öz gözləri ilə görmək imkanı verib.

“Yadımdadır, bir dəfə mənə krevetli “Sezar” salatının inqrediyentlərini hazırlamaq tapşırılmışdı. Elə yenicə doğramağa başlamışdım ki, aşpaz mənə yaxınlaşıb bu salat üçün necə doğramaq lazım olduğunu göstərdi”, – müsahibimiz xatırlayır.

“Etiraf edim ki, əvvəlcə özümü narahat hiss edirdim. Daim gərginlik altında idim. Qorxurdum ki, bilmədiyim hansısa yeməyi hazırlamağı tapşırarlar, səhv edərəm, müştəri narazı qalar… Lakin tezliklə başa düşdüm ki, səhv etməkdən qorxmaq lazım deyil. Hər səhvdən sonra nəsə öyrənir, böyüyür və daha təcrübəli oluruq”, – o əlavə edir. 

Yeməklərin keyfiyyətinə və işçi heyətinin bacarıqlarına qarşı yüksək tələblərin olduğu “Villa” restoranında keçdiyi praktika zamanı Məlahət öz peşəkar inkişafını davam etdirir.

Burada qəhrəmanımız ilk dəfə olaraq müxtəlif peşəkar mətbəx texnikaları ilə tanış olub, tavada alov şousu etməyi və füsunkar türk qəlyanaltıları hazırlamağı öyrənib. O, ən çox manqalda qızardılmış badımcandan hazırlanan türk paşteti olan ‘mutabbəl’, həmçinin xırda bulqura pomidor, göyərti və albalı şirəsi əlavə etməklə hazırlanan ‘albalılı kısır’ hazırlamağı sevir. Gənc aşpaz deyir ki, albalı şirəsi qəlyanaltıya açıq çəhrayı rəng və ədvalı tam verir.

Məlahət hər iki məzənin qonaqlar arasında böyük populyarlıq qazandığını və gün ərzində orta hesabla 40 porsiya hazırladığını bildirib. 

Öyrənməli, can atmalı çox şey var

“Mətbəxdə həmişə səs-küylüdür, az qala xaos hökm sürür. Qab-qacağın və hazırlanan yeməyin səsi bir-birinə qarışır, hər kəs tələsərək nəsə edir, baş aşpaz sifarişlərin gecikməməsi üçün hamını tələsdirir. Bu, kifayət qədər çətin və yorucu işdir, amma bu abu-hava mənim çox xoşuma gəlir. Bu mühitdə özümü çox rahat hiss edirəm”, – qız deyir.

İlk rəsmi iş yerini o belə təsvir edir: “Burada çox motivasiyalı mühit hökm sürür, kollektiv mehribandır, yüksək keyfiyyət standartlarına önəm verilir. Burada öyrənməli və can atmalı çox şey var”.

Peşə yoluna yenicə qədəm qoyan gənclərə Məlahət emosional güclərini ətrafdakıları nəyəsə inandırmağa sərf etməməyi, yeniliklərə açıq olmağı və səhv etməkdən qorxmamağı, həmçinin daim özünə inanmağı tövsiyə edir.

BMT-nin İnkişaf Proqramının Azərbaycanda peşə təhsilinin dəstəklənməsi üzrə icra etdiyi sözügedən layihə çərçivəsində həyata keçirilən “Dual Education” proqramı təkcə tələbələr üçün deyil, peşə təhsil müəssisələrii üçün də faydalıdır. Bununla peşə müəssisələri birbaşa özəl sektorla sıx əlaqələr qura bilir və bazarın tələbinə uyğun olaraq öz fəaliyyətinə daha çevik dəyişikliklər etmək imkanı qazanır.

Hazırda “Dual Education” proqramı peşə təhsil müəssisələrində təhsil alan 130 qız və oğlan tələbəni əhatə edir.

Hər kəs peşəyə gələ bilər

“Hazırda şagirdlərə öz biliklərini onlayn qiymətləndirmək və nəticələrlə avtomatik tanış olmaq imkanı verən innovativ platforma hazırlanıb və uğurla sınaqdan keçirilib.”, – layihənin meneceri Eltəkin Ömərov deyib. 

“Bundan başqa, yaxın zamanda məzunlara işlə təminat və karyera məsələlərində dəstək olmaq üçün portal istifadəyə veriləcək. Bu platforma müəyyən ixtisas üzrə qeydiyyatdan keçmiş tələbələrə bu sahədə fəaliyyət göstərən və onların təhsil aldığı peşə məktəbinin rəsmi tərəfdaşları olan şirkətlərə və təşkilatlara çıxış əldə etmək imkanı verəcək”, – o əlavə edib.

Layihə ölkənin digər regionlarında da müxtəlif istehsal növlərini dəstəkləyir. Bura Cəlilabadda mebel istehsalı sexi, Gəncədə İnnovasiyalar Mərkəzinin nəznində emalatxana daxildir. Həmçinin, layihənin sonunadək qrant müsabiqəsinin keçirilməsi planlaşdırılır. Müsabiqənin nəticələrinə əsasən ən uğurlu biznes ideyalarının müəllifi öz işini qurmaq üçün layihədən lazımi avadanlıqla təmin ediləcək.

Qeyd olunmalıdır ki, peşə təhsili ən qısa zamanda sabit və ləyaqətli gəlir əldə etməyə şərait yaradan tətbiqi peşələrə yiyələnməyə imkan verir. Bu sahənin digər cəlbedici tərəfi yaşından, cinsindən və ya akademik nailiyyətlərindən asılı olmayaraq, hər kəs üçün əlçatan olmasıdır.

#SənDəPeşəyəGəl peşə təhsilinin imkanları haqqında informasiya kampaniyasının heşteqidir. Bu heşteqdən istifadə edərək mövcud kurslar və digər fürsətlər barədə faydalı məlumatlar əldə edə bilərsiniz.

Müəllif: Yelena Ostapenko

Məqalə dərc edildi: 1news.az



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,