Elektron imza rəqəmsal gələcəyə doğru ən mühüm addım
Noyabr 22, 2021

Elektron imza rəqəmsal gələcəyə doğru ən mühüm addım


Təsəvvür edin ki, kiçik sahibkarlıq müəssisəniz var və hər gün sənədlərin imzalanmasına saatlarla vaxt itirirsiniz. Başqa tərəflərin asanlıqla tanıyacağı etibarlı elektron identifikasiya xidmətindən istifadə edərək dünyanın istənilən yerindən sənədləri elektron şəkildə imzalamaq imkanınız olsaydı, daha asan olmazdımı?

Müasir 21-ci əsrdə ticarətdən tutmuş dövlət xidmətlərinə qədər hər şeyin rəqəmsallaşdığı bir dövrdə onlayn məkana inam məsələsi mühüm əhəmiyyət daşıyır. Hansı məlumat mənbəyinə, hansı sənədlərə etibar etmək olar? Həmin mənbə və sənədləriin etibarlı olub-olmadığını necə yoxlaya bilərik? İxtisaslı elektron imza (eSignature) fərdi şəxslərə sənədləri uzaqdan imzalamağa imkan verən texnoloji həlldir. Elektron imza sənədin həqiqiliyinə zəmanət verir, ölkənin hüdudlarından kənarda etibarlıdır və onlayn etimad və təhlükəsizliyi artırarkən insanlara vaxta qənaət etməyə kömək edir.

Elektron imzanın xaricdə etibarlı olması üçün Avropa İttifaqının EU4Digital proqramı transsərhəd elektron imza üzrə pilot layihə həyata keçirmişdir. Bu pilot layihə çərçivəsində transsərhəd qarşılıqlı tanınmaya hazırlığın artırılması məqsədi ilə seçilmiş Şərq Tərəfdaşlığı ölkələri – Moldova və Ukrayna və Aİ-yə üzv ölkə Estoniya arasında transsərhəd elektron imzaların fəaliyyəti sınaqdan keçirilib. Bu həll yalnız üç ölkə arasında sınaqdan keçirilsə də, elektron imza beynəlxalq rəqəmsal iqtisadiyyatın mühüm struktur komponentlərindən biridir. Pilot layihə Şərq Tərəfdaşlığı regionunda daha geniş tətbiqin əsasını qoymağa, digər Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Belarus, Ermənistan və Gürcüstan üçün əldə olunan təcrübələr təmin etmək və bu ölkələr arasında və gələcəkdə Aİ ilə etimad xidmətlərin qarşılıqlı tanınmasına hazırlığı gücləndirmək imkanı verir.

Elektron imza üzrə pilot layihə nədən ibarətdir?

İxtisaslı elektron imza və digər rəqəmsal etimad xidmətləri ilə elektron sənədləri asanlıqla imzalamaq və mübadilə etmək mümkündür. Bu həllər beynəlxalq rəqəmsal iqtisadiyyatın fundamental komponentləridir. Özünüzə sual verin: Şərq Tərəfdaşlığı ölkələrində yaradılmış sənədləri hazırda hansı ölkələr tanıya bilər? Ayrı-ayrı Şərq Tərəfdaşlığı ölkələrinin qanunvericiliyi Avropa qaydalarına uyğundurmu?

Avropa İttifaqında rəqəmsal etimad xidmətləri (Elektrom imza daxil olmaqla) eIDAS Reqlamenti tərəfindən tənzimlənir. Bu reqlament Aİ-yə üzv olan 27 ölkədə elektron identifikasiya (eID) və elektron imza üçün vahid bazanı formalaşdırır. Bununla belə, Şərq Tərəfdaşlığı ölkələri ilə Aİ arasındakı texnoloji, təşkilati və hüquqi bazalar fərqlidir. Bu fərqlər onu göstərir ki, rəqəmsal həllər heç də həmişə sərhədlər arasında qarşılıqlı əlaqə yaratmır və elektron imza üzrə pilot layihə məhz bu zaman işə yarayır.

Elektron imza üzrə pilot layihəsi 2020-ci ilin aprelində icra olunmağa başlayıb. Layihənin əsas məqsədi iki Şərq Tərəfdaşlığı ölkəsi – Ukrayna və Moldova və bir Aİ-yə üzv ölkə – Estoniya arasında transsərhəd elektron imza həllinin fəaliyyətini sınaqdan keçirmək olmuşdur. Pilot layihədə iştirak edən ölkələr ilk növbədə ümumi prinsip və formatlarla bağlı razılığa gəlməli idilər. Buraya ixtisaslı elektron imzaların (rəqəmsal imzaların) transsərhəd qarşılıqlı tanınmasını təmin etmək üçün zaman işarəsinin qoyulması, doğrulama mexanizmləri, sertifikatın statusunun yoxlanılması daxildir. İlk baxışda ümumi prinsiplər sadə görünə bilər, lakin praktiki nöqteyi-nəzərdən texniki icra sərhədlərdən kənarda texniki cəhətdən işlək və qarşılıqlı fəaliyyət göstərə bilən elektron imza həllini təmin etmək üçün çoxtərəfli mühitdə mürəkkəb əlaqələndirilmiş fəaliyyətlər tələb edir.

Elektron imza üzrə pilot layihə hansı dəyişiklikləri yaratdı?

Pilot layihələr zamanı pilot ölkə komandaları transsərhəd qarşılıqlı fəaliyyət göstərən elektron imza xidmətinin yaradılması üzrə praktiki təcrübə əldə ediblər. Bununla onlar rəqəmsal etimad xidmətlərinin daha da inkişafı və transsərhəd qarşılıqlı tanınmasına hazır olmaq istiqamətində addımlar atıblar.

Altı Şərq Tərəfdaşlığı ölkəsi üçün EU4Digital Etimad və təhlükəsizlik şəbəkəsinin əlaqələndiricisi vəzifəsində çalışmış Gürcüstan Rəqəmsal İdarəçilik Agentliyinin sədr müavini Nikoloz Qaqnidze bildirib ki, sözügedən pilot layihə Şərq Tərəfdaşlığı ölkələrində transsərhəd elektron imza üçün texniki və qanunvericilik dəyişikliklərinə yol açmaq məqsədi daşıyır. Növbəti mühüm addımlardan biri Şərq Tərəfdaşlığı ölkələri, daha sonra isə Aİ-yə üzv ölkələr arasında qarşılıqlı tanınma haqqında sazişlərin imzalanması ola bilər.

Qaqnidze bildirib ki, rəqəmsal etimad xidmətlərinin tanınması baxımından Şərq Tərəfdaşlığı ölkələri Avropa standartlarından cəmi bir neçə addım geridədir və Gürcüstan, Ukrayna və Moldova bu istiqamətdə liderdir. “Bizim qanunvericiliyimiz eIDAS Rqlamentinə uyğundur, lakin ŞT ölkələri və Aİ ilə tam uyğun olması üçün təkmilləşdirilməli olan digər texniki və prosedur məsələlər var. O zaman biz elektron imzaları [sərhədlər hüdudunda] qarşılıqlı olaraq tanıya bilərik”.

Layihənin son məqsədi elektron imzaların transsərhəd qarşılıqlı tanınmasına hazırlığın artırılmasıdır. Rəqəmsal etimad sertifikatları verən Gürcüstan Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin rəhbəri Giorgi Jijeişvilinin sözlərinə görə, “vətəndaşların şəxsiyyət vəsiqəsi ilə imzaladığı sənədlər Aİ ölkələri tərəfindən tanınacaq və qanuni qüvvəyə malik olacaq. Bu, bizi Aİ ilə yaxınlaşdıran çox mühüm addım olacaq. Əlbəttə viza rejiminin liberallaşdırılmasından sonra. Bu təşəbbüs olmasaydı, elektron imzaların [Aİ tələblərinə uyğun] hazırlanmasında böyük çətinliklərlə üzləşərdik, çünki bu proses siyasi iradə ilə yanaşı, həm də texniki tərəfdən asılıdır. Pilot layihə hər iki istiqaməti dəstəkləyir”. 

Qarşılıqlı tanınma

EU4Digital tərəfindən sınaqdan keçirilmiş transsərhəd elektron imzanın olduqca mühüm əhəmiyyətə malik olduğu sahə: onun üstünlüklərini Şərq qonşuluğu ölkələrinə genişləndirmək istiqamətində əsas amillərdən biridir. EU4Digital proqramı pilot layihənin təcrübəsinə əsaslanaraq və Aİ standartlarına uyğun olaraq Şərq Tərəfdaşlığı regionunda elektron identifikasiyanın qarşılıqlı tanınmasına hazırlığın təkmilləşdirilməsi məqsədilə pilot layihənin iştirakçıları üçün praktiki tövsiyələr hazırlayıb. 

EU4Digital proqramının Etimad və təhlükəsizlik şəbəkəsinin rəhbəri Martinas Daugirdas deyir ki, “Elektron imza üzrə pilot layihə etibarlı rəqəmsal xidmətlərin beynəlxalq səviyyədə qanuni olaraq tanınacağı rəqəmsal gələcəkdə böyük dəyişikliklərə doğru kiçik bir addımdır. “EU4Digital proqramı olaraq biz transsərhəd elektron xidmətlərin qarşılıqlı fəaliyyətinə dair bazanın müəyyən edilməsi üzərində işləyirik. Bu baza sərhədlərdən kənarda vətəndaşların və müəssisələrin daha yaxşı həyatı üçün qarşılıqlı fəaliyyət göstərən elektron xidmətlərin hazırlanması və istifadəsi istiqamətində uyğunlaşdırılmış fəaliyyətlərin həcmini təyin etmək üçün hazırlanmışdır.”

EU4Digital proqramı vasitəsilə Avropa İttifaqı qarşısına iddialı məqsədlər qoyub. EU4Digital proqramının Etimad və təhlükəsizlik şəbəkəsinin rəhbəri Martinas Daugirdas həmçinin bildirib: “Biz ölkədə və xaricdə müəssisə və vətəndaşlar üçün hər şeyin rəqəmsal, qarşılıqlı fəaliyyət göstərə bilən, etibarlı və buna görə də qüsursuz bir xidmət olduğu rəqəmsal paradiqmanı rəhbər tutaraq rəqəmsal gələcək üçün tempi müəyyən etməyə çalışırıq. Bu istiqamətdə realist qalmaq üçün biz konsepsiyaların erkən təsdiqini əldə etmək, bütün iştirakçıları öyrənmək, paylaşmaq və həvəsləndirmək üçün bir sıra transsərhəd pilot fəaliyyətləri təqdim etdik.”

EU4Digital proqramının rəqəmsal etimad xidmətləri sahəsində həyata keçirdiyi pilot layihələrin məqsədi, müasir 21-ci əsrdə olan cəmiyyətdə iki ölkə arasında rəqəmsal iqtisadiyyatı asanlaşdıran və inkişaf etdirən qarşılıqlı rəqəmsal etimad xidmətlərinin tanınmasına imkan verə biləcək proseslər, vasitələr və texnologiyaların olduğunu sübut etmək məqsədi daşıyır. EU4Digital proqramı olaraq biz elektron imza üzrə pilot layihələri digər Şərq Tərəfdaşlığı ölkələrinə genişləndirməyi səbirsizliklə gözləyirik.

Rəqəmsal iqtisadiyyatda etimad və təhlükəsizliyi inkişaf etdirməklə Aİ müəssisələr və vətəndaşların ehtiyac duyduğu elektron əməliyyatları sadələşdirir, onları daha təhlükəsiz, daha sürətli və daha ucuz edir və telekommunikasiya, enerji, nəqliyyat və bankçılıq kimi sektorlarda mühüm əhəmiyyətə malik rəqəmsal infrastrukturun davamlılığını dəstəkləyir. Bu, iqtisadiyyatın daha güclü və dinamik olmasına və istehlakçı inamının artmasına səbəb olur.

Elektron imza üzrə transsərhəd pilot layihələr və EU4Digital təşəbbüsü haqqında daha ətraflı öyrənin.



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,