Ədalət uğrunda mübarizə aparmaq və konkret problemləri həll etmək üçün KİV-lərin dəstəyə ehtiyacı var
Dekabr 15, 2022

Ədalət uğrunda mübarizə aparmaq və konkret problemləri həll etmək üçün KİV-lərin dəstəyə ehtiyacı var


Aİ-də və bir çox başqa ölkələrdə onlayn xəbərlər üçün ödəniş etmək adi haldır. İnsanlar bir vaxtlar qəzet almağa adət etdikləri kimi, keyfiyyətli və müstəqil jurnalistika üçün pul ödəməli olduqlarını yaxşı dərk edirlər. Məsuliyyətli idarəçiliyin təmin edilməsində, ədalətsizliklə mübarizədə, konkret məsələlərin həllində, eləcə də icmaların qurulmasında kütləvi informasiya vasitələrinin oxucuların üzvlüklərinə, abunə və ya ianələrinə ehtiyacı var. 

Məsələn, 2020-ci ildə “The Guardian” qəzeti hər üç saatdan bir ətraf mühit haqqında məqalələr dərc etməklə planetin xilası uğrunda mübarizədə aparıcı qüvvəyə çevrildi. Bu aparıcı Britaniya qəzeti onlayn olaraq pulsuz olaraq qalır, lakin qəzet birdəfəlik və təkrar ianələr və oxucuların abunələri olmadan fəaliyyət göstərə bilməzdi.

Şərq Tərəfdaşlığı ölkələrində artan siyasi və iqtisadi təzyiq və dəstəkdən asılılıq, müharibənin fiziki və psixoloji təsirləri və resursların tükənməsi fonunda müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətinin qorunub saxlanılması sözün əsl mənasında bir sınaqdır.

Bununla belə, regionda fəaliyyət göstərən cəsarətli müstəqil kütləvi informasiya vasitələri bu tendensiya ilə mübarizə aparmağa davam edirlər. Dekabrın əvvəlində keçirilən Şərq Tərəfdaşlığı Media Konfransında Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan peşəkar jurnalistlər öz icmalarına məlumat almaqla yanaşı, konkret məsələləri həll etməkdə necə kömək etdikləri barədə maraqlı hekayələrini bölüşüblər. Onların heç biri heç vaxt “The Guardian” kimi qlobal media qurumunun sahib olduğu resurslara malik olmayacaq, lakin onlar da ictimaiyyət üçün çalışırlar və mümkün olduğu qədər yaşadıqları cəmiyyətin dəstəyinə ehtiyacları var.

Ermənistan: “Hətta beynəlxalq reportyorlar olmayanda belə, biz xəbər verirdik” – CivilNet.am internet səhifəsinin baş redaktoru Karen Harutyunyan

CivilNet.am internet səhifəsi 2020-ci ildə ikinci Dağlıq Qarabağ müharibəsi zamanı beynəlxalq medianın etibar etdiyi yeganə mənbə olub. Bu sayt, ingilis dilində orijinal məzmun, o cümlədən videolar hazırlamaqla beynəlxalq ictimaiyyət və media üçün əsas məlumat mənbəyinə çevrilib. “Bizim reportajlarımız böyük əhəmiyyətə malik idi. Münaqişə zamanı hətta fransız və rus dillərində reportajlarımız var idi, ona görə də insanlar baş verənlər haqqında məlumatlı idilər”, – deyə CivilNet.am internet səhifəsinin baş redaktoru Karen Harutyunyan bildirib.

“Hətta beynəlxalq reportyorlar olmayanda belə, biz xəbər verirdik, bizim xəbər büromuz var idi. Müxbirimiz gülləbaranlardan qorunmaq üçün zirzəmidə işləyirdi. O, gündəlik tutub, baş verən hadisələri ora yazırdı. Onun bu işinin nəticəsi oldu. Nəhayət, bu gündəliklər əsasında ingilis dilində sənədli film çəkildi. Bu, 2020-ci ildə baş verən müharibə ilə bağlı çəkilən bir neçə sənədli filmdən biridir”, – deyə Harutunyan əlavə edib.

Karen Harutyunyan, CivilNet.am saytının baş redaktoru

Karen Harutyunyan hesab edir ki, redaksiyası təbliğatla mübarizə sahəsində çox iş görüb, hətta dezinformasiya tələsindən qurtulan insanların həyatını xilas edib. “2020-ci ildəki müharibədən danışarkən onun tam olaraq təbliğat səbəbindən başladığını deyə bilərik. Bu, yerli sakinlərlə yanaşı, orada, cəbhə xəttində çalışan, bəzən həyatlarını riskə atan jurnalistlər üçün də problem yaradırdı. Yenidən təbliğata qayıdaq, jurnalistlər və KİV-lər daha sərbəst şəkildə işləyə bilsəydi, daha yaxşı olardı. Hərbi vəziyyətin tətbiqi ilə çoxlu məhdudiyyətlər var idi və çox şeylər barədə məlumat verməyək deyə güclü təzyiq altında çalışırdıq”. 

Gürcüstan: “Araşdırma apardıq və gördük ki, polis fəaliyyətsiz dayanaraq 53 jurnalist və fəala qarşı hücumların qarşısını ala bilməyib” – publika.ge saytının baş redaktoru Lika Zakaşvili 

Gürcüstanın “Publika” layihəsində cəmi 10 jurnalist fəaliyyət göstərir, lakin bu, komandaya cəsarətli maqələlər yazmağa mane olmur, insanları onları oxumağa və bu cür məqalələrin onların həyatı üçün nə üçün vacib olduğunu anlamağa həvəsləndirir.

Məsələn, 2021-ci il iyulun 5-də Tbilisidə keçirilən gey paradda fəallar və media nümayəndələri ultra-sağçı əks-nümayişçilər tərəfindən zorakılığa məruz qalır və Publika-nın bununla bağlı araşdırması bütün yerli yayımçılar tərəfindən işıqlandırılır. Gürcüstanın Daxili İşlər Nazirliyi isə sözügedən araşdırmanı “istintaq üçün vacib videomaterial” kimi istifadə edib. 

Lika Zakaşvili, Publika.ge saytının baş redaktoru

“Həmçinin bizim videogörüntü əsasında Ombudsman Baş Prokurorluğa müraciət edərək əks-nümayişin təşkilatçılarının cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Araşdırmamız göstərdi ki, hüquq-mühafizə orqanlarının əməkdaşları sadəcə yaxınlıqda dayanıb və 53 jurnalist və fəala qarşı törədilmiş zorakılıq hərəkətlərinin qarşısını almayıblar. Bu material etibarlı peşəkar birliklər tərəfindən ilin ən yaxşı videoreportajı kimi mükafata layiq görülüb”, –  Publika.ge saytının baş redaktoru Lika Zakaşvili deyib.

Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlə birlikdə təqdim olunan sübutlar arasında Publika saytının 5 iyul hadisələri ilə bağlı reportajı da var.

Azərbaycan: “Azərbaycanda araşdırma materiallar üzərində işləyən yeganə kütləvi informasiya vasitəsi bizik” – Abzas xəbər saytının icraçı direktoru və baş redaktoru Ülvi Həsənli

Abzas Azərbaycanda fəaliyyət göstərən çox az sayda müstəqil kütləvi informasiya vasitələrindən biridir və bu komanda əhəmiyyətli sayda auditoriya (son bir il ərzində 215 000 sosial media istifadəçisi və 50 milyon video məzmuna baxış) toplaya bilib. Belə bir auditoriya Abzas-a məlumatları geniş oxucu kütləsinə çatdırmağa imkan verir. Ancaq xəbər saytının icraçı direktoru vəbaş redaktoru Ülvi Həsənli bildirir ki, onun komandası hələ də bir çox problemlərlə üzləşir. 

“Özümün də fəxr etdiyim bir araşdırma layihəmiz var. Bəlkə də ölkəmizdə araşdırma materiallar üzərində işləyən yeganə kütləvi informasiya vasitəsi bizik. İkinci Qarabağ müharibəsindən sonra hökumət dağıdılmış evlərin və binaların bərpasına yönəlmiş proqramın icrasına başladı. İki il ərzində bu layihələrə 5,3 milyard ABŞ dolları ayrılıb. Biz bu mövzunu araşdırmaq qərarına gəldik. Məlum oldu ki, ayrılan büdcənin bir hissəsi hökumət orqanları və onların ailələri ilə əlaqəli olan şirkətlərin sərəncamında olub”, – deyə Ülvi Həsənli bildirib.

Ülvi Həsənli, Abzas xəbər satyının icraçı direktoru və redaktoru

Artıq araşdırmanın doqquzuncu hissəsi hazırdır. “Biz müxtəlif sahələrdə səlahiyyətdən sui-istifadə halları barədə xəbər veririk. Düşünürəm ki, bütün məqalələr dərc edildikdən sonra, müəyyən reaksiya müşahidə edə biləcəyik”, – deyə o, əlavə edir.

Komanda rəqəmsal texnologiyalarla çalışmaq üçün xeyli səy göstərib. “2022-ci ildə 20 000 izləyicimizin olduğu TikTok kanalını açdıq. Son beş ayda videolarımıza 5 milyona yaxın baxış var. Ona görə də biz sosial şəbəkələrdə paylaşım etməkdə çox maraqlıyıq”, – deyə Ülvi Həsənli qeyd edib.

Ukrayna: “Biz yerli hadisələr üzərində işləməkdən çəkinmirik” – Rubryka-nın ingilis dilində olan versiyasının redaktoru Aleksandra Voronina

Rubryka Ukraynada “həll jurnalistikası” formatında fəaliyyət göstərən ilk kütləvi informasiya vasitəsidir. Bu nə deməkdir? Rubryka təkcə problemlərdən deyil, həm də onların milli, ictimai və hətta şəxsi səviyyədə necə həll oluna biləcəyindən bəhs edir. Aleksandra Voronina saytın ingilis dilində olan versiyasına cavabdehdir və bildirir ki, müharibə səbəbindən Rubryka-da daha çox xəbərlər dərc olunur, jurnalistlər qaynar nöqtələrdən xəbər verir. Ancaq bir çox cəsarətli layihələr də işıq üzü görüb. 

“Mən həqiqətən yerli hadisələr üzərində işləməkdən çəkinmədiyimizi çox xoşlayıram. Bir çox istiqamət var. İcazə verin sizə bir nümunə deyim. Biz müharibə kontekstində icmalara həll yollarını necə tapmalarını izah edirik. Ukraynada ətraf mühitə qarşı müharibə cinayətləri məsələsini misal gətirmək olar. Biz ekspertlərin rəyini öyrənirik. “Tuzlovski Limani” Milli Parkına gedərək çoxlu sayda sahilə çıxan Qara dəniz delfinlərinin ölümü ilə bağlı xəbər verən jurnalistimizin yazılarını xatırlayıram. Ukraynada onlar qorunur, lakin bu problem bütün Qara dəniz hövzəsinə yayılıb. Biz təkcə Rusiyanın cinayətlərindən deyil, həmçinin ekspertlərdən ekosistemin bərpası yolları barədə soruşduq”, – Aleksandra Voronina bildirib. 

Aleksandra Voronina, Rubryka saytının nümayəndəsi

Ukraynalılar bu növ məzmunda maraqlıdırlar, çünki onlar bu mühitin içində yaşayırlar. “Biz həmçinin bu cinayətlərə dair hesabatların hazırlanması və sonra dəymiş ziyanın ödənilməsinə nail olmağı, eləcə də əraziləri bərpa etməyi, vacib olan yerlərdə konservasiyanın həyata keçirilməsi haqqında düşünürük”.

Moldova: “Onlayn kütləvi informasiya vasitəsi üçün oflayn fəaliyyətlərə təşəbbüs göstərmək də çox vacibdir” – Interakt media şirkətinin icraçı direktoru İrina Gelbur

Agora layihəsi bir əməkdaşla başlayıb. İndi bu layihə güclü komandadan ibarətdir və Moldovanın ən innovativ kütləvi informasiya vasitələrindən biridir. Layihə yalnız mənfəət üçün deyil, auditoriyanın inkişafı üçün üzvlük modelini tətbiq edir. 

“İnsanların Agora ilə bağlı ən çox xoşuna gələn cəhət bizim icma toplantılarımızdır. Onlayn kütləvi informasiya vasitəsi olaraq bəzi oflayn fəaliyyətlərə təşəbbüs göstərmək də çox vacibdir. Biz bu tədbirləri olduqca yaradıcı formatda təşkil etdik. Biz insanları bizimlə görüşmək və bizi narahat edən mühüm mövzuları müzakirə etmək üçün binamızın damına dəvət etmişik. 10 görüşə 1 000-dən artıq insan qatılıb. İnsanlar komandamız ilə tanış olur, konkret məsələləri müzakirə edirlər. Bu görüşlərdə iş yerlərinin və sahibkarlıq müəssisələrinin hibridləşdirilməsi, biznesin rəqəmsallaşdırılması, Moldovada qeyri-adi turizm marşrutları, transmilli korporasiyalar və praktiki bacarıqların idxalı və s. kimi bir çox mövzu gündəmdə olur”. Bunu Agora layihəsini hazırlayan Interakt media şirkətinin icraçı direktoru İrina Gelbur deyib.

İrina Gelbur, Interakt şirkətinin icraçı direktoru

Məsələn, 2018-ci ildə təkrar emal siyasəti ilə bağlı ciddi müzakirələr aparılırdı. Bu mübahisəli mövzu ilə bağlı silsilə məqalələr yazılmağa başladı. “Hətta bir konkret məqaləni xatırlayıram – müxbirimiz “Polietilen torbalar haqqında” qanuna işlək olmayan düzəlişləri qeyd etmişdi və bu, dəyişikliklərin dəyişdirilməsinə və qanunun qüvvəyə minməsinə səbəb olmuşdu”. 

Belarus: “Genişmiqyaslı müharibədən sonra etməli olduğumuz ilk şey mediamızı yenidən təşkil etmək oldu”Zerkalo.io saytının kommunikasiya üzrə direktoru Aleksandra Puşkina

Belarusdakı vəziyyət fəallar və müstəqil jurnalistlər üçün inanılmaz dərəcədə təhlükəlidir. Lakin kütləvi informasiya vasitələrinin nümayəndələri, hətta ən çətin şəraitdə belə, təhlükəsizlik və azadlıqlarını itirmək qorxusuna baxmayaraq, Belarusda qalanlara ən vacib məlumatları çatdırmaqda davam edirlər.

Bundan əlavə, Rusiyanın Ukraynaya qarşı müharibəsi yeni problemlər yaradıb. Belarus hökuməti 2021-ci il mayın 18-də müstəqil Tut.by saytını bloklayıb, rəhbərliyi həbs edib və şirkətin bank hesablarını dondurub. Bu səbədən saytın komandası Zerkalo.io layihəsini təqdim edib. Redaksiya heyətində kommunikasiya üzrə direktor Aleksandra Puşkina 24 fevral 2022-ci il tarixindən işlərinin necə dəyişdiyini izah edir.

“Tammiqyaslı müharibə başlayandan sonra etməli olduğumuz ilk iş kütləvi informasiya vasitəmizi yenidən təşkil etmək oldu, çünki bir yerdən başqa yerə köçmək təkcə fiziki hərəkəti deyil, həm də işçilərin işə götürülməsini və leqallaşdırılmasını ehtiva edir. Statistikaya baxsanız, 2022-ci ilin mart ayında 5 milyon unikal istifadəçimiz var idi. Çünki insanlar müharibə haqqında məlumat axtarırdılar. Rusiyada bloklandıqdan, yəni Yandex-ə çıxış imkanı itirdikdən sonra, biz 1,5 milyon unikal istifadəçimizi itirdik. Bütün bu müddət ərzində biz fəaliyyətimizi bərpa etməyə çalışırdıq. Yeni alətlərimiz yoxdur, biz bütün tərəfləri tanıyırıq, buna görə də indi bircə yolumuz var – “tövsiyə sistemləri” ilə işləmək”, – deyə o, izah edir.

2022-ci ilin avqust ayından etibarən TikTok-da 70 000-dən artıq izləyicimiz var. Redaktorlar belarus dilində də məzmun hazırlamağa başlayıblar. 

İnsan hüquqlarının qorunmasına və cəmiyyətin məlumatlandırılmasına kömək edən aktual mövzular arasında Belarusda siyasi məhbusların azadlığı uğrunda mübarizənin işıqlandırılması, Ukrayna ilə sərhəddəki vəziyyət, Belarusa qarşı sanksiyalara cavab reaksiyası daxildir.

Aİ-nin bu sahədə fəaliyyəti

Donorlar, KİV-lər, QHT-lər və ekspertlər arasında davamlı əməkdaşlıq Şərq Tərəfdaşlığı ölkələrində müstəqil jurnalistikanın gücləndirilməsində həlledici rol oynayır.

Çexiya Xarici İşlər Nazirliyinin Avropa Komissiyası – DG NEAR və Azad Avropa/Azadlıq Radiosu ilə birgə bu yaxınlarda Praqada təşkil etdiyi Şərq Tərəfdaşlığı Media Konfransının əsas məqsədi də elə bu idi. Yüzə yaxın jurnalist, media mütəxəssisi və donor Şərq Tərəfdaşlığı ölkələrində müstəqil medianın və peşəkar jurnalistikanın dayanıqlığının artırılmasına dair praktiki nümunələri müzakirə etmək, Aİ-nin cari media siyasətlərini, proqramlarını və strategiyalarını təqdim etmək üçün Praqaya toplaşıblar.

Aİ Avropa Demokratiyaya Yardım Fondu (EED) daxil olmaqla bir sıra təşəbbüslər vasitəsilə yerli müstəqil medianı dəstəkləyir. EED plüralizmin və demokratik siyasi sistemin bərqərar olması istiqamətində çalışan vətəndaş cəmiyyəti təşkilatlarına, demokratiya yönümlü hərəkatlara, vətəndaş cəmiyyəti və siyasi fəallara, müstəqil media platformalarına və jurnalistlərə dəstək vermək üçün maliyyə yardımı təqdim edir. Təşkilatın dəstəyi, müstəqil kütləvi informasiya vasitələrini dəstəkləmək və inkişaf etdirmək, repressiv mühitdə çalışan jurnalistlərə və mediaya yardım etmək və ya yeni medianı dəstəkləmək məqsədi daşıyan qrant şəklində yardımlardan ibarətdir.

Aİ-nin digər təşəbbüsü Şərq Tərəfdaşlığı ölkələrində media ilə işləyən, redaksiya standartlarına, xəbər bölmələrinin idarə edilməsinə və maliyyə dayanıqlığına diqqət yetirən Avropa İttifaqının Müstəqil Media Naminə (EU4IM) layihəsidir.

Layihənin həyata keçirdiyi praktiki tədbirlərdən biri də peşəkarların ehtiyaclarına operativ şəkildə cavab verməkdir. Konfrans zamanı EU4IM-in təlim və media mübadiləsi üzrə aparıcı eksperti Zoya Çarlz layihənin Ukraynaya göstərdiyi təcili yardımdan danışıb. Layihə müharibə şəraitində heç vaxt çalışmayan regional jurnalistlər üçün təlim dəstəyi verib. O etiraf edir ki, bu cür təlimləri onlayn keçirmək çox çətin idi (“Zoom vasitəsilə qanaxmanın dayandırılmasını nümayiş etdirməyi təsəvvür edin…”), lakin “bu, böyük uğur idi və bu dərslər haqqında olduqca müsbət rəylər aldıq. Sonra digər donorlar və təşkilatlar da işə başladılar və onlar belə təlimlər təşkil etməyə başladılar”, – deyə Zoya Çarlz bildirib.

Layihə həmçinin Şərq Tərəfdaşlığı ölkələri (Ukrayna, Ermənistan, Gürcüstan, Moldova, eləcə də mühacirətdə olan Belarus və Azərbaycan jurnalistləri) üçün müxtəlif dillərə tərcümə edilən və müharibə mövzusuna dair redaksiya təlimatlarını təqdim edib.

Amma layihənin əsas işi xəbər sahəsində çalışan kütləvi informasiya vasitələrinin yaranmasına dəstək verməkdir. Hal-hazırda, iki ekspert Gürcüstanda xəbər bölmələrinin rəhbərləri üçün məlumat paketinin (xəbər bölməsinin strukturu və iş prosesi, vəzifələrin təsviri, gender siyasəti və s. əhatə edir) yaradılması istiqamətində çalışırlar.

“Biz həmçinin hazırda yalnız ingilis dilində mövcud olan bəzi tanınmış onlayn resursları (biznes strategiyası, xəbər otağının idarə edilməsi, araşdırma jurnalistikası kursları) müəyyən edərək onları yerli bazarlara uyğunlaşdırır və işlədiyimiz ölkələrin dillərinə tərcümə edirik. Bu kurslar beynəlxalq və yerli ekspertlərin iştirakı ilə daxili mentorluq dərsləri ilə davam etdiriləcək”, – Zoya Çarlz qeyd edib.

Müəllif: Olqa Konseviç



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,