Azərbaycanda gənclər siyasətinin formalaşdırılmasında mühüm rol oynayan EU4Youth proqramı son beş ilə ərzində gördüyü işlər haqqında hesabat verib  
İyun 30, 2023

Azərbaycanda gənclər siyasətinin formalaşdırılmasında mühüm rol oynayan EU4Youth proqramı son beş ilə ərzində gördüyü işlər haqqında hesabat verib  


Azərbaycanlı gənclər vətəndaş cəmiyyəti, ictimai fəallıq və qərar qəbulu prosesində gənclərin iştirakçılığına daha çox maraq göstərməyə başlayıblar. Bu, beş il ərzində icra olunan EU4Youth proqramının nəticələrindən sadəcə biridir. Hazırda bu proqram Azərbaycanda icra olunduğu dövr ərzində əldə olunan nailiyyətləri nəzərdən keçirir.

Proqramın illik hesabatlarında qeyd olunduğu kimi, EU4Youth proqramının Azərbaycandakı fəaliyyətlərinə bilavasitə təlim və mentorluq, əməkdaşlar və işəgötürənlər arasında tərəfdaşların axtarışı üzrə görüşlər, yeni müəssisələrə qrantlar, yeni iş yerlərinin yaradılması və bacarıqların artırılması üzrə siyasət, təhsilin bazarın tələblərinə uyğunlaşdırılması və aztəminatlı gənclərin dəstəklənməsi üçün yerli təşəbbüslər daxildir.

Azərbaycan və Ermənistan arasında davam edən münaqişənin və Rusiyanın Ukraynaya təcavüzünün mənfi təsiri və Şərq Tərəfdaşlığı (ŞT) regionunda daha geniş siyasi qeyri-sabitliyə, eləcə də COVID-19 pandemiyasına baxmayaraq, sübutlar göstərir ki, EU4Youth proqramı azərbaycanlı gənclərin təhsil və məşğulluq imkanları, sahibkarlıq və məşğulluğu, onların cəmiyyətdə fəal iştirakında və səlahiyyətlərinin artırılmasında müsbət rol oynayıb.

Təhsil və məşğulluq imkanları

Avropa Kolleci Universiteti tərəfindən 2021-2022 və 2022-2023 tədris illəri üçün Azərbaycandan olan gənc tələbələrə iki təqaüd verilib. Azərbaycanlı Elvin Şərq Tərəfdaşlığı ölkələrindən EU4Youth proqramının təqaüdünü alan və 2022-ci ilin iyun ayında Natolin şəhərindəki Avropa Kolleci Universitetində təhsilini başa vuran ilk on tələbədən biridir. Bu təqaüdlər Aİ-dən maliyyə dəstəyi alan və Litva Xarici İşlər Nazirliyi ilə birgə maliyyələşdirilən EU4Youth III faza Gənclərin məşğulluq və sahibkarlıq imkanlarının təşviqi proqramı çərçivəsində verilib. 

Bu yolla, EU4Youth proqramı Şərq Tərəfdaşlığı ölkələrindəki gənclərin Avropa siyasəti və idarəçiliyi haqqında məlumat əldə etməsinə və multikultural təhsilin təşviqinə kömək edir. 2021-2025-ci illər ərzində büdcəsi 1,1 milyon avro olan bu proqram mədəniyyətlərarası təhsilə dəstək verməklə Şərq Tərəfdaşlığı ölkələrindən təxminən 75 gənc bu proqramda iştirakına şərait yaradıb.

Sahibkarlıq və məşğulluq

Gənclərin məşğulluq və sahibkarlıq imkanlarının təşviqi (CPMA) layihəsinin ilk nəticələri olduqca perspektivli görünür, çünki müxtəlif tərəfdaş ölkələrdəki maraqlı tərəflər gənclər arasında fəal iştirakı və ruh yüksəkliyini təşviq edirlər və bu da məşğulluq sahəsində güclü tərəfdaşlıqların qurulmasında mühüm rol oynayır.

Təkcə Azərbaycanda, 2020-ci ildə icra olunmağa başladığı gündən bəri uğurlu nəticələr əldə edən gənclərin məşğulluğu sahəsindəki tərəfdaşlıqlarda 47 maraqlı tərəf fəal iştirak edib. Onların arasında gənclərlə bağlı məsələlərlə məşğul olan dövlət qurumları, gənclər təşkilatları, gənclər və təhsil sahəsində seçilmiş mütəxəssislər və onların sosial tərəfdaşları, Aİ Nümayəndəliklərinin nümayəndələri, Aİ-yə üzv dövlətlərin nümayəndələri, gənclər siyasəti sahəsində çalışan ekspertlər və tədqiqatçılar, Aİ-nin ikitərəfli və regional layihələrinin benefisiarları və seçilmiş beynəlxalq inkişaf tərəfdaşları var.

İştirakçılıq və səlahiyyətləndirmə

Azərbaycanda EU4Youth: Gənclərin İştirakçılığına dair Yol Xəritələri (GOPA) layihəsi çərçivəsində 2022-ci il ərzində normayaradan orqanların və gənclərin iştirakı ilə 28 tədbir keçirilib. Layihənin məqsədi gənclərin təhsil, sahibkarlıq və ictimai həyatda iştirakını təkmilləşdirəcək siyasət və qanunvericilik tövsiyələrinin hazırlanmasına kömək etməkdir. Təqdirəlayiq haldır ki, bu tədbirlərdə 526 gənc iştirak edib və iştirakçıların yarıdan çoxunu qadınlar təşkil edib.

Bundan əlavə, EU4Youth Məzunlar Şəbəkəsi Aİ tərəfindən maliyyələşdirilən proqramların keçmiş iştirakçılarını bir araya gətirərək aztəminatlı gənclərin cəlb olunmasında mühüm rol oynayıb. 2020-2022-ci illərin son dövrü ərzində Azərbaycandan olan 25 məzun müxtəlif təşəbbüslər çərçivəsində 300-ə yaxın insanın faydalandığı 140-dan çox tədbir təşkil edib.

Daha bir təqdirəlayiq nümunə – iki Azərbaycanlı gənc fəal Daun sindromlu insanlara qarşı dezinformasiya və qərəz ilə mübarizə aparır. 46+1 adlı innovativ layihə vasitəsilə Əlişir və Səbinə birbaşa Daun sindromlu gənclərlə işləyir və onlara qarşı ayrıseçkiliklə mübarizə aparmaq və onların inkişafına imkanlar yaratmaq üçün onların bacarıqlarından istifadə edirlər. Əlişir bunları deyib: “Məncə, Azərbaycanda Daun sindromlu insanlar gələcəkdə cəmiyyətdə daha fəal ola bilərlər. Daun sindromlu insanlar üçün peşə təhsili imkanlarının mövcudluğu buna böyük töhfə verəcək. Ümid edirəm ki, tezliklə biz Daun sindromlu insanların cəmiyyət üçün vacib olan sahələrdə çalışdığını görəcəyik”.

Gənclər siyasəti mənzərəsi

Azərbaycanda gənclər sektoru sahəsində Gənclərlə iş üzrə üçüncü dövlət proqramının (2023-2027) icrası gözlənilir. Ölkə gəncləri yüksək əmək haqlı iş yerlərinin və keyfiyyətli təhsilin olmaması, gender bərabərliyi və gənclərin qərar qəbulu proseslərində zəif iştirakından narahatdırlar. Onların vətəndaş cəmiyyəti və ictimai fəallığa artan marağı yeni icma quruculuğu təşəbbüsləri və imkanlara çıxışın artırılması ilə nəticələnir.

Son beş il ərzində müxtəlif EU4Youth layihələri gənclərin siyasi debatlara cəlb olunmasında uğurlu nəticələr əldə edib. Layihələr daha inamlı olmaq və tənqidi düşüncə tərzinə malik olmaq üçün gənclərdə konkret bacarıqların inkişafına, milli səviyyədə strukturlara və gənclər qruplarına dəstək olmağa yönəlib. Artıq uğur hekayələri var, lakin Azərbaycanda gənclər siyasəti və gənclərin iştirakçılığı sahələrində görüləcək işlər hələ çoxdur və aşağıdakılara yönəlməlidir:

  • Gənclərin siyasətlərin formalaşdırılmasında daha fəal iştirakına yönəlmiş təşəbbüslərin təşviqi;
  • Gənclərə məlumat və xidmətlərdən yararlanmaq, o cümlədən fəal iştirak etmək imkanı yaradan dayanıqlı və xüsusi təhlükəsiz platformalara sərmayələrin qoyulması;
  • Gənclərin regiondakı qeyri-sabitlik və qeyri-təhlükəsizlik səbəbindən yaranan stresin öhdəsindən daha yaxşı gəlməsinə, eyni zamanda daha fəal və dayanıqlı olmalarına kömək etmək üçün gənclər üçün peşəkar psixososial dəstək imkanlarının genişləndirilməsi.

İllik məlumatlar və tövsiyələr

EU4Youth proqramı beşillik monitorinq və qiymətləndirmə dövrünü tamamlayan 2022-ci il üzrə Nailiyyətlər Hesabatını təqdim edib. Burada Azərbaycanda gənclərin səlahiyyətləndirilməsi təşəbbüsləri və siyasətlərin işlənib hazırlanması və həyata keçirilməsi ilə məşğul olan normayaradan orqanlar, vətəndaş cəmiyyəti liderləri və təhsil işçiləri üçün dörd hərtərəfli hesabat yer alıb. Bu hesabatlar bu günə qədər proqram tərəfindən həyata keçirilən fəaliyyətlərin, eləcə də onların təsirlərinin ümumi mənzərəsini təqdim edir. Hər bir hesabat həmin ilin nəticələrinə əsaslanan səmərəliliyin nümayişi və gənclər siyasəti ilə bağlı tövsiyələrlə tamamlanır.



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,