EUvsDisinfo mövcud Rusiya-Ukrayna münaqişəsi haqqında yeddi ən çox yayılmış mifi ifşa edib
Fevral 7, 2022

EUvsDisinfo mövcud Rusiya-Ukrayna münaqişəsi haqqında yeddi ən çox yayılmış mifi ifşa edib


Rusiya ilə Ukrayna arasındakı mövcud gərginliyi işıqlandıran Kreml mediası Ukraynanın Rusiyaya məxsus olduğunu və yaranmış gərginlikdə NATO-nu, Qərbi və Ukraynanı günahlandırır. Rusiya tərəfindən yayılan bu yeni dezinformasiya dalğasını diqqətdə saxlayan Aİ-nin dezinformasiya ilə mübarizəyə yönəlmiş aparıcı təşəbbüsü olan EUvsDisinfo ən geniş yayılmış, təhlükəli, bəzən isə açıq-aşkar həqiqəti əks etdirməyən mifləri ifşa edib.

Mif Nöm. 1: “Mövcud gərginlik Ukraynanın və onun Qərbdəki müttəfiqlərinin davamlı təcavüzkar davranışının nəticəsidir. Rusiya yalnız öz qanuni maraqlarını qoruyur və bu münaqişəyə görə məsuliyyət daşımır”.

Həqiqəti əks etdirmir. Əslində, Rusiya beynəlxalq hüququ, eləcə də əməl etməli olduğu digər müqavilələri pozmaqda davam edir. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan Rusiya Krım yarımadasını qanunsuz olaraq ilhaq etməklə və Ukraynaya qarşı silahlı təcavüz aktları törətməklə ən azı 12 beynəlxalq və ikitərəfli müqaviləni pozub. Başqa sözlə, Rusiyanın Donbas başda olmaqla, Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini pozan və təhdid edən hərəkətləri qanunsuzdur. Bu fəaliyyətlər Avropa təhlükəsizlik sisteminin əsaslarını təhdid etməyə davam edir və beynəlxalq qaydalara əsaslanan asayişi risk altına qoyur.

2014-cü ildən etibarən itkiləri nəzərə alsaq, Rusiyanın təcavüzü nəticəsində 14 minə yaxın ukraynalı həlak olub, çoxlu sayda insan isə yaralanıb. Bundan əlavə, Krım yarımadasının və Ukraynanın şərqi bölgələrinin 1,5 milyondan çox sakini (məcburi köçkünlər) münaqişə səbəbindən köçmək məcburiyyətində qalıb.

Mif Nöm. 2:  “Bu münaqişəyə Ukraynadakı vəziyyət təkan verib. Ukraynanın ölkənin şərqindəki rusdilli əhalisinə qarşı vəhşiliklər törətdiyinə dair sübutlar var. Rusiya müdaxilə etməli oldu, ən azı ona görə ki, Ukrayna və Rusiya “bir millətdir”. Ukrayna sadəcə Rusiyanın “imtiyazlı təsir dairəsinə” aiddir”.

Həqiqəti əks etdirmir. Ukraynanın şərqindəki rusdilli və ya etnik rus sakinlərin soyqırım bir yana qalsın, Ukrayna hakimiyyəti tərəfindən təqiblərə məruz qaldığına dair heç bir sübut yoxdur. Bunu Avropa Şurası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və ATƏT-in dərc etdiyi hesabatlar da təsdiq edir. Rusiyanın hərbi təcavüzünə daxili dəstəyi səfərbər etmək üçün dövlətin nəzarətində olan Rusiya KİV-ləri yorulmadan Ukraynanı ləkələməyə çalışır, onu Ukraynanın şərqində guya soyqırım törətməkdə ittiham edir, nasizm və İkinci Dünya müharibəsi ilə əsassız paralellər qurur və izləyicilərdə mənfi emosional reaksiya yaratmağı hədəfləyən hekayələr uydururlar (məsələn, Ukrayna hərbçilərini Ukraynanın şərqində kiçik bir oğlanı çarmıxa çəkməkdə ittiham edən reportaj fakt yoxlayıcıları tərəfindən yoxlanılıb və  tamamilə uydurma olduğu sübut olunub). 

Ukrayna və Rusiyanın “bir millət” olması ilə bağlı tez-tez istifadə olunan iddia Ukraynaya qarşı istifadə edilən ən qədim və davamlı miflərdən biridir. Bu iki ölkənin IX əsrdən XIII əsrin ortalarına qədər mövcud olmuş Kiyev Rus dövlətinə qədər gedib çıxan ortaq kökləri olsa da, 800 il sonra ukraynalılarla rusların bir millət olduğunu iddia etmək yanlış olar. Uzun müddət xarici hakimiyyətlərin rəhbərliyi altında olmasına baxmayaraq, Ukrayna güclü milli mədəniyyətə və kimliyə sahib olan suveren dövlətdir.

Siyasi sərhədləri olmayan “ümumrus xalqı” anlayışı imperiya dövründən qalma ideoloji konstruksiyadır və Ukraynanın suverenliyini və milli kimliyini sarsıtmaq üçün alət kimi istifadə olunub. 2014-cü ildən bəri Rusiya hökuməti bu mifi səylə gündəmə gətirir, Ukraynaya qarşı hərbi təcavüzünü rasionallaşdırmağa və bəraət qazandırmağa çalışır.

Ukraynanın Rusiyanın “təsir dairəsində” olması ideyasını təbliğ etmək üçün Rusiya hakimiyyəti və dövlətin nəzarətində olan KİV-lər tez-tez Ukraynanın “real” dövlət olmadığını iddia edirlər. Dövlət tərəfindən maliyyələşdirilən Rusiya təbliğatı Ukraynanın Rusiyanın təbii maraq dairəsinə aid olması fikrini qanuniləşdirmək üçün tarixi təhrif etməyə çalışır.

Mif Nöm. 3: “İstənilən halda, Ukrayna yardım üçün Rusiyaya üz tutmalıdır, çünki Aİ və Qərb bu ölkə ilə maraqlanmır və ondan imtina edib”.

Həqiqəti əks etdirmir. Aİ və Ukrayna strateji tərəfdaşdır. Əslində, Ukrayna Aİ-nin ən yaxın tərəfdaşlarından birinə çevrilib və son illərdə bu tərəfdaşlıq Aİ-Ukrayna Assosiasiya sazişi və Dərin və Hərtərəfli Azad Ticarət Zonası haqqında saziş ilə daha da möhkəmlənib. Hazırda Aİ Ukraynanın ən böyük ticarət tərəfdaşıdır və onun ticarət həcminin 40%-dən çoxunu təşkil edir. Aİ Şərq Tərəfdaşlığı çərçivəsində Ukraynada bir sıra proqramları dəstəkləyir, həmçinin islahatlar proqramının həyata keçirilməsində Ukraynanı dəstəkləyir. 2014-cü ildən bu günü qədər Aİ Ukraynaya 17 milyard avro məbləğində kredit və qrantlar ayırıb.

2014-cü ildən bəri Aİ Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qətiyyətlə dəstəkləyir və Ukraynada, o cümlədən Krım yarımadasında qəsdən sabitliyi pozduğuna görə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər həyata keçirir. Bundan əlavə, Aİ Ukraynaya dezinformasiya və kiber-hücumlara qarşı dayanıqlılığını artırmaqda kömək edir.

Mif Nöm. 4: “Mövcud böhranda günahkar NATO və Qərbdir. Onlar alyansı genişləndirməmək vədlərinə əməl etsəydilər, Rusiya özünü təhlükədə hiss etməzdi”.

Həqiqəti əks etdirmir. Belə bir vəd heç vaxt verilməyib və NATO-dan tələb olunmayıb. Rusiya dövlətinin nəzarətində olan KİV-lər tez-tez Sovet lideri Mixail Qorbaçovun Almaniyanın birləşməsindən sonra NATO-nun daha da genişlənməyəcəyinə dair “şifahi” vəd aldığını iddia edir. Əslində, Qorbaçov özü 2014-cü ildə verdiyi müsahibədə bu iddianı təkzib etmiş və bunları demişdi: “O illərdə “NATO-nun genişlənməsi” mövzusu ümumiyyətlə müzakirə olunmurdu və gündəmə gətirilmirdi.

NATO üzvləri heç vaxt ittifaqı vahid Almaniyanın hüdudlarından kənara genişləndirməmək üçün siyasi və ya hüquqi öhdəlik götürməyib. 

NATO-nun genişlənməyəcəyinə dair söz verdiyi iddiası ittifaqın mahiyyətini kökündən təhrif edir. NATO müdafiə ittifaqı olmaqla imperialist mənada “genişlənmir”. Ölkələr özləri NATO-ya daxil olmaq üçün müraciət edirlər və qərar NATO-nun hazırkı 30 üzvü tərəfindən qəbul edilir. Hər bir suveren dövlət öz yolunu seçə bilər və qonşu ölkələrin – bu halda Rusiyanın – müdaxilə etmək hüququ yoxdur.

Mif Nöm. 5: “NATO-nun aqressiv genişlənməsinə görə, Rusiya indi “düşmənlərlə əhatə olunub” və özünü müdafiə etməlidir”.

Həqiqəti əks etdirmir. Əslində, Aİ və Ukrayna Avropanın mövcud təhlükəsizlik sistemini qətiyyətlə dəstəkləyir. Bununla yanaşı, coğrafi baxımdan Rusiya dünyanın ən böyük ölkəsidir və Rusiyanın quru sərhədlərinin on altıda birindən az hissəsi NATO üzvləri ilədir. Rusiyanın həmsərhəd olduğu 14 ölkədən cəmi beşi NATO üzvüdür.

Həmçinin hərbi gücdən istifadənin yeganə həll yolu olduğuna dair heç bir arqument yoxdur. Rusiyanın ATƏT və silahlara nəzarət rejimləri kimi əməkdaşlıq zəminində dinc dialoqda iştirak edə biləcəyi bir sıra beynəlxalq təşkilatlar, ikitərəfli sazişlər və formatlar var. Aİ Rusiya ilə bağlı Aİ siyasətinin beş rəhbər prinsipinin tərkib hissəsi kimi Rusiya ilə əlaqə kanallarını açıq saxlayır. 

Mif Nöm. 6: “İstənilən halda, Rusiya Ukraynadakı mövcud gərginliyə görə məsuliyyət daşımır. Ukrayna bilərəkdən Minsk razılaşmalarına əməl etmir, Qərb isə Ukraynanı silahlandırmağa davam edir. Rusiya öz sərhədlərini qoruyaraq cəld reaksiya verməlidir”.

Həqiqəti əks etdirmir. Əslində, məhz Rusiya qanunsuz ilhaq edilmiş Krım yarımadası da daxil olmaqla, Ukrayna ilə sərhəddə 140 000 əsgər və texnika toplayıb. 

Rusiya Minsk razılaşmalarını imzalamış tərəflərdən biridir. Bunlar Rusiyanın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq etdiyi ən son rəsmi sənədlərdir. Lakin Rusiya öz növbəsində Minsk razılaşmalarının icrasını təmin etməyib. Rusiya tərəfi və himayədarları atəşkəsi təmin etməyib, bütün ağır silahları geri çəkməyib, siyasi məhbusların “hamını hamıya” prinsipi ilə mübadiləsini həyata keçirməyib və ya beynəlxalq mexanizmdən istifadə etməklə humanitar yardımın ehtiyacı olanlara çatdırılmasını təmin etməyib. Əksinə, Rusiya Ukraynanın şərqindəki qeyri-qanuni silahlı birləşmələri gücləndirir və ATƏT-in Xüsusi Monitorinq Missiyasının müşahidəçilərinə, o cümlədən Ukrayna-Rusiya sərhədinə maneəsiz girişi təmin etmir. 

Bununla belə, Ukrayna imkan daxilində əraziyə nəzarəti olmadığı halda Minsk razılaşmalarına əməl edib və hər bir bənd üzrə tədbirlər görüb. Ukrayna xüsusi status və amnistiya haqqında qanunu qəbul edib (2014) və sonra yeniləmələrlə uzadıb, həmçinin yerli seçkilərə dair qanun layihəsi hazırlayıb (2014). Ukrayna indi nəzarətindən kənarda olan ərazilərin muxtariyyətini genişləndirmək üçün konstitusiyaya düzəlişlər qəbul edib (2015).

Mif Nöm. 7: “Aİ zəif və faydasızdır. Aİ haqqında danışmaq nəyə lazımdır?” 

Həqiqəti əks etdirmir. Rusiya rəsmiləri və dövlət mediası müntəzəm olaraq Aİ-ni faydasız və böhranların öhdəsindən gəlməkdə aciz kimi təsvir edir. 

2022-ci ilin yanvarında Rusiya Xarici İşlər naziri Sergey Lavrov Aİ-ni hətta “iqtidarsızlıqda” ittiham edib. İkinci Dünya müharibəsindən sonra Avropanın sülh şəraitində yaşaması bu iddianın kifayət qədər təkzibidir. Aİ, BMT, NATO, ATƏT, Avropa Şurası, G7 ölkələri və digər beynəlxalq tərəfdaşlarla birlikdə daha geniş Avropada və onun hüdudlarından kənarda, o cümlədən Ukraynada sülh və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verir.

Daha çox öyrən

Tam məqaləni buradan oxuyun



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,