Aİ Rusiyaya qarşı daha bir sanksiyalar paketini qəbul edib 
Aprel 11, 2022

Aİ Rusiyaya qarşı daha bir sanksiyalar paketini qəbul edib 


Avropa İttifaqı Şurası Rusiyaya qarşı beşinci iqtisadi və fərdi sanksiyalar paketini qəbul edib. Paketə Rusiya kömürünün idxalına embarqo, Rusiya bayrağı altında üzən gəmilərin Aİ limanlarında hərəkətinə və Rusiya və Belarus nəqliyyat vasitələrinin Aİ ərazisinə buraxılmasına qadağa daxildir.

“Bu son sanksiyalar Rusiya silahlı qüvvələrinin Buçada və Rusiyanın işğalı altında olan digər yerlərdə törətdiyi vəhşiliklərdən sonra tətbiq edilib. Sanksiyalarımızın məqsədi Rusiya qoşunlarının düşüncəsiz, qeyri-insani və aqressiv davranışına son qoymaq və Kremldəki qərar qəbul edən şəxslərə qanunsuz təcavüzün onlara baha başa gələcəyini başa salmaqdır”, – deyə Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel bildirib.

Sanksiyalar paketinə daxildir:

– 2022-ci ilin avqust ayından etibarən Rusiyada istehsal olunduğu və ya Rusiyadan ixrac edildiyi təqdirdə kömür və digər bərk fosil yanacaq növlərinin Aİ-də satın alınması, idxalı və ya ötürülməsinə qadağa qoyulacaq. Aİ-nin kömür idxalı hazırda ildə 8 milyard avro təşkil edir.

· Rusiya bayrağı altında qeydiyyatdan keçmiş gəmilərin Aİ limanlarına girişinə qadağa qoyulur. Kənd təsərrüfatı və ərzaq məhsulları, humanitar yardım və enerji sahələrindəki məhsullarla bağlı güzəştlər tətbiq ediləcək.

· Aİ daxilində avtomobil nəqliyyatı vasitəsilə, o cümlədən tranzitlə yüklərin daşınması ilə məşğul olan hər hansı Rusiya və Belarus avtomobil nəqliyyatı şirkətinin fəaliyyətinə qadağa qoyulur. Buna baxmayaraq, əczaçılıq, tibb, kənd təsərrüfatı və ərzaq məhsulları, buğda kimi bir sıra məhsulların daşınması, o cümlədən humanitar məqsədlər üçün avtomobil nəqliyyatı istisna təşkil edir.

– reaktiv təyyarələr üçün yanacaq və kvant kompüterləri, qabaqcıl yarımkeçiricilər, ən son texnologiyaları özündə əks etdirən elektronika, proqram təminatı, həssas maşın və nəqliyyat avadanlığı kimi digər məhsulları əhatə edən əlavə ixrac qadağaları, həmçinin ağac, sement, gübrə, dəniz məhsulları və spirtli içkilər kimi məhsulların idxalına yeni qadağalar tətbiq olunacaq. İxrac və idxal üzrə yeni qadağalar müvafiq olaraq cəmi 10 milyard avro və 5,5 milyard avro təşkil edir.

· mövcud tədbirlərin gücləndirilməsinə və boşluqların aradan qaldırılmasına yönəlmiş bir sıra məqsədyönlü iqtisadi tədbirlər görüləcək. Buraya Rusiya şirkətlərinin Aİ-yə üzv dövlətlərdə dövlət satınalmalarında iştirakına Aİ-nin ümumi qadağası, Rusiyanın dövlət orqanlarına hər hansı milli maliyyə dəstəyinin verilməsinin qadağan edilməsi kimi bir sıra konkret tədbirlər daxildir. Kripto pul kisələrinə depozitlərin qəbulu, o cümlədən Aİ-yə üzv dövlətlərin rəsmi valyutasında pul əskinaslarının və köçürülə bilən qiymətli kağızların Rusiya və Belarusa və ya Rusiya və Belarusdakı hər hansı fiziki və ya hüquqi şəxsə, təşkilata və ya orqana satışına qoyulan qadağanın müddəti uzadılır.

Bundan əlavə, Aİ Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə məhsul və ya texnologiyalarının istifadə edildiyi şirkətlərə, oliqarxlaraiş adamlarına, yüksək vəzifəli Kreml rəsmilərinə, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü haqqında Kremlin mövqeyini sistematik şəkildə yayan, dezinformasiya və informasiya manipulyasiyasına dəstək verən şəxslərə, eləcə də Aİ-nin sanksiyalarından yayınmağın qarşısını almaq üçün sanksiyaların tətbiq edildiyi şəxslərin ailə üzvlərinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Rusiyanın bank sektorunda 23% paya malik dörd aparıcı Rusiya bankı ilə əməliyyatlara da tam qadağa tətbiq edilir. SWIFT sistemindən kənarlaşdırılan bu banklar indi aktivlərin dondurulmasına məruz qalır və beləliklə, Aİ bazarlarından tamamilə uzaqlaşdırılır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,