Bu gün Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Rusiyaya qarşı altıncı sanksiya paketini təqdim edib. Paketə ilk növbədə Buçada hərbi cinayətlər törətmiş və Mariupol şəhərinin mühasirəsinə cavabdehlik daşıyan yüksək rütbəli zabitlər və digərləri daxil ediləcək. “Bu, Kremlin başladığı müharibənin bütün günahkarlarına daha bir mühüm siqnal olacaq: biz sizin kim olduğunuzu bilirik və siz məsuliyyətə cəlb olunacaqsınız”, – deyə Ursula von der Leyen bildirib.
Sanksiyalar paketində Aİ Rusiyanın ən böyük bankı olan Sberbank-ı və digər iki böyük bankı SWIFT sistemindən kənarlaşdırmağı nəzərdə tutur. Avropa Komissiyasının fikrincə, bu banklar Rusiyanın maliyyə sistemində və müharibənin davam etdirilməsində mühüm rol oynayır. “Bu, Rusiya maliyyə sektorunun qlobal maliyyə sistemindən tam təcrid olunmasını gücləndirəcək”, – deyə xanım Leyen bildirib.
Sanksiyalar paketində Aİ Rusiyanın üç böyük dövlət yayım şirkətinin Aİ-də yayımlanmasını qadağan etməyi planlaşdırır. Onlar Aİ-də kabel, peyk, internet və ya smartfon proqramları vasitəsilə hər hansı formada yayım həyata keçirə bilməyəcək. “Biz bu telekanalların Putinin yalanlarını və təbliğatını aqressiv şəkildə yayan oratorlar olduğunu müəyyən etmişik. Artıq onlara bu yalanları yaymaq fürsəti verməməliyik. Bundan başqa, Kreml Avropadan olan mühasiblərə, məsləhətçilərə və PR işçilərinə arxalanır. Buna son qoyulacaq. Biz Rusiya şirkətlərinə bu xidmətləri göstərməyi qadağan edirik”,- xanım Leyen əlavə edib.
Avropa Komissiyası Rusiya neftinin Aİ-yə idxalına qadağa qoyulmasını da təklif edir. Bu, istər dəniz, istərsə də boru vasitəsilə idxal olunan, xam və ya emal olunmuş Rusiya neftinin idxalına tam qadağa deməkdir. Aİ tərəfdaşlarına alternativ tədarük marşrutlarını təmin etməyə və qlobal bazarlara təsirini minimuma endirməyə imkan verməklə Rusiya neftinin mərhələli şəkildə idxalının dayandırılmasına nail olacaq. “Məhz bu səbəbdən biz altı ay ərzində Rusiyadan xam neftin, ilin sonuna qədər isə neft məhsullarının tədarükünü dayandıracağıq. Bu yolla biz Rusiyaya maksimum təzyiq göstəririk, eyni zamanda bizə və bütün dünya üzrə tərəfdaşlarımıza dəyən zərəri minimuma endirmiş oluruq”, – deyə Ursula von der Leyen bildirib.
Komissiya rəhbəri həmçinin bildirib ki, görülən bütün tədbirlər Rusiya iqtisadiyyatını şaxələndirmə və modernləşdirmə imkanlarından məhrum etməyə yönəlib. “Putin Ukraynanı xəritədən silmək istəyirdi. Aydındır ki, o, uğur qazana bilməyəcək. Əksinə: Ukrayna birlik nümayiş etdirdi. Batan isə Rusiyadır”, – deyə xanım Leyen fikrini yekunlaşdırıb.
O qeyd edib ki, “Aİ Ukraynanın bu müharibədə qalib gəlməsini istəyir” və ukraynalılara öz ölkələrini gələcək nəsil üçün yenidən qurmağa kömək edəcək. Məhz buna görə də Avropa Komissiyası Ukraynanın tələbatlarını ödəmək və lazımi islahatları həyata keçirmək, Ukrayna iqtisadiyyatının mövcud zəif tərəflərini aradan qaldırmaq və dayanıqlı uzunmüddətli iqtisadi inkişafın əsaslarını qoymaq üçün irihəcmli sərmayələr cəlb etmək üçün iddialı bərpa paketi üzərində işləməyə başlamağı təklif edir.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,