Avropa İttifaqının (Aİ) siyasət istiqamətini müəyyənləşdirən və qanunların qəbulu prosesində müxtəlif rol oynayan dörd əsas təsisatı var.
Avropa Parlamenti (European Parliament) Aİ-yə üzv ölkələrin vətəndaşlarının maraqlarını təmsil edir və onun üzvləri birbaşa vətəndaşlar tərəfindən seçilir. Aİ-yə üzv ölkələr yüz milyonlarla vətəndaşı təmsil edən Avropa Parlamentinin üzvlərini seçmək üçün hər beş ildən bir seçkilər keçirir. 2024-cü ildə keçirilən seçkilərdən sonra Avropa Parlamentinin üzvlərinin ümumi sayı 720-yə çatıb. Parlament Avropa İttifaqı Nazirlər Şurası (Aİ-yə üzv ölkələrin hökumətləri) ilə birlikdə Avropa qanunlarına, o cümlədən çoxillik və illik büdcəyə dair qərarlar qəbul edir. Avropa Parlamenti Avropa Komissiyası kimi digər Aİ təsisatlarının fəaliyyətinə nəzarət edir.
Avropa Komissiyasının prezidenti də Avropa Parlamentinin üzvləri (MEPs) tərəfindən seçilir. Deputatlar fərdi dinləmələr vasitəsilə Komissar vəzifəsinə namizədlərin təsdiqlənməsində mühüm rol oynayırlar. Onlar həmçinin səsvermə yolu ilə 27 komissardan ibarət Komissarlar Kollegiyasının təsdiqlənməsi barədə qərar qəbul edirlər.
Avropa İttifaqı Şurası (European Council/EUCO) Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçılarından ibarətdir və bu təsisat Avropa İttifaqının ümumi siyasi istiqamətini və prioritetlərini müəyyənləşdirir. Avropa İttifaqı Şurasına 2,5 il müddətinə seçilən (bir dəfə yenidən seçilə bilər) prezident (President of the European Council) rəhbərlik edir.
Avropa İttifaqı Şurası Aİ qanunlarının müzakirəsi və qəbulunda iştirak etmir. Onun əsas vəzifəsi Aİ-nin siyasi istiqamətini müəyyən etməkdir.

Avropa İttifaqı Nazirlər Şurası (Council of the European Union) Aİ-yə üzv ölkələrin hökumətlərini təmsil edir. Avropa İttifaqı Nazirlər Şurası hər bir üzv dövlətin milli nazirlərinin Aİ qanunvericiliyinin müzakirəsi və qəbulu, o cümlədən müəyyən siyasətlərin əlaqələndirilməsi məqsədilə toplandığı təsisatdır. Şura hər biri müzakirə olunan siyasət sahəsinə uyğun olaraq 10 müxtəlif təşkilati strukturda toplanır. Təşkilati strukturdan asılı olaraq, iclaslara hər bir ölkədən bu xüsusi siyasət sahəsinə cavabdeh olan nazir qatılır.
Avropa İttifaqı Nazirlər Şurası adətən Avropa Parlamenti ilə birgə Avropa qanunlarının qəbulunda iştirak edir. Şuranın iclasları əsasən Brüsseldə keçirilir. Yalnız aprel, iyun və oktyabr aylarında iclaslar Lüksemburqda təşkil olunur.
Bütün qanun layihələri Avropa Komissiyası tərəfindən irəli sürülür. Komissiyanın irəli sürdüyü qanun layihələri Şura və Avropa Parlamenti tərəfindən qəbul edilməlidir. Nazirlər Şurası ümumiyyətlə Aİ-nin orqanı olmayan Avropa Şurası (Council of Europe) ilə səhv salınmamalıdır.
Avropa Komissiyası (European Commission) Aİ-nin əsas icra orqanıdır. O, Avropa Parlamenti və Avropa İttifaqı Nazirlər Şurası tərəfindən diqqətlə araşdırılan və qəbul edilən yeni qanun layihələri irəli sürmək məqsədilə “təşəbbüs hüququndan” istifadə edir. O, həmçinin Aİ-nin siyasətlərini və büdcəsini idarə etməklə həmin ölkələr tərəfindən Aİ qanunlarının düzgün şəkildə tətbiqini təmin edir. Komissiyanın Aİ boyunca nümayəndəlikləri fəaliyyət göstərir. Onlar yerləşdikləri ölkədə ictimai rəyi izləyir və təhlil edir, o cümlədən Aİ siyasətləri və Aİ-nin fəaliyyəti barədə ictimaiyyətin məlumatlılığını artırmaqla Komissiyanın həmin üzv ölkə ilə əməkdaşlığına şərait yaradırlar.
Avropa Parlamenti, Avropa İttifaqı Nazirlər Şurası və Avropa Komissiyası əksər hallarda bütün Aİ ərazisində tətbiq olunan siyasətlər və qanunlar hazırlayırlar. Avropa Komissiyası yeni qanun layihələri irəli sürür və Avropa Parlamenti və Avropa İttifaqı Nazirlər Şurası həmin qanunlara düzəliş edərək onları qəbul edirlər. Üzv ölkələr daha sonra onları icra edir və Avropa Komissiyası qanunların lazımi qaydada tətbiqini təmin edir.
Aİ-nin bu təsisatlarının fəaliyyəti Avropa İttifaqı Məhkəməsi, Avropa Mərkəzi Bankı və Avropa Auditorlar Məhkəməsinin fəaliyyətləri ilə tamamlanır. Bu üç təsisat Avropa İttifaqının ədliyyə, maliyyə və xarici audit işinin idarə edilməsinə cavabdehdir.
Təsisatlarla yanaşı, bir sıra orqanlar Aİ-yə fəaliyyətini həyata keçirməkdə kömək edir. Bunlar arasında Avropa Xarici Fəaliyyət Xidməti, Avropa İqtisadiyyat və Sosial Komitəsi, Avropa Regionlar Komitəsi, Avropa İnsan Ombudsmanı, Avropa məlumatların qorunması üzrə nəzarətçi, Avropa məlumatların qorunması üzrə şura və Avropa Prokurorluğu var.
Təsisatlardan fərqli olaraq, Aİ orqanları qərarların qəbul edilməsi prosesində birbaşa iştirak etmir, ancaq siyasətlərin və idarəetmənin konkret sahələri ilə məşğuldurlar.
Onların vəzifəsi haqqında buradan öyrənə bilərsiniz.
EEAS (European External Action Service) Avropa İttifaqının diplomatik xidmətidir. O, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi/Avropa Komissiyasının vitse-prezidentinə Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətini həyata keçirməyə kömək edir və Aİ-nin xarici fəaliyyətinin ardıcıllığını və əlaqələndirilməsini təmin edir. Xidmətin bütün dünyada Aİ Nümayəndəliklərindən ibarət şəbəkəsi var.
AİB (European Investment Bank/EIB) Avropa İttifaqının kredit təmin edən bir təsisatıdır. Bank əsasən iqlim və ətraf mühit, iqtisadi inkişaf, innovasiyalar və bacarıqlar, kiçik və orta sahibkarlıq müəssisələri, infrastruktur və s. sahələri əhatə edir.
Avropa Parlamenti Aİ-yə üzv olan 27 ölkədən seçilmiş 720 üzvdən ibarətdir. 1979-cu ildən etibarən Avropa Parlamentinin üzvləri birbaşa ümumi səsvermə yolu ilə beş il müddətinə seçilirlər.
Aİ qanunvericiliyi ilə müəyyən edilmiş bir sıra ümumi müddəaların olmasına baxmayaraq, Avropa seçkiləri üzv dövlətlərin milli qanunvericiliyinə uyğun qaydada təşkil olunur. Proporsional seçki sistemi təmin edilməlidir. Bu baxımdan, ölkələrin əksəriyyətində vahid seçki dairəsi təşkil olunsa da, bəzi ölkələrin (Belçika, İrlandiya, İtaliya və Polşa) ərazisi çoxlu sayda seçki dairələrinə bölünür.
Seçkilərin bu və digər təşkilati cəhətlərinin təfərrüatlarını bu infoqrafikada və bu qısa məlumat bölməsində tapa bilərsiniz.
Parlamentdə yerlər hər bir üzv ölkənin əhalisinin sayına əsasən bölüşdürülür. Hal-hazırda parlament üzvlərinin üçdə bir hissəsindən çoxu qadındır. Deputatlar vətəndaşlığına görə deyil, siyasi mənsubiyyətinə görə qruplaşdırılır.
Avropa Parlamentinə son seçkilər 6-9 iyun 2024-cü il tarixində keçirilib və Avropa Xalq Partiyası (European People’s Party/EPP) seçkilərdə ən çox yer (188) qazanıb.
Avropa Parlamentinin deputatları qismən yerli dairələrdə çalışırlar. Onlar Strasburqda ildə 12 plenar iclasda və Brüsseldə əlavə plenar iclaslarda, eləcə də komitə və siyasi qrupların iclaslarında iştirak edirlər.
Siyasi rəhbərlik hər bir siyasət sahəsinə kimin cavabdeh olduğuna qərar verən Komissiya prezidentinin rəhbərliyi ilə 27 komissardan (hər Aİ-yə üzv ölkədən bir olmaqla) ibarət komanda tərəfindən həyata keçirilir.
Komissarlar Kollegiyası Komissiyanın prezidenti, səkkiz vitse-prezident, o cümlədən üç icraçı vitse-prezident, İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi və hər biri konkret siyasət sahəsinə (portfelinə) cavabdeh olan 18 komissardan ibarətdir.
Komissiyanın gündəlik fəaliyyətinin idarə edilməsi onun hər biri konkret siyasət sahəsinə cavabdeh olan Baş Direktoratlar (DGs) kimi tanınan departamentlərdə əyləşən işçilər tərəfindən həyata keçirilir.
Beş il ərzində Kollegiyanın 27 üzvü birlikdə Komissiyanın siyasi rəhbərliyini həyata keçirirlər.
Komissiyanın prezidenti vəzifəsinə namizəd Avropa Parlamentinə seçkilərin nəticələri nəzərə alınmaqla Avropa İttifaqı Şurasındakı milli liderlər tərəfindən irəli sürülür. Həmin namizəd Avropa Parlamenti üzvlərinin əksəriyyətinin səsini toplamalıdır.
Komissar üzvlüyünə namizədlər (təyin edilmiş komissar) gələcək fəaliyyətlərinə dair suallara cavab vermək üçün Avropa Parlamentində çıxış edirlər. Parlament daha sonra təyin edilmiş komissarların komandaya qəbul edilib-edilməməsi ilə bağlı səsvermə keçirir. Onlar Avropa İttifaqı Şurası tərəfindən səs çoxluğu ilə təyin olunurlar.
Müqavilələrə əsasən, Komissiyanın prezidenti bu təsisatın təşkili barədə qərar qəbul edir və ayrı-ayrı komissarlar arasında portfel bölgüsü aparır. Prezident Komissiyanın siyasi gündəliyini müəyyən edir.
Prezident Avropa İttifaqı Şurasının iclaslarında, G7 və G20 sammitlərində, Aİ-yə üzv olmayan ölkələrlə sammitlərdə və Avropa Parlamentində və Şuranın əsas müzakirələrində Avropa Komissiyasını təmsil edir.
Hər bir Aİ-yə üzv ölkə altı aylıq rotasiya əsasında növbə ilə Avropa İttifaqı Nazirlər Şurasına sədrlik edir. Bu altı aylıq müddət ərzində sədr ölkə bütün səviyyələrdə Şuranın iclaslarına sədrlik edir, o cümlədən Şuranın fasiləsiz fəaliyyətinin təmin olunmasına kömək edir.
Şuranın sədrliyi üzrə seçkilər keçirilmir. Hər bir ölkə növbə ilə sədrlik edir. Bu o deməkdir ki, ölçüsündən asılı olmayaraq hər bir üzv dövlət Şuraya sədrlik etmək hüququna malikdir. Ölkələr 13 il yarımdan bir sədrlik etmək imkanına malik olurlar.
Sədr ölkə Aİ qanunvericiliyi ilə bağlı Şuranın işinin təkmilləşdirilməsinə, Aİ-nin gündəliyində olan məsələlərin ardıcıl həllinə, qanunvericilik proseslərinin nizamlı davam etməsinə və üzv dövlətlər arasında əməkdaşlığın təmin edilməsinə cavabdehdir. Buna nail olmaq üçün sədr ölkə vicdanlı və neytral vasitəçi kimi çıxış etməlidir.
Sədr ölkənin əsas vəzifələrindən biri Şurada və onun Daimi Nümayəndələr Komitəsi (Coreper) kimi komitələrində və konkret mövzularla məşğul olan işçi qrupları və komitələri əhatə edən hazırlıq orqanlarında iclaslar planlaşdırmaq və onlara sədrlik etməkdir.
Şura sədrliyi həmçinin müzakirələrin düzgün aparılmasını və Şuranın prosedur qaydalarının və iş metodlarının düzgün tətbiq olunmasını təmin edir.
Sədrliyi dövründə sədr ölkə həmçinin Brüsseldə və digər yerlərdə müxtəlif rəsmi və qeyri-rəsmi görüşlər təşkil edir.
O, digər Aİ qurumları ilə bağlı görüşlərdə Şuranı təmsil edir. Qanunvericilik sənədləri ilə əlaqədar razılığa gəlmə prosesində də rol oynayır.
Şura sədrliyi Avropa İttifaqı Şurasının prezidenti və İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi ilə sıx əməkdaşlıq şəraitində çalışır. Şura sədrliyi onların işini dəstəkləyir və vaxtaşırı Xarici Əlaqələr Şurasını təmsil etmək və ya ümumi siyasət məsələlərinin müzakirəsində Xarici Əlaqələr Şurasına sədrlik etmək kimi Ali nümayəndənin adından xüsusi vəzifələri yerinə yetirməsi tələb oluna bilər.
Cari və gələcək sədrliklər, onların proqramı, prioritetləri və internet saytı haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Avropa İttifaqı sadəcə ölkələrin konfederasiyası deyil, eyni zamanda o, federal dövlət də deyil. Onun strukturu faktiki olaraq heç bir ənənəvi hüquqi kateqoriyaya uyğun gəlmir. İttifaq tarixən unikaldır və onun qərar qəbuletmə sistemi son 60 il ərzində davamlı olaraq inkişaf etmişdir.
“Əsas” qanunvericilik aktları olan müqavilələr (treaties) Aİ vətəndaşlarının gündəlik həyatına birbaşa təsir göstərən “ikinci dərəcəli” qanunvericilik aktlarının əsasını təşkil edir. İkinci dərəcəli qanunvericilik aktları əsasən Aİ təsisatları tərəfindən qəbul edilən qaydalar, direktivlər və tövsiyələrdən ibarətdir.
Bütövlükdə bu qanunlar Aİ siyasəti ilə yanaşı, Avropa Parlamenti (xalqı təmsil edən), Şura (milli hökumətləri təmsil edən) və Avropa Komissiyası (müstəqil şəkildə kollektiv Avropa maraqlarını müdafiə edən icra orqanı) tərəfindən qəbul edilən qərarların nəticəsidir.
Ümumi xarici və təhlükəsizlik siyasəti və ümumi təhlükəsizlik və müdafiə siyasəti Aİ-nin xarici siyasətinin əsas istiqamətlərini müəyyən edir. İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi (HR/VP) bu fəaliyyətlərə rəhbərlik edir.
Ali nümayəndənin əsas vəzifələri aşağıdakılardır:
Bu keçidə daxil olmaqla daha ətraflı öyrənə bilərsiniz.
Bununla yanaşı, üzv dövlətlər öz fərdi diplomatik fəaliyyətlərini davam etdirirlər. Avropa İttifaqının mərkəzləşdirilmiş fəaliyyəti isə onun əsl qlobal oyunçu olduğunu nümayiş etdirməyə imkan verir. Aİ-nin iqtisadiyyat və ticarət sahəsində gücü ümumi təhlükəsizlik və müdafiə siyasətinin tədricən həyata keçirilməsi ilə birgə Avropanın etibarı və təsirini gücləndirir.
COREPER (Comité des Représentants Permanents), yəni Daimi Nümayəndələr Komitəsi Avropa İttifaqının qərar qəbuletmə prosesində əsas rol oynayan təsisatıdır. O, hər bir Aİ-yə üzv dövlətin Avropa İttifaqındakı daimi nümayəndələrindən (əsasən səfirlərdən) ibarətdir.
COREPER Aİ-nin qanunvericilik və siyasətlərin hazırlanması işində mühüm rol oynayır. Onun əsas vəzifələri aşağıdakılardır:
Üzv dövlətlərin nümayəndələri COREPER çərçivəsində müzakirələr və danışıqlar aparır, o cümlədən qanun layihəsi üzrə ortaq məxrəcə gəlməyə çalışırlar. Müxtəlif milli maraqları uzlaşdırmaq məqsədi daşıdığı üçün bu müzakirələr mühüm əhəmiyyət kəsb edir. Texniki təfərrüatlar əksər hallarda milli ekspertlərdən ibarət ixtisaslaşmış işçi qruplarında işlənib hazırlanır. Həmin işçi qrupları COREPER-ə hesabat verir.
COREPER ilə razılıq əldə olunduqda qanun layihəsi əlavə müzakirələrə qoyulmadan rəsmi qaydada qəbul olunmaq üçün Şuradakı nazirlərə yönləndirilir. COREPER razılığa gələ bilmədikdə, məsələ növbəti danışıqlar üçün Şuradakı nazirlərə verilir. COREPER-in işi barədə məlumatlandırılan Avropa İttifaqı Nazirlər Şurası qanun layihəsi ilə bağlı yekun qərarı qəbul edir.
COREPER Aİ-nin fasiləsiz fəaliyyətində mühüm rol oynayır. Belə ki, o, Şuradakı daha yüksək siyasi səviyyəyə çatanadək bir çox texniki və siyasi təfərrüatları müəyyən edərək onların həll edilməsində iştirak edir. Bu, qərarların qəbulu prosesinin daha səmərəli olmasına və qanun layihələrinin nazirlərə çatana qədər hərtərəfli yoxlanılmasını təmin edir.
“Qayda” (regulation) məcburi qanunvericilik aktıdır. O, bütün Aİ ərazisində tam şəkildə tətbiq edilməlidir. Məsələn, 2022-ci ildə Aİ daxilində səyahət zamanı rouminq tariflərinin aradan qaldırılmasına dair Aİ-nin qanununun qüvvədə olma müddəti başa çatdıqda, Parlament və Şura əvvəlki qanunun daha aydın olması və daha on il ərzində rouminq tariflərinə ümumi yanaşmanın tətbiq edilməsini təmin etmək məqsədilə yeni qanun qəbul edib.
“Direktiv” (directive) Aİ ölkələrinin verilmiş vaxt ərzində müəyyən məqsədlərə nail olmağını nəzərdə tutan qanunvericilik aktıdır. Bununla belə, bu məqsədlərə çatmaq üçün hər bir ölkəyə öz qanunlarını hazırlamaq imkanı verilir. Boşqablar, içkilər üçün borucuq və fincanlar kimi birdəfəlik plastik məhsulların istifadəsini azaltmaqla və ya hətta qadağan etməklə, birdəfəlik plastik məhsulların ətraf mühitə təsirinin azaldılmasına yönəlmiş Aİ-nin birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik məhsulların istifadəsinə dair direktivi buna nümunədir.
“Qərar” (decision) ünvanlandığı şəxslər (məsələn, Aİ ölkəsi və ya fərdi şirkət) üçün məcburidir və birbaşa tətbiq edilir. Məsələn, Şura Xorvatiyanın 2023-cü il yanvarın 1-dən avroya keçməsinə icazə vermək məqsədilə qərar qəbul edib. Qərar yalnız bu ölkəyə aid olub.
“Tövsiyə” (recommendation) məcburi xarakter daşımır. Avropa Komissiyası Aİ ölkələrindəki media provayderlərinə mülkiyyətin şəffaflığını yaxşılaşdırmağı və redaksiya müstəqilliyinin qorunub saxlanılması ilə bağlı tövsiyə verdikdə bunun heç bir hüquqi nəticəsi olmadı. Tövsiyə təsisatlara fikirlərini bildirməyə və ünvanlandığı şəxslərə heç bir hüquqi öhdəlik qoymadan fəaliyyət kursu təklif etməyə imkan verir.
“Rəy” (opinion) təsisatlara qeyri-məcburi şəkildə, yəni ünvanlandığı şəxs və ya orqanlara heç bir hüquqi öhdəlik qoymadan bəyanat verməyə imkan verən bir alətdir. Rəy məcburi xarakter daşımır. Aİ-nin əsas qurumları (Komissiya, Şura, Parlament), Regionlar Komitəsi və Avropa İqtisadi və Sosial Komitəsi rəylər qəbul edə bilər. Qanunların hazırlanmasında komitələr konkret regional və ya iqtisadi və sosial nöqteyi-nəzərdən rəylərini təqdim edirlər. Məsələn, Avropa İqtisadi və Sosial Komitəsi Komissiyanın kiçik və orta sahibkarlıq strategiyası olan “Next GenerationEU” ilə bağlı rəy verib.
2002-ci ilin dekabr ayında Avropa İttifaqı Şurası 12 ölkəni Aİ-yə üzv olmağa dəvət edib. Onilliklər boyu demokratik azadlıqdan məhrum olan Avropa ölkələri nəhayət demokratik Avropa dövlətləri ailəsinə qayıtmaq imkanı əldə etdi. Beləcə, 2004-cü ildə Aralıq dənizindəki Kipr və Malta adaları ilə birlikdə Çex Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa, Slovakiya və Sloveniya Aİ-yə üzv olur. 2007-ci ildə isə Bolqarıstan və Rumıniya da ittifaqa qoşulur. Xorvatiya isə 2013-cü ildə ittifaqın üzvü olmaq imkanı əldə edir.
Avropaya inteqrasiya müqavilələr imzalamaq və Aİ qanunlarını tam şəkildə qəbul etmək istəyən bütün Avropa ölkələri üçün açıq siyasi və iqtisadi prosesdir. Lissabon müqaviləsinə (49-cu Maddə) əsasən, istənilən Avropa dövləti azadlıq, demokratiya, insan hüquqlarına və əsas azadlıqlara hörmət və qanunun aliliyi prinsiplərinə riayət etməklə Aİ-yə üzvlük üçün müraciət edə bilər.
1993-cü ildə Avropa İttifaqı Şurası “Kopenhagen meyarları” kimi tanınan üç meyar müəyyən edib. İttifaqa üzv olmaq istəyən hər bir ölkə bu meyarlara cavab verməlidir. İttifaqa qoşulduqdan sonra yeni üzvlər aşağıdakılara malik olmalıdırlar:
Üzvlüyə dair danışıqlar (“qoşulma üzrə danışıqlar”) namizəd ölkə ilə Aİ-ni təmsil edən Avropa Komissiyası arasında aparılır. Danışıqlar başa çatdıqdan sonra həmin ölkənin Aİ-yə qoşulması ilə bağlı qərar Şurada toplaşan mövcud üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilməlidir. Avropa Parlamenti mütləq səs çoxluğu ilə bunu təsdiq etməlidir. Bundan sonra həmin ölkə ilə imzalanan üzvlük sazişi üzv dövlətlərin və namizəd ölkənin konstitusiyasına uyğun olaraq ratifikasiya edilməlidir.
Namizəd ölkələrin danışıqlar müddətində iqtisadi cəhətdən dirçəlməsi üçün Aİ-yə qoşulmamışdan əvvəl onlara maliyyə yardımı ayrılır. Bu ölkələr daha əvvəl Aİ ilə “sabitləşmə və assosiasiya sazişləri” imzalayıblar. Həmin sazişlərə əsasən, Aİ namizəd ölkələrin Aİ-yə üzvlüklə bağlı şərtləri yerinə yetirmək üçün öhdəsinə götürməli olduğu iqtisadi və inzibati islahatlara birbaşa nəzarət edir.
Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlük prosesi haqqında buradan daha ətraflı öyrənin.
2004-cü ildə qəbul olunmuş Avropa Qonşuluq Siyasəti (ENP) Aİ-nin 16 ən yaxın şərq və cənub qonşuları (şərqdə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna, cənubda Əlcəzair, Misir, İsrail, İordaniya, Livan, Liviya, Mərakeş, işğal altındakı Fələstin torpaqları, Suriya və Tunis) ilə əlaqələrini tənzimləyir.
Şərq Tərəfdaşlığı (ŞT) Aİ, ona üzv dövlətlər və Şərqi Avropa və Cənubi Qafqazda altı “tərəfdaş ölkə” arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi və dərinləşdirilməsi məqsədilə Avropa Qonşuluq Siyasətinin bir hissəsi olaraq 2009-cu ildə icra olunmağa başlayıb.
Şərq Tərəfdaşlığı proqramı Paris Sazişi və BMT-nin 2030-cu il üzrə proqramı və Dayanıqlı inkişafa dair məqsədləri kimi bir çox siyasət məqsədlərini dəstəkləyir. O, Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üçün Qlobal Strategiyasında Aİ-nin qonşularının sabitliyi, rifahı və dayanıqlığının artırılması ilə bağlı ümumi məqsədə öz töhfəsini verir.
Rusiya tərəfindən Ukrayna ərazisinin genişmiqyaslı işğalından sonra Gürcüstan, Moldova və Ukrayna 2022-ci ildə Aİ-yə üzvlük üçün rəsmi qaydada müraciət edib. Aİ həmin il Ukrayna və Moldovaya, 2023-cü ildə isə Gürcüstana namizəd ölkə statusu verib. 2024-cü ildə Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqlara başlanıb.
Qərbi Balkan ölkələri (Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya, Kosovo, Monteneqro və Serbiya) coğrafi olaraq Aİ-yə üzv dövlətlərlə əhatə olunaraq Avropanın bir hissəsi hesab olunur. Aİ uzun illərdir regionda fəal oyunçu kimi iştirak edir və 2003-cü ildən etibarən Aİ-nin ayrılmaz hissəsi kimi regionun gələcəyini dəstəkləyir. O vaxtdan etibarən regionun Avropa İttifaqına üzvlük perspektivi ölkələrə demokratik prosesləri təkmilləşdirməklə ümumi siyasi və iqtisadi islahatlar həyata keçirməyə kömək etmişdir. Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və Serbiyaya rəsmi olaraq namizəd statusu verilib. Kosovo isə Avropa İttifaqı tərəfindən potensial namizəd hesab olunur.
Türkiyə 1999-cu ildən Aİ üzvlüyünə namizəd ölkədir.
Şərq Tərəfdaşlığı, Aİ-nin Cənub Qonşuluğu, Aİ və Qərbi Balkanlar və Aİ-nin genişlənməsi haqqında daha ətraflı öyrənin.
Genişlənmə Danışıqları üzrə Komissarın vəzifəsi genişlənmə prosesinin idarə edilməsi və Aİ-nin region ölkələri ilə əlaqələrinin inkişafına xidmət etməkdir.
Ali nümayəndə/Vitse-prezident ilə çalışan və Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratının (DG ENEST) dəstək verdiyi Komissarın vəzifələrinə aşağıdakılar daxildir:
DG ENEST Aİ-nin Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə siyasətlərinin təşviqində Komissarı dəstəkləyir. Genişlənmə sahəsində isə bu direktorat Aİ-yə qoşulmağı planlaşdıran ölkələrə Avropa İttifaqı haqqında Müqavilə və Avropa İttifaqı Şurası tərəfindən müəyyən edilmiş meyarlara cavab verməkdə kömək edir. DG ENEST həmçinin namizəd və ya potensial namizəd ölkələrə və Azərbaycan, Belarus və Ermənistan daxil olmaqla Aİ-nin Şərq qonşuluğunda yerləşən ölkələrə və xalqlara Aİ-nin maliyyə və texniki yardımının əsas hissəsini idarə edir.
Jurnalistlər, fotoqraflar və televiziya heyətləri Şuranın mətbuat üçün ayrılmış yerlərinə daxil olmaq üçün akkreditasiyadan keçməlidirlər. Media akkreditasiyası yalnız nüfuzlu kütləvi informasiya vasitələrində çalışan mətbuat nümayəndələrinə verilir.
Müraciətlərə Beynəlxalq Mətbuat Assosiasiyası (API) ilə birgə müəyyən edilmiş meyarlara uyğun olaraq Şuranın mətbuat xidməti tərəfindən baxılır.
Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün illik akkreditasiya üçün müraciətlər təhlükəsizlik xidməti tərəfindən də yoxlanılır. Təqdim olunan məlumatlar Avropa İttifaqı Nazirlər Şurasının Baş Katibliyi (General Secretariat of the Council of the European Union/GSC) tərəfindən istifadə edilərək bir və ya bir neçə milli təhlükəsizlik orqanına ötürülür.
Avropa İttifaqı Şurasına media akkreditasiyası üçün müraciət edən jurnalistlər müəyyən meyarlara cavab verməlidirlər. Onlar nüfuzlu media təşkilatının əməkdaşları və ya nüfuzlu media təşkilatının Aİ ilə bağlı mövzuları işıqlandıran müstəqil jurnalisti olmalıdırlar.
Akkreditasiya qaydaları haqqında daha ətraflı məlumatı buradan öyrənin.
Aİ sammitlərini işıqlandırmaq istəyən media nümayəndələri sammitdən altı həftə əvvəl qeydiyyatdan keçməlidirlər və prosesi son tarixdən əvvəl başa çatdırmalıdırlar.
Gələcək tədbirlər üçün akkreditasiya ilə bağlı xəbərləri qaçırmamaq üçün Şuranın X platformasındakı hesabına və mətbuat xidmətinin bildirişlərinə abunə olun.
Nüfuzlu media təşkilatları ilə çalışan jurnalistlər, fotoqraflar və audiovizual komandalar və Aİ-nin bütün təsisatları üçün vahid media nişanına malik olmayan şəxslər media akkreditasiyası üçün müraciət etməlidirlər.
Bu keçidə daxil olmaqla media akkreditasiyasının müxtəlif formaları haqqında məlumat ala bilərsiniz.
Avropa Parlamentinin proqramı haqqında e-poçt bildirişləri almaq üçün abunə olun.
Avropa Parlamentinin tərkibi və səlahiyyətləri, siyasi prioritetləri, keçmişdə və hazırda görülən işləri, tarixçəsi, qrafik məlumatlar, ictimai rəy sorğuları və faydalı əlaqə vasitələrinə dair məlumatları özündə birləşdirən Avropa Parlamentinin mətbuat üzrə alətlər dəstinə baxın.
O, Parlamentin fəaliyyətini işıqlandıran jurnalistlərə müvafiq məlumatları tez tapmağa və parlamentin internet saytlarından istifadə etməyə kömək üçün nəzərdə tutulub.
Avropa Komissiyasının xəbərlərini və tədbirlərini izləyə və mətbuat üçün açıqlamalar qəbul etmək üçün abunə ola bilərsiniz.
Siz həmçinin [email protected] ünvanına e-məktub göndərməklə Avropa Komissiyasının sözçüləri tərəfindən göndərilən bildirişlərə abunə ola bilərsiniz.
Jurnalistlər, fotoqraflar və televiziya heyətləri Avropa Komissiyası, Avropa Parlamenti və Şuranın mətbuat üçün ayrılmış yerlərinə daxil olmaq üçün akkreditasiyadan keçməlidirlər. Akkreditasiyanın formaları haqqında buradan məlumat ala bilərsiniz.
EEAS xəbər bülleteninə abunə olun və son xəbərləri və tədbirləri qaçırmayın.
EEAS-ı sosial media platformalarında izləyin:
https://www.facebook.com/EuropeanExternalActionService
https://www.instagram.com/eudiplomacy/
https://www.linkedin.com/company/european-external-action-service/
https://www.youtube.com/user/EUExternalAction
EUvsDisinfo internet səhifəsinə nəzər salın
EUvsDisinfo Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) StratCom strateji rabitə üzrə operativ işçi qrupunun əsas layihəsidir və Kreml yönümlü dezinformasiya kampaniyalarını ifşa etmək və onlara qarşı mübarizə aparmaq məqsədi daşıyır. EUvsDisinfo layihəsi dezinformasiya əməliyyatları haqqında ictimaiyyətin məlumatlılığını və anlayışı artırmaqla Avropa və onun hüdudlarından kənarda vətəndaşlara rəqəmsal informasiya və media sahəsində manipulyasiyaya qarşı müqavimət aparmağa kömək etmək məqsədi daşıyır.
Sosial media platformalarında:
https://www.facebook.com/EUvsDisinfo/
https://www.linkedin.com/company/euvsdisinfo/
https://www.youtube.com/channel/UCAiQd5dj168VcYa6Nly_jIw/featured
Bu keçidə daxil olmaqla video və foto arxivlərə baxa və birbaşa yayımları buradan endirə bilərsiniz. Bu materiallardan istifadə zamanı müəllif hüquqlarına riayət etmək məqsədilə @European Union nişanından istifadə edin.
Yayım keyfiyyətinə malik audiovizual məzmuna peyk vasitəsilə Avropa İttifaqı təsisatlarının televiziya məlumat xidməti olan EbS və EbS+ kanallarında baxmaq olar. Orada foto, audio və videomaterialların pulsuz endirilməsi üçün geniş imkanlar var.
Materiallardan istifadə pulsuzdur. Lakin, onlardan istifadə zamanı mənbənin göstərilməsi tələb olunur. Bəzi materiallar redaktə edilməməlidir, onlar tam göstərilməlidir, yaxud Mərkəzi Audiovizual Kitabxanadan icazə alınmaqla faylı redaktə etmək olar. Daha ətraflı məlumat üçün Müəllif hüququ (Copyright) bölməsinə baxın.
EbS kanalında Avropa Komissiyasının, Avropa Parlamentinin, Avropa İttifaqı Şurasının, Avropa İttifaqı Nazirlər Şurasının, Avropa Mərkəzi Bankının və digər təsisatların fəaliyyəti işıqlandırılır, eləcə də mətbuat konfranslarının, təsisatlar tərəfindən təşkil olunan brifinqlərin, parlamentin plenar iclaslarının və Avropa İttifaqı Şurasının iclaslarının canlı yayımları var.
Kanalın veb-saytında video formatında orijinal videokadrlar, xəbər çarxları və mətbuat üçün açıqlamalar mövcuddur. Orada həmçinin Aİ rəsmilərinin Şərq Tərəfdaşlığı ölkələrinə səfərləri ilə bağlı yerli televiziya kanallarının istifadə edə biləcəyi videokadrlar, o cümlədən proqramların yayımlandığı gündən etibarən yeddi gün ərzində canlı yayımı olan çarxlar da mövcuddur.
Saytdan yüksək keyfiyyətli video (MPEG2) və audiofayllar (MP3) yükləmək olar.
Avropa Parlamenti kütləvi informasiya vasitələrinin nümayəndələrinə audiovizual xidmətləri və vasitələri pulsuz təmin edir. Audiovizual materiallar ilə bağlı daha ətraflı məlumat üçün mətbuat katibi ilə əlaqə saxlamaq olar.
Avropa Parlamentinin Multimedia mərkəzində pulsuz yüklənə biləcək yüksək keyfiyyətli və istifadəyə hazır video və foto materiallar var. Avropa Parlamenti tərəfindən hazırlanmış orijinal və redaktə edilmiş materialların hamısı parlamentin audiovizual arxivi olan bu mərkəzdə saxlanılır. Orada həmçinin cari və keçmiş hadisələr haqqında məlumatlar, xəbərlər, illüstrativ məlumat çarxları və fond şəkilləri, o cümlədən arxiv materialları var. Media kitabxanasının əməkdaşları ([email protected]) Multimedia Mərkəzində videoyazıları və ya arxiv materiallarını tapmaqda kömək edirlər.
Multimedia mərkəzinin canlı yayım bölməsində Avropa Parlamentinin planlaşdırılmış videoçəkilişlərinin gündəlik cədvəlinə (plenar və komitə iclasları) baxa və canlı yayımlardan fərdi və ya qısa videokadrlar endirə bilərsiniz. Yerləşdirmə kodları müraciət əsasında əlçatandır.
Daha ətraflı məlumat üçün Audiovizual materiallar səhifəsindəki Mətbuat üçün alətlər dəstinə baxın.
Avropa Parlamenti Strasburq və Brüsseldə yayım və multimedia imkanlarından istifadə etmək istəyən jurnalistlər üçün hər bir şəraiti yaradır.
Avropa Parlamenti fərdi yayım studiyaları, dəyirmi masalar üçün multimedia avadanlıqları, radio studiyaları, yayım və ya multimedia üçün kadrda çıxış (stəndap) mövqeləri və çəkiliş qrupları ilə təmin edir. Tam heyətlə və avadanlıqlarla təchiz olunmuş bu xidmətlər əvvəlcədən bron edilməlidir. Avropa Parlamentinin əsas yüksək profilli binalarında təchiz olunmamış stəndap mövqeləri kimi audiovizual media üçün sahələr də seçilmiş vaxt intervalı və ya bütün gün üçün bron edilə bilər. Avropa Parlamentinin bütün vasitələri jurnalistlər üçün pulsuzdur.
Onlayn broşürə baxmaqla audiovizual xidmətlər haqqında daha çox məlumat əldə etmək olar.
Avropa Parlamentinin foto kitabxanasında Avropa layihəsinin icrasına başlandığı gündən etibarən bu günə qədər 42 000 foto dəst üzrə qruplaşdırılmış 600 000-dən çox təsvir var. Parlamentin peşəkar fotoqrafları konkret sorğu əsasında xüsusi keyfiyyətli foto materiallar hazırlaya bilərlər. Media mərkəzindəki fotolar ictimaiyyət üçün açıqdır və pulsuz endirilə bilər. Foto xidməti müraciət əsasında sizə lazım olan fotonu tapmağa kömək edə bilər. Bu saytdakı fotoları hər kəs, istər jurnalistlər, istər tələbələr, istərsə də geniş ictimaiyyətin üzvləri pulsuz endirə bilər. Mənbənin (© Avropa İttifaqı – İL) göstərilməsi mütləqdir.
Avropa Parlamentinin deputatlarından müsahibə alan jurnalistlər və təsisatların fəaliyyətlərini işıqlandıran daxili xidmətlər üçün qısa fotosessiyalar də mövcuddur. Bu müraciətlər 48 saat qabaqcadan təqdim olunmalıdır. Son müraciət tarixinin cümə günü günorta saatlarına ([email protected]) təyin olunduğu plenar iclaslar istisna təşkil edir. Bu əlavə müraciətlərə cavab vermək üçün fotoqraf xidmətinin əməkdaş sayı baxımından imkanları məhduddur.
Audiovizual arxivlər Vahid Bazarın mövcud olduğu ilk günlərdən bu günə qədər Avropanın tarixini sənədləşdirən minlərlə saatlıq video, audio və foto material təqdim edir. Videomateriallar pulsuz verilir. Mənbənin (© Avropa İttifaqı – İL) göstərilməsi mütləqdir.
Avropa Komissiyasının foto arxivində Komissiyanın prezidentinin və onun Kollegiyasının rəsmi portretindən tutmuş Aİ ilə bağlı gündəlik xəbərlərin fotolarına qədər şəxsiyyətlər və hadisələr haqqında fotoreportajlar, həmçinin Aİ ilə bağlı mövzularda illüstrasiyalı fotolar mövcuddur. Ayrıca bir bölmədə Aİ liderlərinin fotolarından ibarət qalereya var. Bütün materialları burada tapa bilərsiniz.
Fərdi müəllif hüququna dair bildirişdə başqa cür göstərilmədiyi və/və ya göstərilən məhdudiyyətlərin və/və ya konkret halların heç birinin tətbiq edilmədiyi hallarda, bu veb-saytda Avropa Komissiyasına məxsus məzmun Creative Commons Attribution 4.0 International (CC BY 4.0) beynəlxalq lisenziyası əsasında lisenziyalaşdırılır. Bu, müvafiq icazənin verilməsi və hər hansı dəyişikliklərin aydın şəkildə göstərilməsi şərtilə təkrar istifadəyə imkan verir.
İstifadəçilərdən hər bir fərdi fayl üzrə müəllifə istinad etmələri xahiş olunur. Başqa heç nə göstərilmədikdə, aşağıdakı müəllif hüququna istinad edin:
© Avropa İttifaqı, 2025, CC BY 4.0
Bu media qalereyasında dünyanın müxtəlif yerlərindən Aİ ilə əlaqəli video və fotolar tapmaq olar. Axtarışı fərdiləşdirmək üçün filtrdən istifadə edin və ya açar sözlər ilə axtarın.
Avropa İttifaqı Nazirlər Şurasının mətbuat xidməti kütləvi informasiya vasitələrini Şuranın, Avropa İttifaqı Şurasının və Avroqrupun fəaliyyəti, eləcə də Aİ-nin işləyib hazırladığı siyasətlə bağlı dəqiq, vaxtında və obyektiv məlumatlarla təmin edir.
Şuranın sözçüləri və mətbuat katibləri tez-tez anonimliyin qorunması şərti ilə müsahibə verirlər. Jurnalist materiallarında onlar “Aİ mənbələri” və ya “Aİ rəsmiləri” adlandırılır, lakin onların adları və ya vəzifələri açıqlanmır. Bununla belə, bəzən razılaşdırıldıqda sözçülər “rəsmi” qaydada (sitat gətirmək imkanı verməklə) şərhlər verə bilərlər.
Bu keçidə daxil olmaqla mətbuat ilə əlaqələr şöbəsi ilə əlaqə saxlamaq olar.
Avropa Parlamentinin mətbuat xidməti jurnalistləri Parlamentin fəaliyyəti ilə bağlı faktlara əsaslanan və neytral məlumatlarla təmin edir, praktiki və texniki yardım göstərir. Avropa Parlamentinin mətbuat katibləri Parlamentin gündəliyində olan qanunvericilik sənədləri, audiovizual dəstək və onlara təqdim olunan əlaqələr haqqında kütləvi informasiya vasitələrinin nümayəndələrini məlumatlandırmaq imkanına malikdirlər.
Mətbuat xidməti Avropa Parlamentinin qanunvericilik işi ilə birbaşa əlaqəsi olmayan media sorğularına və Parlamentlə bağlı dezinformasiya cəhdlərinə cavab verir. Mətbuat xidmətinə Avropa Parlamentinin sözçüsü vəzifəsini icra edən Delfina Kolard rəhbərlik edir.
Parlamentin fəaliyyəti, konkret mövzu və ya komitə haqqında ətraflı məlumat axtarırsınızsa, Brusseldə yerləşən mətbuat katiblərinin siyahısı işinizə yaraya bilər. Onların adlarının yanında hansı siyasət sahələri və ölkələrə aid məlumat verə biləcəkləri qeyd olunub.
Bütün siyasi qrupların, o cümlədən Avropa Parlamentinin prezidentinin Mətbuat xidməti var.
Parlament üzvlərinin, onun komitə üzvlərinin, eləcə də Avropa Parlamentinin nümayəndəliklərinin heyətlərinin şərhləri Avropa İttifaqının müvafiq məsələlərlə bağlı rəsmi mövqeyini əks etdirmir.
Jurnalistlər Avropa Komissiyasının sözçüləri və mətbuat katibləri ilə, eləcə də Avropa Komissiyasının yerli nümayəndəliklərindəki (Aİ Nümayəndəlikləri) mətbuat katibləri ilə əlaqə saxlaya bilərlər.
Sözçü xidməti (SPP) kütləvi informasiya vasitələri ilə əlaqə baxımından Avropa Komissiyasının rəsmi mövqeyini təmsil edir. Bu xidmət mətbuat konfransları, brifinqlər təşkil edir və media təşkilatları ilk növbədə bu xidmətlə əlaqə saxlamalıdırlar.
Sözçülər müxtəlif məsələlər üzrə Avropa Komissiyasının mövqeyini əks etdirən rəsmi bəyanatlar və ya şərhlər verə bilərlər. Avropa Komissiyasının mətbuat xidmətinə Avropa Komissiyası və onun prezidenti adından çıxış etmək səlahiyyətinə malik olan Baş Sözçü rəhbərlik edir. Yalnız Komissarlar, Baş direktoratların rəhbərləri və sözçülər Avropa Komissiyası adından mətbuata rəsmi şərh vermək səlahiyyətinə malikdirlər.
Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti ilə maraqlanan jurnalistlər ilk növbədə EEAS mətbuat xidməti ilə əlaqə saxlamalıdırlar. Onlar mətbuata siyasət prioritetləri, qanun layihələri və qərarlar haqqında məlumat verir, mətbuat üçün tədbirlər təşkil edir, materiallarla təmin edirlər.
“Rəsmi” (on the record) o deməkdir ki, verilən hər hansı məlumatla bağlı sitat gətirilə, dərc oluna və çıxış edən şəxsə aid edilə bilər. Danışan şəxsin adı və ifadələri ictimaiyyət üçün tam açıqdır və hər hansı reportaj və ya müzakirədə media mənsubları və ya məlumatı alan şəxslər tərəfindən sərbəst şəkildə istifadə edilə bilər.
“Qeyri-rəsmi” (off the record) verilən məlumat dərc edilə bilməz, sitat gətirilə və ya həmin məlumatı verən şəxsə aid edilə bilməz. O, məzmun təmin etmək və ya jurnalistə vəziyyəti anlamağa kömək etmək məqsədi daşıyır, lakin reportajda birbaşa istifadə edilməməlidir. Danışan şəxsin şəxsiyyəti və sözləri məxfidir.
Qeyri-rəsmi brifinqdə (background briefing) təqdim olunan məlumatlar kütləvi informasiya vasitələri tərəfindən istifadə oluna bilər, lakin adı ilə konkret şəxsə aid edilə bilməz. Bunun əvəzinə, məlumatın kim tərəfindən verildiyi ümumi şəkildə (məsələn, “yüksək vəzifəli şəxs” və ya “məsələ ilə tanış olan şəxs”) bildirilir. Məqsəd mənbəni birbaşa açıqlamadan məzmun təmin etməkdir.
Aİ təsisatları və orqanları öz vətəndaşları üçün aşağıdakılar daxil olmaqla gözəçarpan nəticələr əldə etmək üçün çalışır:
Aİ-nin Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna vətəndaşları üçün hansı işlər gördüyünü öyrənin.
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,