Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində nəqliyyat infrastrukturuna investisiyaları

Sentyabr 29, 2025
Şərq Tərəfdaşlığı ölkələri Avropa İttifaqının dəstəyi ilə nəqliyyat əlaqələrini necə yaxşılaşdıra bilər

  • Trans-Avropa Nəqliyyat Şəbəkəsi nədir?
  • TEN-T şəbəkəsi Aİ-nin Şərq Tərəfdaşlığında daha güclü nəqliyyat əlaqələrinin qurulması məqsədinə nə dərəcədə uyğundur?
  • Aİ ŞT ölkələrində dayanıqlı və etibarlı nəqliyyat infrastrukturunu necə qurmaq niyyətindədir?
  • EPIC proqramı çərçivəsində hansı dəstək mexanizmi mövcuddur?
  • Hökumətlər dəstək üçün necə müraciət edə bilərlər?
  • EPIC tərəfindən dəstək necə təmin edilir?
  • Hal-hazırda hansı layihələr icra olunur?
Kart %1/%2

Trans-Avropa Nəqliyyat Şəbəkəsi nədir?

Avropa İttifaqının (Aİ) Trans-Avropa Nəqliyyat Şəbəkəsi (TEN-T) siyasəti bütün Aİ ərazisində ardıcıl, səmərəli, multimodal və yüksəkkeyfiyyətli nəqliyyat infrastrukturunun planlaşdırılmasına və yaradılmasına yönəlmiş mühüm alətdir.

Şəbəkəyə dəmir yolları, daxili su yolu nəqliyyatı, qısa dəniz nəqliyyatı marşrutları və şəhər qovşaqlarını birləşdirən yollar, dəniz və daxili limanlar, hava limanları və terminallar daxildir.

TEN-T insanların və malların səmərəli şəkildə daşınmasına şərait yaradır, iş və xidmətlərə çıxış imkanı təmin edir və ticarət və iqtisadi artımı təşviq edir. Bununla da şəbəkə Aİ-nin sosial-iqtisadi və ərazi birliyini gücləndirir və beynəlxalq səviyyədə boşluqlar, maneələr və ya digər problemlər olmadan qüsursuz nəqliyyat sistemləri yaradır. O, həmçinin nəqliyyatın ətraf mühitə mənfi təsirini azaltmaqla şəbəkənin təhlükəsizliyini və dayanıqlığını artırmaq məqsədi daşıyır.

TEN-T şəbəkəsi Aİ-nin Şərq Tərəfdaşlığında daha güclü nəqliyyat əlaqələrinin qurulması məqsədinə nə dərəcədə uyğundur?

Daha güclü nəqliyyat əlaqələri və TEN-T şəbəkəsinin şərqə doğru genişləndirilməsi Şərq Tərəfdaşlığı proqramı üzrə əsas prioritetlərdən biridir. Nəqliyyat əlaqələrinin gücləndirilməsi məsələsi 2017-ci ildə keçirilən Şərq Tərəfdaşlığı Sammitində müəyyənləşdirilən 20 praktiki nəticədən biri olmaqla 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı üzrə müəyyən edilmiş 10 əsas hədəfdən (Aİ və Şərq Tərəfdaşlığı ölkələri arasında ticarət marşrutları diqqət mərkəzində saxlanılmaqla 3000 km uzunluğunda prioritet avtomobil və dəmir yolunun Aİ standartlarına uyğun tikilməsi və ya təkmilləşdirilməsini nəzərdə tutan “Nəqliyyat əlaqələrinin gücləndirilməsi” layihəsi) biridir.

2019-cu ildə işlənib hazırlanmış Nümunəvi TEN-T investisiya fəaliyyət planında hər bir Şərq Tərəfdaşlığı ölkəsində təxminən 13 milyard avro investisiya ilə ümumilikdə 4800 km avtomobil və dəmir yollarını, 6 liman və 11 logistika mərkəzini əhatə edən prioritet layihələr yer alır.

Bu siyasət prioritetlərini dəstəkləmək məqsədilə Aİ-nin İqtisadi və İnvestisiya Planı çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin iqtisadiyyatlarının davamlı transformasiyası, dayanıqlılığı və inteqrasiyası üçün Aİ büdcəsindən 2,3 milyard avro maliyyə vəsaitinin ayrılması və 17 milyard avroya qədər dövlət və özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulub.

Məsələn, Moldovada prioritet TEN-T sərhəd keçid məntəqələrinin yaradılması üçün yeni investisiya imkanları, o cümlədən Moldova dəmiryol sistemlərinin Aİ sisteminə inteqrasiyasının təmin edilməsi daxil olmaqla, nəqliyyat əlaqələrinin inkişafı məsələsi 1,9 milyard avro dəyərində Moldovanın İslahat və İnkişaf Proqramı ilə dəstəklənən  Moldovanın İnkişaf Planının əsas hissəsini təşkil edir.

Ermənistanda nəqliyyat əlaqələrinə sərmayələrin yatırılması bu ölkənin regionda logistika və nəqliyyat qovşağı kimi rolunu artırmaq üçün nəqliyyat infrastrukturuna investisiyalar cəlb etmək məqsədi daşıyan 270 milyon avro büdcəyə malik Dayanıqlıq və İnkişaf Planının əsas tərkib hissələrindən biridir.

Aİ ŞT ölkələrində dayanıqlı və etibarlı nəqliyyat infrastrukturunu necə qurmaq niyyətindədir?

Nümunəvi TEN-T investisiya fəaliyyət planı dərc olunduqdan sonra Avropa Komissiyası və Avropa İnvestisiya Bankı (AİB) ŞT Nəqliyyat Qrupunun panel iclasında Şərq Tərəfdaşlığı ölkələrinin, vətəndaş cəmiyyətinin və müvafiq beynəlxalq maliyyə qurumlarının nümayəndələrinin rəylərini toplayaraq nəqliyyat infrastrukturu layihələrinin hazırlanmasında Şərq Tərəfdaşlığı ölkələrinə kömək etmək məqsədilə yeni proqram üzərində işləməyə başlayıb. 2019-cu ilin iyun ayında ŞT ölkələrinin nəqliyyat nazirləri tərəfdaş ölkələrə prioritet TEN-T layihələrinin hazırlanmasında və həyata keçirilməsində kömək edəcək proqramın işə salınması barədə razılığa gəliblər.

Nəticədə, 2022-ci ilin əvvəlində Avropa Komissiyası və AİB, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Dünya Bankının birgə təşəbbüsü ilə AİB tərəfindən hazırlanmış Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları Proqramı (EPIC) adlı məsləhət dəstəyi və texniki yardım mexanizmi işə salınıb.

EPIC proqramının məqsədi Şərq Tərəfdaşlığı regionunda nəqliyyat sahəsində prioritet investisiyaları dəstəkləmək üçün məsləhət dəstəyi və texniki yardım vasitəsilə TEN-T infrastruktur layihələrini təşviq etmək və bu investisiyaların Aİ və beynəlxalq maliyyə qurumlarının tələblərinə uyğun hazırlanmasında tərəfdaş ölkələrə kömək etməkdir.

EPIC proqramı çərçivəsində hansı dəstək mexanizmi mövcuddur?

EPIC avtomobil, dəmir yolu, hava, dəniz nəqliyyatı və intermodal nəqliyyat layihələrində TEN-T prioritet investisiyaları vasitəsilə nəqliyyat əlaqələrini təkmilləşdirmək üçün Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynaya pulsuz məsləhət dəstəyi və texniki yardım təklif edir.

Adətən belə layihələr səfər müddətinin və xərclərin azaldılması, problemlərin aradan qaldırılması, yol təhlükəsizliyinin artırılması, nəqliyyat infrastrukturunun iqlim dəyişikliyinə uyğunlaşdırılması, sosial-iqtisadi və ətraf mühit üçün faydaların təmin edilməsi məqsədi daşıyır.

EPIC proqramı tərəfindən təmin edilən dəstəyə aşağıdakılar daxildir:

  • Strateji istiqamətlərin müəyyənləşdirilməsi, məsələn, nəqliyyat sektorunda tədqiqatların dəstəklənməsi, infrastruktur layihələrinə investisiyaların planlaşdırılması, layihələrin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi.
  • Layihələrin hazırlanması, o cümlədən texniki-iqtisadi əsaslandırmalar, ilkin layihələr, ətraf mühitə təsirə dair qiymətləndirilmələr, təhlükəsizlik auditləri və s.
  • Metodoloji təlimatlar, məsələn, xərc-gəlir təhlillərinin hazırlanması, ekoloji və sosial təsirlərin qiymətləndirilməsi, infrastrukturun iqlimə dayanıqlığı və s.
  • Satınalma strategiyaları və prosesləri, tender sənədlərinin hazırlanması və layihənin icraçı qruplarının yaradılması kimi xüsusi məsələlər üzrə müvafiq məsləhətləşmələr vasitəsilə layihələrin icrası.

Xüsusi təlim tədbirləri, seminarlar və tematik sənədlər vasitəsilə müvafiq ölkələrdə potensialın gücləndirilməsi və biliklərin ötürülməsi, institusional potensialın artırılması.

Hökumətlər dəstək üçün necə müraciət edə bilərlər?

Mexanizm milli prioritet olan və Aİ-nin Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya PlanıTrans-Avropa Nəqliyyat Şəbəkəsi (TEN-T) və region üzrə Nümunəvi TEN-T investisiya fəaliyyət planına daxil edilmiş və prioritetləşdirilmiş layihələri dəstəkləyir.

Layihə təkliflərinin qəbulu haqqında elanlar EPIC proqramının internet səhifəsində dərc olunur və Şərq Qonşuluğu ölkələrinin nəqliyyat və infrastruktur nazirliklərinə və ya oxşar qurumlarına göndərilir.

Milli nəqliyyat və infrastruktur nazirlikləri EPIC Məsləhət Qrupunun köməyi ilə ərizələrin təqdim edilməsinə cavabdehdir. EPIC Məsləhət Qrupu layihələrin əvvəlcədən seçilməsi və ərizələrin hazırlanması prosesində səlahiyyətli dövlət orqanlarına kömək edə bilər.

Layihə təkliflərində investisiya layihəsinin təsviri, tələb olunan dəstəyin təsviri və xərclər haqqında məlumat, layihənin işlənib hazırlanması vəziyyətinin təhlili və layihənin hazırlanması üçün institusional çərçivənin təsviri yer almalıdır.

EPIC və müraciət prosesi haqqında daha ətraflı məlumat üçün burada ətraflı şəkildə təqdim olunmuş təlimatlara baxın.

Hal-hazırda texniki yardım üzrə layihə təklifləri qəbul edilir.

EPIC tərəfindən dəstək necə təmin edilir?

EPIC dəstək üzrə ərizəni təsdiq etdikdən sonar Texniki yardım müqaviləsi üzrə Texniki tapşırıqların tam toplusu hazırlanır və müvafiq məsləhətçilər cəlb olunur.

EPIC Məsləhət Qrupu texniki yardım üzrə məsləhətçilərin işinə nəzarət edir, nəticələri təhlil edir, şərh edir və məsləhətləşmələrdə iştirak edir.

Layihələr insanların rifahına və həyat səviyyəsinə birbaşa müsbət təsir göstərdiyindən, onların icrası zamanı müvafiq şəkildə kommunikasiya və şəffaflıq təmin edilir.

Hal-hazırda hansı layihələr icra olunur?

Hazırda Şərq Tərəfdaşlığı ölkələrində bir sıra layihələr həyata keçirilir. Buraya daxildir:

  • Şərq-cənub-qərb istiqamətində Moldova Respublikasının ərazisindən keçən genişləndirilmiş TEN-T şəbəkəsinin bir hissəsi olan Unqenı – Kişinyov – Odessa yol dəhlizinin qurulması üzrə tədqiqatlar. Dəhliz Rumıniya, Moldova və Ukraynanı birləşdirir və insanların və yüklərin daşınması üçün əsas marşrut rolunu oynayır.
  • Gümrü dairəvi avtomobil yolu – texniki-iqtisadi əsaslandırma və təfərrüatlı layihənin yenilənməsi: Gümrü dairəvi avtomobil yolu Ermənistan hökuməti tərəfindən Ermənistanın nəqliyyat infrastrukturunun mühüm strateji elementi və genişləndirilmiş TEN-T şəbəkəsinin bir hissəsi olan Şimal-Cənub Yol Dəhlizinin əsas mərhələsində yüksək prioritet investisiya layihəsi kimi müəyyən edilib.
  • Azərbaycanda əsas TEN-T şəbəkəsinin bir hissəsi olan Bakı-Böyük Kəsik dəmir yolu dəhlizi üzrə mövcud keçidlərdə təhlükəsizliyin artırılması. Bu dəmiryolu dəhlizi paytaxtı və Bakı limanını Gürcüstanın Qara dənizə qədər uzanan dəmir yolu şəbəkəsi ilə birləşdirir və ölkənin əsas Şərq-Qərb dəmir yolu xəttidir.
  • Ukraynada nəqliyyat üzrə vahid layihə portfelinin hazırlanması üçün məsləhət dəstəyi: Balkan ölkələrində və Aİ-də Aİ-nin maliyyələşdirmə təcrübəsinə əsaslanaraq EPIC nəqliyyat sektorunu prioritet olaraq nəzərə almaqla Dövlət investisiyalarının idarə edilməsi (PIM) sisteminin yaradılması üçün yol xəritəsinin həyata keçirilməsində Ukrayna hökumətinə dəstək verir.

EPIC tərəfindən dəstəklənən digər layihələri EPIC proqramının internet səhifəsində tapa bilərsiniz.

Yerləşdir
The recommended iFrame size is 100% width and 750px height

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,