2025-ci il üzrə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Sammitində dezinformasiyaya qarşı yeni regional proqram təqdim edilib
Dekabr 5, 2025

2025-ci il üzrə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Sammitində dezinformasiyaya qarşı yeni regional proqram təqdim edilib


2-4 dekabr 2025-ci il tarixlərində Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı (ŞT) Vətəndaş Cəmiyyəti Sammitində Şərq Tərəfdaşlığı regionunda xarici informasiya manipulyasiyasını, müdaxiləsini və dezinformasiyasını aşkar etmək və bunlara qarşı mübarizə aparmaq məqsədi daşıyan 5 milyon avro büdcəyə malik yeni regional proqram təqdim edilib.

Sözügedən proqram Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, müstəqil media orqanları, o cümlədən mühacirətdə fəaliyyət göstərən şəxslər üçün faydalı olacaq. Bu proqramın əsas hədəfi iştirakçıların strateji ünsiyyət bacarıqlarını inkişaf etdirmək, media savadlılığını artırmaq və dezinformasiyaya qarşı dayanıqlığını gücləndirməkdir. Bu məqsədlə layihə potensialın artırılması, tədqiqat, təhlil, sərhədlərarası əməkdaşlıq və maliyyə dəstəyi kimi tədbirləri əhatə edəcək. 

“Avtokratlar demokratik cəmiyyətlərimizi zəiflətmək üçün dezinformasiya yayırlar. Bizim üzv dövlətlərimizdə və qonşu ölkələrimizdə eyni təhdidlərlə üzləşirik,” – Genişlənmə üzrə Komissar Marta Kos bildirib. “Avropada azadlığı və demokratiyanı qorumaq üçün bütün avropalılar birlikdə çalışmalıdır. Qonşuluğumuzdakı müstəqil media və fəal vətəndaş məkanları Avropanın demokratik təhlükəsizlik şəbəkəsinin bir hissəsidir”, – o, əlavə edib.

Komissar Marta Kos həmçinin ŞT Vətəndaş Cəmiyyəti Forumu tərəfindən regiondan olan şəxslərin və ya təşkilatların görkəmli və cəsarətli fəaliyyətlərinə görə hər il təqdim olunan Vətəndaş Cəmiyyəti Mükafatı mərasimində iştirak edib. O, 2025-ci il üzrə mükafatları Ukraynanın Xarici Siyasət Şurası “Ukrayna prizması” və Azərbaycandan olan Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinə (WARD) təqdim edib. Mükafatı WARD-ın təsisçisi və rəhbəri Şəhla İsmayıl qəbul edib və çıxışı zamanı bunları deyib: “Dayanıqlılıq böhranda doğulmur, o ləyaqətdən yaranır. Ləyaqət isə qadınların sadəcə mövcud olduğu yerdə deyil, öz həyatlarının və ətrafdakı icmaların gedişatını sərbəst şəkildə formalaşdıra bildiyi yerdə inkişaf edir. Qadınlar bu sakit gücü nəsillər boyu, hələ dünya onu tanımağı öyrənməmişdən xeyli əvvəl özlərində qoruyub saxlayıblar”.

Xarici siyasət və beynəlxalq təhlükəsizliyə fokuslanan “Ukrayna prizması” analitik mərkəzi Rusiyanın təcavüzkar müharibəsinin dağıdıcı təsirinə baxmayaraq, davamlı fəaliyyətinə görə bu mükafata layiq görülüb.

Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti isə gender bərabərliyi, qadınların səlahiyyətlərinin və iştirakçılığının artırılması, ölkədəki bütün qadınlar, kişilər, qızlar və oğlanlar üçün gender bərabərliyini təşviq etmək səylərinə görə mükafatlandırılıb. 

2025-ci il üzrə Şərq Tərəfdaşlığı (ŞT) Vətəndaş Cəmiyyəti Sammiti, Aİ və Şərq Tərəfdaşlığı vətəndaş cəmiyyəti təşkilatlarını və qərar qəbul edən qurum və şəxsləri bir araya gətirən, Şərq Tərəfdaşlığı çərçivəsində çoxşaxəli əməkdaşlığın gələcək formalarını, vətəndaş cəmiyyətinin rolunu və onun dayanıqlığını gücləndirmək yollarını müzakirə etmək üçün keçirilən illik tədbirdir.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama



MOST READ



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,