Aİ Qara dəniz ölkələri, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə regionlararası əməkdaşlığı gücləndirir
EU
Oktyabr 22, 2025

Aİ Qara dəniz ölkələri, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə regionlararası əməkdaşlığı gücləndirir


Oktyabrın 20-də Avropa İttifaqı (Aİ) Regionlararası Bağlantı Proqramının müzakirəsi məqsədilə Aİ-yə üzv dövlətlər, Ermənistan, Azərbaycan, Moldova, Türkiyə, Ukrayna və Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) xarici işlər nazirlərini və nümayəndələrini bir araya toplayıb. 

Aİ sözügedən təşəbbüsün köməyilə Türkiyə və Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya ölkələri ilə əlaqələrini gücləndirmək niyyətindədir. Təşəbbüsdə davamlı və səmərəli nəqliyyat, energetika və rəqəmsal bağlantılar vasitəsilə ticarətin artırılması və sosial-iqtisadi inkişafın gücləndirilməsi üçün strateji investisiyaların əlaqələndirilməsi nəzərdə tutulub. O, dayanıqlı inkişaf və yaşıl iqtisadiyyata keçid prinsiplərinə əsaslanır. 

Aİ-ni müzakirələrdə Aİ-nin Ali nümayəndəsi Kaya Kallas, Genişlənmə üzrə Komissar Marta Kos və Beynəlxalq Tərəfdaşlıqlar üzrə Komissar Jozef Sikela təmsil edib. 

Aİ rəsmiləri Avropa Komissiyasının mövcud təcrübələrə əsaslanaraq iştirakçı ölkələr, beynəlxalq maliyyə institutları, özəl investorlar və maraqlı üçüncü tərəflərlə birgə koordinasiya proqramı üzərində işləməyi planlaşdırdığını bildiriblər. Proqramın layihəsi 27 noyabr 2025-ci il tarixində Daşkənddə (Özbəkistan) keçiriləcək TCTC İnvestorlar və Əlaqələr Forumunda təqdim olunacaq və işlənib hazırlanacaq.

Görüş zamanı Aİ-yə üzv dövlətlər və Qara dəniz ölkələri regionlararası təhlükəsizliyin, o cümlədən dənizdə təhlükəsizliyinin vacibliyini vurğulayıblar. Aİ üzv dövlətlərə və tərəfdaşlara monitorinqlərin həyata keçirilməsi, son dərəcə mühüm əhəmiyyət daşıyan infrastrukturun qorunması və hibrid təhlükələrə qarşı mübarizə sahələrində dəstəyini artırmağa hazır olduğunu bildirib.

Regionda sahil mühafizəsi üzrə əməkdaşlığın genişləndirilməsi, minatəmizləmə üzrə təşəbbüslərin dəstəklənməsi və “kölgə donanması” ilə bağlı risklərin aradan qaldırılması təşəbbüsləri də müzakirə edilib. Bu səylər Aİ-nin Ukraynanın təhlükəsizliyinə və Qara dəniz regionunda dayanıqlığın təmin edilməsinə yönəlmiş fəaliyyətlərinin bir hissəsidir. 

“Qara dəniz regionu Aİ üçün strateji əhəmiyyətə malikdir. Rusiyanın Ukraynadakı müharibəsi bütün regiona sıçrayan təhlükəli təsirlərə malikdir. Moskvanın hərbi cəhətdən güclənməsi, onun kölgə donanması, su minaları və gəmilərin məlumat sistemlərinin bloklanması kollektiv cavab tələb edən təhlükəsizlik problemləridir”, – Kaya Kallas bildirib.

İştirakçılar bir ildən sonra yenidən toplanmaq qərarına gəliblər.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

Regionlararası Təhlükəsizliyin və Əlaqələrin Gücləndirilməsinə dair Həmsədrlərin mülahizələri



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,