Dairəvi iqtisadiyyat məhsulların istehsalı və istehlakı üsuludur. Bu yanaşma məhsulların daha uzunömürlü olması və daha az tullantı yaranması üçün onların layihələndirilməsi, istehsalı və istifadəsi qaydalarına yenidən baxılmasını nəzərdə tutur.
Dairəvi iqtisadiyyat tullantıların minimuma endirilməsi deməkdir. Məhsul istismar müddətinin sonuna çatdıqda onun materialları təkrar istifadə, təmir, bərpa və təkrar emal vasitəsilə mümkün qədər iqtisadiyyatda saxlanılır. Beləliklə məhsulun həyat dövrü uzadılır və materiallardan dəfələrlə istifadə olunur.
Dairəvi iqtisadiyyat “götür-düzəlt-istehlak et-at” modelinə əsaslanan və böyük miqdarda ucuz, asanlıqla əldə edilən xammal və enerjidən istifadə olunan ənənəvi xətti istehsal modelinin tam əksidir.

Resursların tükəndiyi dünyada biz artıq istehsal və istehlak üsullarımıza yenidən baxmalıyıq. Bu, aşağıdakıları nəzərdə tutur:
Hazırda biz resursları planetimizin onları bərpa etmə qabiliyyətindən 50% daha sürətlə istehlak edirik. Xətti iqtisadiyyatdan dairəvi iqtisadiyyata keçid bir çox səviyyələrdə mühüm əhəmiyyət kəsb edir:
Ətraf mühitin qorunması
Məhsulların təkrar istifadəsi və emalı təbii resursların istismarını yavaşladır, landşafta və yaşayış mühitinə mənfi təsiri azaldır, biomüxtəlifliyin itirilməsinin qarşısını almağa kömək edir. Bu, həmçinin istixana qazı emissiyalarının azalmasına səbəb olacaq.
Xammaldan asılılığın azaldılması
Dünya əhalisi artır və bununla bağlı məhdud xammal ehtiyatlarına tələbat da çoxalır. Dairəvi iqtisadiyyat qiymət dəyişkənliyi, əlçatanlıq və idxaldan asılılıq kimi xammal tədarükü ilə bağlı riskləri azaldır.
İş yerlərinin yaradılması və vəsaitlərə qənaət
Dairəvi iqtisadiyyata keçid rəqabət qabiliyyətini artıra, innovasiyaları stimullaşdıra, iqtisadi artıma təkan verə və yeni iş yerləri yarada bilər (təkcə Aİ-də 2030-cu ilə qədər təxminən 700 000 iş yeri).
Müəssisələr üçün dairəvi iqtisadiyyat modeli səmərəliliyi artıra və materiallar bir neçə dəfə istifadə edildikdə əlavə dəyər yarada bilər. Bu isə növbə ilə xərcləri azaldır. Təkmilləşdirilmiş materiallar, daha sürətli texnoloji inkişaf və enerji səmərəliliyi isə daha çox mənfəət imkanları təklif edir.
İstehlakçılar isə daha davamlı məhsullarla təmin olunacaq və uzunmüddətli perspektivdə pullarına qənaət edəcəklər.
Avropa İttifaqı (Aİ) dairəvi iqtisadiyyat üçün dünyanın ən qabaqcıl qanunvericilik bazalarından birini hazırlayıb. Bu qaydalar məhsulun bütün həyat dövrünü əhatə edir:
Aİ daxilində və xaricində ədalətli qaydalar – Aİ-nin 2020-ci ildə qəbul etdiyi Dairəvi İqtisadiyyat üzrə Fəaliyyət Planı idxal olunan məhsulların eyni dairəvi standartlara cavab verməsini təmin edir və Aİ-dən zərərli tullantıların digər ölkələrə ixracını azaldır.
Aİ-nin dəstəyi ilə Şərq Tərəfdaşlığı ölkələri öz siyasətlərini Aİ-nin dairəvi iqtisadiyyat üzrə normativ-hüquqi bazasına uyğunlaşdırırlar. Məsələn:
Əslində, regiondakı bir çox kiçik müəssisələr artıq dairəvi iqtisadiyyatla bağlı təcrübələrini tətbiq edir, sadəcə onları bu adla adlandırmırlar. Aİ-nin dəstəyi onlara tanınmağa, fəaliyyətlərini genişləndirməyə və yeni bazarlarda rəqabət aparmağa kömək edir.
On ildən artıqdır ki, Aİ “EaP Green” (Şərq Qonşuluğunda İqtisadiyyatların Yaşıllaşdırılması, 2013-2017), daha sonra isə məhsulun bütün həyat dövrünə (dizayn, istehsal, tullantı) yönəlmiş bir sıra tədbirləri əhatə edən EU4Environment – Yaşıl İqtisadiyyat proqramı (2019-2024) vasitəsilə sözügedən regionda dairəvi iqtisadiyyatı ardıcıl olaraq dəstəkləyir. Buraya daxildir:
Gələcəkdə yeni EU4Green Recovery East proqramı (2025-2028) müəssisələrə dairəvi iqtisadiyyat imkanlarını müəyyən etməyə kömək etmək üçün rəqəmsal vasitələr, real tətbiq nümunələrini göstərən nümayiş layihələri, təcrübə mübadiləsi üçün Resurslardan səmərəli istifadə və daha təmiz istehsal (RECP) klublarının genişləndirilmiş şəbəkələri, yerli müəssisələrin Aİ bazarlarına daxil olmasına kömək etmək üçün texnoloji proqnozlaşdırma və Avropa standartlarına uyğunlaşdırma yolu ilə dairəvi iqtisadiyyat strategiyalarının hazırlanması üçün platformalar vasitəsilə konkret dəstək təklif edəcək.
Aİ tərəfindən maliyyələşdirilən layihələr Şərq Tərəfdaşlığı regionundakı müəssisələrə istehsal və istehsalatda dairəvi iqtisadiyyat modelinə keçməyə, qənaət etməyə, enerji və resurslardan istifadəni azaltmağa və məhsuldarlığı artırmağa kömək edir.
Ermənistanda yol tikintisi şirkəti olan və “EaP GREEN” proqramı çərçivəsində Resurslardan səmərəli istifadə və daha təmiz istehsal (RECP) layihəsində iştirak edən Ararat-Chansin müəssisəsinin nümunəsinə nəzər salaq. Layihə müəssisənin istehsalat sahəsində səmərəliliyin artırılması üçün bir sıra tədbirlər, o cümlədən elektrik qızdırıcı sisteminin təbii qazla əvəz edilməsini, avadanlıqların təmirini və modernləşdirilməsini tövsiyə etmişdir. Dörd il sonra şirkət ildə təxminən 200 000 avroya qənaət etməklə qoyduğu investisiyanı geri qaytarmışdır. Buraya asfalt istehsalında istifadə olunan elektrik enerjisinin 73%, təbii qazın 42% və suyun 16% azaldılması daxildir.
Daha çox öyrənin: Ermənistanda dairəvi iqtisadiyyat və yeni inkişaf imkanları; Ölkə profili: Ermənistan yaşıl iqtisadiyyata doğru
Azərbaycanda fəaliyyət göstərən Shamkhal-86 beton zavodu “EU4Environment” proqramı çərçivəsində həyata keçirilən RECP üzrə nümayiş layihəsində iştirak etmişdir. Layihə resurslara və vəsaitə qənaət etmək üçün üç sadə həll yolu müəyyən etmişdir: siloslarda filtrlərin və sement səviyyəsi sensorlarının quraşdırılması (çirklənmənin, xammal itkisinin və avadanlıqların zədələnməsinin qarşısını almaq üçün) və qum və çınqılın külək və yağışdan qorunması üçün anbarların tikilməsi. Cəmi 5000 avrodan bir qədər çox investisiya ilə şirkət ildə 75 000 avrodan çox qənaət edə bilər.
Daha çox öyrənin: Azərbaycanda dairəvi iqtisadiyyat və yeni inkişaf imkanları; Ölkə profili: Azərbaycan yaşıl iqtisadiyyata doğru
EU4Environment proqramı ilə əməkdaşlıq çərçivəsində Gürcüstanın Chateau Mukuzani şərabçılıq müəssisəsi enerji istehsalında təbii qazı biokütlə tullantıları ilə əvəz etməyi planlaşdırır. Bu layihə 114 000 avro məbləğində ilkin investisiya sayəsində emissiyaların əhəmiyyətli dərəcədə azaldılmasına və bərk tullantıların utilizasiyasına imkan yaratmaqla yanaşı, şirkətə ildə 350 000 avro qənaət etməyə imkan yaradacaq.
Daha çox öyrənin: Gürcüstanda dairəvi iqtisadiyyat və yeni inkişaf imkanları; Ölkə profili: Gürcüstan yaşıl iqtisadiyyata doğru
Moldovanın Kişinyov şəhərində yerləşən Bons Offices mətbəəsi “EaP GREEN” proqramı çərçivəsində təklif olunan enerji və resurs səmərəliliyi üzrə beş tədbiri tətbiq etmişdir. Yeddi il sonra müəssisə 30 000 avrodan az olan ilkin investisiya qarşılığında ildə təxminən 40 000 avro qənaət etmişdir. Buraya elektrik enerjisi istehlakının 23%, istifadə olunan materialların isə 10% azaldılması, habelə məhsuldarlığın artması daxildir.
Daha çox öyrənin: Moldovada dairəvi iqtisadiyyat və yeni inkişaf imkanları; Ölkə profili: Moldova yaşıl iqtisadiyyata doğru
Ukraynanın Poltava vilayətində fəaliyyət göstərən Gardens of Karlivshchyna müəssisəsi şirə və mürəbbə istehsalı ilə məşğul olur. EU4Environment proqramı çərçivəsində RECP klubları proqramında iştirak edən bu müəssisə, fotovoltaik günəş elektrik stansiyasının quraşdırılması vasitəsilə illik elektrik enerjisi istehlakını 474 000 kVt-saat, emissiyaları isə ildə 199 ton azaltmağı hədəfləyir. Bu, şirkətin enerji sahəsində özünütəminetmə səviyyəsinə çatmasına, habelə artıq qalan elektrik enerjisinin satışı üçün şəbəkəyə ötürülməsinə imkan verəcək. İllik təxminən 42 000 avro məbləğində qənaət şirkətə qoyulmuş investisiyanı dörd ildən az müddətdə geri qaytarmağa şərait yaradacaq.
Daha çox öyrənin: Ukraynada dairəvi iqtisadiyyat və yeni inkişaf imkanları; Ölkə profili: Ukrayna yaşıl iqtisadiyyata doğu
Biznesinizə dəstək olacaq növbəti imkanlarla tanış olmaq məqsədilə EU4Green Recovery East internet səhifəsinin imkanlar bölməsinə baxın.
Biznesinizi dairəvi iqtisadiyyata uyğunlaşdırmaq üçün EU4Environment proqramının əhəmiyyətli resursları ilə tanış ola bilərsiniz:
Məhsulun həyat dövrünün son istifadəçiləri kimi istehlakçılar dairəvi iqtisadiyyatın inkişafında həlledici rol oynayırlar. “Dayanıqlı istehlakçıya” çevrilmək üçün biz istehlak dövrünün hər bir mərhələsində bir sıra məsələləri həll etməliyik:
Davamlı istehlakı təkmilləşdirmək və tullantıların qarşısını almaq üçün daha bir neçə faydalı məsləhət:
Qida: Bir həftə ərzində qida tullantılarınızı ölçün – bu, ola biləcək bütün pis vərdişlərinizi üzə çıxaracaq!
Geyim: Keyfiyyətli materiallara üstünlük verin. Məhsulun etiketində parçanın tərkibinə, istehsal olunduğu ölkəyə və tikişin keyfiyyətinə baxın. Bu təfərrüatlar geyimin nə qədər uzunömürlü olacağı barədə çox məlumat verir.
Təmir: Məhsulları təmir etməyi öyrənin və ya bunu sizin üçün edəcək bir mütəxəssis tapın. Kiçik bir dəliyin yamanması və ya qopmuş düymənin yenidən tikilməsi geyimin istismar müddətini uzada bilər. Vaxtınız yoxdursa, bunu sizin üçün edə biləcək yerli təmir emalatxanası və ya dərzi tapın.
Elektronika: Almazdan əvvəl düşünün. Həmin yeni cihaza həqiqətən ehtiyacınız varmı? Ondan nə qədər tez-tez istifadə edəcəksiniz? Nəsə alırsınızsa, ona mütləq yaxşı qulluq edin.
Tullantılar: Evdə və iş yerində tullantıların çeşidlənməsini asanlaşdırın. Müvafiq tullantı qablarını lazımi yerlərə yerləşdirin və uşaqlar, hətta yaxınlarınız üçün əyləncəli xatırlatmalardan (məsələn, stikerlərdən) istifadə edin. Bu, hər kəsə tullantıları düzgün çeşidləməyə kömək edəcək.
Daha dayanıqlı istehlakçı olmağınıza kömək edəcək bütün bu və digər məsləhətlərlə tanış olmaq üçün buraya toxunun.
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,