Şərq Tərəfdaşlığının 10 illiyi – bunun Azərbaycan üçün nə demək olduğunu öyrənməyə yaxşı bir fürsətdir

Aprel 26, 2019

  • Şərq Tərəfdaşlığının mənası nədir? O Aİ-yə üzvlük mənasını verirmi?
  • Aİ niyə tərəfdaşlıq etməkdə maraqlıdır? Niyə Aİ vergi ödəyicilərinin pulunu digər ölkələrə kömək etmək üçün xərcləyir?
  • Aİ-nin hansı səbəbdən pul ayırdığı aydındır. Bəs bu pulların hara və necə xərclənməsinə nəzarət edilirmi?
  • Azərbaycan üçün konkret fayda nədən ibarətdir?
  • Mənim üçün onun nə faydası var?
  • Çox maraqlı faktlardır. Mən bu imkanlardan necə yararlana bilərəm? Mənin üçün faydalı ola biləcək məlumatları haradan öyrənə bilərəm?
  • 10 il keçdi, növbəti illərdə nə gözlənilir?
Kart %1/%2

Şərq Tərəfdaşlığının mənası nədir? O Aİ-yə üzvlük mənasını verirmi?

Şərq Tərəfdaşlığı təşəbbüsü Aİ, ona Üzv Ölkələr və altı Şərqi qonşusunu (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukrayna) bir araya gətirir. Adı çəkilən tərəfdaşlar son on ildə demokratiya, rifah və sabitlik üzrə ümumi bir sahə yaratmaq məqsədilə birgə çalışırlar.

Gündəlik həyatda bu daha güclü iqtisadiyyat, daha güclü institutlar və daha çox inam, daha təmiz ətraf mühit, təhlükəsiz və davamlı enerji təchizatı, cəmiyyətin bütün üzvləri, xüsusilə gənclər üçün daha geniş imkanlar və nəticədə hər kəs üçün daha keyfiyyətli həyat deməkdir.

Şərq Tərəfdaşlığı Aİ-yə üzvlük demək deyil, ancaq həmin ölkələr istədiyi təqdirdə Avropa İttifaqı ilə daha sıx əlaqələr qurmaq üçün bir baza təmin edir.

Aİ niyə tərəfdaşlıq etməkdə maraqlıdır? Niyə Aİ vergi ödəyicilərinin pulunu digər ölkələrə kömək etmək üçün xərcləyir?

Avropa İttifaqının marağı aydındır: sabit, təhlükəsiz və firavan qonşular Aİ-nin özünün sabitliyi, təhlükəsizliyi və rifahı üçün çox önəmlidir – “Qeyri-sabitliyin idxalının qarşısını almaq üçün biz sabitlik ixrac etməliyik…”, – deyə Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohannes Han deyib.

Azərbaycan Aİ-nin vacib enerji tərəfdaşıdır və Xəzər dənizinin enerji resurslarının Aİ bazarlarına çatdırılmasında mühüm rol oynayır. Aİ həm də iqtisadi diversifikasiyanı və hər iki tərəf üçün daha geniş biznes, investisiya mühiti, yeni ticarət imkanlarının yaradılmasını dəstəkləyir. Sözügedən tərəfdaşlıq turizm üçün yeni bazarlar açır və həm Azərbaycanlı, həm də Avropalı gənclər üçün səyahət etmək, təcrübələrini artırmaq və mübadilə şansı verir.

Deməli, daha güclü Azərbaycan daha güclü Avropa İttifaqı deməkdir.

Aİ-nin hansı səbəbdən pul ayırdığı aydındır. Bəs bu pulların hara və necə xərclənməsinə nəzarət edilirmi?

Aİ-nin maliyyə vəsaitləri, fəaliyyətlərin dəyərini və təsirini qiymətləndirmək üçün istər daxildə, istərsə də xaricdə ciddi monitorinq və hesabat prosedurları və sərf olunan pul vəsaitlərinin düzgün şəkildə hesablandığına əmin olmaq üçün maliyyə auditi vasitəsilə yoxlanılır. Hətta söhbət dövlət büdcəsinə dəstəkdən gedirsə, yalnız razılaşdırılmış bütün şərtlər yerinə yetirildikdən sonra maliyyə vəsaiti ayrılır və Aİ, bütün şərtlər yerinə yetirilməyənə qədər həmin maliyyə vəsaitini ayırmır.

Korrupsiya ilə mübarizə Aİ-nin Şərq tərəfdaşları ilə əməkdaşlığında əsas prioritetlərdən biridir. Bu səbəbdən Aİ-nin bir çox layihələri məhz qanunun aliliyi, şəffaflıq və səmərəli dövlət idarəçiliyinin dəstəklənməsinə yönəlmişdir. Avropa fondlarının lazımi qaydada xərclənməsi hər bir tərəfdaş ölkədə iqtisadiyyatın və cəmiyyətin güclənməsinə şərait yaradır və bu da öz növbəsində, həm Azərbaycan, həm də Aİ-yə Üzv Ölkələrin vətəndaşlarının daha sıx tərəfdaşlığın üstünlüklərindən tam şəkildə yararlanmağına imkan verir.

Azərbaycan üçün konkret fayda nədən ibarətdir?

Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı və ən böyük bazarıdır. O, həmçinin Azərbaycanın həm neft, həm də qeyri-neft sahəsində ən böyük investorudur. 2017-ci ildən etibarən Aİ-nin maliyyə dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərən kiçik müəssisələrə 207 milyon avro dəyərində kreditlər verilmiş, 13000-dən artıq yerli şirkət maliyyə, təlim və biznes məsləhətlərindən yararlanmışdır. Azərbaycanın nazirlik və dövlət qurumları Avropa rəsmilərinin hökumət xidmətlərinin təkmilləşdirilməsinə dair praktiki təcrübələrini paylaşdığı 50-yə yaxın Tvinninq layihəsində iştirak etmişdir.

Səyahət etmək və xarici mübadilələr daha da asanlaşmışdır. 2014-cü ildən etibarən viza rejiminin sadələşdirilməsi üzrə razılaşma nəticəsində Azərbaycan vətəndaşları Avropa İttifaqına daha asan və daha ucuz qısamüddətli vizalar ala bilirlər. Erasmus+ tələbələri üçün viza pulsuzdur və 2015-2018-ci illərdə Azərbaycandan təxminən 1300 tələbə və müəllim heyəti Aİ ölkələrində təhsil almaq və ya dərs demək imkanından yararlanıb.

Mənim üçün onun nə faydası var?

Cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlar Aİ-nin birbaşa dəstəyindən yararlanıblar və siz də onlardan biri ola bilərsiniz. Rizvan Qarayev Aİ-nin maliyyə dəstəyi ilə ayrılan ardıcıl investisiya kreditləri ilə Bakıda valideynlərindən ona qalan kafeni çörəkxana və restoranlar şəbəkəsinə çevirib. Digər bir misal: Aytəkin Sadıqova Kəlbəcərdən məcburi köçkündür və Aİ-dən aldığı maliyyə dəstəyi ilə arıçılıq təsərrüfatı yaradıb.

Hazırda Iranə Alimova Azərbaycanın ən böyük neft-kimya komplekslərindən birinin laboratoriyasında çalışır. Buna qədər o, Erasmus+ proqramı çərçivəsində Portuqaliyanın Braqanza şəhərində kimya mühəndisliyi sahəsində bir il təhsil alıb.

Cəmi doqquz ay ərzində əsasən yoxsul, xüsusi qayğıya ehtiyacı olanlar və təqaüdçülərdən ibarət 300 nəfər Aİ tərəfindən maliyyələşdirilən və risk və təhlükəyə məruz qalan vətəndaşlara pulsuz hüquqi yardım göstərən Resurs Mərkəzinə müraciət edib.

Çox maraqlı faktlardır. Mən bu imkanlardan necə yararlana bilərəm? Mənin üçün faydalı ola biləcək məlumatları haradan öyrənə bilərəm?

EU NEIGHBOURS layihəsinin internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən ən son proqramlar, layihələr və digər iştirak imkanları haqqında bütün məlumatları izləyir və dərc edir. İstər Berlində gənclər üçün düşərgə olsun, istərsə də Avropa Parlamentində təcrübə proqramı və ya enerjinin səmərəliliyi ilə bağlı təşəbbüslərin maliyyələşdirilməsi olsun, sizə lazım olan bütün məlumatları Aİ-nin Qonşuları internet səhifəsinin bu imkanlara həsr olunan bölməsindən tapa bilərsiniz.

Kiçik müəssisəniz varsa və ya sahibkar kimi fəaliyyət göstərirsinizsə, EU4Business internet səhifəsində çoxlu sayda müxtəlif təlim və qrant imkanları haqqında məlumatlar tapacaqsınız. Siz, həmçinin Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin internet səhifəsinə baş çəkərək vakansiyalar, qrantlar, səyahət və təhsilə həsr olunmuş bölmələrdəki məlumatlardan yararlana bilərsiniz.

10 il keçdi, növbəti illərdə nə gözlənilir?

2019-cu ildə Şərq Tərəfdaşlığının 10 illik yubileyi qeyd olunur. Son onillikdə Aİ və onun tərəfdaş ölkələrinin birgə səyi nəticəsində ticarət, yerdəyişmə, iqtisadi inkişaf və həyat keyfiyyəti daha da yaxşılaşmışdır.

Lakin tərəfdaşlıq bununla bitmir. Aİ və onun Şərq tərəfdaşları növbəti ilə qədər nail olunacaq və “2020-ci ilə qədər 20 praktiki nəticə” kimi tanınan 20 əsas hədəf müəyyənləşdirib və səmərəli dövlət idarəetməsi, iqtisadi inkişaf, enerji, ətraf mühit, nəqliyyat və daha güclü cəmiyyət, eləcə də gender bərabərliyi, media və vətəndaş cəmiyyəti kimi sahələrdəki hədəflərə çatmaq üçün səylərini davam etdirirlər.

Yerləşdir
The recommended iFrame size is 100% width and 750px height


Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,