Bu fürsəti əldən verməyin: Azərbaycanlı gənclər üçün 13 ödənişsiz təhsil imkanı

Oktyabr 3, 2022

  • Tələbələr üçün
  • Vətəndaş cəmiyyəti fəalları, gənc liderlər və könüllülər üçün
  • Məktəb şagirdləri üçün
  • Təcrübə proqramları və təlim
  • Gənc peşəkarlar üçün
  • İlham mənbəyi axtarışındasınız?
Kart %1/%2

Tələbələr üçün

Erasmus+

Erasmus+ proqramı vasitəsilə Avropa universitetlərində bakalavr, magistr və doktorantura səviyyələrində tələbə mübadiləsi daxil olmaqla, gənclər üçün bir sıra təhsil imkanı təklif edir. Mübadilə, qoşulduğunuz proqramın bir hissəsi olaraq bir semestredən bir ilədək davam edə bilər. Bütün xərcləriniz proqram tərəfindən qarşılanacaq! Bundan əlavə, Avropanın ən yaxşı universitetlərində magistr təhsili almaq üçün Erasmus+ təqaüdünə müraciət edə bilərsiniz.

Bu fürsəti əldən verməyin: Azərbaycanlı gənclər üçün 13 ödənişsiz təhsil imkanı

Mübadilə proqramları haqqında daha ətraflı məlumat, həmçinin müraciət prosesində köməklik üçün universitetinizin beynəlxalq əlaqələr şöbəsinə baş çəkin. Magistr dərəcəsində təhsil almaq üçün qarşıdan gələn tədris ilində Erasmus təqaüdü təklif edən kursların siyahısı ilə Erasmus Mundus Birgə magistr dərəcələri kataloqunda tanış ola bilərsiniz (hazırda 163 kurs mövcuddur). Daha sonra kurs və təqaüdlərə müraciət etmək üçün universitetlə əlaqə saxlayın.

Erasmus+ proqramının Azərbaycan ofisi istənilən məlumat ilə bağlı sizə yardım etməyə hazırdır. Daha ətraflı məlumat üçün Azərbaycan ofisinin internet səhifəsinə nəzər salın, office@erasmusplus.org.az ünvanı vasitəsilə onlara e-məktub göndərin

və ya +994 12 465 99 12 telefon nömrəsi ilə əlaqə saxlayın. Siz həmçinin Azərbaycan ofisinin Facebook səhifəsini ziyarət edə bilərsiniz.

Avropa Kollecinin təqaüdləri

Avropa Kolleci Azərbaycandan olan universitet məzunlarına aspirantura səviyyəsi üzrə çoxlu sayda təqaüd təklif edir. Təqaüdlər həmçinin Şərq Tərəfdaşlığı ölkələrindən olan tələbələr üçün əlçatandır və EU4Youth proqramı tərəfindən maliyyələşdirilir. 2023-2024-cü tədris ili üzrə ərizələr 2022-ci ilin oktyabrından qəbul olunmağa başlanacaq və 2023-cü il yanvarın ortalarında qəbul dayandırılacaq. Ərizə qəbulunun başlanması barədə bildiriş almaq üçün coleuropenatolin.eu internet səhifəsində qeydiyyatdan keçmək tələb olunur.

Gənc Avropa səfirləri

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Aİ-yə Üzv Ölkələr və Böyük Britaniyadan olan gəncləri bir-biri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın gözəçarpan nəticələrini nümayiş etdirmək və müxtəlif mövzularda siyasi dialoqa töhfə verməkdir. Azərbaycandan 123 olmaqla, hal-hazırda 34 fərqli milləti təmsil edən 500-dən artıq aktiv Gənc Avropa səfiri fəaliyyət göstərir (onlarla tanış olmaq üçün buraya klikləyin). Şəbəkə, ictimai diplomatiya və təbliğat fəaliyyətlərində maraqlı olan 16-26 yaş arası gənclərin üzünə açıqdır. Ərizələrin qəbulu adətən hər il payız aylarında keçirilir.

EuroSchool

2016-cı ildən etibarən hər il avqust ayında (COVID pandemiyasının olduğu iki il istisna olmaqla) interaktiv təlim mühitində Aİ, onun tarixi, əsas dəyərləri, siyasəti və Aİ ilə Azərbaycan arasındakı əlaqələr haqqında daha çox öyrənmək üçün 18-25 yaş arası tələbə və məzunlar Azərbaycanın rayonlarından birində üç günlük EuroSchool-da iştirak imkanı əldə edirlər. Növbəti təlimdə iştirak etmək üçün Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin və EU NEIGHBOURS east layihəsinin internet səhifələrinə baş çəkin.

Vətəndaş cəmiyyəti fəalları, gənc liderlər və könüllülər üçün

Erasmus+ Gənclər üçün mübadilələr

Erasmus+ proqramı yalnız tələbələr üçün nəzərdə tutulmayıb. Son illər Azərbaycandan minlərlə gənc və gənclər təşkilatı işçisi müştərək Erasmus+ və gənclər layihələrində (mübadilə, təlim, siyasi müzakirələr, könüllülük) iştirak etmişdir. Erasmus+ proqramının 5 və 21 gün davam edən gənclər üçün mübadilələrində 13 və 30 yaş arası istənilən şəxs iştirak edə bilər. Bu mübadilələr gənclər təşkilatları vasitəsilə baş verir və iştirak etmək üçün fərdi şəxs qismində müraciət qeyri-mümkündür. Daha ətraflı öyrənmək üçün Facebook səhifəsinə baş çəkin, +994 50 321 72 90 nömrəsi və ya info.azerbaijan@salto-youth.net elektron ünvanına yazaraq Erasmus+ gənclər proqramının Azərbaycandakı məlumat mərkəzi ilə əlaqə saxlayın.

Avropa Həmrəylik Korpusu

Xaricdə təcrübə qazanmaq üçün daha bir möhtəşəm fürsət Avropa Həmrəylik Korpusu vasitəsilə könüllülük fəaliyyətlərində iştirak etməkdir. Bu, fərqli mədəniyyətlərlə tanış olmaq və yeni dostlar qazanmaq, eyni zamanda başqalarına kömək etmək və yeni bacarıqlara yiyələnmək üçün əvəzolunmaz bir fürsətdir. 2 həftədən 12 aya qədər davam edən fəaliyyətlərdə 17 və 30 yaş arası şəxslər iştirak edə bilər. Könüllülər üçün nəzərdə tutulmuş layihələr Aİ-nin və ya onun tərəfdaş ölkələrinin hər hansı birində, eləcə də mədəniyyət, gənclər, idman, uşaqlar, mədəni irs, incəsənət, heyvanların və ya ətraf mühitin qorunması kimi müxtəlif sahələrdə həyata keçirilə bilər. Avropa Həmrəylik Korpusunun portalında müraciət forması və könüllülər üçün çoxlu sayda fəaliyyət ilə tanış ola bilərsiniz.

Vətəndaş Cəmiyyəti Təqaüd Proqramı

Aİ özünün ŞT Vətəndaş Cəmiyyəti Təqaüd Proqramı vasitəsilə, Azərbaycanda və Şərq Tərəfdaşlığı ölkələrində gənc vətəndaş cəmiyyəti liderlərini və fəallarını dəstəkləyir. Proqram xüsusi təlimlər, 5 000 avro məbləğində qrantlar və şəbəkə imkanlarına çıxış kimi vasitələrlə hər il 20 vətəndaş cəmiyyəti fəalının yaşadığı icmada müsbət sosial dəyişikliyə nail olmaq səylərinə kömək edir. Proqramın icra olunmağa başladığı 2017-ci ildən etibarən təqaüd alan şəxslər və onların maraq dairəsi haqqında ətraflı buradan öyrənə bilərsiniz. Proqram üçün ərizə qəbulu adətən hər ilin payız aylarında baş tutur. Hazırda açıq olan qəbul prosesinə oktyabrın 15-nə qədər ərizə ilə müraciət edə bilərsiniz. Yeniliklərə burada baxın.

EU4Youth Məzunlar şəbəkəsi

The EU4Youth Məzunlar Şəbəkəsi Erasmus+ Gənclər və Avropa Həmrəylik Korpusunun, EU4Youth qrant layihələrinin, Gənc Avropa Səfirləri Şəbəkəsinin, eləcə də Şərq Tərəfdaşlığı çərçivəsində gənclər üçün digər regional proqramların gənc benefisiarlarını (18-30 yaş) birləşdirir. Şəbəkə məzunlara Azərbaycandakı məhdud imkanlı gənclərlə əlaqə yaratmaq və onlara öz icmalarında daha fəal olmağa və Aİ-nin yerdəyişmə proqramlarında fəal iştirak etməyə kömək etmək imkanı verir. Müraciətlər ildə bir dəfə, adətən payızda qəbul edilir və 10 ay müddətində proqramda iştirak etmək üçün hər ölkədən 15-ə qədər məzun seçilir.

Məktəb şagirdləri üçün

Erasmus+ gənclər üçün mübadilələr

Erasmus+ yalnız tələbələr üçün nəzərdə tutulmayıb. Proqramın təklif etdiyi gənclər üçün mübadilələrdə 13-30 yaş arası istənilən şəxs iştirak edə bilər. Onlar arasında seminarlar, məşqlər, debatlar, rol oyunları, açıq havada fəaliyyətlər və digər fəaliyyətlər ola bilər. Bu mübadilələr gənclər təşkilatları vasitəsilə baş verir və iştirak etmək üçün fərdi şəxs qismində müraciət edə bilməzsiniz. Daha ətraflı öyrənmək üçün Facebook səhifəsinə baş çəkin, +994 50 321 72 90 nömrəsi və ya info.azerbaijan@salto-youth.net elektron ünvanına yazaraq Erasmus+ gənclər proqramının Azərbaycandakı məlumat mərkəzi ilə əlaqə saxlayın.

Şərq Tərəfdaşlığı Avropa Məktəbi

Tbilisidə fəaliyyət göstərən Şərq Tərəfdaşlığı Avropa Məktəbi Azərbaycan daxil olmaqla altı Şərq Tərəfdaşlığı ölkəsindən olan yuxarı sinif şagirdləri üçün iki illik Beynəlxalq Bakalavriat proqramı təklif edir. Proqrama Avropa İttifaqı tərəfindən tam təqaüd, o cümlədən təhsil haqqı, yerləşmə və tətil üçün evə gediş-gəliş xərcləri daxildir. Lakin yerlərin sayı məhduddur. Məktəbə ildə cəmi 35 şagird qəbul olunur. Bu səbəbdən müraciət edən şagirdlər müəyyən şərtləri yerinə yetirməli və müsabiqə prosesindən keçməlidirlər. Proqramın icra olunmağa başladığı 2018-ci ildən etibarən 145 şagird məktəbdə oxumaq üçün təqaüd alıb. Onlar Beynəlxalq Bakalavriat (IB) diplomu ilə məzun olub və dünyanın ən yaxşı universitetlərində təhsil almağa davam edirlər. Növbəti qəbul 2023-2025-ci tədris illəri üzrə aparılacaq.

Gənc Avropa səfirləri

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Aİ-yə Üzv Ölkələr və Böyük Britaniyadan olan gəncləri bir-biri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın gözəçarpan nəticələrini nümayiş etdirmək və müxtəlif mövzularda siyasi dialoqa töhfə verməkdir. Azərbaycandan 123 olmaqla, hal-hazırda 34 fərqli milləti təmsil edən 500-dən artıq aktiv Gənc Avropa səfiri fəaliyyət göstərir (onlarla tanış olmaq üçün buraya klikləyin). Şəbəkə, ictimai diplomatiya və təbliğat fəaliyyətlərində maraqlı olan 16-26 yaş arası gənclərin üzünə açıqdır. Ərizələrin qəbulu adətən hər il payız aylarında keçirilir.

Təcrübə proqramları və təlim

Erasmus+ təcrübə proqramları

Erasmus+ bakalavr, magistr və doktorantura tələbələri, o cümlədən yaxın illərdə məzun olanlar üçün (universiteti bitirdikdən sonra bir il ərzində) xaricdə işə yerləşdirilmə və təcrübə keçmə ilə bağlı dəstəkləyir. Ancaq təcrübə kursu dərəcənizə uyğun olmalı və mümkün olduğu təqdirdə təhsil proqramınıza inteqrasiya olunmalıdır. Buna görə də universitetinizlə birgə sözügedən imkanları nəzərdən keçirin. İşə yerləşdirilmə iki aydan on iki aya qədər davam edə bilər və bu müddətdə xərclərinizi ödəmək üçün Erasmus+ qrantları mövcuddur.

Xaricdə işə yerləşdirilmə və ya təhsil müddəti həmçinin hazırda peşə təhsili və təlimi (PTT) proqramı üzrə təhsil aldığınız təqdirdə də mümkündür. Adı çəkilən imkanlardan yararlanma şanslarınızı öyrənmək üçün təhsil aldığınız peşə təhsili müəssisəsi ilə əlaqə saxlayın.

Blue Book təcrübə proqramları

Aİ ildə iki dəfə Avropa Komissiyası, onun xidmətləri və agentlikləri ilə əsasən Brüsseldə, həmçinin Lüksemburqda və Avropa İttifaqının digər ölkələrində beş aylıq ödənişli təcrübə təklif edir. Proqramlarda əsasən Aİ ölkələrinin vətəndaşları iştirak edəcək, ancaq Aİ-yə üzv olmayan ölkələrin vətəndaşları üçün də məhdud sayda yer ayrılıb. Aİ təsisatlarında, orqan, qurum və ya nümayəndə heyətində altı həftədən çox iş təcrübəsi olmayan və ingilis, alman və ya fransız dillərini yaxşı bilən hər hansı bir ixtisas üzrə universitet məzunları müraciət edə bilər. Daha çox öyrənin.

Avropa Parlamentində Şuman təcrübə proqramı

İldə iki dəfə Avropa Parlamenti Avropa İttifaqından kənarda yaşayan ərizəçilər daxil olmaqla öz Katibliyi daxilində müxtəlif təcrübə imkanları təklif edir. Təcrübə beş ay müddətində davam edir və 18 yaşdan yuxarı, universitet diplomu olan hər kəs iştirak edə bilər. Şuman təcrübə proqramının məqsədi iştirakçıların Avropadakı təhsili və peşə hazırlığına töhfə vermək və Avropa Parlamentinin fəaliyyəti haqqında məlumat verməkdir. Hər ilin may və oktyabr aylarında ərizə qəbulu aparılır. Daha ətraflı öyrənmək üçün buraya klikləyin.

Gənc peşəkarlar üçün

EU4Business

Kiçik biznesə başlayırsınızsa və ya kiçik biznes sahibisinizsə, EU4Business təşəbbüsü biznesinizin növündən və ölçüsündən asılı olaraq kredit və qrantlar, o cümlədən biznesinizi inkişaf etdirmək üçün məsləhət və konsultasiya xidmətləri təklif edir. Müraciət edə biləcəyiniz partnyor bank və layihələr haqqında ətraflı öyrənmək, eləcə də təşəbbüsdən yararlananların uğur hekayələri ilə tanış olmaq üçün EU4Business təşəbbüsünün səhifəsinə baş çəkin.

EU4Youth

EU4Youth proqramı tezliklə xüsusən məhdud imkanlı icmalarda yaşayan gənclər arasında rəqəmsal bacarıqların inkişafına, həmçinin yaşıl və rəqəmsal iqtisadiyyatda gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi ilə bağlı sosial sahibkarlıq və karyera idarəçiliyi bacarıqlarının inkişafına yönəlmiş bir sıra layihələrin icrasına başlayacaq. Gələcəkdə icra olunacaq layihələrlə tanış olmaq üçün EU4Youth səhifəsini izləyin.

İlham mənbəyi axtarışındasınız?

Yüzlərlə Azərbaycanlı gənc sizi həvəsləndirəcək və yeni ideyalarınızın yaranmasına kömək edəcək!

Günel Avropa Həmrəylik Korpusunun layihəsində iştirak edərək Finlandiyanın Aland adaları Sülh İnstitutunda könüllü fəaliyyət göstərib. O, “belə bir fürsətdən imtinanın cinayət olduğunu” deyir.

Alina Şərq Tərəfdaşlığı Avropa Məktəbində oxumaq üçün təqaüd qazanıb və hazırda Niderland Krallığının Mastrixt Universitetində süni intellekt və data elmi sahəsində təhsil alır.

Ülviyyə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramının məzunudur və Bərdə rayonunda qadınlara dəstək məqsədilə icra olunmağa başlayan layihə üçün maliyyə yardımı almışdır.

İranə Erasmus+ mübadilə proqramı çərçivəsində Portuqaliyada kimya mühəndisliyi ixtisası üzrə təhsil alıb və hazırda Bakıda fəaliyyət göstərən beynəlxalq neftkimya şirkətində çalışır. “Bu əsl həyat təcrübəsi idi”, – deyə İranə təcrübə proqramı haqqında fikrini bildirir.

Yerləşdir
The recommended iFrame size is 100% width and 750px height


Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,