Müəssisələr ekoloji cəhətdən təmiz istehsaldan necə faydalana bilər?

İyun 2, 2021

  • Nə üçün şirkətim ekoloji cəhətdən təmiz olmalıdır?
  • Nə üçün məhz resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal metodologiyasını niyə seçməliyəm?
  • Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal xərcləri azaltmağa necə kömək edir?
  • Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal konkret olaraq nədən ibarətdir?
  • Şirkətlər hansı dəstəkdən yararlana bilərlər?
  • Azərbaycanda ekoloji cəhətdən təmiz texnologiyalardan necə istifadə edə bilərəm?
Kart %1/%2

Nə üçün şirkətim ekoloji cəhətdən təmiz olmalıdır?

İstehsalın ətraf mühitə zərər vermədən təşkili məsuliyyətli sahibkarlığın göstəricisidir. Müəssisələr üçün isə mühüm praktiki faydaları təmin edir. Birincisi, ümumi istehsal xərclərini azaldır, logistika və enerji istehlakında şəffaflığı təmin edir. İkincisi, məhsuldarlığı artırır və müəssisələrə istehsalı ətraf mühitə minimum risk və təsir ilə genişləndirmək imkanı verir.

Ümumilikdə ətraf mühit ilə bağlı standartlara və bazar tələblərinə uyğun olaraq fəaliyyət göstəricilərinin artırılması müştərilər və tərəfdaşlarla yeni və daha yaxşı münasibətlər qurmağa şərait yaradır. Bununla da, şirkətlərin yerli, eləcə də beynəlxalq səviyyədə rəqabət qabiliyyəti artır.

Məsələn, Avropa İttifaqının maliyyələşdirdiyi təşəbbüslər çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində fəaliyyət göstərən 357 kiçik və orta sahibkarlıq subyekti (KOB-lar) və təşkilatlar üçün resurslar baxımından səmərəli və daha təmiz istehsal üzrə 2 000-ə yaxın tədbir müəyyən edilib. Həmin tədbirlər üzrə geri ödəmə müddəti 5 ildən azdır. Nəticədə şirkətlər hər il 10 milyon avroya qədər vəsaitə və aşağıdakılara qənaət edə biləcək:

Bu tədbirlərin köməyilə bir ildə 81 115 ton karbon qazı (CO2) tullantılarının (təxminən 17 644 avtomobilin istifadəsini dayandırmağa bərabərdir) və 22 694 ton bərk tullantının (Avropa İttifaqında orta statistik 4364 sakinin istehsal etdiyi tullantının miqdarına bərabərdir) qarşısını almaq mümkündür.

Bir sözlə, resurslar baxımından səmərəli texnoloji innovasiyaların inkişafına, ətraf mühitə zərər yetirməyən iş yerlərinin açılmasına, istehlakçıların ekoloji cəhətdən daha dayanıqlı məhsullarla faydalanmasına və yerli şirkətlər üçün yeni ixrac bazarları və biznes imkanlarının açılmasına kömək edir.

COVID-19 pandemiyası bir çox müəssisənin fəaliyyətinə mənfi təsir göstərib. İqtisadiyyata böyük miqyasda təsir edən pandemiya bir çox sektorun işində fasilələrin yaranmasına səbəb olub. Belə bir dövrdə itkilərə yol verməkdən söhbət gedə bilməz. Maliyyə itkilərinin azaldılması və keyfiyyətin yaxşılaşdırılması üçün iş proseslərinin, xammalın, enerjinin və suyun istifadəsinin optimallaşdırılması tələb olunur. Bununla da, iqtisadiyyatın qısa müddət ərzində bərpasına şərait yaranır. Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal, iqtisadiyyatın bərpası üçün mühüm vasitələrdən biri ola bilər. Çünki, istehsalın səmərəliliyinin artırılması məhdud mənbələrin düşünülmüş şəkildə istifadəsini nəzərdə tutur.

İş prosesinin daha yaxşı idarə edilməsi, iş şəraitinin yaxşılaşdırılması, kimyəvi maddələrin təhlükəsiz şəkildə idarə edilməsi, mövcud olan ən yaxşı texnologiyalardan istifadə, enerji səmərəliliyi, tullantıların azaldılması , yenidən qiymətləndirilməsi və ekoloji cəhətdən təmiz məhsullar üzrə innovasiyalar və s. bərpa strategiyaları axtaran müəssisələrə töhfə verəcək resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal tədbirləri hesab olunur.

Səmərəli və daha təmiz istehsal təcrübələri, texnologiyaları və sənaye simbiozu (bir müəssisənin tullantılarının digər müəssisə üçün resurslara çevrilməsi) ilkin mərhələnin bir hissəsidir. EU4Environment Proqramının eko-sənaye parklarının yaradılmasına yönəlmiş pilot layihələrə dair fəaliyyətləri ilə buradan tanış ola bilərsiniz.

Nə üçün məhz resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal metodologiyasını niyə seçməliyəm?

Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal metodologiyası məhsulun modifikasiyasından istehsal prosesinə nəzarətin yaxşılaşdırılması və texnologiyaların təkmilləşdirilməsinə qədər müxtəlif sahələri əhatə edir. Bütün bu inteqrasiya olunmuş fəaliyyətlər nəticəsində resurslardan yenidən istifadə, məhsulun səmərəliliyi və tullantıların yenidən emalı imkanları yaranır.

Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsalın təhlili müəssisələrə daha dayanıqlı olmağa imkan verən tədbirləri müəyyənləşdirməyə kömək edir:

  • Xammalın və enerji mənbələrinin (bərpa olunan enerji mənbələrinə üstünlük verilməklə) daha diqqətlə seçilməsi;
  • Məsuliyyətli idarəetmə, səmərəli istismar və innovativ və ekoloji cəhətdən etibarlı texnologiyalar vasitəsilə istehsal proseslərinin təkmilləşdirilməsi;
  • Toksiki və təhlükəli materialların azaldılması və ya aradan qaldırılması;
  • Tullantıların, tullantı su və qazların azaldılması;
  • Qalıq maddələrin və tullantıların qiymətləndirilməsi və şirkətlər arasında sinerjilərin təşviqi.

Təcrübə göstərir ki, resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal variantlarının 60%-dən çoxunun tətbiqi az xərc tələb edir və ya qısa geri ödəmə müddətinə malik olur (bir neçə aydan üç ilə qədər). Bu da şirkətlərin mövcud maliyyə mənbələrindən istifadə etməklə maliyyə vəsaitlərinə qənaət etməyə imkan verir.

İqtisadi faydaları ilə yanaşı, sözügedən təcrübələrin nəticələri şirkətlərin ətraf mühit və sosial sahələrdəki fəaliyyət göstəricilərini də yaxşılaşdırır. Bazardakı işgüzar nüfuzunu artırır. Onlar həmçinin uyğunluğu təmin edir. Yerli və irihəcmli layihələrin icrası üçün beynəlxalq maliyyə qurumları vasitəsilə ekoloji cəhətdən təmiz layihələrə təqdim olunan kreditlərdən yararlanmağa kömək edir. İstixana qazlarının azaldılmasının əsas səmərəli fəaliyyət göstəricilərindən biri kimi resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal şirkətlərin enerji səmərəliliyini artırmağa və bərpa olunan enerjidən istifadə etməyə təşviq etmək üçün kiçik və orta sahibkarlıq subyektlərini (KOB) iqlim dəyişikliyinin azaldılmasını təşviq edən maliyyə mexanizmləri ilə əlaqələndirir.

 

 

Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal xərcləri azaltmağa necə kömək edir?

Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal beynəlxalq səviyyədə bütün növ xidmət vasitələrində resursların optimallaşdırılmasına imkan verən alət kimi tanınır.

  • İstehsal proseslərində resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal yanaşması toksiki və təhlükəli materialların aradan qaldırılması və havaya atılan emissiyaların və bərk tullantıların birbaşa istehsal mənbəyində azaldılması ilə yanaşı, xammalın, suyun və enerjinin qorunmasına yönəlib.
  • Məhsullar üzrə resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal dəyər zəncirindəki və məhsulun mövcud olduğu bütün mərhələlərdə resurs tələbatını təhlil edir.  Bütün mərhələlər boyunca mənfi təsirləri azaltmaq üçün məhsulun ömrünü, davamlılığını və və  təkrar emalını artıran dayanıqlı layihələndirmə prinsiplərini təbliğ edir.
  • Xidmət vasitələri üzrə resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal binalarda və nəqliyyatda enerji tələbatını azaltmaq üçün idarəetmə təcrübələrini və texnologiyalarını tətbiq edir. Məsuliyyətli alış-verişi təşviq etmək, tullantıları minimuma endirmək və təkrar emal proqramlarını təşviq etmək üçün idarəetmənin, texnologiyaların və logistikanın təkmilləşdirilməsi, xidmət sahəsində çalışan müəssisələrin cəlb edilməsi və dairəvi iqtisadiyyat üzrə təcrübələrdə (yeniləmə, təkrar istifadə) innovasiyaların inkişafı tələb olunur.

Məsələn, tullantı mənbələrinin xəritəsini hazırlamaqla və gizli səbəbləri müəyyən etməklə ərzaq şirkəti vafli istehsalı xəttindəki uyğunsuzluq nisbətinin 15%-nə bərabər olan itkilərini müəyyən edib. Məhsulun formalaşdırılmasının tənzimlənməsi, əməliyyata nəzarətin yaxşılaşdırılması və yeni qaymaq bölməsinin quraşdırılması sayəsində həmin şirkət vaflilərin keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, həm də uyğunsuzluq nisbətini 5%-ə endirib.

Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal konkret olaraq nədən ibarətdir?

Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal aşağıdakı qaydada həyata keçirilir: “Planlaşdır – Et – Yoxla – Hərəkət et”

  • “Planlaşdır” – hazırlıq: Bu mərhələdə şirkət rəhbərliyi məhsulun layihələndirilməsi, satınalma, istehsal, satış və xidmət kimi sahələrə xüsusi diqqət yetirir. Sonra, həmin şirkətin resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal üzrə qrupu yaradılır və həmin qrup ilkin mərhələdə çatışmazlıqları və itkiləri müəyyənləşdirən qiymətləndirmə prosesinə rəhbərlik edir. Prosesin davamiyyətinə dair qrafik, tullantıların xəritəsi və müqayisəli təhlil kimi alətlərdən istifadə edərək uyğun prioritetləri təyin etmək üçün ilkin qiymətləndirmə həyata keçirilir.
  • “Et” – qiymətləndirmə: Xərclər və ətraf mühitə təsirlər baxımından ən vacib resursları audit vasitəsilə yoxlamaq üçün ətraflı material və enerji balansından istifadə olunur. Sonra, təkmilləşdirmə variantlarını müəyyənləşdirmək üçün dayanıqlı layihələndirmə prinsipləri və əsas səbəbin təhlili tətbiq olunur. Ardınca Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal variantları üzrə qiymətləndirmə (materialların seçilməsi, müəssisədə istehsalın və idarəetmənin təşkili, nəzarətin yaxşılaşdırılması, müvafiq texnologiyalar, tullantıların daxili təkrar emalı, tullantıların xarici təkrar emalı) tətbiq olunur. Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal variantları texniki, iqtisadi və ətraf mühit ilə əlaqəli texniki-iqtisadi cəhətdən təhlil edilərək şirkətin həyata keçirəcəyi fəaliyyət planı hazırlanır.
  • “Yoxla” – monitorinq: Monitorinq sistemi qiymətləndirmə zamanı əsas fəaliyyət göstəricilərini ölçmək üçün nəzərdə tutulub. Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal üzrə monitorinq sistemi resurslardan (gəlir/xərclərin təhlili, prosesin göstəriciləri, ekspluatasiya müddətindəki göstəricilər, idarəetmə göstəriciləri və s.) istifadəni, o cümlədən davamlı yeni imkanlar axtarmaq və nəticələri daxili və xarici maraqlı tərəflərlə bölüşmək üçün bərk tullantıların, tullantı suların və emissiyaların həqiqi dəyərini izləmək üçün nəzərdə tutulub.
  • “Hərəkət et” – idarəetmə sistemi ilə davamlı inteqrasiya: Son mərhələdə şirkətin əlavə tematik sahələrini əhatə edən resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal variantlarının tətbiqinə davam etmək üçün fəaliyyət planı, qiymətləndirmə proseduru və kommunikasiya strategiyası hazırlanır.

Şirkətlər hansı dəstəkdən yararlana bilərlər?

Avropa İttifaqı ekoloji cəhətdən daha təmiz, səmərəli və dayanıqlı iqtisadiyyata keçiddə, ətraf mühit problemlərinin həll edilməsində və vətəndaşların ekoloji rifahının yaxşılaşdırmasında Şərq Tərəfdaşlığı ölkələrini dəstəkləyir. Avropa İttifaqının dəstəyi həm texniki, həm də maliyyə ehtiyaclarını əhatə edir.

Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal EU4Environment proqramının prioritet sahələrindən biridir. EU4Environment proqramı çərçivəsində, UNIDO-nun texniki dəstəyi ilə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal üzrə milli tərəfdaşlar KOB-lar arasında bu cür istehsalı təşviq edirlər. Milli tərəfdaşlar şirkətlərə resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal ilə bağlı məsləhət xidmətləri və audit xidməti göstərir, eyni zamanda, mütəxəssislər hazırlayırlar. Bununla yanaşı, bu cür istehsal barədə məlumatlılığı artırır, o cümlədən ekoloji cəhətdən təmiz maliyyə mənbələrinə çıxış imkanını artırırlar.

Avropa İttifaqı həmçinin, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya Bankı (EIB) və Alman İnkişaf Bankı (KfW) kimi beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində və EU4Business təşəbbüsü, eləcə də İnkişaf üçün Yaşıl Fond (GGF)FINTECC EU4Climate pəncərəsi vasitəsilə ekoloji cəhətdən təmiz təşəbbüslərə maliyyə vəsaiti ayırır. 2020-ci ildə Avropa İttifaqı EBRD-nin təxminən 300 milyon avro məbləğində sərmayələrini dəstəkləmək üçün 100 milyon avroya qədər zəmanət və ümumilikdə 500 milyon avrodan çox investisiyalar üzrə özəl sektor iştirakçılarından əlavə kreditlər təmin etmişdir. Bununla yanaşı, bu dəstək Şərq Tərəfdaşlığı ölkələri daxil olmaqla yaşıl investisiyalar hesabına COVID-19 pandemiyası sonrası iqtisadiyyatın bərpasına yönələcək.

Daha ətraflı məlumatı Şərq Tərəfdaşlığı ölkələrində KOB-lar tərəfindən resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsalın maliyyələşdirilməsinə dair təlimatda tapa bilərsiniz.

Azərbaycanda ekoloji cəhətdən təmiz texnologiyalardan necə istifadə edə bilərəm?

UNIDO tərəfindən həyata keçirilən EU4Environment layihəsi (resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal fəaliyyəti) ilə əlaqə saxlaya bilərsiniz. İlkin fəaliyyətlər və materiallar haqqında daha ətraflı məlumat üçün buraya klikləyin.

Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal fəaliyyətinin məqsədi sözügedən istehsal üzrə yanaşma və təcrübələri tətbiq edərək, KOB-lara və digər təşkilatlara iqtisadi və ekoloji göstəricilərini yaxşılaşdırmağa kömək etməkdir. Vətəndaşların ekoloji rifahını yaxşılaşdırarkən məhsuldarlığı, məhsul keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq üçün Azərbaycandakı müəssisələrə aşağıdakı xidmətlər təklif olunur:

  • Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal imkanlarını qiymətləndirmək üçün məsləhət xidmətləri;
  • Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal, texnoloji həllər və təklif olunan tədbirlərin texniki, iqtisadi və ekoloji qiymətləndirilməsi üçün texnoloji ehtiyacların müəyyənləşdirilməsi;
  • Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal metodologiyasına əsasən layihələr və biznes planları üçün texniki təkliflərin hazırlanması;
  • Sərmayə və kifayət qədər maliyyə mənbələrinə çıxış əldə etmək üçün maliyyə institutları ilə əlaqələrin qurulmasına dəstək;
  • KOB-ların texniki işçiləri üçün Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal yanaşmaları və metodları üzrə təlimlərin keçirilməsi.

Yevlax, Gəncə, Xaçmaz və Sumqayıtda Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal klubları yaradılıb. EU4Environment Proqramı çərçivəsində bu klubların 2022-ci ilə qədər daha da genişləndirilməsi nəzərdə tutulub. Həmin klublar Avropa İttifaqının maliyyə dəstəyi ilə yerli müəssisələrə ixtisaslaşmış təlimlər, fəaliyyət planlarının hazırlanmasına kömək və mentorluq yolu ilə resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal sahəsində praktik dəstək vermək üçün yaradılıb.

Enerjiyə qənaət etmək, iş metodlarını yaxşılaşdırmaq və karbon qazı emissiyalarını azaltmaq məqsədilə resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal tədbirlərini həyata keçirməklə hər il 7 000 ABŞ dollarından artıq vəsaitə qənaət edən “M&T” MMC ət emalı şirkəti kimi müəssisələrin timsalında Azərbaycanda Resurslar baxımından səmərəli və ekoloji cəhətdən daha təmiz istehsal yanaşmasının necə həyata keçirildiyi barədə daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz. Bu sahədə son xəbərləri öyrənmək üçün UNIDO proqramının internet səhifəsini ziyarət edə bilərsiniz.

Yerləşdir
The recommended iFrame size is 100% width and 750px height

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,