COVID pandemiyası zamanı dəstək: Aİ pandemiya ilə mübarizədə necə kömək edir

Dekabr 6, 2021

  • Aİ Şərq Tərəfdaşlığı ölkələrində peyvəndləmə işində kömək edir?
  • Peyvəndləmə ilə yanaşı, Aİ regionun COVİD-19 virusuna qarşı mübarizəsində hansı dəstəyini təmin edir?
  • Milli səviyyədə hansı işlər görülüb? Aİ tərəfdaş ölkələrə birbaşa dəstək verir?
Kart %1/%2

Aİ Şərq Tərəfdaşlığı ölkələrində peyvəndləmə işində kömək edir?

Bəli, Avropa İttifaqı peyvəndlərin çatdırılması və tətbiqində milli infrastrukturun ehtiyaclarını dəstəkləməklə kömək edir.

Peyvəndlərin çatdırılması COVAX Proqramı və ya Aİ-nin Mülki Müdafiə Proqramı vasitəsilə həyata keçirilir. 2021-ci il noyabr ayına qədər 10 milyon dozadan artıq peyvənd COVAX proqramı vasitəsilə və ya birbaşa Aİ-nin Mülki Müdafiə Proqramı vasitəsilə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinə çatdırılmışdır.

Avropa İttifaqı COVID-19 virusuna qarşı peyvəndlərin hazırlanmasını, istehsalını və ədalətli bölüşdürülməsini sürətləndirmək üçün qlobal əməkdaşlıq proqramı olan COVAX-ın ən böyük dəstəkçilərindən biridir. Aİ-nin Team Europe proqramı (Aİ, ona üzv dövlətlər və Avropa maliyyə qurumlarının resurslarını birləşdirir) Aİ büdcəsindən ayrılan 1 milyard avro daxil olmaqla 3 milyard avroya yaxın maliyyə vəsaiti ilə COVAX proqramını dəstəkləyir. Bu, COVAX Proqramının 92 aşağı orta gəlirli ölkəyə 1,8 milyon doza peyvənd göndərməsinə yardım edən əsas maliyyə dəstəyidir. Noyabr ayının ortalarına qədər UNICEF vasitəsilə COVAX dünyanın 144 ölkəsinə, o cümlədən Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynaya 520 milyondan çox doza göndərib (bu ölkələr ümumilikdə proqram vasitısilə 6 milyon dozadan artıq peyvənd qəbul ediblər).

Polşa tərəfindən dəstəklənən 35 milyon avro dəyərində Aİ-nin yeni peyvənd mübadiləsi fəaliyyəti ilə Aİ-yə üzv dövlətlərin ŞT ölkələri ilə paylaşdığı peyvəndlərin dəyərinin ödənilməsi yolu ilə peyvənd tədarükünü artırmaq nəzərdə tutulub.

Peyvənd infrastrukturu da bərabər dərəcədə önəmlidir. 2021-ci ilin fevral ayından etibarən Aİ və Ümumdünya Səhiyyə Təşkilatı altı Şərq Tərəfdaşlığı ölkəsinə COVID-19 virusuna qarşı peyvəndlərin çatdırılmasına dəstək məqsədilə səylərini birləşdirib. Bu, üç il ərzində ümumi büdcəsi 40 milyon avro təşkil etməklə Aİ və ÜST tərəfindən Avropa regionunda həyata keçirilən ən iri miqyaslı birgə fəaliyyətdir.

Sözügedən proqram çərçivəsində Aİ və ÜST peyvəndlərin səmərəli qəbulu və paylanılması üçün milli infrastrukturların hazırlanmasına kömək edib. Bu proqram çərçivəsində Aİ-nin dəstəyinə peyvəndləmə kampaniyasında iştirak edən səhiyyə müəssisələrinin rəhbərləri və tibb işçiləri üçün təlimlərin keçirilməsi, peyvəndlərin və tibbi ləvazimatların çatdırılması və idarə olunması üçün əsas maddi-texniki dəstək, peyvəndlər haqqında məlumatlar və təhlükəsizliyin monitorinqi, kommunikasiya və ictimaiyyətin iştirakı, eləcə də rəqəmsal COVID sertifikatlarının hazırlanması daxildir.

Sözügedən dəstəyin nəticəsi olaraq Aİ bu günə qədər Ukrayna, Ermənistan, GürcüstanMoldova tərəfindən hazırlanmış rəqəmsal COVID sertifikatlarının uyğunluğunu təsdiq etmişdir.  Bu o deməkdir ki, bu ölkələrin vətəndaşları Aİ ölkələrinin vətəndaşları kimi öz milli peyvənd sertifikatıları ilə Aİ-yə daxil olub istifadə edə bilərlər. Hazırda Azərbaycanla Aİ sertifikatına uyğunluq üçün zəruri olan tələblərin yerinə yetirilməsi istiqamətində iş aparılır.

Peyvəndləmə ilə bağlı suallarınız var? Peyvəndlər və COVID-19 ilə bağlı bütün suallara cavablı buradan oxuya bilərsiniz.

Peyvəndləmə ilə yanaşı, Aİ regionun COVİD-19 virusuna qarşı mübarizəsində hansı dəstəyini təmin edir?

Avropa İttifaqı, pandemiyanın ilk günlərindən etibarən COVID-19 ilə bağlı dəstək təmin edən əsas qurumlardandır. Bu günə qədər fövqəladə hallar üzrə ehtiyacları ödəmək, milli səhiyyə sistemlərinə dəstək vermək və Şərqi tərəfdaşlıq ölkələrinin sosial-iqtisadi bərpasına kömək üçün 2,5 milyard avrodan artıq vəsait ayrılıb.

Aİ və Ümumdünya Səhiyyə Təşkilatı birlikdə çalışaraq Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində peyvəndlərin tədarükü ilə yanaşı, altı Şərq Tərəfdaşlığı ölkəsində səhiyyə sistemlərinə dəstək verir və lazımi tibbi avadanlıq və fərdi qoruyucu vasitələr təmin edirlər. İndiyə qədər bu layihə çərçivəsində 11 milyon ədəd fərdi qoruyucu vasitə, 12 000 laboratoriya dəsti, 1 500-dən artıq süni tənəffüs aparatı, oksigen konsentratorları və oksimetrləri, o cümlədən 20 000-dən artıq PCR test dəsti sözügedən ölkələrə çatdırılıb.

Aİ həmçinin cəmiyyətin aztəminatlı təbəqələrinə dəstək məqsədilə 11 milyon avrodan artıq maliyyə vəsaiti ayırıb. Şərq Tərəfdaşlığı Həmrəylik Proqramı vasitəsilə vətəndaş cəmiyyəti təşkilatlarına 60000 avrodan artıq büdcəyə malik qrantlar ayrılıb. Belə layihələr arasında distant təhsillə bağlı yerli məktəblərin dəstəklənməsi, iş yerlərini itirən qadınlara kömək və yaşlı və fiziki imkanları məhdud insanların ərzaqla təmin olunması var. İkinci proqram COVID-19: Vətəndaş Cəmiyyətinin Dayanıqlığı və Davamalılığı da vətəndaş cəmiyyəti və müstəqil media ilə işləyir və vətəndaş cəmiyyətini əhalinin aztəminatlı təbəqələrinə lazımi yardım göstərilməsində dəstəkləyir və mediaya pandemiya ilə bağlı dezinformasiya ilə mübarizədə kömək edir.

Bu son dərəcə çətin dövrdə Aİ həmçinin kiçik sahibkarlıq müəssisələrinə kömək edir, Aİ-yə üzv ölkələrdəki və dünyadakı maliyyə qurumları ilə sıx əməkdaşlıq edərək, yerli valyutada kreditləri kiçik müəssisələr və özəl sahibkarlar üçün daha əlverişli edir və öz bizneslərini inkişaf etdirmək üçün qrant müraciətlərinə kömək edir. Aİ-nin dəstəyi KOB-lar üçün yeni dəstək proqramı və  EU4Business təşəbbüsü vasitəsilə ötürülür. Aİ-nin COVID-19 pandemiyası dövründə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, MoldovaUkraynada yerləşən sahibkarlıq müəssisələrinə göstərdiyi dəstək barədə öyrənmək üçün EU4Business təşəbbüsünün internet səhifəsinə baş çəkin.

Dayanıqlı İnkişaf üçün Avropa Fondu Şərq Tərəfdaşlığı regionunda maliyyə likvidliyini təmin etmək üçün 500 milyon avro ayırıb və  Avropa İnvestisiya BankıAvropa Yenidənqurma və İnkişaf Bankı kimi Avropa maliyyə institutları biznes kreditləşməsinin dəstəklənməsində əsas iştirakçılar olub. Onlar həmçinin səhiyyə sistemlərinin dəstəklənməsinə, iqtisadi dayanıqlığın artırılmasına, rəqəmsallaşmaya, bərpa olunan enerji mənbələrinə keçidə və yaşıl iqtisadiyyata sərmayələrə milyonlarla investisiyalar yatıraraq davamlı bərpanı təşviq etmək üçün həm təcili dəstək, həm də davamlı bərpa üçün uzunmüddətli investisiyalar təqdim ediblər.

Milli səviyyədə hansı işlər görülüb? Aİ tərəfdaş ölkələrə birbaşa dəstək verir?

Regional proqramlar Şərq Tərəfdaşlığı çərçivəsində əlaqələndirilmiş dəstək təmin etdiyi halda Avropa İttifaqı xüsusi olaraq hər bir ölkənin ehtiyaclarına uyğunlaşdırılmış COVID dəstək paketlərini təqdim edib.

Ermənistanda Aİ-nin təxminən 100 milyon avro dəyərində dəstək paketi çərçivəsində büdcəyə əhəmiyyətli maliyyə dəstəyi, o cümlədən 3 000-dən artıq aztəminatlı ailəyə sosial yardım, yüzlərlə uşağın onlayn təhsilinə kömək üçün planşetlər, 1 000-dən çox kiçik sahibkarlıq müəssisəsinin rəqəmsallaşmasına dəstək verilib, o cümlədən xəstəxanalar və laboratoriyalar üçün avadanlıqlar təmin edilərək tibb işçiləri üçün xəstələrə qulluq üzrə təlimlər keçirilib.

Azərbaycanda Aİ COVİD-19 ilə mübarizə üçün təxminən 32 milyon avro dəyərində dəstək paketini təqdim edib. Azərbaycanın 20 xəstəxana və 5 ilkin səhiyyə xidməti göstərən müəssisəsi daxil olmaqla, bu ölkənin səhiyyə sisteminə yardım göstərilib, eləcə də xəstələrə qulluq üçün əsas tibbi ləvazimatlar təmin edilib. Aİ həmçinin 3 000-ə yaxın tibb işçisi, 98 laborant, 1 400 tibb fakültəsi tələbəsi və digər səhiyyə işçiləri üçün təlimlərin təşkilinə kömək edib.

Belarusda Aİ 2,4 milyon cərrahi maska, 1,2 milyon tibbi əlcək, 1 milyon respirator, 20 000 sürətli COVID testi və s. daxil olmaqla, zəruri avadanlıqların tədarükü üçün ÜST ilə əməkdaşlıq edir. Aİ həmçinin Belarusda peyvəndlərin təhlükəsiz və səmərəli tətbiqinə hazırlığı dəstəkləyir.

Aİ-nin Gürcüstanda COVID-19 virusu ilə mübarizə üçün təqdim etdiyi dəstək paketinin dəyəri 183 milyon avrodan çoxdur. Qantlar şəklində təqdim olunan bu vəsaitlər pandemiyaya qarşı mübarizə üçün konkret dəstək təmin edib. Bu qrantlar hesabına Gürcüstan hökuməti 400 000 iş yerini qoruyub saxlamağa, 78 000-dən artıq aztəminatlı ailəyə və 45 000 sağlamlıq imkanları məhdud insana sosial yardım verməyə müvəffəq olmuşdur. Gürcüstanda virus ilə mübarizə aparan tibb müəssisələri və laboratoriyalara 2 milyona yaxın tibbi ləvazimat, süni tənəffüs aparatları və fərdi qoruyucu vasitələr verilib.

Aİ-nin Moldovada COVİD-19 virusu ilə mübarizədə yardımına qrantlar şəklində 127 milyon avrodan artıq maliyyə vəsaiti daxildir və bu qrantlar çərçivəsində Moldova əhalisinə, o cümlədən aztəminatlı və yaşlı insanlara xüsusi dəstək verilib, habelə son dərəcə vacib tibbi vasitələrin və fərdi qoruyucu vasitələrin  tədarükü həyata keçirilib, o cümlədən KOB-lara dəstək verilib. Bundan əlavə, Aİ pandemiya ilə mübarizədə Moldovaya kömək etmək və səhiyyə sisteminin dayanıqlığını artırmaq, əlavə avadanlıqlar təmin etmək və peyvəndlərin tətbiqini dəstəkləmək üçün proqramların icrasına başlamışdır.

Ukraynaya tibbi avadanlıqlar və fərdi qoruyucu vasitələrin tədarükü yolu ilə pandemiya ilə mübarizə tədbirlərinin artırılması, təlimlər və səhiyyə sisteminin gücləndirilməsi üçün 190 milyon avrodan çox maliyyə vəsaiti ayrılmışdır. Əhalinin aztəminatlı təbəqələrinə və kiçik sahibkarlıq müəssislərinə, həmçinin dezinformasiyaya qarşı mübarizə üçün təcili yardım da göstərilib.

Yerləşdir
The recommended iFrame size is 100% width and 750px height

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,