Azərbaycanda yeni bacarıqlara necə yiyələnmək olar

May 5, 2023

  • Sahibkarlıq
  • İT bacarıqları
  • Kommunikasiya və liderlik
  • Yeni peşəyə yiyələnmək
  • Ali təhsil
  • Media sahəsində savadlılıq
Kart %1/%2

Sahibkarlıq

EU4Business

Kiçik biznesə başlamaq istəyirsinizsə, yaxud artıq kiçik biznes sahibisinizsə, EU4Business təşəbbüsü biznesinizi inkişaf etdirmək üçün növbəti addımları atmağınıza kömək edəcək müxtəlif məsləhət və konsultasiya xidmətləri təklif edir. Müraciət edə biləcəyiniz layihələr haqqında ətraflı öyrənmək, eləcə də təşəbbüsdən yararlananların uğur hekayələri ilə tanış olmaq üçün EU4Business təşəbbüsünün internet səhifəsinə baş çəkin. Bu proqram həmçinin kiçik biznes üçün kreditlər və qrantlar təklif edir.

Sosial sahibkarlıq

Aİ-nin maliyyələşdirdiyi Collaborate for Impact layihəsi Şərq Tərəfdaşlığı ölkələrində sosial sahibkarlığı və sosial sərmayələri inkişaf etdirməyi nəzərdə tutur. Bu layihə Azərbaycanda sosial müəssisələr və vətəndaş cəmiyyəti təşkilatları arasında məlumatlılığı artırmaq və əməkdaşlığı gücləndirmək, eləcə də yeni sosial biznes modellərini təşviq etmək üçün qeyri-maliyyə resurslarına, təhsil və mentorluq proqramlarına, o cümlədən sosial innovasiya yarışmalarına çıxışı təmin etmək üçün Education HUB ilə tərəfdaşlıq edir. Xəbərləri və iştirak imkanlarını öyrənmək üçün “Education HUB”-ın internet səhifəsinəFacebook səhifəsinə baxın. Azərbaycandakı uğur hekayələri ilə tanış olmaq və podkastlara qulaq asmaq üçün Collaborate for Impact layihəsinin internet səhifəsinə baş çəkin.

“Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə əməkdaşlıq edən Aİ sosial sahibkarlıq üzrə biznes təlimləri təklif edir, sahibkarlara ideyaların yaradılması, biznesin təşkili və planlaşdırılması, satış və marketinq üzrə praktiki bacarıqları inkişaf etdirməyə, eləcə də bizneslərinin sosial təsirinin ölçülməsi və hesabatlaşdırılmasına kömək edir. Layihədə həmçinin Azərbaycanda Sosial Müəssisələr Platformasının yaradılması istiqamətində işlər həyata keçirilərək ideyaların yaradılması və sürətləndirici proqramların icrası həyata keçiriləcək. Daha çox öyrənin.

EU4Youth

EU4Youth proqramı tezliklə yaşıl və rəqəmsal iqtisadiyyatda gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi ilə bağlı sosial sahibkarlıq və karyera idarəçiliyi bacarıqlarının inkişafına yönəlmiş bir sıra layihələrin icrasına başlayacaq. Gələcəkdə icra olunacaq layihələrlə tanış olmaq üçün EU4Youth səhifəsini izləyin.

İT bacarıqları

ŞT Vətəndaş Cəmiyyəti Proqramı hakatonları

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı vətəndaş cəmiyyətinə islahatlara və demokratik dəyişikliklərə daha çox töhfə verməyə imkan verəcək vətəndaş cəmiyyəti texnoloji həllərin üzərində üzbəüz çalışmaq üçün Şərq Tərəfdaşlığı ölkələrinin ictimai fəallarını və İT mütəxəssislərini bir araya gətirən bir sıra tədbirlər – regional ŞT hakatonları təşkil edir. Komandalar rəqəmsal həllərinin mövcud prototiplərini təkmilləşdirmək üçün mentorlarla işləyir və qaliblər layihələrini tamamlamaq və işə salmaq üçün Avropa İttifaqından maliyyə və ekspert dəstəyi alırlar. Daha ətraflı öyrənmək üçün Hakatonun internet səhifəsinə baş çəkin!

EU4Digital

EU4Digital proqramı Şərq Tərəfdaşlığı regionu üçün EdTech Hub yaradır. Bu təhsil texnologiyaları üzrə mərkəz Aİ ilə Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlığı gücləndirmək, inkişaf üçün yeni imkanlar yaratmaq məqsədi daşıyır. EdTech Hub proqramı çərçivəsində kurslara 2023-cü ilin iyul ayında başlanması planlaşdırılır. Hazırda tədris planları hazırlanır, yerli tərəfdaşlar seçilir və əməkdaşlıqlar qurulur. EdTech Hub Aİ-nin Şərq Tərəfdaşlığı regionunda yaşayan 1 milyon vətəndaşın rəqəmsal texnologiyalar sahəsində hüquq və imkanlarının artırılmasına yönəlmiş siyasət proqramının bir hissəsidir. Daha ətraflı məlumat və iştirak qaydalarını öyrənmək üçün buraya klikləyin.

EU4Digital həmçinin KOB-lar üçün Aİ-nin rəqəmsal bacarıqlara dəstək verən digər proqramlarını, o cümlədən ŞT Startap ekosistemini tamamlayır.

EU4Youth

The EU4Youth proqramı tezliklə yaşıl və rəqəmsal iqtisadiyyat sahəsində gənclərin (xüsusilə aztəminatlı icmalarda) rəqəmsal bacarıqlarının artırılmasına yönəlmiş bir sıra layihələrin icrasına başlayacaq. Gələcəkdə icra olunacaq layihələrlə tanış olmaq üçün EU4Youth səhifəsini izləyin.

Kommunikasiya və liderlik

Gənc Avropa səfirləri

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə üzv ölkələrdən və Böyük Britaniyadan olan gəncləri bir-biri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın gözəçarpan nəticələrini nümayiş etdirmək və müxtəlif mövzularda siyasi dialoqa töhfə verməkdir.

Şəbəkədə iştirak vasitəsilə Gənc Avropa səfirləri yeni bacarıqlara yiyələnir, gələcək karyeraları üçün əsas bacarıqları – komandada işləmək, problemlərin həlli, liderlik və kommunikasiyalar sahəsində səriştələrini təkmilləşdirirlər. Azərbaycandan 197 olmaqla, hal-hazırda 34 fərqli milləti təmsil edən 900-dən artıq aktiv Gənc Avropa səfiri fəaliyyət göstərir (onlarla tanış olmaq üçün buraya klikləyin). Şəbəkə, ictimai diplomatiya və təbliğat fəaliyyətlərində maraqlı olan 16-26 yaş arası gənclərin üzünə açıqdır. Ərizələr ildə bir dəfə, adətən payız aylarında qəbul olunur.

Erasmus+ Gənclər üçün mübadilələr

Erasmus+ proqramı yalnız tələbələr üçün nəzərdə tutulmayıb. Son illər Azərbaycandan minlərlə gənc və gənclər təşkilatı işçisi müştərək Erasmus+ və gənclər layihələrində (mübadilə, təlim, siyasətlərin müzakirəsi, könüllülük) iştirak etmişdir. Erasmus+ proqramının 5-21 gün davam edən gənclər üçün mübadilə proqramlarında 13-30 yaş arası istənilən şəxs iştirak edə bilər. Onlar arasında seminarlar, məşqlər, debatlar, rol oyunları, açıq havada fəaliyyətlər və digər fəaliyyətlər ola bilər. Bu mübadilələr gənclər təşkilatları vasitəsilə baş verir və iştirak etmək üçün fərdi şəxs qismində müraciət edə bilməzsiniz. Daha ətraflı öyrənmək üçün Facebook səhifəsinə baş çəkin, +994 50 321 72 90 nömrəsi və ya [email protected] elektron ünvanına yazaraq Erasmus+ gənclər proqramının Azərbaycandakı məlumat mərkəzi ilə əlaqə saxlayın.

Avropa Həmrəylik Korpusu

Xaricdə təcrübə qazanmaq üçün daha bir möhtəşəm fürsət Avropa Həmrəylik Korpusu vasitəsilə könüllülük fəaliyyətlərində iştirak etməkdir. Bu, fərqli mədəniyyətlərlə tanış olmaq və yeni dostlar qazanmaq, eyni zamanda başqalarına kömək etmək və yeni bacarıqlara yiyələnmək üçün əvəzolunmaz bir fürsətdir. 2 həftədən 12 aya qədər davam edən fəaliyyətlərdə 17-30 yaş arası şəxslər iştirak edə bilər. Könüllülər üçün nəzərdə tutulmuş layihələr Aİ-nin və ya onun tərəfdaş ölkələrinin istənilən yerində, eləcə də mədəniyyət, gənclər, idman, uşaqlar, mədəni irs, incəsənət, heyvanların və ya ətraf mühitin qorunması kimi müxtəlif sahələrdə həyata keçirilə bilər. Avropa Həmrəylik Korpusunun portalında müraciət etmək forması və könüllülər üçün çoxlu sayda fəaliyyət ilə tanış ola bilərsiniz.

Vətəndaş Cəmiyyəti Təqaüd Proqramı

ŞT Vətəndaş Cəmiyyəti Təqaüd proqramı vasitəsilə Aİ, Azərbaycanda və Şərq Tərəfdaşlığı ölkələrində gənc vətəndaş cəmiyyəti liderlərini və fəallarını dəstəkləyir. Proqram xüsusi təlimlər, 5 000 avro məbləğində qrantlar və şəbəkə imkanlarına çıxış kimi vasitələrlə hər il 20 vətəndaş cəmiyyəti fəalının yaşadığı icmada müsbət sosial dəyişikliyə nail olmaq səylərinə kömək edir. Proqramın icra olunduğu 2017-ci ildən etibarən təqaüd alan şəxslər və onların maraq dairəsi haqqında ətraflı buradan öyrənə bilərsiniz. Ərizə qəbulu hər il keçirilir. Yeniliklərlə burada tanış olun.

ŞT Vətəndaş Cəmiyyəti Proqramı – e-təhsil

Aİ-nin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinə onların ehtiyaclarına və gündəlik işlərində qarşılaşdıqları vəziyyətlərə uyğunlaşdırılmış onlayn kurslar və materiallar təklif edir. Layihənin e-Learning Hub platformasında siyasətin təhlili və monitorinqi, layihənin idarə edilməsi, rəqəmsal səriştələr və vətəndaş cəmiyyəti təşkilatları üçün vebdizayn kimi müxtəlif sahələrdə alətlər və bacarıqlar təqdim edəcək bir sıra onlayn kurslar, vebinarlar və video mühazirələr tapa bilərsiniz. Layihə həmçinin səmərəliliyi artırmaq üçün onlayn elementləri üz-üzə təlimlə birləşdirən bir sıra qarışıq kurslar təklif edir. Daha çox öyrənin.

Şərq Tərəfdaşlığı Avropa Məktəbi

Tbilisidə fəaliyyət göstərən Şərq Tərəfdaşlığı Avropa Məktəbi Azərbaycan daxil olmaqla altı Şərq Tərəfdaşlığı ölkəsindən olan yuxarı sinif şagirdləri üçün ikillik Beynəlxalq Bakalavr proqramı təklif edir. Proqrama Avropa İttifaqı tərəfindən tam təqaüd, o cümlədən təhsil haqqı, yerləşmə və tətil üçün evə gediş-gəliş xərcləri daxildir. Lakin yerlərin sayı məhduddur. Məktəbə ildə cəmi 35 şagird qəbul olunur. Bu səbəbdən müraciət edən şagirdlər müəyyən şərtləri yerinə yetirməli və müsabiqə prosesindən keçməlidirlər. Proqramın icra olunmağa başladığı 2018-ci ildən etibarən 145 şagird məktəbdə oxumaq üçün təqaüd alıb. Onlar Beynəlxalq Bakalavriat (IB) diplomu ilə məzun olub və dünyanın ən yaxşı universitetlərində təhsil almağa davam edirlər. Növbəti qəbul 2024-2026-ci illər üzrə aparılacaq.

Yeni peşəyə yiyələnmək

Peşə Təhsili və Təlimi

Aİ əmək bazarının mövcud ehtiyaclarına uyğun tədrisin təşkili məqsədilə peşə təhsili müəssisələrinin müasirləşdirilməsi yolu ilə Peşə təhsili və təlimi (PTT) sisteminin keyfiyyətinin yaxşılaşdırılmasında Azərbaycana dəstək verir. Xüsusən də Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən icra olunan “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi təkcə məktəbi yenicə bitirmiş gənclər üçün deyil, həm də yeni ixtisaslara yiyələnmək və iş tapmaq istəyən yetkin vətəndaşlar, habelə əlilliyi olan insanlar üçün peşə hazırlığı təklif edir. Layihə çərçivəsində Bakı və Gəncədə dörd karyera mərkəzi yaradılıb və ilin sonuna kimi daha üç karyera mərkəzinin açılması planlaşdırılır. Eyni zamanda, aşpaz, şirniyyatçı, dərzi, çiçəkçi, vitraj süvenir istehsalı, bərbər və sosial media marketinqi və proqramlaşdırma peşələri üzrə pulsuz qısamüddətli inklüziv kurslar  hazırlanıb.

2022-2023-cü illərdə Azərbaycanda 66 peşə məktəbində 127 ixtisas üzrə 23340 yer olub. Daha ətraflı məlumat almaq və ərizə müraciət etmək üçün dövlətin PTT portalına https://vet.edu.gov.az daxil olun və sosial mediada Azərbaycanda peşə təhsili imkanları haqqında məlumat kampaniyasının #SənDəPeşəyəGəl (“VET-ə qoşulun”) heşteqi üzrə axtarış edin.

Erasmus+ təcrübə proqramları

Aİ-nin Erasmus+ proqramı hazırda peşə təhsili və təlimi  (PTT) üzrə təhsil aldığınız təqdirdə xaricdə işə yerləşdirilmə və ya müddətli təhsilə dəstək verir. Tədris proqramı çərçivəsində iş yerində təhsil almaq üçün xaricdəki iş yerinizdə və ya digər bir peşə müəssisəsində qəbul ediləcəksiniz. Adı çəkilən imkanlardan yararlanma şanslarınızı öyrənmək üçün təhsil aldığınız PTT müəssisəsi ilə əlaqə saxlayın.

Ali təhsil

Erasmus+

Erasmus+ proqramı vasitəsilə Avropa universitetlərində bakalavr, magistr və doktorantura səviyyələrində tələbə mübadiləsi təhsil daxil olmaqla, gənclər üçün bir sıra təhsil imkanı təklif edir. Mübadilə, qoşulduğunuz proqramın bir hissəsi olacaq və bir semestrdən bir ilədək davam edə bilər. Bütün xərcləriniz qarşılanacaq! Avropanın ən yaxşı universitetlərində magistr təhsili almaq üçün Erasmus+ təqaüdünə müraciət edə bilərsiniz.

Mübadilə proqramları ilə bağlı universitetinizin beynəlxalq əlaqələr şöbəsinə baş çəkin. Orada sizin təhsil aldığınız fənn üzrə hansı imkanların mövcud olduğunu öyrənəcək və müraciət etmək üçün kömək əldə edəcəksiniz.

Magistr dərəcəsi almaq üçün qarşıdan gələn tədris ilində Erasmus təqaüdü təklif edən kursların siyahısı ilə Erasmus Mundus Birgə magistr dərəcələri kataloqunda tanış ola bilərsiniz (hazırda 193 kurs mövcuddur). Daha sonra kurs və təqaüd üçün müraciət etmək üçün universitetlə əlaqə saxlayın.

Erasmus+ proqramının Azərbaycan ofisi istənilən məlumat ilə bağlı sizə yardım etməyə hazırdır. Daha ətraflı məlumat üçün Azərbaycan ofisinin internet səhifəsinə baxın və ya [email protected] ünvanı vasitəsilə e-məktub göndərin, yaxud +994 12 465 99 12 nömrəsi ilə əlaqə saxlayın. Siz həmçinin Azərbaycan ofisinin Facebook səhifəsini ziyarət edə bilərsiniz.

Erasmus+ təcrübə proqramları

Erasmus+ bakalavr, magistr və doktorantura tələbələri, o cümlədən yaxın illərdə məzun olanlar üçün (universiteti bitirdikdən sonra bir il ərzində) xaricdə işə yerləşdirilmə və təcrübə keçmə ilə bağlı dəstəkləyir. Ancaq təcrübə kursu dərəcənizə uyğun olmalıdır və mümkün olduğu təqdirdə təhsil proqramınıza inteqrasiya olunmalıdır. Buna görə də universitetinizlə birgə sözügedən imkanları nəzərdən keçirin. İşə yerləşdirilmə iki aydan on iki aya qədər davam edə bilər və xərclərinizi ödəmək üçün Erasmus+ qrantları mövcuddur.

Avropa Kollecinin təqaüdləri

Avropa Kolleci Azərbaycandan və digər Avropa Qonşuluq Siyasəti ölkələrindən olan universitet məzunlarına doktorantura səviyyəsi üzrə çoxlu sayda təqaüd təklif edir. Təqaüdlər həmçinin Şərq Tərəfdaşlığı ölkələrindən olan tələbələr üçün əlçatandır və EU4Youth proqramı tərəfindən maliyyələşdirilir. 2024-2025-ci tədris ili üzrə ərizələr 2023-cü ilin oktyabr ayında qəbul olunmağa başlanacaq.

Media sahəsində savadlılıq

EUvsDisinfo

Dezinformasiya nədir? Dezinformasiyaya inanmamaq üçün nə etməliyik? Ona necə reaksiya verə bilərik? EUvsDisinfo Rusiyanın dezinformasiya əməliyyatları haqqında məlumatlılığı və anlayışı artırmaqla vətəndaşlara rəqəmsal informasiya və media sahəsində manipulyasiyaya qarşı müqavimət yaratmağa kömək etmək məqsədi daşıyır. 15 dildə məlumatların təhlili və media monitorinqi xidmətlərindən istifadə edərək, EUvsDisinfo Aİ və Şərq Tərəfdaşlığı ölkələrində yayılan Kremlyönümlü mediaya məxsus dezinformasiya hallarını müəyyən edir, toplayır və ifşa edir.

Layihənin Learn platforması həmçinin dezinformasiyaya davamlılıq yaratmaq və ya gücləndirmək üçün faydalı alətlər, oyunlar, podkastlar və digər resursların seçimini ehtiva edir.

EU4Independent Media

EU4Independent Media proqramı altı Şərq Tərəfdaşlığı ölkəsində fəaliyyət göstərir. O, redaksiya məzmununu təkmilləşdirmək və ya idarəetmə və marketinq bacarıqlarını təkmilləşdirmək, eləcə də yeni gəlir mənbələri və daha yaxşı auditoriya anlayışını inkişaf etdirmək üçün media mütəxəssisləri üçün onlayn və üz-üzə təlim, mentorluq və fərdi mentorluq təklif edir. Proqram həmçinin məzmun istehsalı və şəbəkələrin qurulmasına da dəstək verir.

Bu sahədə son xəbərlərlə tanış olmaq üçün EU Neighbours east layihəsinin media imkanları səhifəsinə baxın.

Media və kommunikasiya mütəxəssisləri üçün çoxlu sayda pulsuz onlayn kurslar mövcuddur:

Feyk xəbərlər dövründə faktların yoxlanılması

Məqalə yazılmasında innovasiyalar

Xəbər bölməsində rəqəmsal texnologiyalara keçid

Onlayn media istehsalının əsaslarına dair kurs

Media biznesinin səmərəli idarə edilməsi

Yerləşdir
The recommended iFrame size is 100% width and 750px height


Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,