E-KURSU: İDARƏÇİLƏRƏ KÖMƏK ÜÇÜN VƏSAİT

Zoe Porter

Müstəqil məsləhətçi, London, Birləşmiş Krallıq

Zoi 30 ildir ki media sahəsində, son illərdə isə BBC-də rəhbər vəzifələrində çalışıb. O, baş redaktor kimi Sinqapur və Vaşinqton büroları daxil olmaqla BBC-nin Beynəlxalq Xəbərlər kanalının idarəçisi olub. Bundan əlavə, o, Britaniyada BBC-nin səhər televiziya proqramına başçılıq edib. BBC-nin beynəlxalq xəbərlər xidmətinin rəqəmsal inkişafı çərçivəsində mobil cihazlar üçün nəzərdə tutulan ilk qısa xəbər icmalının buraxılışını da idarə edib. O, həmçinin BBC-də dəyişikliklər və inkişaf layihələrində iştirak etmişdir. Zoi media üzrə məsləhətçi kimi xəbər təşkilatlarında rəqəmsal inkişaf və media şöbələrində yenilik üzrə məsləhət verir. Eyni zamanda o, təcrübəli müxbir və aparıcı olaraq önəmli xəbər verilişlərinin buraxılışında iştirak edib.

Natalia Mumladze

Palitra Media-nın direktoru, Tbilisi, Gürcüstan

Nataliya on ildən artıqdır ki, Gürcüstanın ən böyük media evi olan Palitra Media-nın multimedia Xəbər xidmətinə rəhbərlik edir. Onun rəhbərliyi altında Xəbər xidməti ölkədə ən yüksək auditoriyaya malik veb-saytların geniş spektrinə çevrildi. Onun xəbər xidmətində əsas məqsədi müxtəlif media komandalarının əməkdaşlığı üçün müasir və rahat iş sahəsi yaratmaq və təşkilatı maliyyə cəhətdən davamlı saxlamaqdır. Xəbər xidmətindən əvvəl Natalya televiziya prodüseri və jurnalist kimi iş təcrübəsinə malik idi. Bu, ona media komandalarının ehtiyaclarını və yenilənən jurnalistikanın əhəmiyyətini daha yaxşı anlamağa kömək edir.


İcmal

Bu məqalələr toplusu Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukrayna daxil olmaqla, Şərq Tərəfdaşlığı ölkələrində xəbər xidmətlərinin rəhbərləri üçün bir vəsaitdir.

Vəsait müstəqil xəbər xidmətlərində redaktorların mentorluğuna və təliminə dəstək vermək üçündür. Buradakı mühüm sənədlər və dəstəkləyici videolar onlara xəbərlərin idarə olunmasının əsaslarını mənimsəməkdə və öyrəndiklərini tətbiq etməkdə yardım edəcək.

Hədəflər

> Xəbər əməliyyatlarını multimediaya qədər genişləndirərkən şöbə rəhbərlərinə strateji yanaşmada kömək etmək.

> Qərarların verilməsi, multimedianın planlaşdırılması və istehsalı kimi uzun, yaxud qısamüddətli strategiyaların inkişafı ilə əlaqədar məsləhətlər vermək.

> Multimedia xəbər xidmətlərində komandaların təşkilinə, idarəetmə sxemlərinin və vəzifə təlimatlarının tətbiqinə kömək göstərmək.

> Xəbər xidmətlərində qadınların bərabərliyini dəstəkləyən təlimatlarla cinsi həssaslıq məsələlərində məlumatlanmanı artırmaq.

Xüsusiyyətlər

Vəsait EU4IM mütəxəssisləri tərəfindən həyata keçirilən biznesin idarəolunması üzrə mentorluq proqramı çərçivəsində xəbər xidmətlərinin istifadəsinə təqdim edilir. Burada təklif olunur:

  • Hər bir təşkilata intellektual yanaşma (istənilən xəbər xidmətin uyğunlaşdırılması mümkün olan şablon sxemlər)
  • Fərqli rollar və departamentlər arasındakı əlaqələrin izahı
  • Geniş yayılmış dilemmalara dair ekspert məsləhətləri ilə videoçaxrlar

Hədəf qrupları

Əsas qrup: ŞT ölkələrində müstəqil xəbər xidmətlərinin redaktorları və menecerləri.

İkinci qrup: Xəbər xidmətlərini daha yaxşı iş təcrübəsi ilə təmin edən, maliyyə davamlılığına dair təlimatlandıran yerli idarəetmə və biznesin təşkili üzrə mentorlar.


Mündəricat

1. İdarəetmə üzrə vəsaitə giriş

İdarəetməyə ümumi yanaşma və dəyişiklik üçün səbəblər
Multimedianın planlaşdırılması və istehsalına dair məsləhətlər
Gəlir mənbələrinin şaxələndirilməsinə dair məsləhətlər

2. Xəbər xidmətinin strukturuna dair təlimat

Təşkilat sxemləri və vəzifə adları
Fərqli vəzifələr arasında əlaqələrin izahı
İş təyinatı şablonlarının nümunələri

3. Bərabərliyi təşviq edən siyasət

Qadınlar üçün bərabər iş imkanlarını dəstəkləyən siyasətlərə dair təlimat

4. Dəstəkləyici Videolar

Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə çəkilmiş qısa videolar


1. İdarəetmə üzrə vəsaitə giriş

Bu vəsait çoxplatformalı auditoriyaya xidmət göstərən xəbər xidmətlərinin komandalarının idarə olunmasına yanaşma təqdim edir. Burada daha geniş multimedialaşmanın sizin biznes modelinizə necə kömək edəcəyi, həmçinin işəgötürən kimi nüfuzunuzu necə yüksəldəcəyi izah olunacaq.

Xəbər xidmətiniz nə üçün dəyişməlidir?

Auditoriyalar: Radio, TV və vebsaytlardan əlavə, digər mənbələrdən xəbər axtaran, daim dəyişən auditoriyalara daha yaxşı xidmət etmək. Gənclərdən ibarət auditoriyanın əhatə dairəsini daha da genişləndirmək və brendə loyallığı artırmaq.

Məsələn, YouTube, Instagram və TikTok kimi sosial media platformalarında 16-24 yaşlı gənclərdən ibarət auditoriyanın daha çox xəbər oxumasına uyğunlaşmaq.

Gəlir: Bu həm nativ məzmun, həm də ənənəvi reklam üçün yeni gəlir mənbələri yaratmağa kömək edə bilər. Bu, təşkilatınızı gələcək dəyişikliklərə daha dözümlü edəcək.

Nüfuz: Rəqəmsal jurnalistikanızı inkişaf etdirməyiniz müştərilərin təşkilatınıza münasibətini daha da yaxşılaşdıra, sizə daha çöx platformada geniş auditoriyaya çıxış imkanları yarada bilər. Bu bir müstəqil xəbər təminatçısı kimi brendinizi gücləndirər.

Xəbər xidmətləri necə dəyişə bilər?

Yenidən təşkilatlanma: Liderlər sosial medianı və rəqəmsal kontenti genişləndirmək məqsədi ilə təşkilatda dəyişikliklər edə bilərlər.

Məsələn, sosial media üçün daha çox kontent istehsal etmək məqsədi ilə xəbərlər xidmətini yenidən təşkil etmək vəzifəsi: əməkdaşların öhdəliklərini artırmaq və multimedialaşdırmaqdan; idarəçilikdə sosial medianı da nəzarət dairəsinə daxil etməkdən; jurnalistikanın mövcud imkanlarından daha yaxşı istifadə etmək üçün fərqli platformalar üzrə planlaşdırma və istehsalı birləşdirməkdən ibarət ola bilər. Siz rəqəmsal platformanı digərlərindən daha üstün tutmaq barədə də qərar verə bilərsiniz.

Strategiya: Dəyişmək planınızı bəyan etsəniz, həmçinin bununla bağlı fikirlərinizi heyyətlə bölüşsəniz, hər kəs nə etməli olduğunu və sizin məqsədinizə necə çatacağınızı biləcək.

Xəbər xidmətinin rəhbərləri uğur qazanmağa necə kömək edə bilərlər?

Mentorluq: Rəhbərlər dəyişikliklərə məsləhət və dəstək verəcək mentorlarla işləyə bilərlər. Onlar müəyyən bir müddət üçün hədəflər qoyaraq və onlara çatmaq üçün plan quraraq, strateji düşüncə nümayiş etdirməlidirlər.

Əlaqə: Rəhbərlər komandalarla etibarlı əlaqələr quraraq və ehtiyacı olan hər kəsin təlim keçməsini təmin edərək, təşkilatın bütün əməkdaşlarında hədəflər barədə aydın təsəvvür yarandığına əmin olmalıdırlar. Belə əlaqələr üzbəüz görüşlər, həmçinin e-poçt yazışma/mesajlaşma ehtiva etməlidir. Daim gözlə görünə bilən yeniliklər olmalıdır.

Dəyişikliklərə strateji yönümdən yanaşsaq, xəbərlər xidmətlərinin hədəfləri barədə aydın təsəvvürə malik olacaq və bu hədəflərə uğurla çatacağıq.

Multimedianın planlaşdırılması və istehsalı

Xəbər xidmətində struktur dəyişiklikləri etməzdən öncə işinizin necə planlaşdırıldığına və qurulduğuna diqqət yetirmək lazımdır. Multimedia xəbər xidmətində komandalar materialın hazırlanması prosesinin lap əvvəlindən nə qədər çox bir yerdə işləsələr, həmin jurnalistika məhsulunun daha geniş auditoriyaya çatma ehtimalı da bir o qədər yüksək olar.

Multimedia planlaşdırması və istehsalı necə baş verir?

Bütün xəbər qrupları fəaliyyətini müzakirə etmək və planlaşdırmaq, ideya və mövzuları bölüşmək üçün bir təşkilati formada birləşdirilir. Bu, qrupların bütün üzvlərinin (və ya hər komandanın nümayəndəsinin) iştirak etdiyi gündəlik xəbər toplantıları şəklində ola bilər.

Xəbərlər redaktoru həmin toplantılara nəzarət edəcək, redaksiya qərarlarını yönləndirəcək və materiallarda prioritetləri müəyyənləşdirməyə kömək edəcək.

Nisbətən böyük təşkilatlar gündəlik və ya həftəlik planlaşdırma toplantıları keçirə bilər. Belə toplantılarda daha uzun müddətə nəzərdə tutulan işləri, növbəti günün xəbərlərini və ya xüsusi layihələri müzakirə etmək mümkündür.

Bəzi xəbər qurumları jurnalist məhsulunun müxtəlif platformalarda istehsalına nəzarət üçün xəbərlərin Planlaşdırılması və İstehsalı üzrə redaktor təyin edə bilərlər. Bu redaktor hansı araşdırmaların aparılacağını, onlar barədə necə məlumat veriləcəyini müəyyənləşdirir, reklam və satış şöbələri ilə, həmçinin bütün jurnalistlərlə sıx əməkdaşlıq edir.

Kiçik heyyətlərdə jurnalistlərdən necə daha səmərəli istifadə etməli?

Hətta kiçik bir xəbər təşkilatı bütün jurnalistləri hər gün bir araya gətirib işini planlaşdıra və ideyaların, mövzuların müzakirəsini təmin edə bilər. O, bunu əməkdaşların şəxsi iştirakı ilə və ya onlayn qaydada təşkil edə bilər.

Xəbər redaktorları müxtəlif platformalarda xəbərlərin auditoriyaya necə təqdim olunacağını anlamaq üçün bütün mövcud imkanlardan istifadə etməlidirlər.

Şirkətinizdəki bütün jurnalistlər materialı kimin toplayacağını, kimin yazacağını və auditoriyaya hansı şəkildə təqdim olunacağını biləcəklər. Toplanan bütün materiallar paylaşılmalı və fərqli (multimedia) platformalara uyğunlaşdırılmalıdır.

Gün ərzində hadisələr inkişaf etdikcə jurnalistləri ikinci görüşə toplamaq və ya onlayn yazışmalarla məlumatlandırmaq olar.

Məhsulunuzun daha geniş auditoriyaya çıxışını necə təmin edə bilərsiniz?

Bütün (və ya bir neçə) platformalar üçün material hazırlayan, multimedia bacarıqları olan jurnalistlərə məqalələr sifariş etməklə.

Video və xəbərləri komandalar arasında paylaşmaq və əsas məqalələri fərqli media platformaları üçün işləməklə.

Rəqəmsallığa üstünlük verməklə, sizin məqalələrin daha gec paylaşılacaq bülletenlər və proqramlardan öncə sosial media platformalarında yayılması üçün onları sürətlə hazırlamaqla.

Təşkilatda baş verənlərdən hamı necə xəbər tutur?

Planlaşdırmaya kömək üçün onlayn-gündəlik sistemi yaradın ki, təşkilatınızda hər kəs onu görə bilsin;

Gündəlik hadisələrdəki dəyişikliklər barədə məlumatları hamıya çatdırın.

Üzərində uzun müddət işlədiyiniz eksklüziv məqalələr və süjetlər, yaxud xüsusi layihələr müxtəlif formatlarda hazırlanarsa, onları bütün media platformalarınızda eyni vaxtda nəşr etmək olar.

Fərqli sahələrdə (məsələn, vebsaytlar və ya radio) unikallığı necə saxlamaq olar?

Verilənlərin (dataların) təhlilindən və digər texnikalardan istifadə edərək, fərqli auditoriyaların nələri xoşladığını və paylaşdığını öyrənin. Bu biliklərdən kontentinizi formalaşdırmaq üçün istifadə edin.

Eyni məzmunu fərqli şəkillərdə təqdim etməklə, müxtəlif platformalarda hansı üslubda hazırlanmış materialın daha yaxşı izləndiyini aşkar edə bilərsiz.

İnternetdə və ya radioda hadisələri daha geniş, daha detallı təsvir edən materiallar var, auditoriyanız üçün onlara keçid verə bilərsiniz. Mütəxəssislər məzmunu idarə edə, onu spesifik platformalara uyğunlaşdıra, müvafiq versiyalar hazırlaya bilərlər.

Məsələn, onlayn-redaktor vebsayt üçün bütün məzmunu, sosial media prodüseri isə məzmuna aid postları idarə edəcək. Bəzi materiallar digər platformalara uyğun gəlmədikdə, onlardan yalnız birində dərc olunacaq.


Nümunə – BBC News-un gündəlik iclası

BBC xəbər xidməti hər iş gününün başlanğıcında səhər iclası keçirir, bu iclası baş redaktor və ya xidmətin rəhbəri aparır. İclasda BBC News-un bütün sahələri təmsil olunur.

Planlaşdırma üzrə redaktorun hazırladığı xəbər gündəliyi olur. Həmin gündəlik səhər saatlarında hadisələrin inkişafını nəzərə almaqla yenilənir və iclasda redaksiya məsələləri ilə birlikdə müzakirəyə çıxarılır. İclasda həmçinin xəbərlərin məzmununun müxtəlif media vasitələrində necə təqdim olunduğunu görmək üçün data təhlili aparılır. Səhər proqramlarının redaktoru hadisələrdəki yeniliklər və onların doğurduğu reaksiyalar barədə məlumat verir.

Hər kəs bu müzakirələrə töhvə verir, öz planlarından və ya hadisələrə redaksiyanın baxışından danışır.

Redaktorlar birlikdə önəmli məqamları müzakirə edir, bilik və məlumatlarını paylaşırlar. Onlar eksklüziv müsahibələr və hadisələrin işıqlandırılmasına dair ideyalar barədə məlumatlandırılırlar. İclas bütün xəbər departamentlərinə kimin nə etdiyindən xəbərdar olmağa imkan verir. Sonra redaktorlar hansı hadisələri izləməli və onları hansı auditoriyaya, yaxud platformalara uyğun bir şəkildə təqdim etməli olduqlarına dair qərar verə bilərlər. Gün ərzində onlar gələn mətnləri, videosüjetləri və şəkilləri paylaşırlar.

Söhbət mühüm bir xəbərdən gedəndə, iclas iştirakçıları birbaşa hadisə yerində olan reportyordan məlumat alırlar, əgər ortada hüquqi cəhətdən qəliz məsələ varsa, onlara bir hüquqşünas da qoşulacaq, beləliklə, hamı birlikdə qanuna uyğun dəqiq informasiya əldə edəcək. Günün sonunda ən yeni məlumatları almaq və sabahın proqramlarını planlaşdırmaq üçün ikinci iclas keçirilir.

BBC News-da ümumi video və xəbər portalı var, odur ki, xəbər materialı yüklənən kimi, bütün komandalar onunla tanış ola bilərlər. Tamamlanmış ssenarilər digər komandalar tərəfindən oxuna bilər, bu, təhqiqatın təkrarlanması və faktların yoxlanmasına sərf olunan vaxt itkisini minimuma endirmək üçündür.

Sosial media və rəqəmsal video BBC News üçün getdikcə daha böyük aktuallıq kəsb etdiyi üçün iclasların formatı zamanla dəyişəcək və daha çox rəqəmsallıq üzərində fokuslanacaq.


Gəlir Mənbələrinin Şaxələndirilməsi

Maliyyə dayanıqlılığı müasir xəbər xidmətlərinin üzləşdiyi ən böyük çətinliklərdən biridir. Multimedia istehsalını artırmaq, keyfiyyətli məzmun istehsalına mane olmadan yeni gəlir mənbələri yaratmağa kömək edə bilər. Bu, xəbər xidmətlərinin gələcəkdəki dəyişikliklərə daha davamlı olmasına kömək edəcək. Rəhbərlər redaksiya kontenti ilə ödənişli məzmun arasında balans tapmalı olacaqlar.

Onlayn media tərəfindən nəzərə alınmalı olan gəlir mənbələrindən bəziləri aşağıdakılardır:

Ənənəvi reklam: Bannerlər, masaüstü və mobil cihazlarda açılan pəncərələr, video çarxlar, məqalə daxilində ödənişli video, tərəfdaş təşkilatların RSS-lentləri, mobil tətbiqin monetizasiyası.

Nativ reklam: Kontent marketinqi və müntəzəm kontent reklamı – tərəfdaş təşkilatlar və fərdi şəxslər üçün müəyyən məbləğdə aylıq abunəlik haqqı (uzunmüddətli). Kontent, mövzu və ya məqalələrə sponsorluq.

Saytda oxucular üçün abunəlik: (“Paywall” kontenti) Oxucular üçün müxtəlif xidmətlərə aylıq və illik abunəliklər – xəbərlər, sahələr üzrə kontent, oyunlar və oxucu klublarına üzvlük. Oxucular üçün xüsusi xidmətlər – məsələn, həkim və ya hüquqşünas məsləhəti.

E-ticarət elementləri: Tərəfdaşlıq marketinqi, özünüzün e-ticarət xidmətlərinizin informasiya veb portallarında tətbiqi.

Sosial Media platformalarının istifadəsi: Youtube-da videoların monetizasiyası. Facebook səhifələri və qruplarda, Tik-Tok və Instagram-da məhsul yerləşdirmə

Xarici tədbirlərin təşkili: Sponsorluq edilən konfranslar, festivallar, media. Xəbər qurumunun əməkdaşları tədbirlər təşkil edə bilərlər.

Xidmətlərin təklifi: Media müsahibələri və jurnalistika təlimi. Digər təşkilatlar üçün yerli xəbər materiallarının təklifi.

Beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirmə: Donor təşkilatları tərəfindən maliyyələşdirilən xüsusi kontentin istehsalı.

Texniki komandanın (veb tərtibatçıların) xidmətlərinin satışı: Müştərilər üçün yeni vebsaytların yaradılması və mövcud proqram təminatının satışı.

Xəbər xidmətləri davamlı gəlir və işin sabitliyini təmin etmək üçün bir neçə maliyyə mənbəyindən istifadə etməli ola bilərlər. Bu, redaksiya, satış və marketinq komandaları arasında sıx əlaqə tələb edir.


Nümunə – Palitra Mediada Redaksiya və Marketinq maliyyə strategiyası

Palitra Media-da xəbər xidmətləri komandası marketinq və satış komandasından ayrıdır, beləliklə, hər ikisi baş idarənin strategiyasına əsasən müstəqil planlaşdırma və büdcə tərtib edir.

İlin əvvəlində onlar 12 aylıq ətraflı maliyyə planı hazırlayırlar. Onların arasındakı razılaşma marketinq/satış şirkətinə məhsullarını xəbər xidmətinə satmaq və mənfəətin 20%-ni özündə saxlamaq üçün xüsusi hüquqlar verir. Xəbərlər qurumu marketinq xidmətləri üçün sabit haqq ödəyir.

Onların hər ikisi bir-birinin uğuru və inkişafında maraqlıdır. Eyni zamanda, hər iki komanda müstəqil şəkildə gəliri artırmağa çalışır və kontentdən pul qazanmağın yolları barədə ideyalar irəli sürür.

Redaksiya+satış+marketinq komandalarının həftəlik toplantılarında bu ideyalar müzakirə olunur, hansılar təsdiqlənirsə, onları kimin həyata keçirəcəyi qərara alınır. Bəzən xəbər qurumu monetizasiyanı reklam qrupundan ayrı həyata keçirir. Oxucuların sayta abunəliyi, oxucular üçün xidmətlər və beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən layihələrin icrası buna misal ola bilər.

Yeni monetizasiya ideyalarının planlaşdırılması və həyata keçirilməsi zamanı atılan addımlar:

  1. İdeyanın formalaşması və icrası (əsasən həftəlik redaksiya toplantıları zamanı). Redaktorlar monetizasiyaya dair öz fikirlərini paylaşmağa həvəslidirlər.
  2. İdeyanın təhlili – bazar tədqiqatları, beynəlxalq şirkətlər və rəqiblərin təcrübəsi. Layihənin mürəkkəbliyinin və gəlir səviyyəsinin təhlili.
  3. Texniki komanda və marketinq komandası ilə məsləhətləşmələr.
  4. İdeyanın təsdiqlənməsi və biznes planın hazırlanması.
  5. Tətbiq
  6. Sınaq
  7. İcra
  8. Təbliğat
  9. Nəticələrin ölçülməsi

Tibbi mövzularda ixtisaslaşmış Mkurnali.ge vebsaytının göstərdiyi “həkim xidməti” Palitra Media xəbər xidmətinin həyata keçirdiyi uğurlu layihələrə nümunə ola bilər. Oxucular həkimə sual verərək, ondan konkret cavab ala bilirlər.


2. Xəbər xidmətinin strukturuna dair təlimatlar

Bunlar multimedia fəaliyyətini gücləndirmək üçün xəbər xidmətini yenidən qurmaq imkanını nəzərdən keçirən rəhbərlərə kömək edəcək nümunəvi təşkilat strukturlarıdır. Bu nümunələr xəbər xidmətlərinin rəhbərlərinin malik olduqları resurslar və üstünlüklərə uyğun gələn bir dizayn seçməsinə yardım göstərən əyani vəsaitlərdir.

Təşkilat sxemləri

  • Böyük multimedia xəbərlər xidmətləri üçün şablon
  • Kiçik multimedia xəbərlər xidmətləri üçün sadələşdirilmiş şablon
A – Birinci təşkilat sxemi – böyük xəbər xidmətləri üçün
A - Organisation chart one - for a larger newsroom

İzah

Daha böyük xəbər təşkilatları üçün bu modeldə ayrı-ayrılıqda Onlayn/Sosial Media, TV və Radio redaktorları var. Növbəti bölmədə vəzifə öhdəliklərinin təsviri rolların necə yerinə yetirilə biləcəyi barədə daha çox məlumat verir. Məsələn, multimedia jurnalistləri redaktor nəzarəti altında bütün platformalar üçün kontent yarada bilərlər və ya onların iki rolu birləşdirərək, həm videooperator, həm də jurnalist kimi çalışması mümkündür.

Vebsaytların Xəbərlər, İdman, Təhlil, Qadınlar, Həyat tərzi və Videolar kimi ixtisaslaşmış səhifələri olur. Bu kontentin bəziləri sosial media və digər platformalar üçün də uyğun ola bilər.

Bəzi xəbər xidmətlərində multimedia jurnalistlərindən ibarət komanda var. Onlar xarici media şirkətlərinə satılan məqalələr hazırlayırlar. Bu jurnalistlər həmçinin digər sahələrdə, məsələn, radioda işləyə bilərlər.

Data təhlilçiləri müxtəlif platformalarda trafik və auditoriyanı izləyərək redaktorları hansı materialların yaxşı oxunduğu və ya baxıldığı barədə məlumatlandıracaqlar. Bu məlumat xəbər xidmətinin bütün sahələri arasında paylaşıla, həmçinin televiziya kimi şəbəkədənkənar platformalarda redaksiya qərarlarına kömək edə bilər.

Xəbər xidmətinin reklam komandası və xəbər redaktorları ilə birgə işləyən nativ kontent istehsalçıları/yazarları komandası ola bilər. Onlar veb və ya sosial media üçün ödənişli kontent istehsal edirlər.

Böyük media təşkilatında bütün şirkətə xidmət göstərən Reklam, İnsan Resursları (İR) və texniki komandalar olacaq.

Texniki komanda bütün sahələrlə – günlük istehsalla, planlaşdırma ilə, veb yeniləmələrlə və digər dəyişikliklərlə məşğul olacaq.

İnsan Resursları (İR) şöbəsi rəhbərliyə əməkdaşların işə götürülməsi və təlimi prosesində dəstək verir, həmçinin müqavilələrin bağlanmasına, maaşların ödənilməsinə, analıq məzuniyyəti və karyera inkişafı kimi məsələlərdə təşkilatın siyasətinin təşkilinə kömək edir. Onlar iş yerində bərabərliyi təmin etmək üçün redaktorlarla birgə çalışa bilərlər.

Bəzi daha böyük qurumlar yeni istedadlar tapmaq üçün daxili təlim proqramları təşkil etmək istəyə bilərlər. Məsələn, Palitra Medianın sosial mediada işləməyi öyrənənləri cəlb edən 12 aylıq proqramını keçənlərin bəziləri jurnalist kimi təşkilatda qalırlar.

Kommunikasiya nəzərə alınması vacib sahədir. Böyük təşkilatlar kommunikasiya mütəxəssisi işə götürə bilər. Əks halda, önəmli məlumatların bütün işçilərə ötürülməsini menecerlər müxtəlif üsullarla özləri təmin edə bilərlər. Onlar həmçinin əməkdaşlara öz ideyalarını menecerlərə asanlıqla ötürə bilmələri və işlərində yaranan problemlər barədə lazımi şəxsləri qısa müddətdə xəbərdar etmələri üçün imkan yaratmalıdırlar.


B – İkinci təşkilat sxemi – kiçik xəbərlər xidməti üçün
A - Organisation chart one - for a larger newsroom

İsah

Bu modeldə kiçik bir multimedia jurnalistlər komandası həm vebsaytda, həm də sosial mediada işləyir. Xəbər xidmətinin ölçüsündən asılı olaraq, vebsaytın bir neçə redaktora ehtiyacı ola bilər, lakin bir xəbər redaktoru da bütün kontentə nəzarət edə və bütün jurnalistləri idarə edə bilər.

Belə kiçik xidmətdə axını izləmək üçün bir data təhlilçisi, həmçinin xəbər hazırlayan kiçik bir bölmə və gəlirləri artırmaq üçün nativ reklam mətni yazan əməkdaş olur.

Xəbər xidmətinin jurnalistlərlə birgə çalışan İR meneceri, bir neçə texniki dəstək və reklam işçisi ola bilər. Əks halda İR ilə iş (işəgötürmə, müqavilələr və kadrların inkişafı) xəbər meneceri tərəfindən həyata keçirilir.

Paylaşılan video və onların fərqli surətlərinin hazırlanması belə qurumun işinin əsas hissəsidir, eyni zamanda bütün məlumatlar digər jurnalist və redaktorlar üçün də əlçatan olur, materialların təsir gücünü və auditoriyaya çıxışını maksimallaşdırmaq üçün isə onların əksəriyyəti müxtəlif platformalara uyğunlaşdırılır.


İş təyinatı şablonları

Bu bölmədə nümunəvi şablonlar vasitəsi ilə iş təyinatı haqqında təlimatın necə tərtib edilə biləcəyi, vəzifə öhdəliklərinə nələrin daxil edilməli olduğu göstərilir. Bunlara xəbər xidmətinin tələblərinə uyğun düzəlişlər edilə bilər.

Əməkdaşı işə götürən zaman, yaxud onun vəzifəsini dəyişərkən belə təlimatların və müqavilələrin olması vacibdir, çünki onlar işçinin və işəgötürənin bir-birindən nə gözlədiyinə qarşılıqlı surətdə aydınlıq gətirir.

Onlar həm də sizə işə götürməyə adam axtaran zaman ən yaxşı namizədi seçməyə, həmin şəxsin əvvəlcədən bu vəzifə üçün müəyyənləşdirdiyiniz tələblərə uyğun gəldiyinə əmin olmağa kömək edəcək.

  • Şablonlara işin qısa təsviri, vəzifənin icrası üçün lazım olan bacarıqlar, habelə iş saatlarını və təxmini əmək haqqını göstərmək barədə təklif daxil edir.
  • Bu bölməyə daxil edilmiş şablonlar multimedia redaktoru, multimedia reportyoru, sosial media prodüseri və data təhlilçisi kimi yuxarı və aşağı vəzifəli işçilər üçündür.
  • Buraya həmçinin xəbər xidmətləri ilə yanaşı işləyən marketinq və reklam satışları şöbələrinə aid bəzi qeyri-jurnalist vəzifələri də daxil edilmişdir.
  • Bütün iş təlimatlarında şirkətinizin redaksiya qaydalarına istinad var. Bunlar əməkdaşlarınıza məqsədə çatmaqda kömək etmək üçün menecerlər tərəfindən tərtib olunmuş əsas prinsiplər toplusudur. Onlar sizin təşkilatınızın xəbərlərinin dəyərini müəyyən edəcək və medianın inkişafı tələblərinə uyğun olaraq yenilənə bilər (yəni, sosial medianın iş qaydaları texnologiyanın inkişafı ilə birlikdə dəyişə bilər).

Vebsayt redaktoru

İşin təsviri
Vebsayt Redaktoru kimi, siz vebsaytın bütün materialları və məzmunu üçün gündəlik məsuliyyət daşıyacaqsınız.
Siz multimedia jurnalistləri ilə (və əgər planlaşdırma üzrə redaktorunuz varsa, onunla) mövzuları müəyyənləşdirəcək, öncədən planlaşdıracaq və xüsusi layihələri icra edəcəksiniz.
Siz datanın təhlili və nəşrin proqram təminatı ilə bağlı məsələlərdən də baş çıxararaq, hansı materialları nəşr edəcəyinizə və onları necə yaymaq lazım olduğuna dair qərar verəcəksiniz.
Siz marketinq və satış şöbələri ilə sıx əlaqədə işləyərək, vebsaytın əhatə dairəsini və gəlirini maksimum həddə çatdırmaq üzərində çalışacaqsınız. Siz həmçinin jurnalistikanızı monetizasiya etməyin yeni yolları barədə ideyalara malik olacaqsınız.
Siz həm də sosial mediaya nəzarət edəcək, materiallarınızın müxtəlif auditoriyalar və platformalara uyğun olduğuna əminlik yaradacaqsınız

Tələb olunan bacarıqlar
Hədəf auditoriyaya uyğun məzmunlar təklif etmək və başlıqlar barədə ideyalar irəli sürmək.
Materialların tezliyini və ardıcıllığını, kontent sahələrini idarə etmək.
Materialları və onun hissələrini redaktə etmək, məlumatların və faktların dəqiqliyini yoxlamaq.
Materiallardakı məlumatların vizuallaşdırılması üçün ideyalar təqdim etmək.
Orijinal materiallar hazırlamaq üçün əlaqə şəbəkəsi yaratmaq, onu inkişaf etdirmək və qorumaq.
Gələcək təhqiqatların və xüsusi layihələrin planlaşdırılmasına rəhbərlik etmək (şirkətin planlaşdırma üzrə redaktoru varsa, onunla işləmək).
Vebsaytın təqdimatını maksimum dərəcədə yaxşılaşdırmaq üçün texniki komanda ilə birlikdə işləmək.
Stress şəraitində sürətli və səmərəli işləməyi bacarmaq.
Müəyyən edilən son tarixləri keçməmək və büdcə tələblərini yerinə yetirmək.
Xəbər komandalarını idarə etmək təcrübəsi, yaxşı kommunikasiya və komanda ilə işləmək bacarıqları.
Şirkətin Redaksiya qaydalarına əməl etmək.

İş saatları və təxmini əmək haqqı təklifi daxildir.

Planlaşdırma və istehsal üzrə redaktor

İşin təsviri
Planlaşdırma və istehsal üzrə redaktor kimi, siz multimedia jurnalistlərinin işinə nəzarət edəcək və bütün xəbər redaktorları ilə birlikdə öncədən planlaşdırılmış xəbər kontentinin istehsalına qərar verəcəksiniz. Siz bütün platformalar üçün jurnalistlərə materiallar hazırlamağı tapşıracaq, onların nəşrini və yayılmasını təşkil edəcəksiniz.
Siz vebsaytlar üçün planlaşdırılmış kontentə, o cümlədən, rəqəmsal videolara, sosial mediaya (əgər TV/Radio yayımı varsa, həm də ona) nəzarət edəcəksiniz.
Siz xəbər gündəliyini, bütün komandalar üçün orijinal material istehsalını idarə edəcəksiniz və gəlir qazanmaq üçün marketinq və reklam şöbələri ilə sıx əlaqədə işləyəcəksiniz.

Tələb olunan bacarıqlar
Reportyorları idarə etmək və mövzu seçimi üzrə redaktorluq təcrübəsi.
Xəbər gündəliklərini idarə etmək ziddiyyətləri aradan qaldırmaq üçün əla təşkilatçılıq bacarıqları.
Fərqli fikir və tələbləri nəzərə alaraq, müxtəlif xəbər platformaları üçün yüksək keyfiyyətli jurnalistika məhsulu istehsal etmək bacarığı.
Ənənəvi media, eləcə də sosial və rəqəmsal media sahəsində yeniliklər barədə yüksək səviyyədə bilik.
Xəbərlər sahəsində yeni tendensiyaları anlamaq və redaksiya qərarlarının qəbulu üçün lazımi təhlilləri aparmaq bacarığı.
Şirkətin Redaksiya qaydalarına əməl etmək.

İş saatları və təxmini əmək haqqı təklifi daxildir.

Multimedia reportyoru

İşin təsviri
Siz TV, radio, vebsayt və sosial mediada tələb olunan qaydada jurnalist işləyəcəksiniz.
İşiniz müxtəlif platformaların və auditoriyaların texniki tələblərini anlamaqla, materialları hazırlamaq, araşdırmaq, istehsal etmək və təqdim etmək olacaq.
Siz bütün xəbərlər xidmətində əməkdaşlarla sıx əlaqədə işləyəcək və məzmunu müxtəlif platformalarda nəşrlərin tələblərinə uyğunlaşdıracaqsınız.

Tələb olunan bacarıqlar
Güclü jurnalist bacarıqları və redaktor hissiyyatı.
Məqalələr hazırlamaq və mövzunu inkişaf etdirmək üçün redaktorlarla gündəlik işləmək bacarığı.
Eksklüziv materiallar hazırlamaq üçün geniş əlaqələr şəbəkəsi yaratmaq, onu inkişaf etdirmək və qorumaq.
Bəzən kamera operatorunu da cəlb etməklə, canlı xəbər yayımları aparmaq.
Bəzən videoredaktorun köməyi ilə məqalələr və layihələr üçün videoları redaktə etmək.
Məlumatların vizuallaşdırılması üçün ideyalar vermək və infografiklər tərtib etmək.
Xüsusi layihələr uzərində texniki komanda və xəbər redaktorları ilə işləmək.
Stress şəraitində sürətli və səmərəli işləməyi bacarmaq.
Dəqiq məlumatlarla işləmək və nəşr etməzdən öncə faktları yenidən yoxlamaq.
Materialın təsirini maksimum artırmaq üçün data təhlilçiləri ilə işləmək.
Kommunikasiya və komanda ilə işləmək bacarıqları
Şirkətin Redaksiya qaydalarına əməl etmək.

İş saatları və təxmini əmək haqqı təklifi daxildir.

Sosial media prodüseri

İşin təsviri
Sosial Media prodüseri kimi, siz sosial media platformaları üçün xəbərlər toplayacaq və nəşr edəcəksiniz, bu, yeni auditoriyalar tapmaqda və xəbər brendimizin tanınmasında bizə kömək edəcək. Siz həmçinin sosial media strategiyasının inkişafına yardım göstərəcəksiniz.

Tələb olunan bacarıqlar
Güclü jurnalist bacarıqları və redaktor hissiyyatı.
Gündəlik və uzunmüddətli layihələr üçün mövzular tapmaq bacarığı.
Sosial medianın iş prinsipi barədə yaxşı anlayış: Facebook, Instagram, eləcə də TikTok və YouTube.
Paylaşıla bilən məzmunu müəyyən etmək bacarığı; onu yaratmaq, tərtib etmək və sosial mediada satmaq.
Müəllifləri düzgün göstərilməklə, dəqiq nüsxələr hazırlamaq üçün güclü yazı bacarığı.
Materialı ən səmərəli şəkildə geniş yaymaq üçün vizuallaşdırma və redaktə bacarıqları.
Canlı reportajlar və qısa video materiallar planlaşdırmaq üçün multimedia jurnalistləri ilə işləmək bacarığı.
Sosial mediada paylaşımı, əhatə dairəsini və auditoriya ilə təması artırmaq üçün strategiyanın tərtib edilməsinə yardım göstərmək.
Onlayn komandalarla yaxından işləmək və digər jurnalistlərin təliminə kömək etmək.
Sosial media platformalarında məlumatları təhlil etmək və rəhbərlik üçün hesabatlar hazırlamaq bacarığı.
Stress şəraitində sürətli və səmərəli işləməyi bacarmaq.
Kommunikasiya və komanda ilə işləmək bacarıqları.
Şirkətin Redaksiya qaydalarına əməl etmək.

İş saatları və təxmini əmək haqqı təklifi daxildir.

Data Təhlilçisi

İşin təsviri
Siz müxtəlif platformalara aid trafik göstəricilərini təhlil edərək, xəbər təşkilatımızın auditoriyaya çıxışını genişləndirəcəksiniz. Vebsaytlarınızın gündəlik, həftəlik, aylıq hesabatlarını hazırlayacaq və onları redaktor və reklam komandalarına təqdim edəcəksiniz.
Siz xəbər komandalarının toplantılarında iştirak edəcək və hər vebsaytın ötən gün ərzində məhsuldarlığını təhlil edəcəksiniz. Bu məlumatlara əsasən, xəbər redaktorlarına və sosial media komandasına məsləhətlər verə biləcəksiniz.

Tələb olunan bacarıqlar
Yaxşı jurnalistika bacarıqları və redaksiya dəyərlərin anlamaq.
Data təhlili üçün ən səmərəli platformaları araşdırmaq, müəyyən etmək və istifadə etmək bacarığı.
Bu məlumatları xəbər redaktorlarına və rəhbərliyə aydın şəkildə təqdim etmək bacarığı.
Redaktorlarla, texniki komanda və rəhbərliklə birgə işləyərək, vebsaytların istifadəçi göstəricilərini yaxşılaşdırmaq bacarığı.
Vaxtaşırı redaktorlara və reklam komandasına saytın məhsuldarlığını artırmaq üçün datadan necə istifadə etmək lazım olduğunu göstərən təlim keçmək.
Komanda ilə işləyə bilmək və yaxşı kommunikasiya qurmaq.
Şirkətin Redaksiya qaydalarına əməl etmək.

İş saatları və təxmini əmək haqqı təklifi daxildir.

Marketinq meneceri

İşin təsviri
Marketinq meneceri kimi, siz xəbər redaktoru/baş redaktorla sıx əlaqədə işləyərək, jurnalistika məhsullarınızın auditoriyaya çıxışını maksimuma çatdıracaqsınız. Siz media təşkilatları üçün marketinq strategiyalarını planlaşdırmaq, onların müxtəlif kanallarda irəliləməsini təmin etmək barədə qərarlar verəcək, büdcə tərtib etmək və kampaniyaların nəticələrini izləmək sahəsində məsuliyyət daşıyacaqsınız.
Potensial media tərəfdaşları ilə əlaqədə olacaq, onlarla razılaşmalar əldə edəcək, tərəfdaşlığın nəticələrini izləyəcəksiniz.
Fəaliyyətinizi redaksiya komandası ilə əlaqələndirmək, onun ehtiyaclarını daha yaxşı anlamaq, xüsusi layihələrin və xüsusi media məhsullarının yayımında iştirak etmək. Brend meneceri ilə əməkdaşlıq etmək və brendin inkişafı prosesində iştirak etmək. Marketinq şöbəsinin komandasını idarə etmək.
Rəqəmsal marketinq sahəsində yeni meylləri anlamaq və bazardakı tendensiyaları təhlil etmək.
Rəqiblərin işini araşdırmaq və nəticələri xəbər redaktorları ilə paylaşmaq.

Tələb olunan bacarıqlar
Marketinq təcrübəsi, jurnalistika və redaksiya prioritetlərinin yaxşı dərk edilməsi.
Analitik hesabatları anlamaq və uğurlu marketing strategiyalarına çevirmək bacarığı.
Tərəfdaşlar, redaksiya komandası və işçilərlə əməkdaşlıq etmək, əla kommunikasiya və şəbəkələşmə bacarıqları.
İnnovativ düşüncə və yaradıcılıq – yeni meylləri anlamaq və marketinq sahəsində yenilikləri izləmək bacarığı.
Layihələri idarəetmə bacarıqları – planlaşdırma, büdcə tərtib etmə və icra.
Analitik düşüncə – həyata keçirilmiş layihələrin nəticələrini təhlil etmə və proqnozlaşdırma. Tənqidi düşüncə və problemləri həll etmə bacarıqları
Təqdimat bacarıqları.
Stress şəraitində sürətli və səmərəli iş bacarığı.
Kommunikasiya bacarıqları və komanda ilə işləmək bacarığı.
Şirkətin Redaksiya qaydalarına əməl etmək.

İş saatları və təxmini əmək haqqı təklifi daxildir.

Reklam satışı meneceri

İşin təsviri
Satış meneceri kimi, siz media vasitələri üçün satış strategiyalarını planlaşdırmaq, məqsədləri təyin etmək və satış planları tərtib etmək sahələrinə görə məsuliyyət daşıyacaqsınız.
Medianın satış bazarında yeni meyllər barədə məlumatlı olmaq və onları media platformalarında tətbiq etmək bacarığı.
Media vasitələrinin gəlir mənbələrini şaxələndirməyə çalışmaq, redaksiya komandası ilə əməkdaşlıq etmək.
Texniki komanda ilə CRM (müştəri ilə əlaqələrin idarəsi) sisteminin təkmilləşdirilməsi və innovativ alətlərin tətbiqi üzrə işləmək.
Şirkətlər üçün müxtəlif təkliflərin hazırlanmasında iştirak etmək.
Satış komandasını idarə etmək və satıcılara təlim keçmək.
Satış komandası üçün həvəsləndirmə və bonus sistemi yaratmaq.
Satış komandasının əldə etdiyi nəticələri izləmək və onların təyin olunmuş məqsədlərə uyğunluğunu təhlil etmək.

Tələb olunan bacarıqlar
Satış sahəsində şəxsi təcrübə və CRM sistemləri barədə yaxşı bilik.
Planlaşdırma və büdcə tərtib etmək üzrə maliyyə sahəsində təhsil.
Tərəfdaşlar, redaksiya komandası və işçilərlə əməkdaşlıq etmək, əla kommunikasiya və şəbəkələşmə bacarıqları.
İnnovativ düşüncə – yeni meylləri anlamaq və satışdakı yenilikləri daim izləmək bacarığı. Analitik düşüncə və problemləri həll etmək bacarığı.
Güclü təqdimat və vaxtı yaxşı idarəetmə bacarıqları.

İş saatları və təxmini əmək haqqı təklifi daxildir.


Nümunə: Palitra Media-nın multimedia xəbərlər xidməti

Palitra Media Tbilisidə (Gürcüstan) bir qəzet (çap mediası), həmçinin televiziya və radio stansiyaları, vebsaytlar və sosial media vasitələri (əsasən Facebook) işlədən uğurlu media təşkilatıdır.

Aşağıdakı struktur bu xəbər təşkilatının öz veb-komandasının sosial media və rəqəmsal jurnalistika sahələrində fəaliyyətini necə şaxələndirdiyini göstərir.

Təşkilatın müxtəlif platformalarda işləyən multimedia jurnalistləri var.

A - Organisation chart one - for a larger newsroom

3. Xəbər xidmətlərində qadınların bərabərliyini təşviq edən siyasət

Cinsi həssaslıq məsələlərinin həll edilməsi təşkilatınıza xeyli fayda gətirə bilər; həm daxildə əməkdaşlarınız işdən məmnun qalar və ona daha çox bağlanar, həm də təşkilatınızın reklam sifarişçilərinə və onu kənardan maliyyələşdirən qurumlara görünən tərəfi – xarici imici daha da yaxşılaşar.

Cinsi bərabərliyi dəstəkləmək BMT kimi qlobal təşkilatların məqsədidir. BMT buna yalnız fundamental insan hüququ kimi deyil, həm də dünyanın dinc, çiçəklənən və davamlı inkişafının təməli kimi baxır.

Niyə bərabərliyi təşviq edən siyasətlərə ehtiyacımız var?

Bütün səviyyələrdə qadınların işə götürülməsi xəbərlər xidmətinizə və jurnalist işinizə fayda gətirəcək. Bu, idarəetmədə daha yaxşı balans yaratmağa yol açar, auditoriyanı əks etdirən daha çeşidli məqalələr və işə götürərkən rəhbərlərə daha çox seçim imkanı gətirə bilər.

Bərabərlik xəbərlər xidmətinin kontentinə sponsorluq edən və ya ona qrantlar, əlavə fondlar verən kənar təşkilatların xidmətə münasibətini yaxşılaşdıra bilər.

Təşkilatınızın aydın siyasətinin olması sizin bu sahədə öhdəliyinizi yerinə yetirməyə kömək edəcək, menecerlər və işçilərinizin təşkilatınızdan gözləntiləri də aydın olacaq.

İşəgötürən kimi qadınlara necə daha yaxşı şərait yarada bilərik?

İşə qəbul sahəsində ədalətli siyasət yürütməklə bütün qadınlara və kişilərə bərabər iş imkanı verə bilərik. Həmçinin qadınların karyerasını dəstəkləməklə, onların daha yüksək vəzifələrə qalxmasına və ya işdə daha uzun müddət qalmasına şərait yarada bilərik.

Dəqiq iş təsvirləri: bunlar işə qəbul prosesinin ədalətli olmasını təmin edə bilər. İş üçün tələb olunan bacarıqları müəyyən edin və namizədləri belə meyarlara əsasən seçin. Bu, sizə insanları ədalətli şəkildə qiymətləndirməyə imkan verəcək. Təşkilatçılıq və kadrların idarə edilməsi kimi bacarıqları ən azı redaksiya qərarlarının qəbulu qədər önəmli hesab edin.

İşə qəbul edərkən ədalətli olmaq: bu, bütün iş elanları verərkən qadınlara kişələrlə eyni müraciət imkanı vermək deməkdir. Namizədlər işin təsvirində əks olunmuş bacarıqlara görə seçilir. İşə ədalətli qəbul prosesində, müsahibələrdə İR şöbəsindən bir nəfər (və ya müstəqil menecer) iştirak etməlidir.

Karyera dəstəyi: rəhbərlər qadın işçilərə karyeralarını planlaşdırmaqda, iş yerində təlim keçmək və inkişaf etmək imkanları əldə etməkdə dəstək ola bilərlər. İşçilərlə vaxtaşırı keçirilən təkbətək görüşlər əks-əlaqə və mentorluq kimi üsulların köməyi ilə onların öz potensiallarını gerçəkləşdirmək imkanını artırır.

Nələr bizi işə qəbul zamanı bərabərliyi təmin edən rəhbər kimi tanıdar?

Məsələn, kişilər və qadınların bərabər maaşlar almaları üçün görülən bərabər işə görə eyni ödəniş etmək (deyək ki, Gürcüstanda qadınların maaşı kişilərin maaşlarının yalnız 65%-ni təşkil edir).

Rəhbərlər xəbərlər xidmətində müxtəlif səviyyəli vəzifələrdə qadın və kişilərin sayına diqqət yetirə və balansın pozulması hallarını aradan qaldıra bilərlər.

Doğuşa hazırlaşan qadın işçiləri itirməmək üçün ödənişli analıq məzuniyyəti təyin edin. Bu, həm də sizin işəgötürmə və təlim xərclərinizi azalda bilər. Qadınlara işdə qalmağa kömək edin, onlar ailədə tərbiyə işləri ilə məşğul olmaq kimi başqa vəzifələr də yerinə yetirirlər.

Valideynlər və ya kiməsə hamilik edən əməkdaşlar daha sərbəst iş rejiminə, yaxud iş yerinə keçmək istəyərlərsə, bunu nəzərə alın.

Geri qayıdan qadınları (ailəsinə baxmaq üçün işində fasilə verən) və ya yaşlı, təcrübəli qadınları yaranan boşluğu doldurmaq üçün işə götürün. Onlar müəyyən sahələrə əlavə biliklər gətirə, işçilər arasında yaş və bərabərlik balansını qorumağa kömək edə bilərlər.

Digər sahələrdə də (irq, fiziki imkanların məhdudluğu, yaş və s.) bərabərliyi gözləmək imkanını nəzərdən keçirin.

Şirkətimiz bu dəyişiklikləri necə həyata keçirir?

Əvvəlcə bir (neçə) sahə müəyyənləşdirin və əgər təşkilatınızda İR şöbəsi varsa, onunla birgə işləyin, siyasətinizi hazırlayın və təqdim edin. Analıq məzuniyyətinə görə ödəniş verən digər şirkətlərdən nümunə götürə bilərsiniz, bunun üçün müvafiq araşdırmalarla tanış olmaq və ya bərabərliyi təmin etmiş şirkətlərdən məsləhət almaq da mümkündür.


İstifadə üçün yararlı əlavə mənbələr:

1. UNICEF-in qadınların inkişafına dair WEPS layihəsi şirkətlərə bərabərliyi təmin edən siyasət hazırlamağa yardım göstərən resurslar təklif edir və bəzilərinin nail olduqları dəyişiklikləri izah edən araşdırmalar təqdim edir https://www.weps.org/resources

2. Birləşmiş Millətlər Təşkilatı burada təsvir olunmuş beş məqsədlə gender bərabərliyini təmin etmək üçün qlobal tədbirlər görür https://www.un.org/sustainabledevelopment/gender-equality/

3. Gender Bərabərliyi üzrə Avropa İnstitutu Avropa ölkələrində inkişafa təkan verir, burada faydalı məsləhətlər və nümunələr var https://eige.europa.eu/

4. Böyük Britaniyanın Bərabərlik və İnsan Hüquqları Komissiyası gender bərabərliyini dəstəkləyir və işəgötürənlər üçün praktik məsləhətlər verir https://www.equalityhumanrights.com/en


4. Dəstəkləyici Videolar

  1. Jurnalistikadan necə pul qazanmaq olar?
    Latviyadakı Delfi xəbər agentliyinin baş redaktoru Filips Lastovkivs media təşkilatları üçün müxtəlif maliyyələşdirmə modellərini izah edir və jurnalist kontentindən pul qazanmağın müxtəlif yollarından danışır.
  2. Xəbər xidmətinin Gender Siyasəti necə olmalıdır?
    ISET-in (Gürcüstan, Tbilisdə Beynəlxalq İqtisadiyyat Məktəbi) baş tədqiqatçısı Davit Keşelava daha çox qadın işçiləri cəlb etmək, daha yaxşı və daha səriştəli işəgötürən olmaq üçün redaksiya siyasətinizi necə dəyişdirə biləcəyinizlə bağlı fikirlərini bölüşür.
  3. Multimedia əsrində əsas problemlər nələrdir?
    Dominik Ball, BBC News Content direktorunun müavini, Böyük Britaniya, xəbər redaktorlarının bu gün üzləşdiyi əsas problemlər və auditoriyanızla necə etibarlı münasibət qura biləcəyiniz barədə fikirlərini bölüşür.
  4. Multimedia xəbərlər xidmətinin idarə edilməsi ilə bağlı yüksək səviyyəli məsləhətlər
    Palitra Medianın Gürcüstandakı baş redaktoru Natalia Mumladze xəbər xidmətinizi həqiqətən rəqəmsal multiplatformalı media təşkilatına necə çevirə biləcəyiniz və onu uğurla idarə edə biləcəyinizə dair yüksək səviyyəli məsləhətlər verir.
  5. Xəbər xidmətiniz üçün ən yaxşı əməkdaşları necə tapıb işə götürə bilərsiniz?
    BBC World Service-in Baş Xəbərlər Redaktoru Liz Gibbons güclü və uğurlu komanda yaratmaq üçün sizin sahənizdə ən yaxşı kadrları necə işə götürə biləcəyiniz barədə məsləhətlərini bölüşür.
  6. Müasir gənclər işəgötürəndən nə gözləyirlər?
    Gürcüstandan olan multimedia jurnalisti Salome Abulaşvili onu redaksiyaya qoşulmağa sövq edən səbəblərdən, işinin bu gün necə olduğundan danışır və onun nəslindən olan insanların işəgötürənlərindən gözləntilərini izah edir.


Oxşar məzmun


Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,