E-KURSU: Redaksiya Qaydaları

Miranda Hurst

Edinburqdakı Napier Universitetində yayım jurnalistikası üzrə mühazirəçidir

Miranda Hörst Edinburqdakı Napier Universitetində yayım jurnalistikası üzrə mühazirəçidir. Buna qədər o, 25 il müddətində BBC-də televiziya, radio və internet sahələrində jurnalist kimi çalışıb. Miranda 11 il ərzində Londonda BBC World News, BBC News 24 telekanallarında bütün dünyada hər həftə 110 milyon insanın baxdığı canlı xəbər proqramlarına rəhbərlik edib. O habelə Britaniyanın 2015, 2017 və 2019-cu illərdə keçirilən ümumi seçkilərini və 2014-cü ildə Şotlandiyanın Müstəqilliyi referendumunu işıqlandırıb. O bundan əvvəl, 13 il müddətində BBC Şotlandiya telekanalında siyasət şöbəsinə rəhbərlik edib. O həm də video jurnalisti, təlimçi və müəllimdir.


Redaksiya qaydaları nə deməkdir?

Redaksiya qaydaları elə – QAYDA deməkdir. Əslində bunlar mütləq əməl edəcəyiniz qaydalar deyil. Bunlar sizə DƏSTƏK və köməyə hesablanmış şərt və tövsiyələrdir ki, şəraitin çətinliyindən və ya mövzunun mürəkkəbliyindən asılı olmayaraq sizə bacardığınız ən yaxşı jurnalist materiallarını yazmaqda yardımçı olsun.
Redaksiya qaydaları habelə redaksiya heyətlərinin xəbər komandalarına ardıcıl olmaqda kömək edir. Əgər kimsə xəbərin ən yüksək standartda olması üçün hansı addımların atılacağını bilirsə, onda komandalar bunu birlikdə təcrübəyə çevirə bilərlər. Həmkarlar informasiya mənbəyini yoxlaya və ya dəqiqləşdirə, redaktorlar isə bu səylərin hara yönəldilməli olduğunu müəyyənləşdirə və dəstək verə, xəbərləri çatdıran aparıcılar isə verdikləri materialdan əmin ola bilərlər.

Redaksiya qaydalarından fayda nədir?

Bircə sözlə deyək – ETİBAR. Etibar xəbər təşkilatları üçün ən mühüm keyfiyyətdir. Əgər auditoriyanız sizin xəbərlərinizə etibar edirsə, onda o sizi xəbər mənbəyi kimi görəcək. Onda auditoriyanız nəyin baş verdiyini anlamaq üçün sizə üz tutacaq, o sizin verdiyiniz xəbərlərdən əmin olacaq və sizin materiallarınızı yayacaq. Bundan başqa əgər mənbələriniz sizə etibar etsələr, onda onlar sizə xəbəri tapmaqda və inkişaf etdirməkdə kömək edəcək, sizə informasiya verəcəklər. Əgər sizin kommersiya partnyorlarınız auditoriyanızın sizə necə etibar etdiyini bilsələr, onlar da sizinlə əlaqədə olmaq istəyəcəklər.

Etibarı yaradan nədir?

Etibarı qazanmaq lazımdır. Auditoriyaların xəbər təşkilatlarının öz xəbərlərinin dəqiqliyini, tərəfsizliyini və ədalətliliyini təmin etmək üçün necə işlədiklərini GÖRMƏK ehtiyacı var. İşiniz açıq və şəffaf olmalıdır və məhz buna görə də burada qavrama baş verənlərin özü qədər mühümdür. Xəbər etibarlı və inandırıcı GÖRÜNMƏLİDİR. Faktlar yoxlanmayıbsa və ya səhvə yol verilibsə, xəbər qurumu bu barədə şəffaf olmalıdır. Xəbər təşkilatı və auditoriya arasında öhdəlik aydın olmalıdır və elə redaksiya qaydaları da burada işə yarayır.

Neil McIntosh

New Scotsman, Birləşmiş Krallıq

“Əgər etibar yoxdursa, onlar bizim xəbərlərimizi niyə almalı və ya internet saytımıza niyə gəlməli və ya bizə niyə abunə olunmalıdırlar? Əgər onlar oxuduqlarına inanmırlarsa, nə etməlidirlər? Əgər onlar bizim informasiyanı hansı metodlarla topladığımıza və necə təqdim etdiyimizə etibar etmirlərsə, deməli biz batmışıq. Bəli, beləliklə də redaksiya qaydaları etibar quruculuğunun həqiqətən də mühüm hissəsidir. Redaksiya qaydalarının ictimaiyyət üçün açıq saxlanması vacibdir və adamlar şikayət edərkən bu qaydalar nəzərə alınmalıdır. Redaksiya qaydalarına adamların müstəqil qurumlar da daxil şikayət etməsi qaydaları da əlavə olunmalıdır. Bu etibarın yaradılmasının və verdiyiniz xəbərə və ya onun tutduğunuz xəttə görə tənqidlə üzləşdiyiniz şəraitdə qorunub saxlanmasının həqiqətən də mühüm məqamıdır. Belə ola da bilər ki, tənqid siz heç bir səhvə yol vermədiyiniz halda, adamların sadəcə olaraq sizin dediklərinizi eşitmək istəmədiklərinə görə səslənsin. İşimiz belədir. Bu işi görməkdə isə bizə redaksiya qaydaları kömək edir.”

Redaksiya qaydaları xəbər otaqlarında necə kömək edir?

Redaksiya qaydaları xəbərlərin ən yüksək standarta uyğunluğunun təmin edilməsində addım-addım səmərəli proses təqdim edir. Ortalıqda hər bir jurnalistin başa düşdüyü və əməl etdiyi sistem olanda bu sistemin hər bir xəbərə tətbiq edilməsi ilə xəbər istehsalı prosesi daha səmərəli və daha ardıcıl olur. Sistem jurnalistlərin kömək istəməsini də asanlaşdırır, çünki redaktorların onların səylərinin nəyə yönəlməli olduğunu bilməsini asanlaşdırır, xəbər otaqlarına təcrübə və bilik gətirir.

Alina Girnet

Diez Moldova

“Bizim xəbər otağımızda redaksiya qaydalarına əməl etməyimiz komandada hamının eyni məxrəcdə olmasına imkan verir. Müxbirlər müxtəlif növbələrdə işlədiklərinə və gün ərzində iş zamanı ən müxtəlif çətinliklərlə üzləşdiklərinə görə hər bir kəsin müəyyən edilmiş qaydalara əməl etməsi bizə sənədləşdirmədə, müsahibə almaqda, redaktə etməkdə və sosial media postları da daxil materialı dərc etməkdə, habelə auditoriyamız və partnyorlarımızla qarşılıqlı əlaqə qurmaqda, keyfiyyət standartlarını müəyyən etməkdə kömək edir. Bundan başqa ictimai gündəm çox vaxt gözlənilməz hadisələrlə formalaşdırılır, ona görə qaydalar bizə informasiya okeanında üzməkdə, auditoriyamız üçün uyğun olanı seçməkdə və bu barədə danışmaq üçün ən mühüm hesab etdiyimiz mövzunu müəyyən etməkdə dəstək verir.”

Dünya boyunca əksər xəbər təşkilatlarının redaksiya qaydaları üç əsas aspekt üzərində qurulur. Bunlar dəqiqlik, tərəfsizlik və ədalətlilikdir. Nə üçün məhz bu üçü? Əgər siz bir jurnalist kimi verdiyiniz xəbərin dəqiqliyini, tərəfsizliyini və ədalətliliyini təmin edə bilsəniz, böyük bir ehtimalla etibar qazanacaqsınız. İndi isə gəlin bu aspektlərdən hər birinə ayrılıqda nəzər yetirək.

Dəqiqlik

o deməkdir ki, siz faktlarınızı, mənbələrinizi, işlətdiyiniz termin və izahlarınızı yoxlayırsınız. Yaxud da siz bunu edə bilməyəndə, məsələn münaqişəli vəziyyətlərdə bunu etiraf edirsiniz. Bildiyiniz və nə dərəcədə əmin olduğunuz barədə səmimi və şəffaf olmanız auditoriyanın etibarını saxlamaqda həyati əhəmiyyətə malikdir.

Tərəfsizlik

o deməkdir ki, sizin xəbəriniz hadisənin hər hansı bir tərəfinə əyilməyib və hər hansı təsirdən azaddır. Tərəfsiz xəbərvermə balanslı olur və sizə kontekst verir. Bu, auditoriyanızın sizə etibarını yaradır. Auditoriyanız qüdrətli təşkilat və ya hakimiyyətin deyil, onun maraqlarını təmsil etdiyinizə inansa, deməli təmsil etdiyniz təşkilata da inamı olacaq.

Ədalətlilik

işlədiyiniz hər bir kəslə açıq, doğruçu və ehtiramlı olmağınız deməkdir. Bu o deməkdir ki, siz auditoriyanıza, sizə kömək edənlərə, mənbələrinizə və xəbərinizdəki bütün insanlara qarşı ədalətli olmalısınız. Bu o deməkdir ki, xəbər otağında işləyən hər bir kəsə hörmət etməli və onlarla bərabər rəftar etməlisiniz. Xəbərinizin subyekti olan hər bir kəsin iddialara cavab vermək və redaksiya qaydalarının buna kəskin imkan vermədiyi halları çıxmaq şərtilə, hadisəni onun versiyasında şərh etmək haqqı vardır.

Gəlin indi bunlara daha detallı şəkildə nəzər yetirək.

Dəqiqlik

Dəqiqlik hər bir xəbərin ürəyi və auditoriyanın etibarının əsasıdır. Xəbər təşkilatları bütün səylərini göstərməlidirlər ki, onların çap etdikləri və ya yayımladıqları həqiqət olsun. Xəbər təşkilatları auditoriyanı çaşdırmamalı və saxta informasiya və ya saxta xəbər yaymamalıdır. Bu, fundamental şəkildə o deməkdir ki, bütün xəbərlər etibarlı mənbələrə əsaslanmalı, dəqiqləşdirilməli, faktlar isə yoxlanmalıdır. Bu həm də o deməkdir ki, xəbərin dəqiqliyi onun verilmə sürətindən daha mühümdür. Xəbər sonunda yalan çıxacaqsa, onu birinci verməyin nə mənası var?
İndi görək bu, real həyatda necə olur?

Yulia McGuffey

NV, Ukrayna 

“Çox sadə bir misal. Kiyevə daha bir raket hücumu olub. Biz partlayış səsləri eşidirik, amma biz bu səslərin raketdən və ya hava hücumundan müdafiənin işindən qaynaqlandığına dair spekulyativ ehtimalları dərc etmirik. Biz etibarlı mənbənin məlumatını və ya rəsmi məlumatı gözləyirik. Biz xəbəri yalnız bundan sonra dərc edirik. Biz sürətdə bəzi sosial media platformalarına uduza bilərik, amma bizim xəbərimiz qaraqışqırıqlı reaksiyanı deyil, etibarlı faktları əks etdirəcək.
İkinci vəziyyət. Yeni il (22/23) ərəfəsində Ukrayna ordusu işğal olunmuş ərazidə yerləşən Makiyivkada yüzlərlə səfərbər Rusiya əsgərini məhv edib. Bunun çox sayda birbaşa və ya dolayısı ilə təsdiqləri də var. Səkkiz gündən sonra Rusiya Müdafiə Nazirliyi bəyan edir ki, cavab hərəkəti edilib və Donbasın Ukraynanın nəzarətində olan hissəsindəki “Kramatorskda 600 Ukrayna əsgəri öldürülüb”. Bu informasiya Rusiyanın təbliğatçı xəbər agentlikləri tərəfindən yayılıb.
Biz nə üçün dərhal heç bir məlumat vermirik? Biz niyə yazmırıq ki, rusiyalıların məlumatına görə onlar 600 ukraynalını öldürüblər? Çünki bu aşkar propaqanda məsələsidir. Əvəzində biz Ukrayna tərəfindən bu barədə rəsmi reaksiya istəyirik. Və biz xəbəri Ukraynanın reaksiyası prizmasından veririk. Bizim Kramatorskda heç kimimiz yoxdur, amma Reuters jurnalistləri ora gediblər və yazırlar ki, rusiyalıların vurduqları iddia olunan boş məktəb binası var. Hadisə inkişaf etdikcə əlavə mənbələr də çıxır. Faktların yoxlanması bizə Rusiya təbliğatını dəf etmək imkanı verir.”

İstər fakta əsaslanan, istər mənbədən ötürülən, istərsə də şəkillər və video kimi rəqəmsal materialdan qaynaqlanan informasiyanın yoxlanması həyati əhəmiyyətə malikdir. Yoxlama yanlış xəbərin və dezinformasiyanın qarşısının alınmasında əsas alətdir.
Əgər imkanınız varsa, hadisələrə özünüz şahid olun. Əgər bunu edə bilmirsinizsə, hadisənin şahidini və ya ilk əldən informasiyası olan mənbəni tapmağa çalışın. Əgər mənbələrə istinad etməlisinizsə, hadisənin baş verdiyini təsdiq edə biləcək və məlumatları bir-birinə uyğun gələn ən azı iki etibarlı mənbə tapmağa çalışın. İddiaları və ehtimalları da ikinci bir mənbə ilə tutuşdurmaq lazımdır. İnformasiyanın hər hansı bir şəkildə məhdud olmadığını (məsələn bir neçə il əvvəlki xəbər) bilmək üçün mümkün fakt və statistikanı yoxlayın.
Bütün səylərinizə baxmayaraq vəziyyəti sizi qane edəcək dərəcədə dəqiqləşdirə bilmirsinizsə, bunu etiraf edin. Bəzi şəraitlərdə, məsələn terror aktları, münaqişələr, təbii fəlakətlər faktların dəqiqləşdirilməsini çətinləşdirir. Xəbər təşkilatı şayiələrdən kənar durmalı və bilmədikləri barədə səmimi olmalıdır. Bu xüsusilə də münaqişə və fəlakətlər zamanı lazımdır.

Yulia McGuffey

NV, Ukrayna

“Soledar Ukraynanın Donbasdakı mühüm şəhərlərindən biridir və orada ağır döyüşlər gedir. Rusiyalılar dəfələrlə bu şəhəri tutduqlarını bəyan ediblər.
Elə isə onlar növbəti dəfə yenə də Soledarı tutduqlarını bəyan etsələr, biz nə etməliyik? Biz hakimiyyət orqanlarından bunun təsdiq və ya təkzib olunmasını rica etməliyik. Müdafiə Nazirliyi çox vaxt belə sorğuları gözləyir və tez bir zamanda bəyanat verir. Biz habelə cəbhə xəttində olanlarla əlaqə yaratmağa çalışmalıyıq.
Sonunda biz topladığımız müxtəlif faktlarla situasiyanın inkişafını əks etdirmiş oluruq, amma Soledarın tutulduğunu heç kim təsdiq etmir. Belə hallarda çox ehtiyatlı olmalı və nəticə çıxarmağa tələsməməliyik. Bizim hərbçilərimiz bəzi ərazilərdən geri çəkiliblər, amma şəhəri tərk etməyiblər.”

Təsdiqi mümkün olmayan hər hansı iddia, fakt və ya gümanlar istinadla verilməlidir. Məsələn “Reuters xəbər verir ki…”, “baş nazirin sözçüsü deyib ki…”, “dövlət mediasına əsasən…”
Eynilə səhvə yol vermisinizsə, onu etiraf edib mümkün qədər tez düzəldin. Auditoriyalar səhvə yol verərkən onu ört-basdır etməyib bu barədə səmimi olan təşkilatlara etibar edirlər.

Tərəfsizlik

Tərəfsizlik xəbər otaqlarını müstəqil saxlayan prinsipdir. Bu o deməkdir ki, sizin peşəkar mövqeyinizi nə satın almaq, nə də təsirləndirmək olar, habelə şəxsi inamlarınız hazırladığınız xəbərləri təsirləndirmir. Bu son məqam jurnalistlər üçün xüsusilə çətin ola bilər, amma bu, olduqca mühümdür.
BBC tərəfsizliyin tərifini belə verir: “Biz tərəfsizik, auditoriyalarımızın baxışlarını və təcrübələrini əks etdirməyə çalışırıq – və buna görə də bizim xəbər məhsulumuz bir tam olaraq mövqelərin genişlik və müxtəlifliyini əks etdirir və az əks etdirilən və ya heç əks etdirilməyən heç bir əhəmiyyətli fikir kənarda qalmır.”
Bu, bir məsələnin müxtəlif tərəfləri arasında balans yaratmaqdan daha geniş məna kəsb edir. Bu, rəylərin müxtəlifliyini əks etdirmək və inklüziv olmaq deməkdir. Bu, müxtəlif siyasi mövqelərin əks etdirilməsindən daha çox bütün mədəni landşaft boyunca variasiyaların, müxtəlif gender və cinsi oriyentasiyaların, şəhər və rayonların, yaşlı və cavanın, yoxsul və varlının mövqelərinin əks etdirilməsi deməkdir. Xəbərlər hadisələrə, mövqelərə və arqumentin əsas qollarına layiqli çəkisini verməlidir.
Burada əsas işlədilməli şəkilçi -malı/-məlidir və bir çox tanınmış xəbər təşkilatları məhz belə edirlər. Bu “adekvatlıq və uyğunluq” deməkdir. Əslində xəbər qurumları heç də bütün baxışlara və ya mövqelərə bərabər çəki verməməlidirlər. Adamların kiçik bir qrupunun baxışının çoxluğun və ya təcrübə ilə təsdiqlənən toplumun mövqeyi qədər hesaba alınması tələb olunmur.

Neil McIntosh

New Scotsman, Birləşmiş Krallıq

“Gəlin bir az da xoşagəlməz mübahisəyə nəzər yetirək: dünya müstəvidir, ya yox? Məncə əslində biz “bəli” deyə bilərik. Yer ümumən kürəşəkillidir və biz onun müstəvi olduğunu iddia edən adamlara əhəmiyyət verməyə bilərik. Hərçənd elə buradaca biz aşırı zəndə yol verdik, çünki Yerin düz olduğunu iddia edən bir ovuc adamı diqqətsiz qoymaq qərarına gəldik. Biz onlara eyni çəkidə haqq vermədik, çünki elmin dünyanı kürə saydığını bilirik. Eyni mübahisə iqlim dəyişikliyi mövzusunda da ortaya çıxa bilər. Biz bilirik ki, bu baş verir, amma bizim oxucularımızın daha çox bilmək istədikləri debatlar müxtəlif rəylər əsasında bunun barəsində nə edə biləcəyimizdir və biz əlbəttə, məsələnin belə qoyuluşu ilə razılaşırıq. Biz bir sıra müxtəlif mövzulara bu prizmadan baxmalıyıq, amma bu ona görə ədalətli yanaşmadır ki, oxucularımızın maraqlarından çıxış etməyimiz deməkdir. Amma elə bu nöqtədə hansı rəylərə biganə qalmaq barədə hökm çıxarırıq. Burada bəzi rəylər olacaqdır ki, biz onları hər hansı səbəbdən diqqətsiz qoymaq barədə hökm verməli olacağıq. Bu rəy sayca çox kiçik olan, belə deyək marginal siyasi partiyadan gələ bilər və biz deyə bilərik ki, “sizin rəyiniz çoxluğun rəyi ilə eyni deyil və bizim oxucularımız üçün çoxluğun rəyi qədər mühüm sayılmır”. Yəni biz hər dəfə belə hökmlər verməli oluruq. Bir də biz özümüzü sensasiya xatirinə qeyri-adi, qəribə səsləri əks etdirmək həvəsindən saxlamalıyıq. Çünki bu, hər-hansı mövzuda hay-küyü artırır ki, bu da bizim işimiz deyil.”

Jurnalist hansı baxışları əks etdirmək və onlara nə qədər zaman vermək barədə əsaslı qərarlar qəbul etməlidir. Yaxşı qayda bu olmalıdır ki, mövzu nə qədər qəliz və ziddiyyətlidirsə, bu barədə bir o qədər çox perspektiv əksini tapmalıdır. Tərəfsizliyi saxlamaq xüsusilə də münaqişə və müharibə vaxtı çətin olur. Tərəfsizlik neytrallıq deyil. Yəni bu o demək deyildir ki, jurnalistlər neytral olmalı və seçmək hüququ, ifadə azadlığı və ya qanunun aliliyi kimi təməl demokratik prinsiplərdən kənarda qalmalıdırlar.

Elə situasiyalar olur ki, adam sadəcə olaraq neytral qala bilmir, çünki sən neytral olanda qanunsuzluğa şərik olursan. Obyektivlik bütün tərəflərlə eyni rəftar demək deyil. Bu hər bir tərəfi eşitmək deməkdir.

Kristiyan Amanpur, CNN

Şəxsi rəylər: İstər yayım, istər internet, istərsə də mətbu xəbəri alan heç kəs jurnalistin şəxsi baxışlarını, xəbərdəki məsələ barədə mövqeyini hiss etməməlidir. Bu qaydanı özünüzün sosial media hesablarınızdan istifadə vaxtı da unutmayın. Hətta sizin xəbəri vermək tərziniz tərəfsiz olsa belə, cəmiyyət sizin şəxsi baxışlarınızdan agahdırsa, o halda sizin tərəfsizliyinizin qavranmasına ziyan dəyəcək.

  • Siz redaktorsunuz. Xəbər tapmaqda usta olan bir siyasi müxbiriniz var. O həm də sosial mediada fəaldır. O sosial platformalardan öz işini nəzərə çarpdırmaq üçün istifadə edir və siyasi mövzularda təhlili postlar yazır. Bu yaxınlarda hökumət yeni təhlükəsizlik tədbirlərini bəyan edib və müxbiriniz bu barədə açıq tənqidi mövqe tutub. O hökuməti polisin nəzarət səlahiyyətlərini gücləndirən bu tədbirləri ləğv etməyə çağıran şərhlər yazıb. Bu halda siz bir redaktor kimi nə etməlisiniz?

  • Müxbirinizlə danışın. Ona xatırladın ki, onun sosial mediada olması jurnalist kimi peşə fəaliyyətinin davamıdır. İzah edin ki, o verdiyi xəbərlərdə əməl etdiyi dəqiqlik, müstəqillik və ədalətlilik kimi prinsiplərini sosial media postlarında da saxlamalıdır. Ona deyin ki, o beləliklə bir jurnalist kimi müstəqilliyinə xələl gətirə və ictimaiyyətin ona olan etibarına ziyan vura bilər.

BBC-nin qaydalarına görə onun heyət üzvlərinin istər BBC hesabları, istərsə də şəxsi sosial media hesablarındakı fəaliyyəti Korporasiyanın Redaksiya Qaydalarına uyğun olmalıdır. Qaydalarda deyilir:
“Biz sosial mediada istər peşəkar, istərsə də şəxsi fəaliyyətimizdə tərəfsizliyimizin saxlanmasına xüsusilə diqqət verməliyik…BBC əməkdaşı özünün sosial mediadakı hərəkətləri ilə BBC-yə hörmətsizlik gətirməməlidir”. Amma bəs bu, reallıqda necə işləyir?

Nina Kheladze

TOK TV, Gürcüstan

“Sosial mediada jurnalist davranışı, ifadə azadlığı və peşə standartları bizim üçün çox mühümdür. Biz işə yeni bir adamı götürərkən potensial namizədə izah etməliyik ki, o özünün sosial şəbəkələrdəki davranışında müəyyən məhdudiyyətləri nəzərə almalıdır.
Bizim həm də SM qaydalarımız var və biz jurnalist etikası xartiyasının qaydalarına əməl edirik. Amma eyni zamanda biz jurnalistlərin siyasətçilərin və siyasi qrupların səhifələrini izləməsini və ya bu qrupların üzvü olmasını məhdudlaşdırmırıq. Lakin biz onlara deyirik ki, onlar şərh verməkdən və açıq diskussiyaya girməkdən, habelə reaksiya verməkdən çəkinməlidirlər, əks halda bu, redaksiyamızın mövqeyi kimi yozula bilər. Bizdə belə bir hal olmuşdu. Üçüncü bir tərəfin Facebook postunda müxalifət partiyalarından birinin üzvü bizim müxbirimizin şərhinə reaksiya vermişdi. Jurnalist də öz növbəsində buna cavab vermiş və nəticədə müxalifət nümayəndəsinin tənqidi bəyanatı ilə razılaşmışdı. Redaksiya qaydalarımıza uyğun olaraq biz həmin jurnalistdən şərhini silməsini xahiş etmişdik. O bizim yanaşmamızı qəbul etmiş və şərhini silmişdi. Bir neçə ay bundan əvvəl az qala eyni situasiyada jurnalist çox məşhur siyasi fiqur barədə istehzalı ifadə işlətmişdi. Bu halda biz şərhin silinməsini xahiş etdik və şərh silindi.”

Bəs xəbərin verilməsində iştirak edən “ekspertlər” barədə nə deyə bilərik? Xəbər qurumları ayıq-sayıq olmalıdırlar ki, alimlərin, başqa jurnalistlərin, xeyriyyə işçilərinin və ya biznes şərhçilərinin baxışları qərəzli, xürafatçı və tərəfkeş ola bilər. Belə hallarda siz sözü gedən ekspertin hansısa təşkilata və ya fonda bağlılığı kimi müvafiq faktları göstərməlisiniz ki, auditoriya ekspertin baxışlarını ayıra bilsin.

Maraq toqquşması

Maraqlar toqquşması zamanı jurnalist və ya ştatdankənar müxbir sanki özünün tərəfsiz olmaq qabiliyyətini itirir. Buna səbəb maliyyə bağları (məsələn şəkər istehsalçısı alimə şəkərin sağlamlıq üçün ziyanlı olub-olmadığına dair məqalə yazmağı sifariş edəndə), şəxsi münasibətlər (məsələn jurnalistin hərb zonasında olan əsgərlə evli olduğu hallarda) və ya sosial əlaqələr (xəbər proqramının aparıcısı hər hansı siyasi partiyanın fəal üzvüdürsə) ola bilər.
Çox vaxt maraq toqquşması problemi qavrama məsələsidir. Jurnalist öz işini tərəfsizliklə və ədalətliliklə görə bilər, amma auditoriyada bu jurnalistin hər hansı bağlılığının onun tərəfsizliyini və ya düzgünlüyünü təsirləndirib-təsirləndirmədiyi barədə suallar doğura bilər.

  • Sizin regionunuzda böyük bir texnoloji şirkətlə bağlı bir xəbərdə bu şirkətin müştərilərinin şəxsi məlumatlarını qanunsuz toplamasına və siyasi kampaniyaçılara satmasına dair xəbər var. Sizin müxbir texnologiya xəbərlərinin ustasıdır, amma həmin şirkətin sahibinin qardaşı qızıdır və hətta eyni soyadı daşıyır. Qız əmisi ilə şəkillərini sosial mediada paylaşıb. Siz bir xəbər redaksiyasının redaktoru kimi bilirsiniz ki, jurnalist bu xəbəri tərəfsizliklə işləyəcək. Onda necə etməli?

  • Sizin hətta həmin müxbirin tərəfsizliyinə olan inamınıza baxmayaraq ora başqa bir jurnalist göndərməkdən ayrı yolunuz yoxdur. Çünki ictimai qavrama sizin təşkilatınızın reputasiyasına ziyan vura bilər. Müxbir hətta özünün istədiyi qədər tərəfsiz olmaya da bilər. Qeyri-ixtiyari tərəfkeşliyi dəf etmək çətindir və siz həmin xanımın bunun öhdəsindən gələ biləcəyini gözləməməlisiniz.

Bütün əməkdaşlardan onların işini təsirləndirə biləcək maraqlarının olub-olmaması soruşulmalıdır. Menecerlər hansı addımın atılması barədə qərar qəbul etməlidirlər. Bu zaman onların nə kimi xəbərləri hazırlaması, bu prosesdəki rolu, vəzifəsi və işlədikləri mühit nəzərə alınmalıdır. Məsələn aparıcının hər hansı siyasi partiyanın fəal üzvü olması yalnız seçkilər dövründə və ya spesifik siyasi mövzuda potensial olaraq maraq toqquşması yarada bilər.

SEÇKİLƏR: Seçkiləri işıqlandırarkən yerli qanun və qaydalardan və məhdudiyyətlərdən agah olmaq mühümdür.

Ədalətlilik

Ədalətlilik çox əhəmiyyətli prinsipdir. Ədalətlilik o deməkdir ki, xəbər komandasında hamının öz işini görməsi üçün imkanları var və onlara hörmət edilir və onlar bacarıqlarından maksimum istifadə etməyə həvəsləndirilir. Xəbər heyətlərində qadınlar və azlıqlar üçün bərabər imkanların olması həyati əhəmiyyətə malikdir, çünki bu ən yaxşı jurnalistlərin yetişməsinə və xəbər mövzularının maksimum genişlənməsinə rəvac verir. Ədalətlilik redaksiyadan kənarda da lazımdır. Jurnalistlər onlara informasiya verənlərlə və mənbələrlə ədalətli rəftar etməli, xəbər reportajının subyekti olanlara qarşı da ədalətli davranmalıdırlar.
Ədalətliliyin ən mühüm və ən fundamental aspektlərindən biri də cavab vermək haqqıdır. Bu o deməkdir ki, jurnalistlər iddiaların hədəfi olanlara, istər fərd olsun, istərsə də təşkilat, özlərini müdafiə etmək haqqı verməlidirlər. Bu, aşkar ictimai maraq, hüquq məsələləri və ya təhlükəsizliyə görə bəzi informasiyaları vermədiyiniz halları çıxmaq şərtilə xəbər redaksiyalarının dəyişməz qaydası olmalıdır. Adətən belə qərarları redaksiyanın vəzifəli nümayəndəsi qəbul edir.

  • Siz redaktorsunuz. Müxbirinizdə hökumətin lazımi prosesdən keçirmədən bahalı bir kontraktı siyasi donora verməsinə dair eksklüziv xəbər var. Müxbiriniz informasiyanın toplanması üçün bütün lazımı addımları atıb, iddiaları iki mənbə ilə dəqiqləşdirib, sənədli dəlil əldə edib və faktları yoxlayıb. Sonuncu addım hökumətə cavab imkanının verilməsidir. Amma proses dirənir. Siz sabah cavab almaq üçün təzyiq göstərməyə hazırlaşırsınız, amma hökumətin sözçüsü sizin zənglərinizə cavab vermir, şübhə yaranır ki, onlar materialı gecikdirməyə çalışırlar. Belə halda nə etməlisiniz?

  • Siz hökumət sözçüsü ilə elektron poçt və ya messencerlə əlaqə saxlamalı və bildirməlisiniz ki, onların cavab üçün 24 saat vaxtı var. Əgər onlar bu müddətdə cavab verməsələr, xəbərdə deyirsiniz ki, hökumətə cavab üçün yaxınlaşmısınız və sizə cavab verilməyib. Əgər lazım gələrsə hökumətin bundan əvvəl bu məsələ ilə bağlı bəyanatlarını nəzərdən keçirə və istifadə edə biləcəyiniz iqtibas tapa bilərsiniz (məsələn: “ötən may ayında hökumət naziri vəd etmişdi ki, bütün lazımi prosedurlara əməl olunacaq”). Əgər materialın yayımlanmasından sonra hökumət cavab verərsə, siz bunu xəbərin davamı kimi təqdim etməlisiniz.

Ədalətlilik bizim indiyədək nəzərdən keçirdiymiz dəqiqlik və tərəfsizliklə bağlıdır. Dəqiqlik ədalətə dayaq verir, çünki o xəbərin faktlarını dəqiq və balanslı əks etdirir. Tərəfsizlik də ədalətliliyə dayaqdır, çünki bütün baxışlara ifadə imkanı verir və materialı qüdrətli çoxluğun hegemonluğu altına düşməyə qoymur. Bu mümkün qədər çox insanın, o cümlədən çox vaxt marginallaşdırılan və ya istisna edilənlərin baxışlarını əks etdirmək deməkdir. Xəbər otaqlarındakı sağlam etik proseslər jurnalistlərin xəbər otaqlarından kənardakı davranışını şərtləndirmiş olur.

Alina Girnet

Diez, Moldova

“Bizim bütün fəaliyyətimiz və missiyamız auditoriyamıza köklənib. Əgər məlumatlandıracağımız auditoriya olmasaydı, biz jurnalist ola bilməzdik. Bunu bildiyimiz andan biz başa düşdük ki, kommersiya oxucusu da daxil, oxucunun xəbər otağına etibarını saxlamaq üçün bütün fəaliyyətimizdə etik prinsiplərə əməl etməli, bu prinsiplər barədə ictimaiyyət üçün açıq danışmalıyıq və bu auditoriyamıza bizim xəbər fəaliyyətimizi izləmək imkanı verər. Daim xəbərdəki səhvlərimiz üçün açıq olaraq məsuliyyəti üzərimizə götürməli və yaranmış anlaşılmazlığı aradan qaldırmalıyıq. Biz bütün tövsiyələrə konstruktiv reaksiya verməliyik. Biz bəyan edilmiş missiyamıza və dəyərlərimizə sadiq qalmalı və komandamız barədə konkret adlar və simalarla danışmalıyıq.”

Necə başlamalı

Başlanğıcda hər hansı qayda müddəalarını yazmaq çətin görünə bilər, amma unutmayın ki, bu o qədər də mürəkkəb məsələ olmamalıdır. BBC və ya New York Times kimi tanınmış bir çox xəbər təşkilatları öz redaksiya qaydalarını çap edirlər. Bir sıra yerli və ya regional redaksiyalarda davranış məcəllələri ola bilər. Bu çox yaxşı başlanğıc nöqtəsi ola bilər ki, siz təşkilatınızın ehtiyaclarını nəzərdən keçirə və sizin xəbər otağınızın üzərində duracağı təməl prinsipləri müəyyənləşdirəsiniz. Hər bir xəbər təşkilatının özünün bənzərsiz şəraiti olur və heç də hər bir redaksiya müddəası hər bir xəbər otağı üçün münasib olmaya bilir.

Alina Girnet

Diez, Moldova

“Biz Diez üçün redaksiya qaydalarını 10 illik fəaliyyətimiz ərzində yaratmışıq. Biz lap başlanğıcdan bu qaydaları kağız üzərinə köçürməmişdik, çünki missiyamızı inkişaf etdirmək, təcrübə toplamaq, səhvlər etmək və auditoriyamızın ehtiyaclarını daha yaxşı anlamaq üçün bizə vaxt lazım idi ki, fəaliyyətimizi yönləndirəcək qaydalar sənədini layihələşdirməyə başlayaq. Biz daim ümumi etika qaydalarına riayət edirdik, amma tezliklə anladıq ki, başqa xəbər otaqlarındakı həmkarlarımız arasında mühüm rol oynadığımıza görə daxili bir sənədə malik olmağımız çox mühümdür. Bizim hədəflədiyimiz spesifik bir auditoriya var və bu moldovan, rumın və rus dillərində danışan gənc adamlardır. Bizim onlar üçün maraqlı ola biləcək mövzularımız var və biz bir çox redaksiya layihələrində iştirak edirik. Təcrübəmizlə topladıqlarımızdan əlavə biz başqa milli və beynəlxalq redaksiya qaydalarını təhlil etdik. Bu baxışlarımızı bizim təşkilatımıza bənzəyən təşkilatların baxışları ilə müqayisə etməkdə və onlardan əxz etməkdə kömək etdi.”

Redaksiya qaydalarını yaratmaq üçün siz təşkilatınızın əsas vəzifə və çətinliklərini başa düşməlisiniz. Bu sizin redaksiya qaydalarınızda əksini tapmalıdır. Məsələn siz dezinformasiya və ya oxucuların çaşdırıcı materiallarınin geniş yayıldığı mühitdə işləyirsinizsə, deməli sizin qaydalarınızda verifikasiyaya, ikili mənbə ilə təsdiqləmə və faktların yoxlanmasına üstünlük verilməldiir. Əgər həmkarlarınızın sosial mediada öz mövqeləri barədə tez-tez postlar yazdığını görürsünüzsə, deməli qaydalarınızın diqqət mərkəzi tərəfsizlikdə və qərəz kimi qavrana biləcək bəyanatların yeni təşkilatla onun auditoriyası arasında münasibətlərə necə ziyan vura biləcəyində olmalıdır. 

Siz və həmkarlarınızın üzləşdiyi dilemma və çətinliklər barədə düşünün ki, jurnalistlərə buna bənzər situasiyalarda necə hərəkət etməli olduqlarının geniş prinsiplərini işləyib hazırlaya biləsiniz. Münaqişələr, qanunvericilikdə dəyişikliklər və texnoloji inkişaf kimi yeni çətinliklər xəbər otaqlarına verilən qaydalar kitabında əks olunmalıdır. Redaksiya qaydaları müntəzəm olaraq yenilənə bilər və yenilənməlidir.

Alina Girnet

Diez, Moldova

“Adətən xəbər təşkilatı öz qaydalarını hər il nəzərdən keçirir. Təcrübədə isə siz bunu hər gün, və ya başqa sözlərlə hər dəfə lazım gələndə edirsiniz. Bilirsiniz ki, yeni situasiyalar ola bilər və belə hallarda bu situasiyalara müvafiq yeni reaksiyalar və təcrübələr tətbiq edilməlidir. Məsələn əgər təcili bir vəziyyət bizdən materialın yeni media kanalında verilməsini tələb edirsə, deməli buna müvafiq qaydalar olmalıdır. Bu da ola bilər ki, bir çox köhnə situasiyalar əhəmiyyətini itirmiş olsun. Biz canlı xəbəri hər saat necə yeniləyiriksə, redaksiya qaydalarının da yenilənməyə ehtiyacı var.”

Redaksiya qaydaları sizin xəbər vermənizin qarşısını almaq üçün yazılmayıb. Əksinə bu qaydalar sizin materialınızın mümkün qədər sağlam, dəqiq, tərəfsiz və ədalətli olmasını təmin etmək üçündür. Belə olduqda sizin verdiyiniz xəbər istənilən sınaqdan çıxacaq və auditoriya isə bu xəbərə etibar edə biləcək.

Neil McIntosh

New Scotsman, Birləşmiş Krallıq

“Mən düşünürəm ki, etibar bizim materialı necə toplamağımızdan başlanır. Biz materialın necə toplanmasını, necə təqdim olunmasını qaydalardan öyrənirik. Jurnalistlər informasiyanın toplanması üçün nə qədər uzağa gedə biləcəklərini və ya informasiya toplanması üçün hara gedilməyəcəyini, məsələn faciə qurbanı olmuş adamları informasiya almaq üçün nə dərəcədə sıxışdıra biləcəklərini və heç də ictimai olmayan məlumatı almaq üçün hansı hüduda qədər gedə biləcəklərini təlimlərdə öyrənirlər. Jurnalistikanın bu hədləri daim yoxlaması bir zərurətdir, amma qaydalar bizə bu hədlərin harada olmasını anlamaqda kömək edir. Bu başlanğıcdır, amma bizim informasiyanı təqdim etməyimizi, istər mətn olsun, istərsə də video – materialı hüdud və balansı itirməyəcəyimiz bir tərzdə redaktə etməmizi şərtləndirir. Əgər hətta belə materialı yığcam verməliyiksə, bunu ədalətli etməyi bacarmalıyıq. Bir də materialın təqdim olunduğu kontekst var, materialın müşayiət olunması üçün şəkil və videoların seçilməsi, onun hansı mühitdə dərc olunması məsələsi var. Bütün bunlar birlikdə baş verir və ya baş verməlidir və bu zaman oxucu daim fikrimizdə olmalıdır. Biz özümüzdən hər dəfə soruşmalıyıq: Bu materialda oxucunun bizdən almaq istədiyi nədir.”


Oxşar məzmun


Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,