COP (Conference of the Parties) Tərəflərin Konfransı mənasını verir və BMT-nin təhlükəli iqlim dəyişikliyini məhdudlaşdırmağa yönəlmiş saziş üzrə danışıqlar prosesi olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) beynəlxalq görüşlərini ehtiva edir.
COP UNFCCC-nin əsas qərar qəbul edən orqanıdır. Buraya bütün “Tərəflərin”, yəni UNFCCC-də iştirak etməyə və qəbul edilmiş sazişlər üzrə öhdəlikləri yerinə yetirməyə razılıq vermiş ölkələrin nümayəndələri daxildir.
COP hər il keçirilir və yeni tədbirləri müzakirə etmək və UNFCCC-nin iqlim dəyişikliyinin məhdudlaşdırılması üzrə ümumi məqsədinə nail olmaq istiqamətində Tərəflərin irəliləyişlərini nəzərdən keçirmək imkanı verir. 2015-ci ildə COP21-də 196 Tərəf tərəfindən qəbul edilən iqlim dəyişikliyi üzrə hüquqi cəhətdən məcburi beynəlxalq müqavilə olan Paris Sazişi ümumi məqsədlər sırasındadır.

Paris Sazişinin əsas məqsədi “qlobal istiləşmənin dərəcəsini 2° C-dən aşağıya qədər məhdudlaşdırmaq” və “temperaturda artımın 1,5° C həddində saxlanılması” üçün səyləri davam etdirməkdir.
Qlobal istiləşməni 1,5°C həddində məhdudlaşdırmaq üçün istixana qazı emissiyalarının 2025-ci ildən gec olmayaraq pik həddə çatması və 2030-cu ilə qədər 43% azaldılması nəzərdə tutulur.
COP29 11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.
İqlim dəyişikliyi temperatur və hava şəraitində uzunmüddətli dəyişikliklər deməkdir. Bu cür dəyişikliklər təbii olaraq baş verə bilər, ancaq 19-cu əsrdə sənaye inqilabından etibarən ilk növbədə, kömür, neft və qaz kimi fosil yanacaqların yandırılması səbəbindən insan fəaliyyəti iqlim dəyişikliyinin əsas təkanverici qüvvəsinə çevrilmişdir.
Fosil yanacaqların yandırılması istixana qazlarının emissiyasına səbəb olur və günəş enerjisini sıxıb saxlamaqla temperaturun qalxması ilə nəticələnir.
Hal-hazırda Yerin səthində orta temperatur 1800-cü illərin sonundakı temperatur ilə müqayisədə 1,2°C çoxdur. Bu, son 100 min il ərzində qeydə alınan ən yüksək orta temperaturdan daha çoxdur. Son onillikdə (2011-2020) ən yüksək temperatur qeydə alınıb və son dörd onilliyin hər biri 1850-ci ildən bəri əvvəlki onilliklərdən daha isti olub.
İnsanların əksəriyyəti iqlim dəyişikliyinin temperaturun daha yüksək olması mənasını verdiyini düşünür. Lakin, problem bununla məhdudlaşmır. Yer planeti bir sistem olduğu üçün burada hər şey bir-biri ilə əlaqədardır. Planetin bir yerində temperaturun dəyişməsi digər yerlərində dəyişikliklərə səbəb olur.
İqlim dəyişikliyinin mənfi təsirlərinə güclü quraqlıqlar, su çatışmazlığı, şiddətli yanğınlar, dəniz səviyyəsinin qalxması, daşqınlar, qütb buzlaqlarının əriməsi, fəlakətlərə yol açan tufanlar və biomüxtəlifliyin itirilməsi daxildir. İqlim dəyişikliyi sağlamlığımıza, kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə, ev təsərrüfatı, təhlükəsizlik və iş qabiliyyətimizə təsir edə bilər.
Alimlər hesab edir ki, qlobal temperaturda artımın 1,5°C-dək məhdudlaşdırılması iqlim dəyişikliyinin ən xoşagəlməz təsirlərindən qorunmağa və yaşamağa uyğun iqlimi qoruyub saxlamağa kömək edəcək. Təəssüflər olsun ki, hazırki siyasətlər əsrin sonuna qədər temperaturun 3°C qədər qalxacağını göstərir.
Enerji sistemlərinin fosil yanacaq növlərindən bərpa olunan günəş və ya külək enerjisi ilə əvəzlənməsi iqlim dəyişikliyinə təkan verən emissiyaları azaldacaq. Amma daha cəld tədbirlərin görülməsi tələb olunur. Getdikcə daha çox ölkə 2050-ci ilə qədər emissiyaların miqdarını sıfıra endirmək öhdəliyini üzərinə götürür. Temperaturun 1,5°C-dən çox istiləşməməsi üçün 2030-cu ilə qədər emissiyaların həcmi ikiqat azaldılmalıdır. Bunun üçün ölkələr kömür, neft və qaz kimi yanacaqlardan istifadəni kəskin şəkildə azaltmalıdırlar.
“Ətraf mühit və iqlim dəyişikliyi sahəsində dayanıqlığın əldə olunması üçün əməkdaşlıq” 2020-ci ildən sonra Şərq Tərəfdaşlığına dair beş uzunmüddətli siyasət məqsədlərindən biridir. Bununla yanaşı, Aİ “Paris Sazişi ilə əlaqədar milli səviyyədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsində, iqtisadiyyatların müasirləşdirilməsində, atmosferə atılan karbon qazının miqdarının azaldılmasında və iqlimdə neytrallığa keçidlə” bağlı tərəfdaş ölkələrə kömək etmək öhdəliyini üzərinə götürüb.
Aİ ŞT üzrə İqtisadi və İnvestisiya Planı (EIP) çərçivəsində aşağıdakı fəaliyyətləri həyata keçirməyi nəzərdə tutur:
İnvestisiya və İqtisadi Planı çərçivəsində Azərbaycanda dayanıqlı infrastruktura və yaşıl şəhərlər üçün texnoloji həllərin yaradılmasına sərmayələrin qoyulması nəzərdə tutulur. Məsələn, Aİ Gəncə şəhərində küçələrin işıqlandırma infrastrukturunun 80%-dən çoxunun müasirləşdirilməsinə yardım edib. Bu da enerji xərclərini əhəmiyyətli dərəcədə azaltmağa kömək edib.
Bundan əlavə, Aİ Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən çoxlu sayda regional layihə üçün maliyyə dəstəyi təmin edir. Buraya daxildir:
Eyni zamanda, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa İnvestisiya Bankı (AİB) kimi Avropa maliyyə institutları aşağı karbonlu və iqlimə davamlı iqtisadi inkişafı dəstəkləməklə, eləcə də yaşıl infrastruktura sərmayələr yatırmaqla yaşıl iqtisadiyyata keçid üçün əhəmiyyətli dərəcədə dəstək təmin edir. Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlıq Fondu (E5P) Aİ-nin əsas donoru olduğu çoxdonorlu etimad fondudur və enerjinin səmərəliliyini və ətraf mühitin qorunmasını təkmilləşdirməyə yönəlmiş bələdiyyə layihələrinə sərmayələri təşviq edir. Aİ, İnkişaf üçün Yaşıl Fondun (GGF) fəaliyyətlərinə də əhəmiyyətli dərəcədə maliyyə dəstəyi təmin edir.
İqlim dəyişikliyi sahəsində fəaliyyət ölkə səviyyəsində yüksək prioritetə malikdir və buraya havanın keyfiyyəti, su ehtiyatlarının idarə edilməsi və dənizlərin çirklənməsi, enerjinin səmərəliliyi, tullantıların idarə olunması, pestisid problemi ilə mübarizə və sənaye çirklənməsi və meşələrin davamlı idarə edilməsi kimi sahələrə yönəlmiş və Aİ tərəfindən maliyyələşdirilən proqramlar daxildir.
Aİ-nin sözügedən regionda yerli səviyyədə dəstəyinin nəticələrini görmək üçün buraya klikləyin.
İqlim ilə bağlı dezinformasiya internetdə geniş yayılıb. Onun məqsədi insanları çaşdırmaq və bu sahədə görülən işləri ləngitməkdir. Bu cür dezinformasiya tamamilə inkardan və sui-qəsd nəzəriyyələrindən tutmuş insanda şübhələr yaradan daha yumşaq dezinformasiyaya qədər müxtəlif formalarda ola bilər. Onlar iqlim dəyişikliyinin heç də bəşəriyyətin fəaliyyəti nəticəsində baş vermədiyini və ümumiyyətlə, alimlərin iddia etdiyi qədər təhlükəli olmadığını iddia edirlər.
Dezinformasiya və ya saxta xəbərlər müxtəlif formalarda ola bilər. Məsələn:
İqlimlə bağlı dezinformasiyanı ayırd etmək üçün aşağıdakı tövsiyələrə nəzər salın:
1) Mənbələri yoxlayın: akademik institutlar, elmi jurnallar və nüfuzlu xəbər agentliklərə istinad edildiyini yoxlamaqla mənbənin etibarlı olduğunu yoxlayın.
2) Dil və üsluba diqqət yetirin: sensasiyalı, şişirdilmiş informasiya və həddindən artıq emosional tərz dezinformasiyanın işarəsidir.
3) Faktları yoxlayın: faktların yoxlanılması üçün bu sahədə fəaliyyət göstərən müstəqil saytlardan istifadə edin.
EUvsDisinfo Rusiyanın dezinformasiya əməliyyatları haqqında məlumatlılığı və anlayışı artırmaqla vətəndaşlara rəqəmsal informasiya və media sahəsində manipulyasiyaya qarşı müqavimət yaratmağa kömək etmək məqsədi daşıyır. Rusiyanın iqlimlə bağlı sui-qəsd nəzəriyyələri haqqında son məqalələri buradan oxuya bilərsiniz.
Aİ-nin dezinformasiyanı müəyyən etməyə və onunla mübarizə aparmağa yönəlmiş müxtəlif resursları və alətləri mövcuddur. Onları burada tapa bilərsiniz.
Günümüzdə iqlim dəyişikliyinin daha da pisləşməsinin qarşısını almaq bizim üzərimizə düşür. Edə biləcəyimiz çox şey var. Biz planetimizin daha az enerji istehlak etməsini və ətraf mühitə daha az zərər verilməsini təmin edə bilərik. Biz istixana qazı emissiyalarını azaltmağa kömək edəcək texnoloji həllər tapa bilərik.
Bu texnoloji həllərin çoxu hökumət və beynəlxalq səviyyədə qəbul edilir. Ancaq biz fərdi şəxslər olaraq bu işə töhfə verə bilərik. İlk növbədə gündəlik həyatımızda atmosferə atılan karbon qazının miqdarını azaltmağa kömək edəcək kiçik dəyişikliklər edək. Atdığımız hər bir addım öz faydasını verəcək.
Unutmayın ki, bir seçici və istehlakçı olaraq gündəlik seçimləriniz dövlət siyasətindəki dəyişikliklərə, o cümlədən şirkətlərin qərarlarına və innovasiyalarına təsir göstərə bilər.
Faktlardan xəbərdar olmaq da mühüm əhəmiyyət kəsb edir: bu, sizi dezinformasiyadan qoruyacaq, düzgün vərdişlər formalaşdırmağa və başqalarını hərəkətə keçməyə çağırmağa kömək edəcək.
İqlim dəyişikliyi ilə bağlı bir neçə resurs təqdim edirik:
EU Climate Action Aİ-nin iqlim dəyişikliyi, bu sahədə fəaliyyəti və vətəndaşların dəstəyindən bəhs edən portalıdır.
United Nations Climate Change – burada COP daxil olmaqla son xəbərlər, hesabatlar, izahedici materiallar və resurslar dərc olunur.
United Nations Climate Action – burada iqlim dəyişikliyi sahəsində fəaliyyət, elmi və texnoloji həllər haqqında məlumatlar var.
Our Planet, Our Future – Aİ-nin gənclər üçün iqlim dəyişikliyi mövzusunda resursudur.
İqlim dəyişikliyi ilə mübarizə haqqında insanlarla necə danışmaq olar – Aİ-nin bu bələdçisi iqlim dəyişikliyi ilə mübarizənin vacibliyini izah etməyə kömək edəcək.
Actions for a Healthy Planet – ətraf mühitə təsiri azaltmaq üçün BMT-nin məsləhətlərini ehtiva edir. Tədbirlərinizin yaratdığı dəyişikliyi görmək üçün mobil tətbiqdən də istifadə edə bilərsiniz.
İqlim böhranı ilə mübarizəyə kömək etmək üçün 10 üsul – BMT-nin Ətraf Mühit Proqramından tövsiyələrlə iqlim dəyişikliyi ilə mübarizə fəaliyyətinə qoşulun.
Aİ-nin maliyyələşdirdiyi ətraf mühit üzrə layihələr və uğur hekayələri.
Oziyə enerjiyə qənaət etməyə kömək et – tanış olun, bu Dağsiçanı Ozzidir. O, “EU NEIGHBOURS east” və “EU4Energy” layihələrinin enerjiyə qənaət üzrə kampaniyasının əsas simasıdır. Ozzinin bərpa olunan enerji mənbələri haqqında hekayəsinin davamını buradan oxuyun.
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,