NECƏSƏN?

NECƏSƏN?

Gənclik dövrü əksəriyyətimiz üçün fürsətlər və dəyişikliklərin olduğu bir dövrdür. Ancaq bəziləri gənc yaşlarında təşviş, tənhalıqhiddətlə üzləşirlər.

Biz həmçinin sosial şəbəkələr, pandemiya səbəbindən məhdudiyyətlər və izolyasiya, müharibə, iqlimiqtisadi problemlər səbəbindən gecə-gündüz təzyiqə məruz qalırıq. Günümüzdə psixi sağlamlığımız və rifahımız həmişəkindən daha vacib əhəmiyyət daşıyır.

Sağlamlığımızın qeydinə nə qədər tez qalsaq, həm özümüzə, həm də başqalarına bir o qədər kömək etmiş olarıq. 

Dünya bizi dəyişməmiş gəlin biz dünyanı dəyişək.

DAHA AZ STRESS

Stressdən əziyyət çəkirsənsə, bil ki, tək deyilsən. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, depressiya, təşviş və davranış pozğunluqları gənclər arasında sağlamlıqla bağlı problemlərin əsas səbəbləri sırasındadır.

Stresslə mübarizə aparmağa kömək edəcək bəzi məsləhətlər üçün ekranı aşağı sürüşdür.

1. PLAN TƏRTİB ET

Gününü planlaşdır: nə əldə etmək istədiyini və bunun üçün nə qədər vaxt tələb olunduğunu təyin et. İş, şəxsi (“özümüzə ayırdığımız zaman”) və sosial zamanı müəyyənləşdir. Siyahı tutmaq prioritetlərimiz üzərində çalışmağımıza kömək edəcək. Siyahı, həmçinin zamanı daha düzgün idarə etməyə kömək edir.

Prioritetləşdir: tapşırıqları dörd kateqoriyaya bölmək olar - təcili və vacib; təcili olmayan, ancaq vacib; təcili, ancaq vacib olmayan; nə təcili, nə də vacib olmayan.

Diqqətini cəmlə və fikrinin yayınmağına imkan vermə: bildirişlər, mesajlar, e-məktublar və zənglər kimi diqqəti yayındıran şeylərdən çəkin. Telefonunu kənara qoy, sosial media bildirişlərini söndür və ya diqqətini yayındıran saytları blokla. Eyni vaxtda çoxlu tapşırıq yerinə yetirməyə çalışma.

Fasilə götür: piyada gəz, nahar et, dostlarınla söhbət et, kitab oxu, itinlə oyna. Zehni təzələmək və özümüzü daha yaxşı hiss etmək üçün müntəzəm fasilələrə ehtiyacımız var.

Yox deməyi öyrən: hər şeyi edə bilməzsən və etməməlisən. İstər işdə, istərsə də sosial kontekstdə, bacarmadığımız tapşırıqlardan imtina etməkdə heç bir qəbahət yoxdur. Öz həddini bil və onu aşma.

2. YUXU ƏHƏMİYYƏTLİDİR

Yuxu zehnimiz və bədənimiz üçün çox vacibdir - biz yatarkən beynimiz xatirələri emal edir və bədənimiz inkişaf edir və canlanır. Yetkinlər gecələr 7-9 saat, yeniyetmələr isə 8-10 saat yatmalıdır.

Yuxunun az olması zehni sağlamlığımıza təsir edə bilər, lakin psixi sağlamlığımız da nə qədər yaxşı yatmağımıza təsir edir. Buna görə də hər iki problemi həll etmək çox vacibdir.

3. FİZİKİ CƏHƏTDƏN AKTİV OL

Bədəninin qayğısına qal: idman və məşqin çoxlu sayda fiziki, əqli və sosial faydaları var. İdman hərəkətləri stress və qəzəb hisslərini azaldan "xoşbəxtlik" hormonlarının ifrazına kömək edir. Bu, bədənimizi daha yaxşı hiss etməyə və yuxumuzu yaxşılaşdırmağa kömək edir.

Əla əhval-ruhiyyə: bədənimiz fəal olanda, beynimiz daha çox endorfin ifraz edir. Onlar əhvalımızı yüksəldir və stressi aradan qaldırır.

Ünsiyyət: idman fiziki hərəkət formasında olan meditasiyadır. Diqqətimizi bədənimizə cəmlədiyimiz zaman problemlərimizi unuduruq. Komanda oyunları digər insanlarla ünsiyyət qurmaq baxımından çox faydalıdır.

Özünü qiymətləndir: idmanla məşğul olmaq qarşımıza məqsəd qoymağa və onlara nail olmağa kömək edir.

Zövq aldığın işlərlə məşğul ol: istənilən idman növü faydalıdır, yetər ki, sənə uyğun olsun və kifayət qədər məşğul olasan. Məşqlərdən zövq almalıyıq, əks halda idmanla müntəzəm məşğul olmaq üçün motivasiya tapmağmız çətin olacaq.

Heç olmamaqdansa, az olsun: 10 dəqiqəlik sürətli gəzinti belə zehnimizi təmizləyəcək və rahatlamağa kömək edəcək.

Təbiət: Dərindən nəfəs al və təbiəti, hisslərini dinlə. Təbiətdə olmaq bizə həqiqətən sakitləşdirici təsir göstərə bilər. Ağaclar, quşlar və heyvanlar, küləyin və suyun səsini dinlə.

PANİKAYA NƏZARƏT

Çox vaxt biz əsəbi olduğumuzu başa düşürük, amma qorxu və ya stereotiplər səbəbindən hisslərimizi içimizə boğuruq. Özümüzü mühakimə etmədən hisslərimizə diqqət yetirməliyik. Biz axmaq və ya zəif olduğumuz üçün belə hiss etmirik.

1. NƏFƏSİNİ İDARƏ ET

Nəfəs panika hissini nəzarətdə saxlamaqda mühüm rol oynayır. Yavaş nəfəs almağa çalış. Yavaşca nəfəsini alıb ver və ağciyərlərini tamamilə boşalt. Mümkün qədər yavaş nəfəs al. Dərin nəfəs almağa çalışma və ağciyərlərini tamamilə hava ilə doldur. 

Bir neçə dəqiqə sabit nəfəs almağa davam et.

2. HİSSLƏRİNİ TƏHLİL ET

Nə hiss etdiyini aydınlaşdır: kədər, qorxu, xəcalət, tənhalıq, qəzəb, yaxud başqa bir şey. Hisslərini adlandır: "Bu gün özümü bir az əsəbi və kədərli hiss edirəm".

Səbəbini tap: səbəbini anlamaq emosiyalarımıza üstün gəlməkdə ilk addımı atmaq deməkdir: “Sabahkı imtahan haqqında düşünəndə mədəm ağrıyır”, “Instagram-da şərhləri oxuyanda kədərlənirəm və əsəbiləşirəm”.

Özünə yaxşı davran: bəsdir özünü zəif və axmaq olmaqda günühlandırdın! Sanki bir körpə uşağı sakitləşdirdiyin kimi özünü sakitləşdir.

3. DÜNYAYA BAŞQA GÖZLƏ BAX

Hazırki anı dərk etməklə biz ətrafımızda baş verən hadisələrdən zövq ala və özümüzü daha yaxşı anlaya bilərik.

Hər günün dəyərini bil: xırda və xoş şeylərdən - yeməyin dadından, rahat geyimlərdən və hətta yüngül mehdən həzz al.

Müntəzəmliyə riayət et: ətrafımızdakı dünya haqqında təəssüratlarımızı təhlil edəcəyimiz müəyyən bir vaxt (məsələn, səhər işə gedərkən və ya axşam gəzinti zamanı) təyin etmək həqiqətən işə yarayır.

Kömək istə: hər kəsin problemi ola bilər. Bu məsləhətlərə əməl etdiyin halda belə mütəxəssisin köməyinə ehtiyacın ola bilər. Əgər öhdəsindən gələ bilməyəcəyini düşünürsənsə, kömək istə.

POZİTİV DÜŞÜNCƏ

Ümumdünya Səhiyyə Təşkilatının  məlumatına görə, depressiya, təşvişdavranış pozğunluqları gənclər arasında sağlamlıqla bağlı problemlərin əsas səbəbləri sırasındadır.

1. ÖZÜNÜ TƏCRİD ETMƏ

Özümüzü pis hiss etdikdə təcrid olunur və düşüncələrimizlə baş-başa qalırıq. Ancaq bu, bizim vəziyyətimizi daha da pisləşdirir.

Dostlarınla söhbət et. İcazə ver onlar diqqətini yayındırsın və səni dəstəkləsin, stresdən azad olmağa kömək etsinlər. Dostlarla ünsiyyət bizdə birlik hissi yaradır və dəyərli olduğumuzu bizə xatırladır.

Dərdini danışmaqdan çəkinmə: dostlar məhz bunun üçündür. Problemlərimizi bizi anlayan dostumuzla bölüşəndə birlikdə bir çıxış yolu tapa bilirik.

Bir-birinizə kömək edin: başqalarına açıq olmaqla, tək olmadığını başa düşəcəksən. Hər kəsin həyatında çətin günlər olub. Bir-birinizə dəstək olun.

Birlikdə nə isə edərək təcrübələrinizi bölüşün.

2. YENİ BACARIQLARA YİYƏLƏN

Tədqiqatlar göstərir ki, yeni bacarıqların öyrənilməsi psixi sağlamlığı, özünə inamı və məqsədyönlülük hissini yaxşılaşdıra bilər. Ətrafda yeni bir şey öyrənmək üçün çoxlu imkanlar var.

Özünə yeni hobbi tap: məsələn, bloq yazmağa başla, yeni idman növü ilə məşğul ol və ya rəsm çəkməyi öyrən.

Kursa yazıl: yeni dil öyrənməyə cəhd edə və ya şəxsi inkişafında və karyeranda sənə kömək edəcək praktiki bacarıqlar əldə edə bilərsən.

İşdə və ya təhsil aldığın müəssisədə üzərinə yeni öhdəliklər götür.

Yeni layihələr üzərində işlə: sınmış velosipedi düzəldə, yemək bişirməyi öyrənə, bağda tərəvəzlər əkə bilərsən. Bunun üçün internetdə çoxlu sayda ödənişsiz video dərslər var.

Yeni təcrübələr sına: buraya səhər yeməyində yediklərinizdən tutmuş dostlarla macəralı gəzinti planlaşdırmağa qədər müxtəlif fəaliyyətlər daxildir. Qəlbimizə yatan yeni bir məkan tapa və ya gözlənilmədən yeni bir istedadımızı kəşf edə bilərik.

3. BAŞQALARINA KÖMƏK ET

Xeyirxah ol: təbəssüm və ya xoş sözlər təsəlli verə və əhvalımızı yüksəldə bilər. Soruş və dinlə: dostlarından, ailə və ya həmkarlarından necə olduqlarını soruş və onların cavablarına qulaq as.

Kiçik işlərdən başla: nənənə zəng et, küçədə yerə atılmış tullantını götür və ya bazarlıq edən birinə çantaları daşımağa kömək et.

Könüllü: vaxtın varsa, könüllü kimi yaşadığın cəmiyyətdə fəal iştirak et. Başqalarına kömək etməklə biz digər insanlarla müntəzəm əlaqədə oluruq və problemlərimizə kənardan baxmaq imkanı əldə edirik. Bu, həmçinin komandada işləməyi öyrənməyə kömək edir və bizə məmnunluq və özünə dəyər hissi bəxş edir.

BAŞQALARINA NECƏ KÖMƏK EDƏ BİLƏRƏM

Biz hamımız çətin dövrlərdən keçirik və digər insanlar bu çətin dövrlərdə bizə kömək edirlər. Bəzən biz yaxınlarımızın - dost, ailə üzvü və ya həmkarımızın psixi sağlamlığından narahat oluruq. Dəyər verdiyimiz insanı dəstəkləməyin bir çox yolu var.

Psixi sağlamlıq və bütünsəl sağlamlıq haqqında daha çox öyrən və anlamağa çalış. Bir şəxsin psixi sağlamlıqla bağlı probleminin olub-olmadığını bilməyə bilərsən, lakin bəzən bilməyə heç ehtiyac yoxdur. Həssaslıqla yanaş və qulaq as. Diqqətini yayındırmadan vaxt ayır.

Gözləmə. Bir kəs üçün narahatsansa, təşəbbüs göstər və problemin nə olduğunu öyrənməyə çalış. İcazə ver problemi barədə istədiyi qədər danışsın. Paylaşmaq güvən və cəsarət tələb edə bilər. Bu barədə danışa bildikləri ilk insan siz ola bilərsiniz.

Açıq cavablar tələb edən suallar ver: problemini bölüşən şəxsə danışmaq üçün  kifayət qədər vaxt ver və onu çoxlu sayda suallarla yükləmə. Çətin olsa da ünsiyyəti qoruyub saxlamağa çalış. 

Özünə qulluq barədə məsləhətlər ver. İdmanla məşğul olmaq, sağlam qidalanma və yaxşı gecə yuxusu psixi sağlamlığı və bütünsəl sağlamlığı qorumağa kömək edə bilər.  

Peşəkar dəstək axtaranlara kömək təklif et və bunun yolları haqqında məlumat ver.

Öz həddini bil. Dincəlmək və eşitdiklərini emal etmək üçün özünə vaxt ver. Onlara kömək edə biləcək dostlar, qohumlar və psixi sağlamlıq mütəxəssislərindən ibarət dəstək şəbəkəsi yaratmağa kömək et.