Şərq Tərəfdaşlığı startapları ClimateLaunchpad beynəlxalq müsabiqəsində yaşıl texnologiyalara dair innovativ ideyalarını təqdim ediblər
Aprel 24, 2020

Şərq Tərəfdaşlığı startapları ClimateLaunchpad beynəlxalq müsabiqəsində yaşıl texnologiyalara dair innovativ ideyalarını təqdim ediblər


2019-cu il noyabrın 14 və 15-də Niderland Krallığının paytaxtı Amsterdamda yaşıl texnologiyalara dair biznes ideyalar üzrə dünyanın ən böyük müsabiqəsinin finalı keçirilib. Aİ tərəfindən maliyyələşdirilən və ClimateLaunchpad kimi tanınan müsabiqənin məqsədi enerjinin səmərəliliyinə dair layihələri vasitəsilə qlobal miqyasda iqlim dəyişikliyi böhranına qarşı mübarizədə ən böyük potensiala malik şirkətlərin aşkar olunmasıdır.

Uşaq bezlərinin yanacaq kimi istifadə olunması

Müsabiqədə bu il rekord sayda sahibkar iştirak edib. Yerli müsabiqələrdə iştirakla bağlı 53 ölkədən 2601 ərizə daxil olub. Sonrakı mərhələlərdə isə müsabiqəyə qatılan startapların arasından seçilən 131 startap Amsterdamda baş tutan finalda iştirak edib və hər startapdan azı iki nümayəndə ilə təmsil olunublar.

Keniyada “yaşıl” yanacağın əldə edilməsi istiqamətində çalışan Leafy Ke startapının innovativ layihəsində uşaq bezlərinin ev şəraitində yanacaq kimi istifadə edilməsi təklif edilir. Sözügedən layihə bu ilin əsas qalibi elan edilib.

Bundan başqa, 16 finalçı arasına daxil olmağı bacaran və bununla da dünyada yaşıl texnologiyalar sahəsində ən yaxşı startap olduğunu təsdiq edən Ukrayna startapı və Şərq Tərəfdaşlığı ölkələrindən olan bir neçə startap diqqəti özünə çəkməyi bacarmışdır.

Bitkilərin cəld böyüməsi üçün karbon qazı

Bu ilin martında Kiyevdə təsis edilən Carbominer adlı startap, istixanaların ucuz və ekoloji cəhətdən təmiz karbon qazı (CO2) ehtiyacını ödəmək üçün karbon qazının toplanmasını nəzərdə tutan layihə təklifi ilə çıxış edib.

“Beş uşaqlı ata kimi karbon qazının səviyyəsinin artmasının müasir nəsldə allergiyalara səbəb olacağı ilə bağlı narahatlıq keçirirdim. Mühəndis olduğum üçün həyat yoldaşıma uşaqlarımızın yataq otağında nəfəs aldıqları karbon qazının miqdarını azaltmaq üçün kiçik bir qurğu yaratmağı düşündüyümü söylədim. İlk prototip konsepsiyanı təsdiqlədi və tezliklə biz karbonın toplanması texnologiyasının istifadəsi ilə bağlı başqa yollar düşünməyə başladıq”, – deyə Carbominer startapının baş icraçı direktoru direktoru Nik Oseyko bildirib.

  • ClimateLaunchpad, Amsterdam
  • Kenyan startup “Leafy Ke”
  • ClimateLaunchpad, Amsterdam

Sonra isə karbon qazını tutub saxlayan oxşar qurğunun hazırlanması və bitkiçilik sahəsində tətbiqi ilə bağlı ideya və daha sonra isə Carbominer yarandı.

Nik, qızı Vika, eləcə də biznes tərəfdaşı Maykl daha kiçik, daha yığcam və ən əsası rəqiblərində olduğundan daha ucuz prototip hazırladı. Ukraynada artıq bir neçə istixana toplanmış karbon qazını Carbominer startapından almaqda maraqlıdır, çünki bu qaz bitkilərin 30-40%-ə qədər daha tez böyüməsinə və beləcə gəlirlərin əhəmiyyətli dərəcədə artmasına şərait yaradır.

Tərəfdaşlar gələn ilin martına qədər sənaye miqyaslı bir prototip hazırlamağı planlaşdırırlar. İdeya barədə son xəbərləri qaçırmayın.

Şərq Tərəfdaşlığı ölkələrindən olan digər diqqətəlayiq startaplar

Amsterdamda təqdim olunan növbəti startap Moldovanın Nida startapı olub. Bu komanda üzüm qalıqlarından, daha doğrusu üzüm cecəsindən birdəfəlik istifadə üçün nəzərdə tutulmuş stəkan və boşqabların hazırlanması ilə bağlı innovativ ideya ilə çıxış edib.

  • Ukrainian startup “Carbominer”

Moldova dünyada ən çox şərab istehsal edən ölkələrdən biridir, amma üzüm tullantılarının çox hissəsi sahələrə atılır. Bizim ideyamız bu tullantılardan stəkan və boşqabların hazırlanması və kafelərə satılmasından ibarətdir,” deyə Nida startapının inkişaf üzrə əməkdaşı Daniela Luka qeyd edir.

Nida-nın innovativ ideyası çox maraqlıdır, çünki plastik məmulatlardan asılılıq və onlardan həddindən artıq istifadə kimi mühüm qlobal problemləri həll etmək potensialına malikdir.

Küləyin tutulması

Azərbaycanın Airflec adlı startapı isə avtomobilin yük yerinə yerləşdirilən ağıılı cihaz hazırlayıb. Onun iş prinsipi avtomobil hərəkətdə olarkən yaranan küləyin köməyilə əlavə elektrik enerjisinin istehsal edilməsidir. Bu əlavə enerji ilə 10%-ə qədər daha çox məsafə qət etmək və batareyanın doldurulma müddətini azaltmaq mümkündür.

  • Startup from Moldova, Nida
  • Aydan Gadirzade, Azerbaijani startup “Airflec”

“Cihaz avtomobilin aerodinamikasına müdaxilə etmir və sürücü sürətləndiricini buraxdıqda avtomobilin yavaşlamasına səbəb olur. Hətta avtomobil park edilsə belə, cihaz mövcud küləkləri yığır, əlavə elektrik enerjisi istehsal edir”. Bu sözləri Airflec-in baş icraçı direktoru Aydan Qədirzadə deyib. 

Gələn il külək tuneli ilə əlaqədar təcrübələr sona çatdıqdan sonra kommersiya xarakterli yekun məhsul hazırlanacaq.

Ağıllı və təmiz

Gürcüstanın Irnero şirkəti isə günəş panelləri üçün insan müdaxiləsi tələb etməyən ucuz və ağıllı özünü təmizləmə sistemi hazırlayıb. Günümüzdə günəş panellərinin düzgün qaydada çalışması üçün müntəzəm şəkildə təmizlənməsi tələb olunur. Sözügedən sistem günəş panellərinin yerləşdirildiyi istənilən yerə quraşdırıla bilər və mobil proqram vasitəsilə idarə oluna bilər.

“Bizim innovativ ideyamız təmizlənməsi asan olmayan yerlərdə istifadə etmək üçün nəzərdə tutulub. Bu ağıllı elektron sistem panelin çirkli olduğunu aşkar edir və avtomatik qaydada təmizləyir. Beləliklə, baha başa gələn günəş panellərinin təmizlənməsi üzrə ixtisaslaşmış qurumların çağırılmasına və xidmətinə ehtiyac qalmır”. İrnero startapının təsisçisi Luka Paçkoriya belə deyir.

İrnero artıq regionda günəş panellərinin ən böyük istehsalçısı ilə əməkdaşlıq müqaviləsi imzalayıb və tezliklə kütləvi istehsala başlayacaq.

Tullantıdan biohidrogen

Nəhayət, Ermənistandan olan bir şirkət şərab, kofe və pivə qalıqlarından biohidrogen almağın üsulunu kəşf edib. Yekun məhsul ətraf mühiti çirkləndirmir və bərpa olunan enerji mənbəyidır. Digər biohidrogen istehsal prosesləri ilə müqayisədə istifadə olunan texnologiya 100% tullantı əsaslıdır və istehsal zamanı yüksək temperatura ehtiyac yoxdur.

Gələn il onların yerində siz ola bilərsiniz?

ClimateLaunchpad müsabiqəsi dörd mərhələdən ibarətdir: təlim düşərgəsi, intensiv təlim sessiyaları, milli final və qlobal miqyasda təşkil olunan möhtəşəm final. Sahibkarlar və startaplar öz ölkələrində müsabiqəyə qatıla bilərlər və hər ölkədən azı yeddi innovativ layihə seçilir. Sonra isə onlar iki günlük təlim düşərgəsinə qatılırlar, ardından isə təqdimatlarını və biznes modellərini yaxşılaşdırmaq üçün altı günlük intensiv təlim sessiyalarında iştirak edirlər. ClimateLaunchpad müsabiqəsinin təşkilati məsələləri ilə məşğul olan və Aİ tərəfindən maliyyələşdirilən EIT Climate-KIC təşkilatının dəstəyilə icma üzvləri olan təlimçilər dünyanın 70 müxtəlif ölkəsində keçirilən bu təlim sessiyalarına cəlb olunur.

  • Luka Patchkoria, Georgian startup “Irnero”

Bundan sonra isə komandalar layihələrini öz ölkələrində keçirilən final mərhələlərində münsiflər heyətinə təqdim etməyə hazır olurlar. Nəhayət, hər bir ölkədə keçirilən finalın qalibləri Möhtəşəm finalda yarışmaq imkanı qazanır. Bu tədbir hər il bir ölkədə keçirilir.

Problemlərin həlli

Cənab Ron Blumers ClimateLaunchpad təlimatçılarından biridir. Onun yaşıl texnologiyalar, bərpa olunan enerji mənbələri və startaplarla iş üzrə 25 illik praktik təcrübəsi var.

“ClimateLaunchpad müsabiqəsi ərzində biz adətən ideyaya malik iki həmtəsisçinin təqdimatı ilə tanış oluruq. Biz onlara fikirlərini startap halına gətirmək üçün zəmin veririk və sahibkarlığın əsaslarını öyrədirik,” o, əlavə edir.

Müraciət etməyi düşünürsünüz? Məsləhətlərindən yararlana biləcəyiniz milli əlaqə mərkəzlərin siyahısına buradan baxın.

Blumers həmçinin yaşıl texnologiyalar sahəsində fəaliyyət göstərməyə başlayan sahibkarlar üçün bəzi tövsiyələrini paylaşıb. “İlk iki ildə dayanmadan yeni problemlərlə üzləşəcəksiniz. Bu qaçılmazdır. Uğurunuz bu problemləri nə dərəcədə tez həll etməyinizdən asılıdır”.

Qlobal finalın qalibləri pul mükafatları, Carbominer daxil olmaqla, bütün finalçılar isə gələcəkdə EIT Climate-KIC tərəfindən yaşıl texnologiyalar sahəsi üzrə sahibkarlar üçün təşkil olunacaq Sürətləndirmə proqramında iştirak imkanı qazanıblar.

Addım-addım

ClimateLaunchpad 2014-cü ildə yaşıl texnologiyalar sahəsində fəaliyyət göstərən sahibkar Frans Nuta tərəfindən təsis edilib. Onun mantrası çox sadədir: çətin problemi həll etmək istəyirsinizsə, onu sahibkarlara verin və mərhələlər ilə həll etməyə çalışın. Bunun nəticəsində ClimateLaunchpad müsabiqəsinin şüarı “iqlim problemlərinin bir-bir startaplar vasitəsilə həll edilməsi”.

Finalçılar haqqında daha ətraflı məlumatı buradan oxuya bilərsiniz.

Müəllif: Tom O’Connell

  • ClimateLaunchpad, Amsterdam
  • ClimateLaunchpad, Amsterdam
  • ClimateLaunchpad, Amsterdam


Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,