KekaMaps layihəsi: şəhər infrastrukturunu fiziki əngəlli insanlar üçün necə uyğunlaşdırmaq lazımdır? 
Oktyabr 4, 2023

KekaMaps layihəsi: şəhər infrastrukturunu fiziki əngəlli insanlar üçün necə uyğunlaşdırmaq lazımdır? 


Kiçik şəhər, darısqal piyada yolları, tıxaclar, ictimai nəqliyyatda basabas… Bura Bakıdır. Gündəlik hər birimizin qarşılaşdığı, yaşadığı və heç kəsə yad olmayan mənzərə… Tikililərin çoxalması, şəhərləşmənin düzgün aparılmaması mövcud vəziyyəti gün-gündən daha da çətinləşdirir.

Lakin bu vəziyyət əlilliyi olan şəxslər üçün həyatı ikiqat ağırlaşdırır. Bu gün Bakıda əlilliyi olan bir şəxs hansısa reabilitasiya mərkəzinə, ictimai binaya və ya dövlət müəssisəsinə, demək olar ki, kiminsə köməyinə ehtiyac duymadan gedə bilmir. Ya hansısa küçədə pandus yoxdur, ya metro stansiyasına düşmək üçün lift və texnika, ya da əlillərin getmək istədikləri müəssisələrdə, ictimai və dövlət binalarında onlar üçün müvafiq şərait. Çox adam bu problemi bilir və görür, amma hər kəs buna reaksiya vermir.

Məhəmməd Kekalov bu problemlərdən xəbərdar olan və onların həllinə töhvə vermək istəyən az sayda insanlardan biridir. O, Zaqatalada doğulub və gözdən əlilliyi olan nənəsinin himayəsində böyüyüb. Uşaqlığında nənəsinin gündəlik qarşılaşdığı çətinlikləri müşahidə edən, bir müddət ABŞ-da təhsil alarkən orada əlillər üçün yaradılan şəraiti görən Məhəmməd əlillərin cəmiyyətimizdə daha sağlam, daha aktiv iştirak etmələrinin təmin olunması, ictimaiyyətin əlilliyi olan şəxslərlə bağlı məlumatlılığının artırılması, eyni zamanda əlillərin iş və gündəlik həyatda qarşılaşdıqları infrastruktur probleminin həlli üçün qollarını çırmalayıb.

Məhəmməd «Accelerating KekaMaps.com» layihəsini yaradıb. Təşəbbüs innovative texnologiyalar vasitəsilə fiziki əngəlli insanlara onların fundamental insan hüquqlarının həyata keçməsinə yardım etmək, cəmiyyətinbu sahədə olan problemlərə diqqətini yönəltmək və onların həllinə nail olmaq məqsədi daşıyır.

2021-ci ildə Məhəmməd Avropa İttifaqı tərəfindən maliyyələşdirilən «Şərq tərəfdaşlığı vətəndaş cəmiyyəti fondunun» adaptasiya sprinti proqramı çərçivəsində “KekaMaps” layihəsini hazırlayıb. 2022-ci ildə o, layihənin sürətlə inkişafı üçün əlavə maliyyə alıb və Şərq tərəfdaşlığı üçün nəzərdə tutulan «Eastern Partnership Civic Digital Fellow» proqramının iştirakçısı olub. «Şərq tərəfdaşlığı vətəndaş cəmiyyəti fondu» Şərq tərəfdaşlığında olan altı ölkədə (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) vətəndaş cəmiyyətini dəstəkləyir.

Məhəmməd Kekalov da bu layihə çərçivəsində təqaüd proqramına cəlb olunmuş 120 vətəndaş cəmiyyəti fəalından biridir. Layihənin əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələrindən olan vətəndaş cəmiyyəti təşkilatlarının və fəallarının qanunvericiliyin hazırlanmasında və siyasi dialoqda iştirak etmək bacarıqlarının artırılmasıdır.

Kekamaps Nədir?

Kekamaps.com tətbiqindən istifadə edən istənilən şəxs gəzəndə, işə gedəndə qarşılaşdığı əlilliyi olan şəxslər üçün uyğun olmayan şəraiti burada işarələyə bilər. Sadəcə olaraq sözügedən infrastrukturun şəkli çəkilir, çatışmazlıq göstərilir və ünvan qeyd olunmaqla sistemə göndərilir. Məhəmməd və komandası isə daha sonra bu məlumatlardan sübut əsaslı ictimai vəkillik aparmaq üçün istifadə edir. Avropa İttifaqının maliyyə dəstəyi ilə Ukraynanın Provodnik.online platformasından ilhamlanaraq hazırlanan və Azərbaycandakı vəziyyətə uyğunlaşdırılan layihə çərçivəsində Məhəmməd və onun könüllü qrupu son iki ildə 100 kilometrdən artıq piyada yol qət edərək əlillər üçün müvafiq şəraiti olmayan minlərlə binanı işarələyiblər.

“Nazirlər Kabinetinin müvafiq qərarı var ki, yerli icra orqanları onların tabeliyində olan ərazilərdə yaşayış binaları istisna olmaqla bütün binaların, o cümlədən şəxsi mülklərin, obyektlərin və dövlət binalarının əlilliyi olan şəxslər üçün uyğun olub olmadığına dair monitorinqini həyata keçirməlidir”.

Bununla belə Məhəmməd təəssüflə bildirir ki, bu gün icra orqanları bu monitorinqi həyata keçirmirlər, və ya eləsələr də sadəcə formal xarakter daşıyır.

“2021-ci ildən etibarən Azərbaycanda infrastrukturun monitorinqini həyata keçirir, yerli icra orqanları, Ombudsman Aparatı, Nazirlər Kabineti ilə bu məsələlərin həlli istiqamətində davamlı danışıqlar aparırıq. Onların diqqətini bu problemə cəlb etmək istəyirik” –  o bildirib.

Azərbaycanda rəsmi statistikalara görə yarım milyondan çox əlilliyi olan şəxs var. Onların müəyyən bir hissəsi paytaxtda yaşayır. Amma əksər binalar tikilərkən əlilliyi olan şəxslər nəzərə alınmayıb. Bu səbəbdən Məhəmməd düşünür ki, sanki bu şəxslər öz evlərində kiçik bir həbsxanada ilişib qalıblar. Xüsusən 44 günlük müharibədən sonra əlilliklə bağlı məsələlərin yenidən gündəmə gəldiyini nəzərə alsaq, bu məsələ ölkəmiz üçün olduqca önəmlidir. Onlar cəmiyyətdə iştirak etmək istəyirlər.

Son illər texnollogiyanın inkişafı, həmçinin əlilliklə bağlı yanaşmaların müsbətə doğru dəyişməsi, gənc nəslin daha inklüziv yanaşması həm də əlilliyi olan şəxslərin görünürlülüyünü artırmağa kömək edib. Buna görə də indi əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində yaranan şərait daha böyük işlər görmək üçün imkana çevrilməlidir.

Məhəmməd bildirir ki, bəzən müraciət etdikləri qurumlardan çox standart cavab verilir. O hesab edir ki, dövlət qurumlarında çalışan vəzifəli şəxslərin də əlilliyi olan şəxslərə müəyyən qədər empatiyası, həmin şəxslərin problemlərini həll etmək üçün həvəsi olmalıdır.

“Özəl müəssisələrdən reaksiyalar da çox neqativdir. Bəzən olub ki, biz hansısa bir restoranın infrastrukturunun əlillər üçün nə qədər uyğun olub olmadığını monitorinq etmək istəmişik, lakin bizi qovublar”, – Məhəmməd bildirib.

O hesab edir ki, infrastrukturların əlillər üçün müəssisəvi olması üçün ilk növbədə qanunvericilikdə cəza tədbirlərinin tətbiqi müəyyən olunmalı və onun monitorinqi həyata keçirilməlidir.

“Bu gün Azərbaycan Qanunvericiliyi müəyyən qədər BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı” Konvensiyasına uyğunlaşdırılıb. Həmin konvensiyanın tələblərindən irəli gələn çox proqressiv qərarlar Azərbaycanda var, amma çox təəssüf ki, onlar həyata keçirilmir” – o deyir.

Məhəmmədin əlillərlə bağlı həyata keçirdiyi layihələrdə 200-ə yaxın əlilliyi olan şəxs, 40-50-yə yaxın könüllü fəaliyyət göstərir. O, sayt üzərində bir sıra yeniliklər etməyi plaşlaşdırdıqlarını və sentyabrdan etibarən könüllülərin sayını artıraraq, əlilliyi olan şəxslərin qarşılaşdıqları problemləri həll etmək istəyən könüllülər şəbəkəsi yartmaq istədiklərini deyir:

“Hazırda istifadə olunan versiya “Kekamaps”in ikinci versiyasıdır. Üçüncü versiya üçün biz daha çox funksionallıqlar fikirləşmişik. Əslində biz bunu tamamilə oyuna çevirmək istəyirik ki, insanlar oynayıb həm daha maraqlı vaxt keçirsinlər, həm də əlilliyi olan şəxslər üçün faydalı iş gösünlər”, – Məhəmməd Kekalov deyib.

Onun gələcək planları içində bunu Özbəkistanda da açmaq və onu Azərbaycan brendi kimi təqdim edib vətəndaş cəmiyyətinin innovasiyası kimi tanıtmaqdır.

Məhəmməd bu vaxta qədər sadəcə bir binanın əlillər üçün uyğunlaşdırılmasına nail olsa da, məyus deyil və mübarizəsini davam etdirir. Bu gün bir binanın uyğunlaşdırılmasına nail olunubsa, bəlkə sabah 5-100, birigün bütün şəhərin inklüziv yaşam üçün uyğunlaşdırılmasına müvəffəq olacaqlar.

Müəllif: Çingiz Səfərli

Məqalə dərc edildi: Apa.az, Vesti.az, Lent.az



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,