Şengen vizası: Aİ Şurası viza prosedurunun rəqəmsallaşdırılması üçün danışıqlar mandatı barədə razılığa gəlib  
Mart 31, 2023

Şengen vizası: Aİ Şurası viza prosedurunun rəqəmsallaşdırılması üçün danışıqlar mandatı barədə razılığa gəlib  


Avropa İttifaqına üzv ölkələrin səfirləri bu gün viza prosedurunun rəqəmsallaşdırılması təklifi üzrə Şuranın danışıqlar mandatı ilə bağlı razılığa gəliblər. Təklifdə viza üçün onlayn müraciət etmək imkanı təqdim edilir. Məqsəd viza üçün müraciət prosedurunun səmərəliliyini və Şengen zonasında təhlükəsizliyi artırmaqdır.

İsveçin Miqrasiya naziri Mariya Malmer Stenergard bildirib ki, rəqəmsal Şengen vizası bu prosesi daha asan və təhlükəsiz edəcək. “Onlayn müraciətlər səyahət edən şəxslərin konsulluğa ziyarətlərinin sayını azaldacaq və yerli orqanların işini asanlaşdıracaq. Eyni zamanda, rəqəmsal viza bu sənədin saxtalaşdırılması və oğurlanması riskinə də son qoyacaq”, – deyə nazir bildirib. 

Təklif olunan yeni qaydalarda viza müraciətləri üçün platformanın yaradılması nəzərdə tutulub. Şengen vizası üçün bütün müraciətlər bu vahid platforma üzərindən qəbul ediləcək və müvafiq ölkələrin viza sistemlərinə yönləndiriləcək. Bu platformada viza üçün müraciət edən şəxslər bütün müvafiq məlumatları daxil edə, səyahət və lazımi sənədlərin elektron surətlərini yükləyə və viza rüsumlarını ödəyə biləcəklər. Yalnız ilk dəfə müraciət edənlər, biometrik məlumatları etibarlı olmayanlar və səyahətlə bağlı yeni sənədi olan şəxslərin konsulluğa gəlməsi tələb olunacaq.

Təklif olunan yeni qaydalara əsasən, vizalar kriptoqrafik imza ilə 2D ştrix-kod şəklində rəqəmsal formatda veriləcək. 

Bu gün razılaşdırılmış danışıqlar mandatı əsasında Şuranın Sədrliyi yekun mətnin razılaşdırılması üçün Avropa Parlamenti ilə danışıqlara başlayacaq.

Hazırda altı Şərq Tərəfdaşlığı ölkəsindən yalnız Gürcüstan, Moldova və Ukrayna Aİ ilə vizasız rejimə malikdir. Azərbaycan, Belarus və Ermənistan vətəndaşları Aİ-yə daxil olmaq üçün Şengen vizası almalıdırlar.

Daha çox öyrən

Mətbuat üçün açıqlama 



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,