Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu son günlərdə Azərbaycanda baş verən jurnalistlərin həbsini pisləyən bəyanat yayıb 
Noyabr 24, 2023

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu son günlərdə Azərbaycanda baş verən jurnalistlərin həbsini pisləyən bəyanat yayıb 


Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan hökumətini həbslər dalğasını və müstəqil media və vətəndaş cəmiyyətinə qarşı davam edən təqibləri dayandırmağa, o cümlədən qondarma ittihamlarla mühakimə etmə tendensiyasına son qoymağa çağırıb.

Dünən Forumun Koordinasiya Komitəsi bəyanat yayaraq Azərbaycan hökumətini jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, o cümlədən Qubad İbadoğlu, Bəxtiyar Hacıyev və hazırda dəmir barmaqlıqlar arxasında olan bütün siyasi məhbusları və hüquq müdafiəçilərini dərhal azad etməyə çağıran beynəlxalq ictimaiyyətə qoşulduğunu bəyan edib.

20 noyabr 2023-cü il tarixində “Abzas Media” müstəqil media platformasının rəhbəri Ülvi Həsənli Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qrup şəklində qaçaqmalçılıq) ilə ittiham olunaraq həbs edilib. “Abzas Media”nın Facebook-da paylaşdığı bəyanatda Ülvi Həsənlinin həbsinin onun və komandası tərəfindən hökumətin ən yüksək təbəqələrində korrupsiyanı ifşa edən silsilə araşdırmalarla bağlı olduğu bildirilir. O, 2022-ci il qəbul olunan Media haqqında qanunu və onun ölkədə medianın azadlığına təsirini açıq şəkildə tənqid edən şəxslərdən biridir.

21 noyabr 2023-cü il tarixində İstanbuldan Azərbaycana qayıdan “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı da saxlanılıb. Onun evində axtarış aparılıb, lakin heç bir qanunsuz əşya tapılmayıb. Ülvi Həsənli kimi Sevinc Vaqifqızı da Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup şəklində qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur.

Ülvi Həsənlinin həbs olunduğu gün gənc jurnalist və əlillərin hüquqlarının müdafiəçisi olan Məhəmməd Kekalov mülki geyimli polislər tərəfindən evindən zorla çıxarılıb. 2022-ci ilin dekabr ayında baş verən Bəxtiyar Hacıyevin həbsində olduğu kimi Məhəmməd Kekalov 13-16 noyabr 2023-cü il tarixlərində Brüsseldə keçirilən ŞT Vətəndaş Cəmiyyəti Forumunun İllik Toplantısında iştirak etdikdən və Bakıya qayıtdıqdan qısa müddət sonra saxlanılıb. Koordinasiya Komitəsinin bəyanatına əsasən, Məhəmməd Kekalov saxlanıldıqdan sonra ailəsi və dostlarına onun harada olması barədə məlumat verilməyib. 

“Son günlər baş verən bu həbslər Azərbaycan hökumətinin narkotik vasitələrinin qanunsuz dövriyyəsi, narkotik vasitələrinin qanunsuz saxlanılması və xarici valyuta qaçaqmalçılığı ilə bağlı saxta ittihamları müxalif fikirlərə qarşı irəli sürmək və onların səsini boğmaq üçün alət kimi istifadə etməsi ilə bağlı narahatlıq doğuran modelinə uyğundur”, – bəyanatda deyilir.

Koordinasiya Komitəsi Avropa İttifaqını və ittifaqa üzv dövlətləri Azərbaycanın dövlət orqanları və hökuməti ilə qarşılıqlı əlaqələrdə Aİ-nin demokratik dəyərlərini və insan haqlarını daima dəstəkləməyə və enerji sahəsində strateji tərəfdaşlıqlarına yenidən baxmağa çağırıb.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,